• cümə axşamı, 28 mart, 15:19
  • Baku Bakı 16°C

Dünya mediası VII Qlobal Bakı Forumundan yazır

15.03.19 19:09 569
Dünya mediası VII Qlobal Bakı Forumundan yazır
Dünya miqyaslı yarışlara, festivallara, qlobal forumlara, konfranslara - bir sözlə, nüfuzlu tədbirlərə ev sahibliyi edən Azərbaycan artıq beynəlxalq aləmdə daha yaxından tanınır. Sözsüz ki, bu miqyaslı tədbirlərin keçirilməsi üçün etimadın göstərilməsi təsadüfi deyil, bu, əlbəttə, Azərbaycanın qazandığı mövqeyin, ölkəmizin beynəlxalq çəkisinin, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar qarşısında əldə etdiyi reputasiyanın ifadəsidir. Belə tədbirlər ölkəmiz, dövlətimiz üçün digər sahələrdə də dividentlər gətirir. Bu mənada, həm siyasi, həm də iqtisadi qazancdan danışmaq olar.
Prezident İlham Əliyevin sözləri ilə desək, Azərbaycan dünya miqyasında elə də böyük dövlət deyil, lakin sözümüzün çəkisi böyükdür. Sözün həqiqi mənasında, ölkəmizin çəkisini, rolunu dünya siyasətində hər bir dövlət görür, qiymətləndirir, ölkəmizi dünya siyasətində etibarlı tərəfdaş kimi dəyərləndirirlər.
Srağagün Bakıda öz işinə başlayan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VII Qlobal Bakı Forumu da bu tip tədbirlərdəndir. 55 ölkədən 500-dən çox nümayəndənin iştirak etdiyi tədbir dünya mediasının diqqət mərkəzinə düşüb. Ənənəvi olaraq qardaş ölkə Türkiyənin dünyaca məşhur qəzet və agentlikləri Bakıda keçirilən tədbiri geniş şəkildə işıqlandırıblar.
"CNN Türk”də dərc edilən "Azerbaycan Cumhurbaşkanı Aliyev: Azerbaycan bağımsız dış politika yürütüyor” başlıqlı məqalədə bildirilir ki, "Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən Foruma hazırda fəaliyyətdə olan 5 prezident, 1 baş nazir, 2 baş nazirin müavini, 42 sabiq dövlət başçısı və baş nazirlər, çoxsaylı analitiklər, jurnalistlər, gənc liderlər toplaşıblar. Forumda 10 müxtəlif sessiya zamanı iştirakçılar tərəfindən qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə edilib. "Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, "Davamlı inkişaf çağırışları”, "Təhlükəsizlik naminə orta Şərq əməkdaşlığı” və digər məsələlər müzakirəyə çıxarılıb. Forumun əsas panel iclaslarından biri də gənc liderlərin qlobal siyasətdə roluna həsr olunub. Qəzet tədbirdə prezident İlham Əliyevin çıxışının tam mətnini verib. Prezident bildirib ki, Qlobal Bakı Forumu qlobal gündəlikdə duran aktual məsələlərlə məşğul olan ən mühüm beynəlxalq platformalardan biridir. "Azərbaycanın xarici siyasəti barədə danışarkən, mən deyərdim ki, o, çox dəyişməyib. Biz Azərbaycanın yeni xarici siyasəti barədə danışa bilmərik. Lakin sözsüz ki, regionda, dünyada vəziyyət dəyişir və biz xarici siyasət təşəbbüslərimizi dəyişən dünyaya uyğunlaşdırırıq. Lakin bizim xarici siyasətimiz əsas etibarilə sabit, proqnozlaşdırıla bilən və müstəqildir”, - deyə qəzet dövlət başçısının sözlərini sitat gətirib.
"Star” qəzetində dərc olunan "Azerbaycan bağımsız dış politika yürütüyor” başlıqlı məqalədə də tədbirdən bəhs edilib. Qeyd edilib ki, istənilən ölkə, o cümlədən Azərbaycan üçün qonşularla münasibətlərin qurulması əsas prioritetdir. Qəzet yazır ki, tədbirdə bildirilib ki, Azərbaycanın qonşu ölkələrlə ənənəvi əlaqələri regional təhlükəsizliyi təmin edir.
