Dünya uşaq ədəbiyyatından seçmələr

Dünya uşaq ədəbiyyatından seçmələr

23 May 2016, 10:44 1334
Yunus və delfin
Keçmiş zamanlardan birində Yunus adında bir kişi yaşayırmış. Tanrının sevimli qulu olan Yunus heç vaxt onun sözündən çıxmazmış. Lakin günlərin bir günü O Tanrının məsləhətinə qulaq verməyərək, tamamilə başqa bir yolla hərəkət etməyə qərar verir və dənizlərə üz tutur. Nəhəng gəmi ilə yola çıxan Yunus qəfildən fırtınaya tutulur. Küləyin şiddəti getdikcə artır, qorxunc dalğalar gəminin göyərtəsində hər şeyi yuyub aparır. Gəmi nəhəng ümmanın ortasında fırlanır, dalğalar onu bir-birlərinin arasında atıb-tuturdu. Yunusla birgə yola çıxan hamı çox qorxmuşdu, əllərindən heç nə gəlməyən bu insanlar çarizlcəsinə ölümü gözləyirdilər. Nə edəcəklərini bilmədiklərindən gəminin örtülü yerlərinə sığınıb, fırtınanın keçməsi üçün dua edirdilər. Hamı Yunusdan Allaha yalvarmağı və onları xilas etməyi gözləyirdi. Yunusun da çarəsiz qaldığını görəndə Allaha yalvarması üçün xahiş etməyə başladılar. Yunus başa düşürdü ki, bu günahsız insanlarının həyatının təhlükə qarşısında qalmasının səbəbi o özüdür, Allahın sözündən çıxmasıdır. Yunus dənizçilərə yelkəni açıb, gəminin üzünü çevirməyi əmr etdi. Dənizçilər çox çalışdılar, amma bu mümkün olmadı. Çünki onlar yorulmuşdular. Yunusun hərəkətlərindən hamı başa düşürdü ki, O Tanrının qəzəbinə tuş gəlib. Yunusun Allaha yalvarmaq istəmədiyini görəndə, onu gəmidən atmağa qərar verdilər. Yunusu qorxunc dalğaların qoynuna atdıqdan sonra adamlar gördüklərinə inana bilmədilər. Dalğalar yatdı, dəniz duruldu, fırtına dayandı.
Tanrı sevimli Yunusunun ölümə göndərildiyini eşidən kimi onu xilas etmək üçün nəhəng bir balıq göndərdi. Balıq Yunusu udub, üç gün üç gecə onu qarnında qorudu. Yunus burada sağ qalmaq və bağışlanmaq üçün Tanrıya dua etməyə başladı. Tanrı balığa göstəriş verdi, Yunus hazır olanda və onun üçün təhlükəsiz bir zamanda balıq Yunusu sahilə buraxdı. Çünki Yunus bütün bu müddət ərzində durmadan Tanrıya dua etmiş və əfv olunmuşdu.
Hər nə işin varsa, çalış özün gör
Qədim zamanlarda kasıb Pakistan kəndlərindən birində bir arabaçı yaşayırmış. Arabaçı gündəlik işlərinə başlamazdan əvvəl və işdən sonrakı zamanlarında həmişə Allaha dua edirmiş. Olduqca vicdanlı və əməksevər olan arabaçı bütün işlərinin həlli üçün Allaha yalvarar, ondan kömək istəyərmiş. Çünki onun gücünə çox inanarmış.
Günlərin bir günü yenə araba ilə ot daşıyarkən, onun arabasının təkəri bataqlığa düşür. Öküz nə qədər güc versə də, arabanı çıxara bilmir. Arabaçı dərhal Allaha yalvarmağa başlayır. Lakin heç bir nəticə olmadığını görüb, bir qədər yüksək səslə yalvarmağa qərar verir. 
- Allahım, nolar, təkərimi bu bataqlıqdan çıxar. Allahım, sən axı bilirsən ki, bu araba mənim çörək ağacımdırr. Allahım, kömək et.
Lakin cavab gəlmir. Arabada düşdüyü yerdə qalırdı. O bir qədər də bərkdən yalvarmağa başladı.
- Allahım, məgər, sən məni eşitmirsən? Kömək et mənə.
Allahın adını dilindən salmadığı onun sevimli bəndəsi olan arabaçıya qeybdən cavab gəlir:
- Əlini yükün altına qoy. Təkərin altına çiynini ver. Mən sənə bunun öhdəsindən gəlmək üçün lazım olan qədər güc vermişəm. Bir işin öhdəsindən gəlmək üçün əlindən gələni et, sonra məni köməyə çağır.
Arabaçı dərhal çiynini batağa düşmüş təkərin çarxına söykədi və öküzü qamçıladı. Araba tərpəndi və bataqlıqdan çıxdı. Hamı öz işini həll etməyin yollarını özü tapmalıdır. Bu sadəcə qoçaqlıq nümunəsi deyil, həm də daha cəsur və müstəqil formalaşmağın ən yaxşı yoludur.
Əkinçi şahzadə
Kansari olduqca güclü və varlı kralın yeganə qızı idi. Şahzadə olmasına baxmayaraq, uşaqlığından torpağa və əkib-biçməyə böyük marağı var idi. Kansari uşaq olanda kral buna əhəmiyyət verməsə də, o böyüdükdən sonra da bu vərdişindən əl çəkmədi. Kral ona nə vəd etdisə, Kansari imtina etdi. Çünki o, uşaqlıqdan əkinçi olmaq istəyirdi. Bu iş Kralı əsəbiləşdirdi:
