• cümə, 29 Mart, 18:45
  • Baku Bakı 14°C

Dünya nizamı üçün böyük təhdid

22.11.17 10:30 3615
Dünya nizamı üçün böyük təhdid
Noyabrın 20-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Belçikanın paytaxtı Brüsseldə "Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir” mövzusunda Beynəlxalq Forum keçirilib. Forumun "Yeni dünya düzənində separatizm dalğası: Problemi necə həll etməli? Separatizmə məruz qalmış ölkələrin təcrübəsi” adlanan ilk panelində toplantı haqqında məlumat verən Beynəlxalq və Avropa məsələləri üzrə İrlandiya İnstitutunun nümayəndəsi, Ukraynada rezident əlaqələndiricisi, səfir Fransis Martin Odonel separatizmin müasir dünyanın ən aktual problemlərindən biri olduğunu, bir çox ölkələrin bu problemdən əziyyət çəkdiyini vurğulayıb. O, Azərbaycanın da separatizmdən əziyyət çəkən ölkələrdən biri olduğunu diqqətə çatdıraraq, ölkəmizin bu mövzu ilə bağlı mövqeyini ifadə etmək üçün sözü Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova verib.
Forumun müasir dünyanı narahat edən çox aktual bir mövzuya həsr olunduğunu vurğulayan Əli Həsənov deyib ki, tədbirdə beynəlxalq terrorizmin və etnik separatizm kimi təhlükəli meyillərin doğurduğu böhranın həlli yollarının axtarılması ilə bağlı müzakirələrin aparılması mühüm əhəmiyyət daşıyır. O, müasir dövrdə dünyada etnik separatizm meyillərinin güclənməsinin regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına, bəşəriyyətin sülh və əmin-amanlıq şəraitində yaşamasına mənfi təsir göstərən mühüm amillərdən biri olduğunu diqqətə çatdırıb. Etnik münaqişələrin yayılma coğrafiyasından söhbət açan Ə.Həsənov soyuq müharibənin başa çatmasından sonra keçmiş SSRİ məkanında etnik separatizm meyillərinin yeni dalğasının meydana gəldiyini diqqətə çatdırıb. Deyib ki, Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Osetiya, Moldovada Dnestryanı münaqişələr regionun sabitliyini hər an poza biləcək potensial təhlükə mənbəyinə çevrilib. Onun sözlərinə görə, bu münaqişələr beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasına, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə qarşı ciddi təhdidlərin yaranmasına gətirib çıxarır.

Tarixi faktları dilə gətirən Prezident köməkçisi bildirib ki, hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti özünün dövlət müstəqilliyini elan etdiyi dövrdə erməni separatizmi ilə üz-üzə qalıb. Keçmiş SSRİ dövründə isə ermənilərin Azərbaycana qarşı separatçı hərəkətləri fəal fazadan nisbətən közərən münaqişə fazasına keçib. Lakin SSRİ-nin süqutundan sonra Ermənistan Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürərək, etnik separatizm və işğalçılıq siyasəti aparmağa başlayıb. Ə.Həsənov bildirib ki, Ermənistan silahlı qüvvələri 1992-ci ilin fevral ayında Xocalı şəhərinin azərbaycanlı əhalisinə qarşı soyqırımı törədib, ermənilərin etnik separatizm və ərazi iddiaları əsasında meydana gəlmiş Dağlıq Qarabağ münaqişəsinin nəticəsində Azərbaycanın 20 faiz ərazisi işğal olunub. Onun sözlərinə görə, erməni separatçılarının Ermənistanın dəstəyi ilə Azərbaycanın ərazisində yaratdığı qondarma "Dağlıq Qarabağ” rejiminin fəaliyyəti beynəlxalq hüququn normalarının kobud şəkildə pozulması deməkdir. Prezident köməkçisi təəssüflə vurğulayıb ki, bu məsələyə münasibətdə BMT başda olmaqla, beynəlxalq hüququn prinsiplərini təmin etmək missiyası yerinə yetirdiyini iddia edən təşkilatlar, eləcə də dünyanın aparıcı dövlətləri seyrçi mövqe tutmaqda davam edir. Ə.Həsənov deyib ki, Azərbaycan dünya birliyini Dağlıq Qarabağ münaqişəsinin regionda törədə biləcəyi təhlükələr haqqında xəbərdar edərək, qəti şəkildə praktik addımlar atmağa və Ermənistanı işğalçılıq siyasətindən çəkindirməyə çağırır. O, qeyd edib ki, təcavüzkarın qarşısı alınmazsa, beynəlxalq dairələrin dünyada sülhün və sabitliyin bərqərar edilməsinə yönəldilmiş səyləri nəticəsiz qalacaq, etnik münaqişələrin miqyası daha da genişlənəcək. Prezident köməkçisinin fikrincə, bu, dünya nizamı üçün böyük təhdid deməkdir.

