AZE | RUS | ENG |

Dünya üzrə “Ən yaxşı nitq” diplomunu alan azərbaycanlı

Dünya üzrə “Ən yaxşı nitq” diplomunu alan azərbaycanlı
Adil Qafarlı: “Hələ ki danışmağın, fikri düzgün ifadə edə bilməyin ziyanını görməmişəm”

O, gənclər arasında Azərbaycanın ən güclü natiqi seçilib. Deyir ki, hələ uşaqlıqdan bütün problemlərini danışaraq həll edib. Danışmağı ilə seçildiyi üçün məktəb vaxtı da siniflə bağlı bütün məsələlərdə öndə gedib. Bundan sonra tədbirlərdə çıxışları, kütlə qarışısında nitqləri ilə həmyaşıdlarından seçilib. Qarşısına çıxan natiqlik yarışı isə həyatını dəyişib.

Müsahibimiz Londonda dünyanın ən böyük natiqlik yarışmasında "Ən yaxşı nitq” diplomunu qazanan Adil Qafarlıdır.

Adil Bakıda anadan olub. Texniki Humanitar Liseyi fərqlənmə diplomu ilə bitirdikdən sonra Qafqaz Universitetinin İnformasiya texnologiyaları fakültəsinin Mühəndislik ixtisasına qəbul olub. Hazırda Bakı Mühəndislik Universitetində 3-cü kursda təhsil alır və Fairmont oteldə (Alov qüllələri) qrafik dizayner olaraq çalışır.

"Danışmağın ziyanını görməmişəm”

Deyir ki, aktiv fəaliyyətə ilk olaraq könüllülüklə başlayıb. İslam Oyunlarında, Formula 1 yarışlarında və digər beynəlxalq əhəmiyyətli tədbirlərdə fəallığı ilə seçilib: "Dərsdən əlavə özümü inkişaf etdirməyim üçün kifayət qədər vaxtım var idi. Lakin görürdüm ki, vaxtımı boşuna xərcləyirəm. Sonra qərara gəldim ki, könüllü kimi işləyim. Düzdür, çox insan düşünür ki, pulsuz işləmək bizə heç nə qazandırmır. Amma könüllülüyün mənə qazandırdıqlarının qiyməti yoxdur. Hər sahədə bir şey öyrəndim. İstər dil olaraq, istər əlaqələr qurmaq baxımından çox dəyərli təcrübə topladım. Könüllü fəaliyyəti zamanı məndə dəqiqlik yarandı, məsuliyyət hissim formalaşdı. Bu mənə iş həyatımda da kömək oldu”.
 


İT sahəsində təhsil alan həmsöhbətimiz deyir ki, danışa bilmək bacarığı hər sahədə insanın köməyinə gəlir: "Hələ ki danışmağın, fikri düzgün ifadə edə bilməyin ziyanını görməmişəm. Uşaqlıqdan özümü danışan bir şəxs olaraq görürdüm. Məktəbdə belə nə problem olurdusa, danışan mən olurdum. Baxırdım ki, danışmaqla problemlərimi həll edə, qışqırmadan normal şəkildə fikirlərimi çatdıra bilirəm. Sözün dəyəri çoxdur. Fikirlərimi sözlərlə ifadə edə bildiyim üçün danışmağa başladım. İT sahəsinə gəldikdə isə, 2-ci kursdan öz startapımızı yaratdıq və "İdeyadan Biznesə” startap turlarının respublika üzrə qalibi olduq. Bu bizim ilk uğurumuz idi.  Hazırladığımız "Gonex” layihəsi sərgi iştirakçılarının böyük marağına səbəb olub. "Gonex” gənclərə informasiya texnologiyaları sahəsində real iş imkanları təklif edən, onların virtual layihələrlə işləyib təcrübə qazanmasına kömək edən platformadır. Layihənin əməkdaşlıq etdiyi şirkətlər bu platforma vasitəsilə gənclərlə əlaqə saxlayaraq onlara iş imkanları təklif edirlər”.

"Azərbaycanın ən yaxşı natiqi”

Adilin yaşının az olmasına baxmayaraq, uğurları kifayət qədərdir. İstər könüllülüklə bağlı fərqləndirilməsi, istər layihəsinin ən yaxşı startap seçilməsi onu həmyaşıdlarından fərqləndirib. Natiqlik yarışması isə onu zirvəyə qaldırıb. Londonda dünya səviyyəsində ölkəmizi təmsil edərək nitqi dünyada "ən yaxşı nitq” olaraq qiymətləndirilib. Yarışmada 54 ölkədən ən yaxşı gənc natiqlər yarışıblar. Adil daha öncə "Azerbaijan Public Speaking Competition” (APSC) yarışmasının qalibi olduğu üçün ölkəmizi təmsil edib. "Azerbaijan Public Speaking Competition: Junior League” layihəsi 10 özəl və dövlət məktəbi, eləcə də 11 universitetdən olan 108 gəncin iştirakı ilə baş tutub. Layihənin ən yaxşı gənc natiqi seçilən Adil layihənin növbəti addımı olaraq Londonda keçirilən beynəlxalq natiqlik yarışmasında iştirak edib. Adil "Lies that tell the truth” (yalanların surəti olsa da, həqiqətlərin dözümlülüyü var) başlığı ilə çıxış edib. Adilin çıxışı auditoriya və jüri heyəti tərəfindən yüksək qiymətləndirilərək "The Best Impromptu Prepared Speech” fərqlənmə diplomuna layiq görülüb. 
 