- Ya bu işdən əl çəkirsən, ya da sarayı tərk edirsən. Bir müddət meşələrdə yaşa, kənarda həyatın necə ağır keçdiyini, insanların necə çətin dolandığını özün gör. Bəlkə, onda ağlın başına gələr.
Kansari bir neçə paltar və uşaqlıqdan bəri əkib, yığdığı toxumlarını da götürüb, saraydan ayrıldı. Meşəyə üz tutan şahzadə əvvəlcə böyük çəmənliyi olan bir yer tapdı. Ağaclıq hissəsində özünə balaca bir koma düzəltdi və dərhal çəmənliyi əkib, tarla halına salmağa başladı. Çox keçmədən Kansari özünə üç dost da tapdı – pişik, tutuquşu və hörümçək. Pişik onun tarlasını siçanlardan, hörümçək isə evini və tarlasını həşəratlardan qoruyurdu. Tutuquşu isə tez-tez şəhərə gedib, ona xəbərlər gətirirdi. Onların köməyi ilə Kansarinin həyatı az da olsa, yüngülləşmişdi. Onlar çox yaxşı dost olmuşdular və birgə çox xoşbəxt idilər. 
Kansarinin əkininin bol məhsulu, tarlasının bərəkəti hamının dilinə düşdü. Xəbər Krala çatdı. Bu xəbərdən daha da hikkələnən Kral Tanrılar Kralı İndiranın yanına getdi. Ona qızının hərəkətlərindən danışan Kral İndiradan Kansarinin yolunu kəsəcək tədbir görməsini istədi. İndra:
- Sevimli Kral. Bu işi mənim öhdəmə burax. Mən bunu həll edəcəyəm, dərhal bütün əkinləri qurudacam. O tezliklə sənin sarayının qapısını döyəcək.
Bu xəbəri eşidən tutuquşu dərhal Kansarinin yanına gəlib, eşitdiklərini danışdı. Kansari çox düşünmədən, səliqə ilə bütün əkinini çatın kənarına köçürtdü. Buradan əkini sulamaq olardı. Çox keçmədən İndira dediyini etdi, dözülməz istilər düşdü. Bütün krallıq torpaqları istidən qovruldu, əkinlər qurudu. Lakin Kansarinin məhsulu daha da böyüdü, artdı. Bunu görən İndra öz-özünə dedi:
- Yaxşı, indi ki belədir, onda mən sənin əkinini daşqın altında qoyacağam, Kansari.
Artıq İndranın yanından ayrılmayan tutuquşu birnəfəsə özünü meşəyə çatdırdı. İndranın planını təkrarladı. Kansari özünə əziyyət vermədən dostlarının köməyi ilə əkinini çay kənarından dağın döşünə qaldırdı. Buranı əkmək ona çətin gəlsə də, bütün əkinini daşqından qoruya bildi. Sel-su bütün ölkəni yuyub, apardı. 
Kansarinin onu hər dəfə qabaqlamasından hikkələnən İndra bu dəfə əkinə siçan saldı. Kansarinin dostu bütün pişikləri başına toplayıb, onun əkinini siçanlardan təmizlədi.
Növbəti mövsümdə Kansari artıq xeyli zənginləşmişdi, tarlasını genişləndirib, yenidən toxum əkdi. İndra bu toxumları məhv etməkdə qərarlı idi. Quşları və həşəratları əkinə saldı. Kansarinin dostu hörümçək bütün hörümçəkləri köməyə çağırdı. Onlar tarlanın üstünə elə sıx tor çəkdilər ki, buradan ancaq gün işığı keçə bilirdi. Bu vaxt isə Kralın başına daha böyük bəla gəlmişdi. Ölkə quraqlıq və daşqından sonra məhv olub, istifadəsiz hala düşmüşdü. İnsanlar arpa, buğda tapa bilmir, aclıq baş alıb gedirdi. Kral dərhal kömək üçün İndranın yanına gəldi:
- Sənin mənim köməyimə ehtiyacın yoxdur. Sənin ölkənin insanlarına qızın kömək edir. Kansari bütün əhalinin ehtiyacını ödəyir, onları ac qoymur - İndra dedi.
İndra Kralı meşəyə apardı. Kral gözlərinə inana bilmirdi. Buradakı boş çəmənliklərin hamısı ucsuz-bucaqsız, bərəkətli tarlalar idi. Kansari uzun sıra yaratmış insanlara çuvalla taxıl paylayırdı. Bunu görən Kral qızına etdiklərindən utandı və qürurla onu izləməyə başladı.
- Dünyada saraylarda yaşamaqdan daha ağayana, daha nəcib işlər də var. Elə deyilmi, mənim sevimli Kralım! – İndra mehribanlıqla gülümsədi.
Kral qızından üzr istədi, onu bağışlamasını xahiş etdi. O, Kansarinin saraya qayıtmasını istəyirdi. Kansari atasını bağışladı, lakin saraya qayıtmadı. Əkinçi şahzadə ömrünün sonuna kimi öz tarlalarının yanında, o balaca komada yaşadı.
 
Tərcümə etdi: Elcan SALMANQIZI