• cümə axşamı, 28 mart, 12:46
  • Baku Bakı 16°C

Dünya muzeylərindəki incilərimiz

01.03.17 12:00 6250
Dünya muzeylərindəki incilərimiz
Londonun "Viktoriya və Albert”, Parisin "Luvr”, Vaşinqtonun "Metropoliten”, o cümlədən Vyananın, Romanın, Berlinin, İstanbulun, Tehranın, Qahirənin, Rusiyanın və s. ölkələrin muzey ekspozisiyalarını seyr edərkən Azərbaycan ustalarınınbacarıqlı əlləri ilə yaradılan, ölkəmizdən min yolla aparılan və nadir eksponat kimi nümayiş etdirilən sənət əsərlərini görmək mümkündür. Təbriz, Naxçıvan, Gəncə, Qazax, Quba, Bakı, Şəki, Şamaxı və Qarabağa aid maddi-mədəniyyət nümunələrinin geri qaytarılması mümkün olmasa da, surətlərinin hazırlanıb ölkəmizə gətirilməsi, Azərbaycanın adı ilə kataloqlara salınması və dünya muzeylərində qeydiyyata alınması çox vacibdir. Təəssüf ki, bu gün maddi-mədəni nümunələrimiz dünya muzeylərində daha çox İran, türk və ya Şərq ölkələrinin adı ilə təqdim olunur. Tədqiqatçılar Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı olan nadir nümunələrin araşdırılması və öz ölkəmizin adı ilə təqdim olunması istiqamətində geniş tədqiqatlar aparılmasının lazımlılığını bildirirlər.

"Kaspi”nin "Azərbaycan eksponatları dünya muzeylərində” layihəsi çərçivəsində səfərdə olarkən London, Berlin və s. ölkələrin muzeylərində qiymətli əlyazmalar və maddi-mədəniyyət nümunələri ilə yaxından tanış ola bildik.

Almaniya muzeylərində Azərbaycanın qədim dövr və orta əsrlərə aid mədəniyyət nümunələri daha çoxdur. Tədqiqatlara görə, hələ XIX yüzilliyin axırlarında bir qrup alman mütəxəssisi Gədəbəy, Daşkəsən, Qarabağ və Göygöl bölgələrində arxeoloji qazıntılar aparıb və əldə etdikləri sənət əsərlərinin bir hissəsini də Almaniyaya göndəriblər. Nəticədə hazırda Berlin Tarixəqədər və Qədim Tarix muzeyində 256 ədəd maddi Azərbaycan nümunəsi saxlanılır. Onların içərisində yer alan kəmərlərin bir neçəsi indiyə qədər elmə məlum deyil. Bundan əlavə, Almaniyanın Bonn, Hamburq, Münhen, Köln, Düsseldorf, Frankfurt-Mayn, Manheym və s. şəhərlərinin muzeylərində ölkəmizə aid nadir xalça nümunələri saxlanılır.
"Mədəni dəyərlər trafeyi”
Layihə çərçivəsində Almaniyaya səfərimiz zamanı Azərbaycana aid eksponatların daha çox Berlindəki Perqamon Muzeyinin İslam İncəsənət bölməsində saxlanması haqqında məlumatlar əldə etdik. Bu bölüm muzeyin turistlər tərəfindən ən çox ziyarət olunan hissəsidir. 1958-ci ildə yeni həyatına başlayan muzeyə eksponatlar "Mədəni dəyərlər trafeyi” adı ilə daxil olub. "Berlinin bəxti gətirdi: çünki islam incəsənətinin dünyadakı ən böyük kolleksiyalarına sahibdir”, - deyə İslam Sənəti Muzeyinin direktoru Klaus Peter Xaase qeyd edib.

Muzeyin salonlarını gəzdikcə gerçəkdən İslam dünyasının böyük bir coğrafi ərazisini əhatə edən nadir eksponatları seyr etmək mümkündür.

Tədqiqatçılar muzeydə nümayiş etdirilən müxtəlif çeşidli mis, gümüş və saxsı qabların bəzilərinin Azərbaycandan gətirildiyini bildirsələr də, əfsus ki, həmin əşyaların hamısı İran, türk və ya digər islam ölkələrinin adı ilə təqdim olunur. İslam İncəsənəti Muzeyinin eksponatları içərisində xalçalar mühüm yer tutur.

Bir əsrdən çox Berlində sərgilənən kolleksiyası ilə fəxr edən İslam İncəsənəti Muzeyinin eksponatları orijinallıq baxımından diqqət çəkir. Qədim və nadir xalçalar bir neçə salonda sərgilənib. Muzeydə 500-dən çox xalça olsa da, onların az bir hissəsi nümayiş etdirilir. Bələdçi müharibədən sonra xalçaları təmizləmək və restovrasiya etməyin vacib olduğunu bildirdi. Salonlardan birində Türkiyənin İznik, Bursa kimi bölgələrindən gətirilən xalçalar yer alıb.

Salonlarda nümayiş etdirilən xalçalar içərisində divarda yer alan Qafqaza aid uzun xalça diqqət çəkir. İran nümunəsi kimi təqdim edilən digər xalçanın 1600-ci ilə aid olduğu qeyd olunub. Həmçinin muzeydə 15-16-cı əsrlərə aid bir sıra İran xalçaları sərgilənir. Ekspertlər bu xalçalardan bir neçəsinin Azərbaycana aid olduğunda israrlıdırlar. AMEA-nın Əlyazmalar İnstitutunun əməkdaşı, tədqiqatçı Faiq Ələkbərli Perqamon Muzeyi və İslam İncəsənət Muzeyində Azərbaycana aid silah nümunələri, məişət əşyaları, xalçalar olduğunu bildirir: "XV-XVI əsrlərə - Səfəvilərə aid dəbilqələr, qalxanlar, nizələr saxlanılır. Amma təəssüf ki, onların heç biri Azərbaycana aid eksponat kimi qeyd edilmir. Onların hamısı İrana aid edilir, fars nümunələri kimi göstərilir. Dünyanın heç bir muzeyində Azərbaycan eksponatları bizim adımızla təqdim olunmur - ya türk, ya fars adı ilə verilir”.
Tədqiqatçının sözlərinə görə, dünyanın bir çox ölkələrindəki kitabxanalar və muzeylərdə Azərbaycana aid əlyazmalar və maddi-mədəniyyət nümunələrinin surətlərinin Azərbaycana gətirilməsi Mədəniyyət və Turizm Nazirliyi, AMEA və digər strukturların planlarında yer alıb: "Berlin şəhər kitabxanasında Nizami Gəncəvinin çoxsaylı əlyazmaları var. Həmçinin kitabxanada 15-16-cı əsrlərə aid Azərbaycan əlyazmaları saxlanılır. Onların kifayət qədər yaxşı surətləri bizdə yoxdur”.
F.Ələkbərli xalça nümunələrinin Azərbaycana aid olmasının fakt kimi sübut etməyin heç də çətin olmadığını söyləyir: "Xalça toxumaq sənəti türk tayfalarına aiddir. Farslarda ənənəvi xalça toxumaq sənəti olmayıb. İranda şərqi və qərbi Azərbaycan əyalətləri var. Orada da yaşayan azərbaycanlılardır. Ona görə də burada Azərbaycanın adının çəkilməməsi düzgün deyil”.
Tədqiqatçının sözlərinə görə, bu ölkədə dərc olunan xalça sənətinə həsr edilən kitablara nəzər yetirəndə oradakı materialların bir çoxunun Azərbaycan xalçalarına aid olduğu görünür. Belə ki, bu kitablarda alman xarakterinə xas olan bir dəqiqliklə xalçalarımızın bədii və texnoloji xüsusiyyətləri, onların toxunduğu yer və s. haqda ətraflı məlumat verilir: "Kitabxana və muzeylərin əməkdaşlarına bildirilməlidir ki, bu eksponatlar birbaşa Azərbaycana aiddir və ölkəmizə aid olduğu qeyd edilməlidir. Yəni həmin nümunələrin Azərbaycana aid olması sadəcə etiraf olunmalıdır. Bunu biz tələb etməli, onların kataloqunu tərtib etməli və onlara təqdim etməliyik”.
120 qədim eksponat
Dünya etnologiya muzeylərindən ən nəhəngi sayılan, 1873-cü ildə Adolf Bastian tərəfindən yaradılan Berlin-Dahlem Muzey Mərkəzindəki Etnologiya Muzeyində dünyanın müxtəlif xalqlarının bərpa olunmuş yaşayış məskənləri, geyimlər, qədim qablar, qayıqlar, bürüncdən hazırlanmış əşyalar nümayiş etdirilir.

Berlin Etnologiya Muzeyinin İslam Şərqi Departamentinin müdiri İnqrid Şindelberq bizimlə söhbətində muzeyə Azərbaycandan qədim kilimlər, paltarlar, məişət əşyaları və s. gətirildiyini bildirdi. Belə ki, hazırda muzeydə Azərbaycandan aparılan 120 qədim eksponat saxlanılır. 1992-ci ildə Azərbaycana gələn və bir müddət Şəkidə yaşayıb tədqiqatlar aparan İ.Şindelberq həmin dövrün ona böyük təcrübə verdiyini və ölkəmizin etnologiya tarixi ilə bağlı zəngin məlumatlar əldə etdiyini qeyd etdi: "O zaman bu kolleksiyanı toplamaq çətin idi. Çünki onda Bakıda qədim əşyalar satan dükanlar az idi. Ona görə də mən çox az eksponat ala bildim”.
Departament direktoru xatırlayır ki, o zaman Bakıda yaşayan insanlar öz evlərindəki qədim əşyaları sənət muzeyinə gətirir və satışa çıxarırdılar. O da həmin əşyaları pulla ala bilib: "Qədim əşyaların satışı ilə bağlı elanı eşidən kimi sənət muzeyinə getdim. Mən 120 qədim əşya ala bildim. Bunlar əsasən 19-cu əsrin sonuna aid olan əşyalar idi”. Muzeyin ekspozisiyalarında yer almasa belə, arxivdə qorunan eksponatlarla tanış olmaq mümkün oldu. Bunlar əsasən buxara papaq, milli paltar, çarıq, kilim, xalça, mütəkkə, kəlağayı və digər baş örtükləri, Quran altlığı, siqar qabı, lampa, gülabqabı, camlar və sairdən ibarətdir. Əşyalar Azərbaycanın müxtəlif bölgələrinə aiddir. "Biz bu əşyaları qoruyub saxlayırıq. Bəlkə 200 il bundan sonra da əşyalar muzeydə qalacaq” deyən İ.Şindelberq Azərbaycana aid eksponatların ekspozisiyalarda yer almamasına da aydınlıq gətirdi: «Muzeydə 500 mindən çox eksponat var. Eksponatların hamısının sərgilənməsi qeyri-mümkündür. Bununla belə, biz ekspozisiyada olan əşyaları vaxtaşırı dəyişirik. Azərbaycanla bağlı eksponatlar da zamanla sərgiyə çıxa bilər».

Muzeyin direktoru həmin eksponatlardan ibarət böyük sərgi təşkil etdiklərini də qeyd etdi. 2008-ci ildə baş tutan sərgidə ölkəmizin birinci xanımı Mehriban Əliyeva da iştirak edib.
"Şeyx səfi” xalçası
Dünyanın dekorativ incəsənət sahəsində ən qədim muzeyi sayılan, 1852-ci ildə əsası qoyulan Böyük Britaniyanın Viktoriya və Albert (V&A) muzeyi dünya ölkələrinin mədəniyyətini sərgiləməklə məşhurdur. Muzeyin 4 milyondan çox nadir eksponatı 145 zalda nümayiş etdirilir. İngiltərə və Avropa intibah dövrünün mədəniyyət nümunələri - heykəllər, keramik əşyalar, kostyumlar, zinət əşyaları, çap məhsulları, mebellər, qab-qacaqlar və s. eksponatlar öz gözəlliyi ilə muzeyi ziyarət edənləri heyran edir.

Muzeyin İslam-Yaxın Şərq bölümünün ziyarətçiləri arasında daha çox ərəb, iranlı və türk turistlər gözə dəyir. Burada 160 min eksponat qorunur. Ekspozisiyalarda yer alan bədii parça, tikmə, xalı, zərgərlik, saxsı və digər sənət nümunələrini heyranlıqla izləyirik. Tarixi baxımından Viktoriya və Albert muzeyində toplanan sənət əsərlərimiz içərisində ən qədimi 1319-cu il tarixli bürünc camdır. İran, Orta Asiya, Misir, Suriya və digər ölkələrdən gətirilən bürünc və gümüş qablar, piyalələr, Şah Təhmasibin qılıncı, Şah Qacarın hakimiyyət dövrünün sənət nümunələri və s. qiymətli eksponatları bircə-bircə seyr edirik.

Muzeydə saxlanılan xalq sənət nümunələrimizin içərisində ən mühüm yeri Azərbaycan xalçaları tutur. Öz bədii və texnoloji xüsusiyyətlərinə görə fərqlənən xalçalar içərisində XVI əsr Təbriz xalçaları, XVI-XIX əsrdə toxunan Quba-Şirvan, Gəncə-Qazax və Qarabağ xalçaları muzeyin inciləri sayılır.

1539-cu ildə Təbrizdə Şah Təhmasibin sifarişi ilə Ərdəbil xatirə kompleksinin məscidi üçün toxunmuş və elm aləmində "Şeyx Səfi” adı ilə məşhur olan xalı ziyarətçilərə "Ərdəbil xalçası” adı ilə təqdim olunur. Muzey bələdçisi xalının daha çox "Şeyx Səfi” adı ilə tanındığından xəbərsiz olduğunu etiraf etdi. Xalça böyük bir şüşə qutunun içərisində xüsusi qayğı və diqqətlə qorunur. Uzunluğu 11,5 m, eni 5,34 m, ümumi sahəsi 61 m2 olan xalça, nəinki Şərq İncəsənət bölməsinin, bütövlükdə Viktoriya və Albert muzeyinin ən nadir incisi sayıla bilər. Xalça üzərində 2-3 il ən peşəkar xalçaçılar çalışıb. "Şeyx Səfi” xalçası 1893-cü ildə auksionda satılarkən İngiltərəyə gətirilib. Muzeyin bələdçisi xalçanın digər nüsxəsinin Los-Anceles şəhərindəki muzeylərdən birində nümayiş olunduğunu qeyd etdi. Kompozisiyası, ornamentləri və rəngləri oxşar olan xalçalar eyni eskiz əsasında işlənilib. Eskiz müəllifinin görkəmli ustad, Təbriz miniatür məktəbinin banisi Sultan Məhəmməd olduğu güman edilir.

Mükəmməl sənət incisinin heç olmasa, surətinin Azərbaycanda olması Heydər Əliyev Fondunu da düşündürüb. Belə ki, Fondun təşəbbüsüilə əsərin üzü köçürülüb. Hazırda təkrar nüsxə Azərbaycan Müasir İncəsənət Muzeyindədir.

Professor Nərgiz Paşayevanın rəhbərlik etdiyi "Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondu”nun bu yaxınlarda Viktoriya və Albert Muzeyində keçirilən təqdimatında bu gün Şərqin böyük və gözəl ənənələrinin davamının əvvəlki əzəmət və gözəlliyini itirdiyi də qeyd olunub: "Böyük İslam mədəniyyətinin öz fəxarətli və füsunkar imicini geri qaytarması zəruridir”. Azərbaycanın maddi-mədəniyyət nümunələrinin öz adı ilə təqdim olunması isə bu prosesin əsas hissələrindən olmalıdır. Bu hər şeydən əvvəl ölkəmizin tanıdılması istiqamətində mühüm addım olar.
Təranə Məhərrəmova
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür


banner

Oxşar Xəbərlər