• cümə, 29 Mart, 18:20
  • Baku Bakı 14°C

Dünya mediası Qarabağda döyüşlərdən yazıb

06.04.16 10:47 1923
Dünya mediası Qarabağda döyüşlərdən yazıb
Qoşunların təmas xəttində baş verənlər, erməni işğalçılarına verilən layiqli cavab dünya mediasının diqqət mərkəzindədir. Obyektivlik naminə qeyd etmək gərəkdir ki, Qarabağ müharibəsinin birinci mərhələsindən fərqli olaraq, bu dəfə dərc edilən materiallarda obyektivlik qorunub saxlanılır. Bunu uğur da hesab etmək olar. Hesab edirik ki, bu tip yazıları, televiziya süjetlərini üç qrupa bölmək olar. Birincisi, hər iki tərəfin mövqeyini ifadə edənlər, ikincisi, baş verənlərə qərəzlə, sırf erməni mövqeyindən yanaşanlar və üçüncüsü, prosesləri çox yaxşı bilən, kimin haqlı olub-olmadığını bilən mətbu orqanları.
Beləliklə, sonuncudan başlasaq, sözsüz ki, ilk yerdə qardaş Türkiyə mətbuatı duracaq. Hadisələri obyektiv şəkildə işıqlandıran qardaş ölkənin mətbuatının, telekanallarının böyük əksəriyyəti Azərbaycanın öz əraziləri uğrunda mübarizə apardığına, işğal faktorunun ortada olduğuna diqqət çəkirlər. Və “Kaspi” olaraq da dəfələrlə onların adlarını qeyd etmişik. Məsələn, qardaş ölkənin nüfuzlu “Sözçü” qəzeti yazır ki, bölgədə gərginlik səngimir. Nəşr Prezident İlham Əliyevdən sitat gətirib. “Düşmənə lazımi cavab verildi. Bu təxribat da Ermənistanın Azərbaycana qarşı məkrli siyasətinin təzahürüdür. Bu gün erməni təxribatı Azərbaycan ordusu tərəfindən layiqincə cavablandırıldı. Düşmənə çox böyük zərbələr endirildi. Düşmən böyük itkilər verdi. Müdafiə naziri bu gün bu məsələ ilə bağlı daha ətraflı məlumat verəcək. Deyə bilərəm ki, düşmənə sarsıdıcı zərbə vuruldu. Bu gün təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmləndi. Təxribata cavab olaraq aparılan hərbi əməliyyat nəticəsində biz böyük hərbi qələbə qazandıq. Azərbaycan xalqı öz doğma torpağını müdafiə edir, Vətən uğrunda vuruşur, şəhid olur. Bütün şəhidlərimizin xatirəsi bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaq” - deyə nəşr Prezidentin sözlərini sitat kimi çəkib.
Qardaş ölkə ilə yanaşı, İran nəşrləri də prosesləri Azərbaycanın mövqeyindən dərc ediblər. Məsələn, bu ölkənin “ANAJ” nəşri yazır ki, İran parlamentinin Təbriz, Osku və Azərşəhrdən olan üzvü Əlirza Munadi Sefidan parlamentin iclasındakı çıxışında Ermənistanın Qarabağa təcavüzünü pisləyib. O bildirib ki, Qarabağ islam torpağıdır və Azərbaycanındır. “Biz Dağlıq Qarabağın Ermənistanın əsarətindən azad olunaraq Azərbaycana qaytarılmasını istəyirik. Hökumətdən istəyirəm ki, Ermənistanın Qarabağdakı cinayətlərini pisləsin!” - deyə nəşr deputatın sözlərini dərc edib.
Birinci qrupa aid edilənlər sırasına isə BBC-ni daxil etmək olar. BBC qeyd edir ki, Azərbaycan etnik erməni separatçıları ilə toqquşmaların fonunda Dağlıq Qarabağ regionunun mərkəzi – Xankəndini atəşə tutacağı ilə hədələyir. Daha sonra müdafiə naziri Zakir Həsənovdan sitat gətirib: “Əgər separatçılar bizim yaşayış məntəqələrimizin atəşə tutulmasına son qoymasalar, hərbi birləşmələrimizə Xankəndiyə zərbələr endirmək göstərişi verilib”. Qeyd edilir ki, Azərbaycan öz torpaqlarını azad etmək uğrunda mübarizə aparır. Nəşr həmçinin separatçıların da mövqeyini ortaya qoyur.
Qondarma Dağlıq Qarabağın hərbi məsələlər üzrə sözçüsü şənbə günü 20 erməni hərbçisinin öldürüldüyünü və 26 hərbçinin itkin düşdüyünü deyib. Öz növbəsində “Moskovski komsomolets” qəzeti isə “Azərbaycan Qarabağda erməni qərargahını məhv etdiyini sübuta yetirdi” başlıqlı məqalədə yazır ki, Azərbaycan hərbçiləri Dağlıq Qarabağda erməni hərbi bazasının qərargahına və ermənilərə məxsus hərbi texnikaya endirilən zərbələrin videogörüntüsünü yayıb. Bundan qabaq rəsmi Bakı Madagiz məntəqəsində erməni hərbi bazasının qərargahının dağıdıldığına, həmçinin 3 tankın heyətilə birlikdə məhv edildiyinə dair bəyanat vermişdi. Məlumata görə, Azərbaycan hərbçiləri Xocavənd-Füzuli istiqamətində düşmənin 7 texnikasını da sıradan çıxarıb. Lakin Xankəndi Madagizdə yerləşən qərargahın dağıdıldığı və 70 erməni hərbçisinin öldürüldüyü haqda xəbərləri təkzib etmişdi.
Bundan əlavə, İspaniyanın bir sıra aparıcı mətbu orqanları, xəbər agentlikləri və portallarında Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son günlər yaranmış gərginlik barədə məlumatlar yayılıb. EFE informasiya agentliyində yayılan xəbərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında məlumat verilir, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu vurğulanır. Europapress.es portalında yayılan məlumatda isə Azərbaycanın birtərəfli şəkildə atəşi dayandırmaq haqqında qərar verdiyi oxucuların diqqətinə çatdırılır. Bildirilir ki, Azərbaycan beynəlxalq təşkilatların çağırışlarını nəzərə alaraq, sülh tərəfdarı olduğunu bir daha göstərərək hərbi əməliyyatları birtərəfli şəkildə dayandırır və əldə olunmuş mövqelərdə möhkəmlənmə fəaliyyəti həyata keçirir. Aprelin 2-də Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı keçirdiyi təxribat nəticəsində təmas xəttində başlayan toqquşmalar haqqında xəbərlər İsveçin ən nüfuzlu gündəlik qəzetlərindən olan Svenska Dagbladet, Aftonbladet kimi nəşrlərin səhifələrində yer alıb. Xəbərlərdə bildirilir ki, keçən günlər ərzində Azərbaycan ərazisinin tərkib hissəsi sayılan Dağlıq Qarabağda Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında şiddətli döyüşlər baş verib. Bu hadisənin uzun çəkən münaqişə tarixində ən böyük toqquşma olduğu deyilən xəbərdə insan itkilərinin olduğu qeyd edilir.
O ki qaldı baş verənlərə qərəzlə yanaşanlara, bu sırada Rusiya nəşrləri xüsusi seçilir. Əksər yazılar erməni mövqeyindən dərc edilsə də, müəlliflər bəlkə də bilməyərəkdən bölgədəki erməni əhalisinin ağır durumunu da qeyd edirlər.
Azər
banner

Oxşar Xəbərlər