• çərşənbə axşamı, 16 aprel, 22:17
  • Baku Bakı 18°C

Dünya mediası hələ də Bakı finalından yazır

03.06.19 17:44 432
Dünya mediası hələ də Bakı finalından yazır
Dünya KİV-ləri UEFA Avropa Liqasının bu günlərdə Bakıda keçirilmiş final matçı barədə materialların dərcini hələ də davam etdirir. Əksər nəşrlər keçirilən oyunun təhlükəsizlik baxımından bütün standartlara cavab verdiyini xüsusi vurğulayırlar. Məsələn, dünyaca məşhur "Dailymail” nəşri UEFA-nın rəhbəri Aleksandr Çeferin ilə müsahibəni dərc edib. UEFA prezidenti final oyununun Bakıda keçirilməsini səhv hesab etmədiyini deyib: "Bir çoxları bildirirdilər ki, stadion dolmayıb. Bəli, bu, belə idi. Lakin bu final Avropa Liqasının finalları tarixində azarkeş sayına görə üçüncü oldu. Biz futbolu hər yerdə inkişaf etdirməliyik, tək böyük ölkələrdə yox. Mxitaryanın Bakıya gəlməmək barədə qərarı? Biz AFFA-dan, hökumətdən onun təhlükəsizliyi üçün tam təminat aldıq. Biz bütün təminatları aldıq və onlar da bu təminatı təqdim etdi. Siz başqa nə təklif edərdiniz?”. Qardaş ölkə Türkiyə mediasında da Bakıda keçirilən Avropa Liqasının final oyunundan bəhs edilib. Məsələn, "Sabah” qəzetinin köşə yazarı Bülənt Timurləng əvvəlcə Azərbaycan paytaxtının əsrarəngiz gözəlliyindən, eləcə də, türk mühəndislərin inşa etdikləri Bakı Olimpiya Stadionundan bəhs edib. "69 min tutumlu stadionu inşa edən türk mühəndisləri burada Eyfel qülləsində sərf edilən poladdan üç dəfə artıq polad sərf ediblər. Nəticədə Bakıda son texnologiyalara uyğun bir Olimpiya stadionu inşa edilib. Açılışından üç il sonra möhtəşəm finala sahiblik etdi. Aprel ayı sonunda "Formula 1”-ə ev sahibliyi edən geniş küçə, gözlərimizi yaşardan türk şəhidliyi, Alov Qüllələri, yamyaşıl parklar, türkçə danışdığınızı eşitdikdə, gözlərinin içi gülərək söhbətə gələn insanları, ürəyə toxunan musiqiləri ilə Bakıda Olimpiya Stadionunun yolunu tutduq. Və həmin gün Henrix Mxitaryan o gecə orada olmağı seçməyən tək insan idi. "Arsenal”lı Mxitaryan Bakını təhlükəsizlik baxımından etibarlı hesab etmədiyindən gəlmədi. Bununla da, meydançada olmaq əvəzinə, kimlərinsə əlində oyuncaq olmağa üstünlük verdi”.
Qonşu Rusiya mediasında isə bu sırada onlarla reportaj, məqalə və xəbərlər dərc edilib. Məsələn, "Komsomolskaya pravda” qəzetinin son nömrəsində "Avropa Liqasının Bakı finalı maraqlı oldu” sərlövhəli məqalə dərc olunub.Məqalədə bildirilir ki, Avropa Liqasının Azərbaycan paytaxtında keçirilən final matçını İngiltərə çempionatının 39-cu turu adlandırıblar, çünki həmin görüşdə iki London komandası - "Çelsi” və "Arsenal” qarşılaşdı. İngiltərə Premyer Liqasında beşinci yeri tutan "Arsenal” üçün bu görüşdə qələbə qazanmaq daha vacib idi, çünki bu, onların Çempionlar Liqasına düşməsi üçün son imkan ola bilərdi. Lakin özləri hər şeyi korladı. Əvvəlcə "Arsenal”ın və Ermənistan yığmasının hücumçusu Henrix Mxitaryan "təhlükəsizlik mülahizələrinə əsasən” Bakıya getməkdən imtina etdi, sonra isə "Arsenal”ın azarkeşləri də biletləri təhvil verməyə başladılar. Britaniya KİV-ləri də necə deyərlər, "odun üstünə yağ tökürdü”. Lakin bu matçın təşkilinə "hadisə yerində” verilən qiymətlər fərqli oldu. UEFA-nın prezidenti Aleksander Çeferin deyib: "Bakıda hər şey ideal səviyyədə təşkil edilib və şəhər turnirin finalına hazırdır. Qonaqpərvərlik aşkar duyulur, hər şey əladır. Əlbəttə, azarkeşlərin Londonda və Romada bilet alması və mehmanxanalarda qabaqcadan yer sifariş etməsi Bakı və ya məsələn, Bilbao ilə müqayisədə daha rahat olardı. Lakin bu heç də o demək deyil ki, biz həmin şəhərlərdə matçlar keçirməli deyilik”. Bununla belə, bəzi azarkeşlər Bakıya getmədi və hər şeydən göründüyü kimi, getmədiklərinə görə çox peşman oldular. Bu final qolların çoxsaylı olması ilə yadda qalacaq. Oyunu tribunalardan izləyənlər, ən azı, "Çelsi”nin fanatları güclü emosional təsir hiss etdilər. Onların, qorxuya düşərək Bakıya səfərdən imtina etmiş dostlarına "özünüzdən küsün!” deməyə haqqı var. Düzdür, stadionda anşlaq yox idi, lakin Avropa Liqası finallarına gələn tamaşaçıların say göstəricisinə görə, bu matç üçüncü yerdə olub. Bakıda final oyununu 51.370 nəfər canlı izləyirdi. Azarkeşlər stadiondan kənardakı vəziyyəti də qiymətləndiriblər. Sahilboyu təşkil olunmuş fan-zona, münasib qiymətlər və səmimi servis hamının xoşuna gəlib. Çox cəhətdən əsassız olan neqativ məqamlar böyük futbol kadrından kənarda qalıb. "Çelsi”nin oyunçuları əsas diqqəti yalnız oyuna yönəltdilər və ikinci hissənin əvvəlində 16 dəqiqəyə 3 qol vurmaqla görüşün taleyini həll etdilər. "Sevilya” komandası ilə üç dəfə bu mükafata sahib olmuş Unai Emerinin yetirmələri bir topun əvəzini çıxdılar, lakin "Çelsi”nin lideri Eden Azar bu matçda özünün ikinci qolunu vuraraq qələbə nöqtəsini qoydu 4:1. Beləliklə, 2004-cü ildən Abramoviçin himayəsində olan "Çelsi” özünün 18-ci mükafatını, o cümlədən Avropa Liqasının iki kubokunu qazanıb. Bu matçda Bakı da qalib gəldi. Final ən yüksək səviyyədə təşkil olunmuşdu. Bu isə o deməkdir ki, 2020-ci il Avropa çempionatının oyunlarının pozitiv ab-havada keçəcəyi gözlənilir. Xatırladaq ki, həmin birinciliyin oyunlarına Avropanın 11 şəhəri ilə bərabər, Azərbaycan paytaxtı da ev sahibliyi edəcək.

Azər
banner

Oxşar Xəbərlər