 

"Adil, birincilik sənin deyil”

Yarışma haqqında məlumat verən həmsöhbətimiz deyir ki, birinci olacağı ağlına belə gəlməzdi: "Yarışma elanını göndərəndə özümü daha da inkişaf məqsədilə üçün qeydiyyatdan keçdim. Nəzəri biliklərim yox idi. Bu şansı görüb qaçırmaq istəmədim. Orada öyrəndim ki, sonda qalibi Londona göndərirlər. Yarışma Azərbaycanda keçiriləndə müxtəlif yerlərdən insanlar gəlirdi. İlk olaraq bizə təlimlər verdilər. Sonra yarış başladı. Cavablar 1 həftə sonra elan olundu. Mən həmin gün getmədim. Çünki keçəcəyimə inanmırdım. Zəng vurub məni təbrik etdilər. Məlum oldu ki, yarımfinaldan finala keçmək haqqı qazanmışam. Bizi yenə finala hazırladılar. Final günü gəldi. Nitqim hazır deyildi. Çıxış etdim, oturdum və öz-özümə dedim ki, Adil, çıxış etdin, amma birincilik sənin deyil. Aparıcı geridən önə doğru sayanda, düşündüm ki, 10-cu yer mənəm. Üçlük açıqlananda, özümə dedim ki, Adil, 3 də pis deyil. 1-ci yer olduğumu eşidəndə, çox təəccübləndim. Sevincimdən tullanırdım. Bütün şəkillərdə göydə düşmüşəm. Gözləmədiyim şəkildə Azərbaycanın ən yaxşı natiqi seçildim. Dünyada Azərbaycanı təmsil edən mən olacaqdım”.
 
 

"Yazanda özümü limitlənmiş hiss edirəm”

İlk dəfə xarici ölkəyə gedən müsahibimiz deyir ki, 54 ölkənin ən yaxşı natiqləri ilə yarışmaq asan deyilmiş: "Londona gəldim, aeroportda məni heç kim qarşılamadı. Birtəhər ünvanı, zalı tapdım. 55 ölkədən gəlmiş gənclərin hamısı bir birilə danışmağa başladı. Hamımızı birləşdirən bir şey var idi. Hər birimiz öz ölkəmizin ən yaxşı natiqi idik. 3 gün bizə natiqliyin sirlərini öyrətdilər. Final özü 3 mərhələdən ibarət idi. Nitqimin mövzusu belə idi: Yalanların surəti olsa da, həqiqətlərin dözümlülüyü var. 15 dəqiqə ərzində 3 mövzudan birini seçib, 3 dəqiqəlik nitq hazırlamalı idik”.

Adili yoldaşlarından fərqləndirən ikinci nüans onun nitqini kağıza qeyd edə bilməməsi olub: "Mən nitqlərimi yaza bilmirəm. Yazanda özümü limitlənmiş hiss edirəm. Danışan zaman telefonuma qeyd etdiyim açar sözlərdən istifadə edirəm. Londona hamı yazaraq hazırlaşırdı. Mən hər şeyi beynimdə həll edirdim. Uşaqlara deyəndə ki vərəqim yoxdur, onlar təəccüblənirdilər. Otaq yoldaşım Yaponiyadan olan nümayəndə idi. Yaponlar çox dəqiq olurlar. Ona da maraqlı gəlirdi ki, qeydiyyat aparmadan necə danışıram. Axırda uşaqlar dedilər ki, imtahana hazırlaşmayan, amma "5” alan tələbələr kimi qalib olacaqsan. Çıxış sırası mənə gəldi. Sual-cavab hissəsi maraqlı keçdi. Hətta qeyd etdilər ki, ən yaxşı sual-cavab mənimki oldu. Mövzu "yalanların surəti olsa da, həqiqətlərin dözümlülüyü var” idi. Mənim seçdiyim başlıq isə "həqiqəti söyləyən yalanlar” idi. Mənim nitqimdən sonra onların üzlərində yaranan təbəssümü sözlə ifadə edə bilmirəm”.
 


Qeyd edək ki, 1980-ci ildə başlayan yarışma bu gün dünya üzrə 54 ölkədən olan 1.000.000 gənci əhatə edir. Yarışmanın əsas təşkilatçısı Britaniyanın "The English Speaking Union” təşkilatı Azərbaycanda "Azerbaijan Public Speaking Competition” ilə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində APSC-nin qalibi olan gənc natiqlər Azərbaycanı beynəlxalq arenada təmsil etmək üçün hər il Londona səyahət edirlər.

APSC Azərbaycanda natiqləri, liderləri yetişdirən bir platformadır. APSC müxtəlif yaş qrupları üzrə hər il natiqlik, liderlik, ünsiyyət kimi bacarıqları inkişaf etdirən təlimlər, kurslar, yarışmalar, kamplar və yay məktəbləri təşkil edir. Platforma Britaniyanın "The English Speaking Union” və Amerikanın "Public Speakers Association” təşkilatları ilə əməkdaşlıq edir.

Aygün ƏZİZ
 





Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9396
GEL 1 1 Gürcüstan larisi 0.6061
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1676
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1832
CHF 1 1 İsveçrə frankı 1.753
KWD 1 1 Küveyt dinarı 5.6058
TRY 1 1 Türkiyə lirəsi 0.2933