Dünya üzrə “Ən yaxşı nitq” diplomunu alan azərbaycanlı
O, gənclər arasında Azərbaycanın
ən güclü natiqi seçilib. Deyir ki, hələ uşaqlıqdan bütün problemlərini danışaraq
həll edib. Danışmağı ilə seçildiyi üçün məktəb vaxtı da siniflə bağlı bütün məsələlərdə
öndə gedib. Bundan sonra tədbirlərdə çıxışları, kütlə qarışısında nitqləri ilə
həmyaşıdlarından seçilib. Qarşısına çıxan natiqlik yarışı isə həyatını dəyişib.
Müsahibimiz Londonda
dünyanın ən böyük natiqlik yarışmasında "Ən yaxşı nitq” diplomunu qazanan Adil
Qafarlıdır.
Adil Bakıda anadan olub.
Texniki Humanitar Liseyi fərqlənmə diplomu ilə bitirdikdən sonra Qafqaz
Universitetinin İnformasiya texnologiyaları fakültəsinin Mühəndislik ixtisasına
qəbul olub. Hazırda Bakı Mühəndislik Universitetində 3-cü kursda təhsil alır və
Fairmont oteldə (Alov qüllələri) qrafik dizayner olaraq çalışır.
"Danışmağın
ziyanını görməmişəm”
Deyir ki, aktiv fəaliyyətə
ilk olaraq könüllülüklə başlayıb. İslam Oyunlarında, Formula 1 yarışlarında və
digər beynəlxalq əhəmiyyətli tədbirlərdə fəallığı ilə seçilib: "Dərsdən əlavə
özümü inkişaf etdirməyim üçün kifayət qədər vaxtım var idi. Lakin görürdüm ki,
vaxtımı boşuna xərcləyirəm. Sonra qərara gəldim ki, könüllü kimi işləyim.
Düzdür, çox insan düşünür ki, pulsuz işləmək bizə heç nə qazandırmır. Amma
könüllülüyün mənə qazandırdıqlarının qiyməti yoxdur. Hər sahədə bir şey öyrəndim.
İstər dil olaraq, istər əlaqələr qurmaq baxımından çox dəyərli təcrübə
topladım. Könüllü fəaliyyəti zamanı məndə dəqiqlik yarandı, məsuliyyət hissim
formalaşdı. Bu mənə iş həyatımda da kömək oldu”.
İT sahəsində təhsil alan
həmsöhbətimiz deyir ki, danışa bilmək bacarığı hər sahədə insanın köməyinə gəlir:
"Hələ ki danışmağın, fikri düzgün ifadə edə bilməyin ziyanını görməmişəm.
Uşaqlıqdan özümü danışan bir şəxs olaraq görürdüm. Məktəbdə belə nə problem
olurdusa, danışan mən olurdum. Baxırdım ki, danışmaqla problemlərimi həll edə,
qışqırmadan normal şəkildə fikirlərimi çatdıra bilirəm. Sözün dəyəri çoxdur.
Fikirlərimi sözlərlə ifadə edə bildiyim üçün danışmağa başladım. İT sahəsinə gəldikdə
isə, 2-ci kursdan öz startapımızı yaratdıq və "İdeyadan Biznesə” startap
turlarının respublika üzrə qalibi olduq. Bu bizim ilk uğurumuz idi. Hazırladığımız "Gonex” layihəsi sərgi
iştirakçılarının böyük marağına səbəb olub. "Gonex” gənclərə informasiya
texnologiyaları sahəsində real iş imkanları təklif edən, onların virtual layihələrlə
işləyib təcrübə qazanmasına kömək edən platformadır. Layihənin əməkdaşlıq
etdiyi şirkətlər bu platforma vasitəsilə gənclərlə əlaqə saxlayaraq onlara iş
imkanları təklif edirlər”.
"Azərbaycanın
ən yaxşı natiqi”
Adilin yaşının az
olmasına baxmayaraq, uğurları kifayət qədərdir. İstər könüllülüklə bağlı fərqləndirilməsi,
istər layihəsinin ən yaxşı startap seçilməsi onu həmyaşıdlarından fərqləndirib.
Natiqlik yarışması isə onu zirvəyə qaldırıb. Londonda dünya səviyyəsində ölkəmizi
təmsil edərək nitqi dünyada "ən yaxşı nitq” olaraq qiymətləndirilib. Yarışmada
54 ölkədən ən yaxşı gənc natiqlər yarışıblar. Adil daha öncə "Azerbaijan Public
Speaking Competition” (APSC) yarışmasının qalibi olduğu üçün ölkəmizi təmsil
edib. "Azerbaijan Public Speaking Competition: Junior League” layihəsi 10 özəl
və dövlət məktəbi, eləcə də 11 universitetdən olan 108 gəncin iştirakı ilə baş
tutub. Layihənin ən yaxşı gənc natiqi seçilən Adil layihənin növbəti addımı
olaraq Londonda keçirilən beynəlxalq natiqlik yarışmasında iştirak edib. Adil
"Lies that tell the truth” (yalanların surəti olsa da, həqiqətlərin dözümlülüyü
var) başlığı ilə çıxış edib. Adilin çıxışı auditoriya və jüri heyəti tərəfindən
yüksək qiymətləndirilərək "The Best Impromptu Prepared Speech” fərqlənmə
diplomuna layiq görülüb.
"Adil,
birincilik sənin deyil”
Yarışma haqqında məlumat
verən həmsöhbətimiz deyir ki, birinci olacağı ağlına belə gəlməzdi: "Yarışma
elanını göndərəndə özümü daha da inkişaf məqsədilə üçün qeydiyyatdan keçdim. Nəzəri
biliklərim yox idi. Bu şansı görüb qaçırmaq istəmədim. Orada öyrəndim ki, sonda
qalibi Londona göndərirlər. Yarışma Azərbaycanda keçiriləndə müxtəlif yerlərdən
insanlar gəlirdi. İlk olaraq bizə təlimlər verdilər. Sonra yarış başladı.
Cavablar 1 həftə sonra elan olundu. Mən həmin gün getmədim. Çünki keçəcəyimə
inanmırdım. Zəng vurub məni təbrik etdilər. Məlum oldu ki, yarımfinaldan finala
keçmək haqqı qazanmışam. Bizi yenə finala hazırladılar. Final günü gəldi.
Nitqim hazır deyildi. Çıxış etdim, oturdum və öz-özümə dedim ki, Adil, çıxış
etdin, amma birincilik sənin deyil. Aparıcı geridən önə doğru sayanda, düşündüm
ki, 10-cu yer mənəm. Üçlük açıqlananda, özümə dedim ki, Adil, 3 də pis deyil.
1-ci yer olduğumu eşidəndə, çox təəccübləndim. Sevincimdən tullanırdım. Bütün şəkillərdə
göydə düşmüşəm. Gözləmədiyim şəkildə Azərbaycanın ən yaxşı natiqi seçildim. Dünyada
Azərbaycanı təmsil edən mən olacaqdım”.
"Yazanda
özümü limitlənmiş hiss edirəm”
İlk dəfə xarici ölkəyə
gedən müsahibimiz deyir ki, 54 ölkənin ən yaxşı natiqləri ilə yarışmaq asan
deyilmiş: "Londona gəldim, aeroportda məni heç kim qarşılamadı. Birtəhər ünvanı,
zalı tapdım. 55 ölkədən gəlmiş gənclərin hamısı bir birilə danışmağa başladı.
Hamımızı birləşdirən bir şey var idi. Hər birimiz öz ölkəmizin ən yaxşı natiqi
idik. 3 gün bizə natiqliyin sirlərini öyrətdilər. Final özü 3 mərhələdən ibarət
idi. Nitqimin mövzusu belə idi: Yalanların surəti olsa da, həqiqətlərin dözümlülüyü
var. 15 dəqiqə ərzində 3 mövzudan birini seçib, 3 dəqiqəlik nitq hazırlamalı
idik”.
Adili yoldaşlarından fərqləndirən
ikinci nüans onun nitqini kağıza qeyd edə bilməməsi olub: "Mən nitqlərimi yaza
bilmirəm. Yazanda özümü limitlənmiş hiss edirəm. Danışan zaman telefonuma qeyd
etdiyim açar sözlərdən istifadə edirəm. Londona hamı yazaraq hazırlaşırdı. Mən
hər şeyi beynimdə həll edirdim. Uşaqlara deyəndə ki vərəqim yoxdur, onlar təəccüblənirdilər.
Otaq yoldaşım Yaponiyadan olan nümayəndə idi. Yaponlar çox dəqiq olurlar. Ona
da maraqlı gəlirdi ki, qeydiyyat aparmadan necə danışıram. Axırda uşaqlar dedilər
ki, imtahana hazırlaşmayan, amma "5”
alan tələbələr kimi qalib olacaqsan. Çıxış sırası mənə gəldi. Sual-cavab hissəsi
maraqlı keçdi. Hətta qeyd etdilər ki, ən yaxşı sual-cavab mənimki oldu. Mövzu "yalanların
surəti olsa da, həqiqətlərin dözümlülüyü var” idi. Mənim seçdiyim başlıq isə "həqiqəti
söyləyən yalanlar” idi. Mənim nitqimdən sonra onların üzlərində yaranan təbəssümü
sözlə ifadə edə bilmirəm”.
Qeyd edək ki, 1980-ci ildə
başlayan yarışma bu gün dünya üzrə 54 ölkədən olan 1.000.000 gənci əhatə edir. Yarışmanın əsas
təşkilatçısı Britaniyanın "The English Speaking Union” təşkilatı Azərbaycanda
"Azerbaijan Public Speaking Competition” ilə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində
APSC-nin qalibi olan gənc natiqlər Azərbaycanı beynəlxalq arenada təmsil etmək
üçün hər il Londona səyahət edirlər.
APSC Azərbaycanda natiqləri, liderləri yetişdirən bir
platformadır. APSC müxtəlif yaş qrupları üzrə hər il natiqlik, liderlik, ünsiyyət
kimi bacarıqları inkişaf etdirəntəlimlər, kurslar, yarışmalar, kamplar və
yay məktəbləri təşkil edir. Platforma Britaniyanın "The English Speaking Union”
və Amerikanın "Public Speakers Association” təşkilatları ilə əməkdaşlıq edir.
Aygün
ƏZİZ