"Regional təhlükəsizlikdən söhbət açarkən, biz, əlbəttə ki, Ermənistanla Azərbaycan arasındakı münaqişədən danışmalıyıq. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalı davam edir. Bu işğal nəticəsində Azərbaycanın tarixi hissəsi olan Dağlıq Qarabağ və ölkəmizin digər 7 rayonu işğal altındadır, bir milyondan çox qaçqın və məcburi köçkün işğaldan əziyyət çəkir. Xalqımız etnik təmizləməyə məruz qalıb. İşğal olunmuş ərazilərdəki bütün tarixi abidələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb və bu, işğal olunmuş ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərmiş ATƏT-in hesabatında öz əksini tapıb. Azərbaycan torpaqlarının işğalı beynəlxalq hüququn, əsas beynəlxalq təşkilatların müvafiq qətnamələrinin və qərarlarının kobud şəkildə pozulmasıdır. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib və onlar Ermənistan tərəfindən yerinə yetirilmir”, - deyə məqalədə prezidentin çıxışına istinadən bildirilib.
"Yeni safak” isə yazır ki, tədbirdə xüsusi vurğulanıb ki, Azərbaycanın xarici siyasəti müstəqildir və milli maraqlara əsaslanır. Azərbaycanın əsas infrastruktur layihələrini tamamlamağa, maliyyə vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa müvəffəq, xarici borcunun ümumi daxili məhsulun təxminən 19 faizinə bərabər və ehtiyatlarının isə borcundan 4-5 dəfə çox olduğu bildirilib. Beləliklə, Azərbaycanın maliyyə sabitliyi, iqtisadi inkişafı ölkə üçün imkanlar yaratmaqla yanaşı, qonşu ölkələrə investisiya yatırmağa və daha çox körpülər qurmağa imkan verir.
Yeri gəlmişkən, tək qardaş ölkə deyil, qonşu, eləcə də dünyanın digər ölkələrinin də mətbuat səhifələrində forumla bağlı xəbərlərə yer verilib. Məsələn, Monteneqronun ictimai televiziya və radio xidmətinin, eləcə də geniş oxucu kütləsinə malik olan cdm.me saytlarında VII Qlobal Bakı Forumu haqqında məqalə yerləşdirilib. Məqalələrdə Monteneqro prezidenti Milo Cukanoviçin Azərbaycana səfəri barədə məlumat verilib. Eyni zamanda, prezident İlham Əliyevin tədbirin açılış mərasimindəki nitqində səsləndirdiyi fikirlərdən, Azərbaycanın xarici siyasəti və ölkəmizdəki multikultural dəyərlərdən danışılıb. Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi və Foruma nüfuzlu iştirakçıların qatılmasının sevindirici hal olduğu vurğulanıb. Məqalələrdə, həmçinin M.Cukanoviçin ölkəmizə səfəri çərçivəsində prezident İlham Əliyevlə görüşdüyü, iki ölkə arasında əlaqələrin perspektivlərinin müzakirə edildiyi qeyd edilib. Bolqarıstanın "novinite.ru” saytında dərc olunan məqalədə ölkənin baş naziri Noyko Borisovun tədbirdə iştirakından bəhs edilib. Müzakirələrdə qlobal siyasətdə əsas qüvvələr - Çin, ABŞ, Rusiya və Aİ arasında münasibətlər müzakirə edilib. Rusiyanın "Mir24” agentliyində isə prezidentin forum iştirakçılarını qəbul etməsindən bəhs olunub. "Komsomolskaya pravda” Moldova prezidentinin Azərbaycana səfəri və Bakıda verdiyi açıqlamalara yer ayırıb. "Moskva Baku” portalı isə prezident İlham Əliyevin Qlobal Forumdakı çıxışını işıqlandırıb.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər