• cümə axşamı, 18 aprel, 08:46
  • Baku Bakı 12°C

Dünya Kubokuna hazırlıq sürətlə davam edir

02.02.19 14:37 532
Dünya Kubokuna hazırlıq sürətlə davam edir
Bakıda batut gimnastikası üzrə Dünya Kubokuna hazırlıq sürətlə davam edir.
Bunu Trend-ə batut gimnastikası üzrə Azərbaycan komandasının baş məşqçisi Vladimir Şulikin deyib.
Baş məşqçi deyib: "Bütün gücümüzlə yarışa hazırlaşırıq. Bizim üçün ikiqat məsuliyyətdir, çünki bu Kubok 2020-ci ildə Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakterli yarışdır. Biz bütün səylərimizi ortaya qoyacağıq".
V.Şulikin hesab edir ki, rəqabət çox güclü olacaq, çünki bu Kubokda dünya çempionları mübarizə aparacaq.
Baş məşqçi qeyd edib ki, Azərbaycan idmançılarının əsas rəqibləri Rusiya, Çin, Belarus və Yaponiya gimnastlarıdır:
"Ancaq bizim ən başlıca rəqiblərimiz özümüzük. Psixoloji gərginliyi həll edə bilsək, yaxşı nəticə qazanarıq".
Daha sonra V.Şulikin Milli Gimnastika Arenasında əla şərait yaradıldığını vurğulayıb:
"Bakıya gələnlərin hamısı buradan müsbət təəssüratlarla gedir və yenidən qayıtmaq istəyirlər".
Qeyd edək ki, Bakıda fevralın 16-17-də batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku yarışı keçiriləcək.
Turnirdə 31 ölkədən 200-dən artıq gimnastın mübarizə aparacağı gözlənilir. 2019 və 2020-ci illərdə Tokio Yay Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 8 Dünya Kuboku yarışı keçiriləcək. Paytaxtımız isə bu kuboklardan ikisinə ev sahibliyi edəcək.
Ötən il Bakıda 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə Avropa çempionatı, daha öncəki illərdə isə Dünya kubokları (2016-cı il 17 ölkə, 2017-ci il 15 ölkə) təşkil olunub. Bu il baş tutacaq yarışa marağın səbəbi isə kubokun təsnifat xarakterli olmasıdır.
Ölkəmizi turnirdə batut yarışlarında qadınlar arasında fərdi proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov və tamblinq cığırında Avropa çempionumuz Mixail Malkin təmsil edəcəklər.
İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri baş tutacaq.
Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy” kuboku da təqdim olunacaq.
banner

Oxşar Xəbərlər