Millət vəkili, "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Elman Məmmədovqeyd olunan Forumun əhəmiyyətli hadisə olduğunu dilə gətirib. Qeyd edib ki, Forumun işində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclisin deputatları, Avropa Parlamentinin, habelə Avropa ölkələri parlamentlərinin üzvləri, həmçinin separatizmdən əziyyət çəkən bir sıra ölkələrin deputatları, siyasətçiləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olan bir sıra ölkələrin sabiq prezidentləri, ictimai-siyasi xadimlər, Avropadakı Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, elm xadimləri və KİV əməkdaşlarından ibarət 200 nəfərə yaxın nümayəndə iştirak edib. Millət vəkili bildirib ki, Forumda səslənən bütün fikirlərdə, o cümlədən Prezidentin köməkçisi Ə.Həsənovun çıxışında separatizmlə beynəlxalq səviyyədə mübarizənin rolu, effektivliyi vurğulanıb: "Hörmətli Əli müəllim çox dəqiqliklə, konkret faktlara istinad etməklə, sərrast şəkildə mövqeyini, Azərbaycan reallıqlarını ortaya qoydu. Qeyd olundu ki, vaxtında erməni separatizminin qarşısı alınsaydı, bu məsələdə ikili standartlardan çıxış etmədən Azərbaycana dəstək verilsəydi, vəziyyət indiki halına gəlib çatmazdı. Artıq bu gün Avropa da separatizmdən əziyyət çəkir. Ona görə də Qərb dövlətləri bundan təşvişə düşüb. Əgər separatizmin qarşısı beynəlxalq səviyyədə alınmazsa, dünya dövlətlərinin, xüsusən də Avropanın böyük ölkələrinin ərazisində parçalanmalar olacaq, yeni dövlətlər yaranacaq. Separatizmlə terror arasında heç bir ciddi fərq yoxdur. Bunların hər ikisinə qarşı beynəlxalq səviyyədə mübarizə aparılmalı, ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır. Bütün bunlar barədə Brüsseldə keçirilən tədbirdə mühüm müzakirələr aparıldı, Avropaya, Qərbə, ümumilikdə dünyaya ciddi mesajlar verildi”.

Sözügedən Forumun iştirakçısı olan, eyni zamanda çıxış edərək tədbir iştirakçılarına öz fikirlərini çatdıran siyasi şərhçi Azər Həsrət "Kaspi”yə açıqlamasında deyib ki, Prezidentin köməkçisi Əli Həsənovun müzakirə mövzusu olan məsələyə qlobal perspektivdən yanaşması ayrıca vurğulanmalıdır. Onun sözlərinə görə, Ə.Həsənov separatizmin qlobal problem olduğunu, bu təzahürə qarşı mübarizədə səylərin birləşdirilməsi zərurətini diqqətə çatdıra bilib: "Prezidentin köməkçisi bənzər problemləri müqayisə etməklə dövlətimizin sadəcə özünü deyil, ümumilikdə qlobal sülhü düşündüyünü, sülhsevər dünya güclərinin yanında olduğunu öz geniş təhlil, müqayisə və şərhi ilə diqqətə çatdırdı. Bir daha əmin oldum ki, Azərbaycanı beynəlxalq tribunalarda öz işini və qlobal məsələləri bu qədər dərindən bilən insanlar təmsil etdikcə uğurlarımız daimi olacaq. Elə tədbirin möhtəşəm alınması da dediklərimi təsdiq edir.Hörmətli Əli Həsənovun çıxışı şəxsən mənim üçün məsələyə qlobal perspektivdən yanaşmayla əlamətdar oldu. Prezidentin köməkçisi bu çıxışında Qarabağ məsələsini örnək göstərməklə, digər bənzər münaqişələrlə müqayisə etməklə beynəlxalq ictimaiyyətə mesaj vermiş oldu".
Millət vəkili, politoloq Hikmət Məmmədovda qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun çıxışı, hər şeydən öncə, hazırda bütün dünya üçün aktual olan bir məsələnin, terrorizm və separatizmin nə qədər təhlükəli olduğunu aktuallaşdırmaqla, həm də Azərbaycanın bu bəladan uzun illərdir nə qədər əziyyət çəkdiyinin diqqətə çatdırılması ilə yadda qaldı. O, qeyd edib ki, Forumun "Yeni dünya düzənində separatizm dalğası: Problemi necə həll etməli? Separatizmə məruz qalmış ölkələrin təcrübəsi” adlanan ilk panelində Qarabağ münaqişəsi və beynəlxalq separatizm məsələlərinə toxunan Ə.Həsənov beynəlxalq münasibətlərin hazırkı vəziyyətində terrorizmin və etnik separatçılığın az qala bütün dünya ölkələrinin ərazi bütövlüyünü təhdid etdiyini bildirib: "Hindistandan başlamış Şimali Avropaya, Avroatlantikadan başlamış Latın Amerikasına qədər olduqca geniş bir geosiyasi məkanda çoxsaylı dövlətlərin belə problemlə üz-üzə qaldığını xatırladan natiq vaxtında Azərbaycanda baş qaldıran etnik separatizmə qarşı beynəlxalq birliyin və beynəlxalq təşkilatların biganə qalmasının, yaxud problemə ikili standart siyasətilə yanaşmalarının da bu dəhşətli bəlanın geniş yayılmasında olan rolunu önə çəkdi. Postsovet məkanında az qala kütləvi şəkildə baş qaldıran etnik separatizmin Avropanın dərinliklərinə qədər irəliləməsində bu problemin vaxtında həll edilməsi üçün yetərli cəhdlərin göstərilməməsi səbəblərdən biri kimi diqqətə çatdırıldı. Doğurdan da Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna kimi ölkələrdə baş qaldıran etnik separatizmə qarşı vaxtında qətiyyətli mübarizə aparılsaydı sonrakı mərhələdə Balkanlarda, Şimali Qərbi Avropada və nəhayət, İspaniyada separatçılıq bu həddə gəlib çatmazdı”.

Politoloq bildirib ki, separatizm və terrorizm biri digərini bəsləyən iki radikal vasitə kimi bu gün milli dövlətlərin dağılmasına qədər gedib çıxan dəhşətli dağıdıcı proseslərə səbəb olur: "Terror hazırda hibrid müharibə vasitəsinə çevrilməklə müsəlman Şərqində və Şimali Afrikada çoxsaylı dövlətlərin funksional dövlət aparatını dağıdıb, tarixdə görünməmiş vəhşətlərə və miqrasiyaya səbəb olub. Bu gün isə vaxtilə Avropadakı bəzi mərkəzlər tərəfindən dəstəklənərək üçüncü ölkələrə ixrac edilən terrorizm və separatizm şiddətlə Avropanın öz qapısını döyməyə başlayıb. Əli Həsənov haqlı olaraq qeyd etdi ki, bu problemə qarşı mübarizə birgə səylər tələb edir. Əgər beynəlxalq hüquq tərəfindən dəstəklənən dövlətlərin ərazi bütövlüyü prinsipi sözdə deyil, əməldə müdafiə olunarsa, o zaman separatizmə qarşı effektiv mübarizə aparmaq olar. Hətta qısa müddətdə nəticələr də əldə etmək olar”.

Millət vəkili qeyd edib ki, Azərbaycan uzun illərdir separatizmdən və terrordan əziyyət çəkir: "Ərazilərimizin 20 faizindən çoxu Ermənistan tərəfindən işğal edilib. Problemin həlli üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinin vaxtı çoxdan çatıb. Ona görə də hazırkı mərhələ belə problemlərin həlli mərhələsi olmalıdır. Əks təqdirdə, bu gün əgər dünyada 50-dən çox belə problem mövcuddursa, gələcəkdə yüzlərlə ola bilər. Çünki dünyanın hər yerində xüsusilə Avropada potensial separatizm ocaqları həddindən artıq çoxdur. Əgər onların hamısı birdən aktiv fazaya keçərsə, onda hazırkı dünya nizamından əsər-əlamət qalmaz. Ən çox əziyyət çəkən isə elə terrorizmə və separatizmə geniş dəstək verən ölkələr olar. Ona görə də belə ölkələr imperialist ambisiyaları bir kənara qoyaraq, dağıdıcı separatizmə qarşı ciddi mübarizə aparmalıdırlar. Məhz Azərbaycanın bu cür qlobal problemi aktuallaşdırması, dünya ictimaiyyətinin diqqətini buna cəlb etməsi xüsusi qiymətləndirilməli bir hadisədir. Düşünürəm ki, ölkəmizin təşəbbüsü ilə başladılan bu beynəlxalq proses dostlarımızın və tərəfdaşlarımızın sayını artırmaqla, Qarabağ probleminin həllinə öz töhfəsini vermiş olacaq”.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər