• cümə axşamı, 28 mart, 15:01
  • Baku Bakı 16°C

Dünya mediası Yeni Əsrin Müqaviləsinə geniş yer ayırıb

16.09.17 09:00 1639
Dünya mediası Yeni Əsrin Müqaviləsinə geniş yer ayırıb
Sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri”, "Çıraq” yataqlarının və "Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi dünya mediasının diqqət mərkəzinə düşüb.
Norveç mətbuatı da yeni sazişin imzalanması barəsində məlumat yayıb. Dagens Næringsliv, Hegnar, Sysla, və Sunnmoringen kimi Norveç KİV-lərində Bakıda imzalanan saziş haqqında xəbərlər yer alıb. Məqalələrdə bildirilir ki, ilk dəfə "Azəri”, "Çıraq” və "Günəşli” yataqlarının işlənməsi haqqında müqavilə 1994-cü ildə imzalanıb və layihəyə ümumilikdə 33 milyard dollar sərmayə yatırılıb, 3,2 milyard barrel neft hasil olunub. Norveçin ən iri neft-qaz şirkəti olan "Statoil”un da 7,27 faiz pay ilə qoşulduğu yeni sazişin 2050-ci ilə qədər qüvvədə olacağı vurğulanan məqalələrdə, ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar bonus ödəniləcəyi, bu məbləğdən "Statoil”un payının 349 milyon dollar təşkil edəcəyi vurğulanır. Saziş ilə bağlı "Statoil” şirkətinin beynəlxalq inkişaf və istehsalat üzrə icraçı vitse-prezidenti Lars Kristian Baxer deyib: "Bu il biz "Statoil” şirkətinin Azərbaycandakı fəaliyyətinin 25 illiyini qeyd edirik və bunun üçün "Azəri”, "Çıraq” və "Günəşli” yataqlarında iştirakımızı daha 25 il uzatmaqdan yaxşı bir səbəb tapa bilmərik”. Bu yataqların dünya səviyyəli bir inkişafa səbəb olduğunu deyən şirkətin vitse-prezidenti onun "Statoil”un gələcək illərdə beynəlxalq portfelində əsas sahələrdən biri olacağını qeyd edib.
Hər dəfə olduğu kimi, qardaş Türkiyə mətbuatı tək regionun deyil, ətraf ölkələrin də diqqət mərkəzində olan bu məsələyə geniş yer ayırıb. Qardaş ölkənin "Star” qəzetində dərc edilən "Azeri petrolünde ortaklık 2050’ye kadar uzatıldı” başlıqlı məqalə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tədbirə göndərdiyi təbrik məktubu ilə başlayıb. Dövlət başçısı bildirib ki, "Əsrin müqaviləsi” olaraq adlandırılan "Azəri”, "Çıraq”, "Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Sazişin 2050-ci ilə qədər uzadılmasının ölkələrimiz üçün xeyirli olmasını arzu edir. "Beləliklə, başda Azərbaycan olmaqla bütün bölgənin sabitliyinə, inkişafına, strateji mövqeyinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verilib. Şübhəsiz ki, bu layihə beynəlxalq və regional səviyyədə həyata keçiriləcək səmərəli əməkdaşlığın ən gözəl nümunələrindən biridir. Azərbaycan neftinin Türkiyədən keçərək dünyaya çatdırılması ilə başlayan əməkdaşlıq prosesi "Şahdəniz-1” və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri layihələri ilə daha da dərinləşib. Sonda "Şahdəniz-2” və gələn il açılışını edəcəyimiz Trans-Anadolu təbii qaz boru kəməri, inşallah, bu əməkdaşlığımızın zirvəsi olacaq. "Bir millət, iki dövlət” olan Türkiyə və Azərbaycan bu günə qədər olduğu kimi, gələcəkdə də xüsusilə enerji sahəsində həmrəy şəkildə addımlayacaqlar”, - deyə qəzet prezidentin fikirlərini dərc edib.
