• cümə, 29 Mart, 17:37
  • Baku Bakı 14°C

Dünyada 1,3 milyard insan yoxsulluq həddindən aşağı şəraitdə yaşayır

12.07.19 13:30 7682
Dünyada 1,3 milyard insan yoxsulluq həddindən aşağı şəraitdə yaşayır
BMT İnkişaf Proqramının (BMT İP) son hesabatında qeyd olunur ki, dünyada 1,3 milyard insan yoxsulluq həddindən aşağı şəraitdə yaşayır.AZƏRTACtəşkilatın saytına istinadla xəbər verir ki, bu sənəd ekspertlərin 101 ölkədə, o cümlədən 31 azgəlirli, 68 ortagəlirli və 2 inkişaf etmiş ölkədə apardıqları tədqiqatların nəticəsində hazırlanıb. Onlar şəraiti bir neçə göstərici – gəlirlər, sağlamlıq, iş şəraiti və zorakılıq təhlükəsi amilləri əsasında öyrəniblər.
Müəlliflər tədqiqata bu cür yanaşmanı "çoxaspektli” adlandırıblar və buna müvafiq olaraq "çoxaspektli indeks” tərtib ediblər. Hesabata görə, ən dəhşətli şərait Böyük Səhradan aşağıda yerləşən Afrika və Cənubi Asiya ölkələrindədir. Bu dövlətlərdə ifrat yoxsulluq indeksi 84,5 faizdir. Avropa və Mərkəzi Asiya ölkələrində isə bu göstərici 1,1 faizə bərabərdir. Regionların daxilində yüksək fərqlər mövcuddur: məsələn, Cənubi Afrikada əhalinin 6,3 faizi, Cənubi Sudanda isə 91,9 faizi yoxsulluq həddindən aşağı şəraitdə yaşayır. Cənubi Asiyada da oxşar mənzərədir: Maldivlərdə bu rəqəm 0,8 faizdirsə, Əfqanıstanda 56 faizə çatır. Avropa və Mərkəzi Asiya ölkələrində ən yoxsul ölkə 7,4 faizlə Tacikistandır.
Tədqiqatın aparıldığı bir çox ölkələrdə də bölgələr arasında ciddi fərqlər mövcuddur. Məsələn, Uqandanın Kampala əyalətində yoxsulluq indeksi 6 faiz, Karamodcada isə 93,3 faizdir.
Hesabat müəllifləri bildirirlər ki, ifrat yoxsulluqdan ən çox uşaqlar əziyyət çəkirlər. Yoxsulluq həddindən aşağı şəraitdə yaşayan 1,3 milyard insanın 663 milyonu azyaşlılardır. Onların da əksəriyyəti Afrika və Cənubi Asiya ölkələrində yaşayır. Burkina-Faso, Çad, Efiopiya, Niger və Cənubi Sudanda 10 yaşına qədər uşaqların 90 faizi "çoxaspektli indeks” kateqoriyasına aid edilib.
BMT İP-nin ekspertləri əhalisi iki milyard nəfərə çatan 10 ölkənin timsalında 2030-cu ilədək təşkilatın əsas hədəflərindən biri olan yoxsulluqla mübarizənin dinamikasını araşdırıblar. Bu tədqiqatın nəticəsi nikbinlik doğurur. Belə ki, siyahıda yer almış bütün ölkələr, o cümlədən Hindistan, Kamboca və Banqladeş yoxsulluqla mübarizə sahəsində uğurlar əldə ediblər. Lakin ekspertlər xəbərdarlıq edirlər ki, yoxsulluğun aradan qaldırılması üçün təkcə qeyri-bərabərlik indeksini deyil, habelə digər mühüm statistik göstəriciləri araşdırmaq lazımdır.
banner

Oxşar Xəbərlər