Dünya muzeylərindəki incilərimiz
Londonun "Viktoriya və Albert”, Parisin "Luvr”, Vaşinqtonun "Metropoliten”,
o cümlədən Vyananın, Romanın, Berlinin, İstanbulun, Tehranın, Qahirənin, Rusiyanın
və s. ölkələrin muzey ekspozisiyalarını seyr
edərkən Azərbaycan ustalarınınbacarıqlı əlləri ilə yaradılan, ölkəmizdən min yolla aparılan və
nadir eksponat kimi nümayiş etdirilən sənət əsərlərini görmək mümkündür. Təbriz,
Naxçıvan, Gəncə, Qazax, Quba, Bakı, Şəki, Şamaxı və Qarabağa aid
maddi-mədəniyyət nümunələrinin geri qaytarılması mümkün olmasa da, surətlərinin
hazırlanıb ölkəmizə gətirilməsi, Azərbaycanın adı ilə kataloqlara salınması və dünya
muzeylərində qeydiyyata alınması çox vacibdir. Təəssüf ki, bu gün maddi-mədəni nümunələrimiz
dünya muzeylərində daha çox İran, türk və ya Şərq ölkələrinin adı ilə təqdim olunur.
Tədqiqatçılar Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı olan nadir nümunələrin
araşdırılması və öz ölkəmizin adı ilə təqdim olunması istiqamətində geniş tədqiqatlar
aparılmasının lazımlılığını bildirirlər.
"Kaspi”nin "Azərbaycan eksponatları
dünya muzeylərində” layihəsi çərçivəsində səfərdə olarkən London, Berlin və
s. ölkələrin muzeylərində qiymətli əlyazmalar və maddi-mədəniyyət nümunələri
ilə yaxından tanış ola bildik.
Almaniya muzeylərində Azərbaycanın qədim dövr və orta əsrlərə aid
mədəniyyət nümunələri daha çoxdur. Tədqiqatlara görə, hələ XIX yüzilliyin
axırlarında bir qrup alman mütəxəssisi Gədəbəy, Daşkəsən, Qarabağ və Göygöl
bölgələrində arxeoloji qazıntılar aparıb və əldə etdikləri sənət əsərlərinin
bir hissəsini də Almaniyaya göndəriblər. Nəticədə hazırda Berlin Tarixəqədər və
Qədim Tarix muzeyində 256 ədəd maddi Azərbaycan nümunəsi saxlanılır. Onların
içərisində yer alan kəmərlərin bir neçəsi indiyə qədər elmə məlum deyil. Bundan
əlavə, Almaniyanın Bonn, Hamburq, Münhen, Köln, Düsseldorf, Frankfurt-Mayn,
Manheym və s. şəhərlərinin muzeylərində ölkəmizə aid nadir xalça nümunələri
saxlanılır.
"Mədəni dəyərlər trafeyi”
Layihə çərçivəsində Almaniyaya səfərimiz zamanı Azərbaycana aid eksponatların
daha çox Berlindəki Perqamon Muzeyinin İslam
İncəsənət bölməsində saxlanması haqqında məlumatlar əldə etdik. Bu bölüm muzeyin
turistlər tərəfindən ən çox ziyarət olunan hissəsidir. 1958-ci ildə yeni həyatına
başlayan muzeyə eksponatlar "Mədəni dəyərlər trafeyi” adı ilə daxil olub. "Berlinin
bəxti gətirdi: çünki islam incəsənətinin dünyadakı ən böyük kolleksiyalarına sahibdir”,
- deyə İslam Sənəti Muzeyinin direktoru Klaus Peter Xaase qeyd edib.
Muzeyin salonlarını gəzdikcə gerçəkdən İslam dünyasının böyük bir coğrafi
ərazisini əhatə edən nadir eksponatları seyr etmək mümkündür.
Tədqiqatçılar muzeydə nümayiş etdirilən müxtəlif çeşidli mis, gümüş və
saxsı qabların bəzilərinin Azərbaycandan gətirildiyini bildirsələr də, əfsus ki,
həmin əşyaların hamısı İran, türk və ya digər islam ölkələrinin adı ilə təqdim olunur.
İslam İncəsənəti Muzeyinin eksponatları içərisində xalçalar mühüm yer tutur.
Bir əsrdən çox Berlində sərgilənən kolleksiyası ilə fəxr edən İslam İncəsənəti Muzeyinin eksponatları
orijinallıq baxımından diqqət çəkir. Qədim və nadir xalçalar bir neçə salonda sərgilənib.
Muzeydə 500-dən çox xalça olsa da, onların az bir hissəsi nümayiş etdirilir. Bələdçi
müharibədən sonra xalçaları təmizləmək və restovrasiya etməyin vacib olduğunu bildirdi.
Salonlardan birində Türkiyənin İznik, Bursa kimi bölgələrindən gətirilən xalçalar
yer alıb.
Salonlarda nümayiş etdirilən xalçalar içərisində divarda yer alan Qafqaza
aid uzun xalça diqqət çəkir. İran nümunəsi kimi təqdim edilən digər xalçanın 1600-ci
ilə aid olduğu qeyd olunub. Həmçinin muzeydə 15-16-cı əsrlərə aid bir sıra İran
xalçaları sərgilənir. Ekspertlər bu xalçalardan bir neçəsinin Azərbaycana aid olduğunda
israrlıdırlar. AMEA-nın Əlyazmalar İnstitutunun
əməkdaşı, tədqiqatçı Faiq Ələkbərli Perqamon Muzeyi və İslam İncəsənət Muzeyində
Azərbaycana aid silah nümunələri, məişət əşyaları, xalçalar olduğunu bildirir:
"XV-XVI əsrlərə - Səfəvilərə aid dəbilqələr, qalxanlar, nizələr saxlanılır. Amma
təəssüf ki, onların heç biri Azərbaycana aid eksponat kimi qeyd edilmir. Onların
hamısı İrana aid edilir, fars nümunələri kimi göstərilir. Dünyanın heç bir muzeyində
Azərbaycan eksponatları bizim adımızla təqdim olunmur - ya türk, ya fars adı ilə
verilir”.
Tədqiqatçının sözlərinə görə, dünyanın bir çox ölkələrindəki kitabxanalar
və muzeylərdə Azərbaycana aid əlyazmalar və maddi-mədəniyyət nümunələrinin surətlərinin
Azərbaycana gətirilməsi Mədəniyyət və Turizm Nazirliyi, AMEA və digər strukturların
planlarında yer alıb: "Berlin şəhər kitabxanasında Nizami Gəncəvinin çoxsaylı əlyazmaları
var. Həmçinin kitabxanada 15-16-cı əsrlərə aid Azərbaycan əlyazmaları saxlanılır.
Onların kifayət qədər yaxşı surətləri bizdə yoxdur”.
F.Ələkbərli xalça nümunələrinin
Azərbaycana aid olmasının fakt kimi sübut etməyin heç də çətin olmadığını söyləyir:
"Xalça toxumaq sənəti türk tayfalarına aiddir. Farslarda ənənəvi xalça toxumaq sənəti
olmayıb. İranda şərqi və qərbi Azərbaycan əyalətləri var. Orada da yaşayan azərbaycanlılardır.
Ona görə də burada Azərbaycanın adının çəkilməməsi düzgün deyil”.
Tədqiqatçının
sözlərinə görə, bu ölkədə dərc olunan xalça sənətinə həsr edilən kitablara nəzər
yetirəndə oradakı materialların bir çoxunun Azərbaycan xalçalarına aid olduğu görünür.
Belə ki, bu kitablarda alman xarakterinə xas olan bir dəqiqliklə xalçalarımızın
bədii və texnoloji xüsusiyyətləri, onların toxunduğu yer və s. haqda ətraflı məlumat
verilir: "Kitabxana və muzeylərin əməkdaşlarına bildirilməlidir ki, bu eksponatlar
birbaşa Azərbaycana aiddir və ölkəmizə aid
olduğu qeyd edilməlidir. Yəni həmin nümunələrin Azərbaycana aid olması sadəcə etiraf
olunmalıdır. Bunu biz tələb etməli, onların kataloqunu tərtib etməli və onlara təqdim
etməliyik”.
120 qədim eksponat
Dünya etnologiya muzeylərindən ən nəhəngi sayılan, 1873-cü ildə Adolf
Bastian tərəfindən yaradılan Berlin-Dahlem Muzey Mərkəzindəki Etnologiya Muzeyində
dünyanın müxtəlif xalqlarının bərpa olunmuş yaşayış məskənləri, geyimlər, qədim
qablar, qayıqlar, bürüncdən hazırlanmış əşyalar nümayiş etdirilir.
Berlin Etnologiya Muzeyinin
İslam Şərqi Departamentinin müdiri İnqrid Şindelberq bizimlə söhbətində
muzeyə Azərbaycandan qədim kilimlər, paltarlar, məişət əşyaları və s. gətirildiyini
bildirdi. Belə ki, hazırda muzeydə Azərbaycandan aparılan 120 qədim eksponat saxlanılır.
1992-ci ildə Azərbaycana gələn və bir müddət Şəkidə yaşayıb tədqiqatlar aparan İ.Şindelberq
həmin dövrün ona böyük təcrübə verdiyini və ölkəmizin etnologiya tarixi ilə bağlı
zəngin məlumatlar əldə etdiyini qeyd etdi: "O zaman bu kolleksiyanı toplamaq çətin
idi. Çünki onda Bakıda qədim əşyalar satan dükanlar az idi. Ona görə də mən çox
az eksponat ala bildim”.
Departament direktoru xatırlayır ki, o zaman Bakıda yaşayan
insanlar öz evlərindəki qədim əşyaları sənət muzeyinə gətirir və satışa çıxarırdılar.
O da həmin əşyaları pulla ala bilib: "Qədim əşyaların satışı ilə bağlı elanı eşidən
kimi sənət muzeyinə getdim. Mən 120 qədim əşya ala bildim. Bunlar əsasən 19-cu əsrin
sonuna aid olan əşyalar idi”. Muzeyin ekspozisiyalarında yer almasa belə, arxivdə
qorunan eksponatlarla tanış olmaq mümkün oldu. Bunlar əsasən buxara papaq, milli
paltar, çarıq, kilim, xalça, mütəkkə, kəlağayı və digər baş örtükləri, Quran altlığı,
siqar qabı, lampa, gülabqabı, camlar və sairdən ibarətdir. Əşyalar Azərbaycanın
müxtəlif bölgələrinə aiddir. "Biz bu əşyaları qoruyub saxlayırıq. Bəlkə 200 il bundan
sonra da əşyalar muzeydə qalacaq” deyən İ.Şindelberq Azərbaycana aid eksponatların ekspozisiyalarda
yer almamasına da aydınlıq gətirdi: «Muzeydə 500 mindən çox eksponat var. Eksponatların
hamısının sərgilənməsi qeyri-mümkündür. Bununla belə, biz ekspozisiyada olan əşyaları
vaxtaşırı dəyişirik. Azərbaycanla bağlı eksponatlar da zamanla sərgiyə çıxa bilər».
Muzeyin direktoru həmin eksponatlardan ibarət böyük sərgi təşkil etdiklərini də
qeyd etdi. 2008-ci ildə baş tutan sərgidə ölkəmizin birinci xanımı Mehriban Əliyeva
da iştirak edib.
"Şeyx səfi” xalçası
Dünyanın dekorativ incəsənət sahəsində ən qədim muzeyi sayılan, 1852-ci
ildə əsası qoyulan Böyük Britaniyanın Viktoriya və Albert (V&A) muzeyi dünya
ölkələrinin mədəniyyətini sərgiləməklə məşhurdur. Muzeyin 4 milyondan çox nadir
eksponatı 145 zalda nümayiş etdirilir. İngiltərə və Avropa intibah dövrünün mədəniyyət
nümunələri - heykəllər, keramik əşyalar, kostyumlar, zinət əşyaları, çap məhsulları,
mebellər, qab-qacaqlar və s. eksponatlar öz gözəlliyi ilə muzeyi ziyarət edənləri
heyran edir.
Muzeyin İslam-Yaxın Şərq bölümünün ziyarətçiləri
arasında daha çox ərəb, iranlı və türk turistlər gözə dəyir. Burada 160 min eksponat
qorunur. Ekspozisiyalarda yer alan bədii parça, tikmə, xalı, zərgərlik, saxsı və
digər sənət nümunələrini heyranlıqla izləyirik. Tarixi baxımından Viktoriya və Albert
muzeyində toplanan sənət əsərlərimiz içərisində ən qədimi 1319-cu il tarixli bürünc
camdır. İran, Orta Asiya, Misir, Suriya və digər ölkələrdən gətirilən bürünc və
gümüş qablar, piyalələr, Şah Təhmasibin qılıncı, Şah Qacarın hakimiyyət dövrünün
sənət nümunələri və s. qiymətli eksponatları bircə-bircə seyr edirik.
Muzeydə saxlanılan xalq sənət nümunələrimizin içərisində ən mühüm yeri
Azərbaycan xalçaları tutur. Öz bədii və texnoloji xüsusiyyətlərinə görə fərqlənən
xalçalar içərisində XVI əsr Təbriz xalçaları, XVI-XIX əsrdə toxunan Quba-Şirvan,
Gəncə-Qazax və Qarabağ xalçaları muzeyin inciləri sayılır.
1539-cu ildə Təbrizdə Şah Təhmasibin sifarişi ilə Ərdəbil xatirə kompleksinin
məscidi üçün toxunmuş və elm aləmində "Şeyx Səfi” adı ilə məşhur olan xalı ziyarətçilərə
"Ərdəbil xalçası” adı ilə təqdim olunur. Muzey bələdçisi xalının daha çox "Şeyx
Səfi” adı ilə tanındığından xəbərsiz olduğunu etiraf etdi. Xalça böyük bir şüşə
qutunun içərisində xüsusi qayğı və diqqətlə qorunur. Uzunluğu 11,5 m, eni 5,34 m, ümumi sahəsi 61 m2 olan xalça, nəinki Şərq
İncəsənət bölməsinin, bütövlükdə Viktoriya və Albert muzeyinin ən nadir incisi sayıla
bilər. Xalça üzərində 2-3 il ən peşəkar xalçaçılar çalışıb. "Şeyx Səfi” xalçası
1893-cü ildə auksionda satılarkən İngiltərəyə gətirilib. Muzeyin bələdçisi xalçanın
digər nüsxəsinin Los-Anceles şəhərindəki muzeylərdən birində nümayiş olunduğunu
qeyd etdi. Kompozisiyası, ornamentləri və rəngləri oxşar olan xalçalar eyni eskiz
əsasında işlənilib. Eskiz müəllifinin görkəmli ustad, Təbriz miniatür məktəbinin
banisi Sultan Məhəmməd olduğu güman edilir.
Mükəmməl sənət incisinin heç olmasa, surətinin Azərbaycanda olması Heydər
Əliyev Fondunu da düşündürüb. Belə ki, Fondun təşəbbüsüilə əsərin üzü köçürülüb.
Hazırda təkrar nüsxə Azərbaycan Müasir İncəsənət Muzeyindədir.
Professor Nərgiz Paşayevanın rəhbərlik etdiyi "Azərbaycanı və Qafqazı
öyrənən Britaniya Fondu”nun bu yaxınlarda Viktoriya və Albert Muzeyində keçirilən
təqdimatında bu gün Şərqin böyük və gözəl ənənələrinin davamının əvvəlki əzəmət
və gözəlliyini itirdiyi də qeyd olunub: "Böyük İslam mədəniyyətinin öz fəxarətli
və füsunkar imicini geri qaytarması zəruridir”. Azərbaycanın maddi-mədəniyyət
nümunələrinin öz adı ilə təqdim olunması isə bu prosesin əsas hissələrindən
olmalıdır. Bu hər şeydən əvvəl ölkəmizin tanıdılması istiqamətində mühüm addım
olar.
Təranə Məhərrəmova
Yazı Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür