• şənbə, 20 Aprel, 08:00
  • Baku Bakı 14°C

Dünya mətbuatı Metsamor AES təhlükəsindən yazır

15.09.16 13:17 2160
Dünya mətbuatı Metsamor AES təhlükəsindən yazır
Tək region ölkələri üçün deyil, bütövlükdə dünya üçün ciddi təhlükə mənbəyinə çevrilən Metsamor AES-lə bağlı narahatçılıqlar davam edir. Artıq erməni tərəfi də stansiyanı ciddi təhlükə mənbəyi olaraq görməyə başlayıb. Stansiyanın direktoru Movses Vardanyan bildirib ki, stansiya təmirə dayandırılacaq. Onun sözlərinə görə, AES-də təmir işləri sentyabrın 20-də başlayacaq. Təmir işləri 61 gün davam edəcək və noyabrın 20-də yekunlaşacaq. Bu tarixdən sonra stansiya yenidən istismara veriləcək. Qeyd edək ki, Azərbaycan və Türkiyə rəsmiləri, ictimai təşkilatları Ermənistan AES-in bölgəni radioaktiv tullantılarla çirkləndirdiyini dəfələrlə bəyan edib və stansiyanın bağlanmasını beynəlxalq təşkilatlardan tələb ediblər. Bu ilin əvvəlində Rusiyanın ayırdığı 270 milyon dollar məbləğində kreditin və 30 milyon dollarlıq qrantın hesabına 2017-ci ilin yazında AES-in əsaslı təmir üçün 3-4 ay müddətinə dayandırılacağı haqda məlumat yayılmışdı. Ekspertlər hesab edir ki, Ermənistanın AES-də aparılacaq təmir işləri onun təhlükəliliyinin azalmasına, bölgənin radioaktiv tullantılarla çirkləndirilməsi səviyyəsinin azalmasına təsir göstərməyəcək. Ekspertlər hesab edir ki, təmir işlərinə baxmayaraq, Metsamor yenə də bölgə üçün təhlükəli obyekt olaraq qalacaq.

Yeri gəlmişkən, bu yaxınlarda Cenevrədə BMT Komitəsinin sessiyası keçiriləcək. Komitəyə Transsərhəd Kontekstində Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Haqqında Avropa Konvensiyanın (Espo) icrasını nəzərdən keçirmək tapşırılıb. Komitə üzvləri Metsamorda AES-in tikintisinin ekoloji fəsadlarını qiymətləndirmək üçün Ermənistanın hansı işlər gördüyünü təhlil edəcəklər. Onu da qeyd edək ki, stansiyanın ciddi təhlükə mənbəyi olması barədə əcnəbi mətbuatda mütəmadi olaraq yazılar dərc edilir.

Məqalələrdə Metsamor AES-in yaratdığı təhlükələr, son zamanlar nüvə və radioaktiv materialların qaçaqmalçılığında Ermənistanın xüsusi rol oynaması ilə bağlı faktlar diqqətə çatdırılır. Müasir dövrdə atom elektrik stansiyalarının beynəlxalq təhlükəsizlik qarşısında duran əsas problemlərdən biri olduğu, nüvə terrorçuluğunun beynəlxalq sülhə və təhlükəsizliyə çox ciddi təhdidlər yaratdığı, nüvə enerjisi məsələsinin daha çox nüvə qəzaları ilə gündəmə gəlməkdə olduğu qeyd edilir. Koreya mətbuatı da ötən gün stansiya ilə bağlı narahatçılığını ifadə edən yazı dərc edib. Bu stansiyanın nüvə təhlükəsi mənbəyi olduğu bəyan edilib. Məqalədə bildirilib ki, dünya ictimaiyyəti bu fakta reaksiya verməlidir. "The Korea Times” qəzetində "Dae-kwang International Co”nun prezidenti Xve Çon-Den Ermənistanın sabiq baş naziri Qrant Baqratyanın Ermənistanın nüvə silahı yaratması barədə fikirlərini xatırladıb. "Onun sözləri dərin narahatçılıq hissi doğurur. Ermənistan Azərbaycanla müharibə vəziyyətindədir. Sabiq baş nazirin sözlərinə ciddi yanaşmaq lazımdır”, - deyə müəllif yazıb.

Ötən gün isə qardaş Türkiyənin nüfuzlu "Yeni cağ” qəzetində Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırzadənin "Metsamorda gözlənən təhlükə” başlıqlı məqaləsi dərc edilib. Diplomat yazır ki, istifadə müddəti başa çatan Metsamor AES MAQATE və Avropa İttifaqının etirazlarına baxmayaraq, fəaliyyətinin davam etdirir. "Son olaraq erməni tərəfinin stansiyanın 2026-cı ilə qədər istifadə ediləcəyi barədə bəyanatı narahatçılıqları daha da artırıb. Metsamor AES-in region ölkələri üçün yaratdığı başlıca təhlükə onun nüvə silahı istehsal etmək qabiliyyətində olmasıdır. Ermənistan iqtidarı illərdir ki, elektrik enerjisinə olan tələbatını bu stansiya vasitəsilə ödədiyini iddia edir. Lakin bu, yalandır. Bundan əlavə, narahatçılıq doğuran məsələ nüvə qaçaqmalçılığı məsələsidir. Terrorizm təhlükəsinin gücləndiyi bir dönəmdə nüvə qaçaqmalçılığı aktual əhəmiyyət kəsb etməyə başlayıb. Ən son olaraq bu ilin aprel ayında erməni əsilli qaçaqmalçıların 200 milyon dollar dəyərində "uranyum238” olaraq adlandırılan nüvə materialı satmaq istəyərkən tutulmaları buna aktual bir nümunə olaraq göstərilə bilər. Bundan əlavə, Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında nüvə maddələri saxladığı isbat edilib. Son məlumatlara görə, işğal altında olan torpaqlarda 29 radiasiya mərkəzinin yerləşdiyi ehtimal edilir. Metsamor artıq bir xammal bazası rolunu oynamağa başlayıb”.

Müəllif daha sonra prezident İlham Əliyevin İstanbulda təşkil olan Dünya Humanitar Sammitində bu məsələni qabartmasına toxunub."Prezident bildirib ki, "hazırda regionda digər böyük təhlükə Metsamor AES-dir. Ermənistanın bu stansiyanın radioaktiv tullantılarından qanunsuz istifadə etməsi ilə bağlı məlumatlar var. Ermənistanın parlament rəsmiləri, siyasətçiləri aprel ayında elan etdilər ki, ölkənin nüvə silahı – "çirkli bomba”sı var. Buna beynəlxalq ictimaiyyət tərəfindən reaksiya verilməlidir. Ermənistanın nüvə təhdidi dayandırılmalıdır”, - deyə diplomat prezidentin fikirlərinə yer verib.
Daha sonra diplomat qeyd edir ki, Metsamor dost və qardaş Türkiyə üçün də bir təhdid ünsürü olmağa davam edir. Onun sözlərinə görə, mövzu ilə bağlı tədqiqat aparan mütəxəssislər Metsamorda baş verə biləcək qəzanın başda İqdır, Qars, Ərdahan olmaqla Şərq Anadoluda və minlərlə adamın şüalanmasına yol aça biləcəyini irəli sürüblər: "Bu stansiya Türkiyənin şərq vilayətləri üçün böyük bir radioaktiv təhlükə mənbəyidir. Mütəxəssislər baş verə biləcək bir zəlzələ və ya stansiyada meydana gələ biləcək böyük miqyaslı bir radiasiya sızıntısı vəziyyətində Anadolu və ətraf bölgələrin şüa ala biləcəyi ehtimalını irəlis ürürlər”.

Diplomatımız Azərbaycan bütün bu mənfiliklərə baxmayaraq, Metsamor dördlüyü təhlükəsinə diqqət çəkmək üçün beynəlxalq sahədəki cəhdlərinə davam etməkdə olduğunu yazıb. "2012-cü ilin aprel ayında Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi tərəfindən Metsamor AES-in region ölkələri üçün yaratdığı təhdid səbəbiylə bağlanılması üçün müraciət edib. Bakıda Azərbaycan, Türkiyə, İsrail, Ukrayna, İran, Belarus, Qazaxıstan, Rusiya, Gürcüstan Mülki Təhsil Quruluş nümayəndələrinin iştirakı ilə iyun ayında keçirilən toplantıda da bu məsələ qabardılıb. Metsamor təhlükəsini beynəlxalq ictimaiyyətə diqqət çəkmək məqsədiylə "Metsamora dur de!” beynəlxalq koalisiyası (Stop Metsamor Koalisiyası) qurulmasına vəsilə olub”. Diplomat sonda bir daha region dövlətlərini Ermənistanın bu "saatlı mina” funksiyasını yerinə yetirən stansiyasına qarşı birgə fəaliyyətə başlamağa çağırıb
Azər NURİYEV
banner

Oxşar Xəbərlər