"Takvim” qəzetində dərc edilən "Enerjide tarihi imza” başlıqlı məqalədə isə qeyd edilir ki, Azərbaycan və Türkiyə tarixi bir sazişə imza atdılar. Burada türkiyəli nazir Berat Albayrakın fikirlərinə yer verilib. Nazir bildirib ki, "bu saziş həqiqətən təkcə Azərbaycan üçün yox, bölgə və dünya enerji bazarı baxımından çox tarixi bir müqavilədir. Ötən əsrin müqaviləsi olaraq adlandırılsa da, XXI əsrin də müqaviləsi olacaq yenilənmə Sazişi ilə əlaqədar bu tədbirdə iştirak etməkdən məmnunam”. Nazir qeyd edib ki, irimiqyaslı layihələrin reallaşması Türkiyə-Azərbaycan əməkdaşlığı və iradəsi nəticəsində mümkün olub. "Bu layihənin irəli sürülməsindən xeyli əvvəl "Şahdəniz-1” yatağından çıxarılan qaz artıq Bakı-Tbilisi–Ərzurum boru kəməri ilə nəql olunurdu. "Şahdəniz-2” yatağı ilə Türkiyə və Azərbaycan bir tərəfdən Azərbaycanın qaz ticarətinə töhfə verir, digər tərəfdən də həm Türkiyə, həm də Avropa təbii qaz bazarları üçün önəmli bir mənbə şaxələndirməsini təmin edəcək TANAP layihəsini həyata keçirir”.
Öz növbəsində "Yeni akıt” qəzetində "Azeri petrolünde ortaklık 2050’ye kadar uzatıldı” başlıqlı məqalədə də bu məsələyə geniş yer verilib. "Bu layihənin həyata keçirilməsi, xüsusilə Cənub Qaz Dəhlizinin işə salınması ilə Türkiyə-Azərbaycan əməkdaşlığının daha da güclənməsi sayəsində Avropa ölkələri və dünya bazarları çox önəmli bir qaynaq əldə edəcəklər” deyə xüsusi vurğulanıb. O da bildirilib ki, 2019-cu ildə TAP-ın TANAP-la birləşdirilərək işə düşməsi ilə Avropa istehlakçıları üçün dördüncü əsas qaz arteriyası təmin olunacaq və beləliklə, mühüm qaz tədarükü kanalı reallaşacaq. "Yeni safak” qəzetində dərc edilən "Asrın kontratı 2050’ye uzadı” başlıqlı məqalədə isə bildirilib ki, "Azəri-Çıraq-Günəşli”nin də ortağı olan milli neft şirkəti - "Türkiyə Petrolları” Azərbaycanda uzun illərdir fəaliyyət göstərir: "1991-ci ildən bəri Azərbaycanda investisiya fəaliyyətlərini həyata keçirən "Türkiyə Petrolları” nazirliyimizin təşviqi ilə beynəlxalq arenada ilk sərmayəsini Azərbaycana yatırıb. "Türkiyə Petrolları” Azərbaycandakı beynəlxalq layihələrdə iştirak edərək, fəaliyyətini gündən–günə inkişaf etdirib”. "Milliyet” qəzetində dərc edilən "Türkiye-Azerbaycan enerji işbirliğinde dev adım” başlıqlı məqalədə qeyd edilir ki, bu sazişin qlobal bir əhəmiyəti var. Türkiyəli nazir bildirib ki, Türkiyə-Azərbaycan əməkdaşlığı dünyanın çətin sınaqlardan keçdiyi bu dövrdə bölgəmiz üçün gələcəyə istiqamətlənən örnək təşkil edəcək ortaqlıqdır: "Türkiyə Azərbaycandakı bütün layihələrə önəm verməyə və ölkədəki yeni təşəbbüslərdə əsas ortaqlardan biri olmağa davam edəcək”. Bundan əlavə, "dunya bulteni”, "haberler.com” nəşrləri, eləcə də "Anadolu”, "DHA” agentlikləri, əksər televiziya kanalları Bakıda keçirilən tədbirdən xəbərlərə geniş yer ayırıblar.
Azər
banner

Oxşar Xəbərlər