• şənbə, 20 Aprel, 01:18
  • Baku Bakı 15°C

Dünya üçün qardaşlıq nümunəsi

15.01.15 17:46 1231
Dünya üçün qardaşlıq nümunəsi
Türkiyədə dövlət səfərində olan Azərbaycan prezidenti İlham Əliyev dünən səhər Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət edib. Prezident İlham Əliyev mavzoleyə əklil qoyaraq xatirə dəftərinə öz ürək sözlərini yazıb.
Yanvarın 15-də Türkiyə prezidentinin yeni iqamətgahında Azərbaycan prezidenti İlham Əliyevin təntənəli qarşılanma mərasimi keçirilib. APA-nın Türkiyə müxbirinin verdiyi məlumata görə, mərasim tarixdə mövcud olmuş 16 türk dövlətinin simvolu sayılan hərbi geyimli əsgərlərin iştirakı ilə ilk dəfə açıq havada keçirilib. Azərbaycan prezidenti İlham Əliyevi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb. Sarayın qarşısında foto çəkiləndən sonra prezidentlər arasında təkbətək görüş keçirilib.
Görüşdən sonra mətbuat qarşısında çıxış edən Türkiyə prezidenti bildirib ki, Azərbaycan Türkiyədə keçiriləcək G-20 sammitinə dəvət olunub: «Bu il Türkiyə G-20-nin ev sahibidir. Biz də imkandan istifadə edərək tədbirə Azərbaycanı da çağırdıq». Türkiyə prezidenti hazırda ölkələr arasında ticarət dövriyyəsinin həcminin 5 milyard ABŞ dolları təşkil etdiyini, 2023-cü ildə bu rəqəmi 25 milyard dollara çıxarılacağını qeyd edib. Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevi aprelin 24-də Çanaqqala savaşlarının 100-cü ildönümü ilə bağlı tədbirə dəvət etdiyini də bildirib.
Dağlıq Qarabağ münaqişəsi haqda danışan Türkiyə dövlət başçısı prezident İlham Əliyevlə görüşdə bununla bağlı fikir mübadiləsi apardıqlarını bildirib: “Dağlıq Qarabağ probleminin həlli ilə bağlı son məlumatları aldıq. Minsk Qrupunun səmimi olmadığını görürük. Onların dediklərini qəbul etməmiz mümkün deyil. Türkiyənin bu məsələdə Azərbaycana dəstəyi davam edəcək».
Azərbaycan prezidenti birgə mətbuat konfransında qeyd edib ki, 2015-ci ildə ilk xarici səfərini qardaş Türkiyəyə edir: “Bu, artıq gözəl bir ənənəyə çevrilib. Bu səfər imkan verdi ki, bu il görüləcək işləri bir daha müzakirə edək, birgə fəaliyyət planını təsdiq edək”.
Prezident İlham Əliyev bildirib ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısında müzakirə edilən məsələlər qardaşlıq əlaqələrini daha yüksəklərə çıxaracaq: “Bu gün dünyada Azərbaycan və Türkiyə qədər yaxın əlaqələrə malik olan başqa dövlətlər yoxdur. Bizim əlaqələrimiz tarixə və qardaşlığa söykənir. Türkiyənin Azərbaycanı G-20 toplantısına dəvət etməsi bizim üçün şərəfdir, ilk növbədə ona görə ki, bu dəvət qardaş Türkiyədən gəlib”.
Müdafiə sahəsində əməkdaşlığa toxunan dövlət başçısı Azərbaycanın Türkiyədən xeyli silah aldığını söyləyib: “Azərbaycanda birgə hərbi məhsul istehsalı barədə fikir mübadiləsi apardıq. Müdafiə sahəsində əməkdaşlığın dərinləşməsi üçün böyük planlar var. Keçən il Azərbaycanda birgə hərbi təlimlər keçirildi və bir neçə gün davam etdi. Birgə təlimlər bundan sonra da mütəmadi keçiriləcək. Biz Türkiyənin böyük uğurlarına çox sevinirik, Türkiyə artıq güc mərkəzidir. Türkiyə nə qədər güclü olsa, Azərbaycan da o qədər güclü olacaq”.
Prezident qeyd edib ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan torpaqları uzun illərdir işğal altındadır: "Dünyanın ən üst qurumu olan BMT-nin Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, Ermənistan işğalçı qüvvələri bu torpaqlardan çıxsın. Ancaq bu qətnamələr icra edilmir. Bu da onu göstərir ki, Ermənistan sülh istəmir. Əfsuslar olsun ki, ATƏT-in Minsk qrupu da bu işdə heç bir nəticə hasil edə bilmir. Fəaliyyət var, ancaq nəticə yoxdur. Bu münaqişə yalnız ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır və Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edəcək. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq”.
Dövlət başçısı bildirib ki, son illər Türkiyə Azərbaycana, Azərbaycan isə Türkiyəyə milyardlarla dollar sərmayə yatırıb: “2020-ci ilə qədər Türkiyədə Azərbaycan sərmayələrinin həcmi 20 milyard dollara çatacaq”. Prezident İlham Əliyev Türkiyə şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini və 10 milyard dollar həcmində layihələr icra etdiklərini nəzərə çatdırıb. O qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsinin icrası enerji sahəsində əməkdaşlığı daha da dərinləşdirəcək. Prezident Bakı-Tbilisi-Qars dəmir yolu və digər layihələrin vaxtlı-vaxtında icra olunacağını vurğulayıb: “Bu gün müzakirə olunan hər bir məsələ özlüyündə nəhəng bir layihədir. TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu və digər layihələr strateji əhəmiyyətə malikdir və bu strateji layihələrdə Türkiyə ilə Azərbaycan aparıcı rol oynayır. Əminəm ki, bütün bu layihələr vaxtlı-vaxtında icra ediləcək”.
Dövlət başçısı qeyd edib ki, bu gün Türkiyə-Azərbaycan birliyi, əməkdaşlığı dünya çapında önəmli bir faktordur və bu faktoru heç kim inkar edə bilməz: “Böhranlı illərdə belə Türkiyə və Azərbaycan inkişaf edir, insanların rifah halı yaxşılaşır, dünya miqyasında bizim rolumuz artır, beynəlxalq mövqelərimiz möhkəmlənir. Bu da onu deməyə əsas verir ki, gələcək illərdə də Türkiyə və Azərbaycan inkişaf edəcək və biz daha böyük tərəqqi görəcəyik”.
Prezident İlham Əliyevin Türkiyəyə səfəri çərçivəsində Azərbaycan və Türkiyə arasında bir sıra sənədlər imzalanıb.
Sonra Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV iclası keçirilib. İclasda Azərbaycanla Türkiyə arasında iqtisadiyyat, enerji, energetika, nəqliyyat, müdafiə, humanitar sahələrdə əməkdaşlığın perspektivləri, Bakı-Tblisi-Qars, TANAP layihələri ilə bağlı işlərin uğurlu gedişi, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunub. İkitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Kaspi.az
banner

Oxşar Xəbərlər