• cümə axşamı, 28 mart, 16:02
  • Baku Bakı 16°C

Dünya karatesinin azərbaycanlı brilyantı - Portret

03.03.14 09:15 4930
Dünya karatesinin azərbaycanlı brilyantı - Portret
Azərbaycanda karate deyiləndə onun adı yada düşür. Uşaqlar məşqlərə gedəndə o nümunə göstərilir, onun kimi idmançı olmaq üçün çalışmaları tövsiyə edilir. Söhbətin 4 qat dünya, 10 qat Avropa çempionu, onlarla müxtəlif beynəlxalq və daxili birinciliklərin qalibi Rafael Ağayevdən gedir. Hamımızın efirdən gördüyü, əsasən də yalnız döyüşlərini izlədiyi bu idmançının həyat hekayəsi də maraqlıdır.
Brüs Li futbola qarşı

4 mart 1985-ci ildə Sumqayıtda anadan olan Rafael, 7 yaşından karate ilə məşğul olub. Ancaq buna qədər o, futbola da meyl edib. Atası Mahir Ağayev vaxtilə futbolçu olduğundan, Rafaelin də onun yolunu getməsini istəyib. Daha böyük iki qardaşlardan birinin cüdo, digərinin də boksla maraqlanması atanın bütün diqqətini kiçik oğula yönəltməsinə səbəb olub. Ancaq 90-cı illərin əvvəllərində əfsanəvi döyüşçü və kino aktyor Brüs Linin filmlərinin böyük populyarlığı işləri dəyişib. Ekranda gördüklərini oxuduğu 21 nömrəli məktəbdə sınaqdan keçirməyə həvəsli olan dəcəl, qərarını verir: karateçi olacam!
13 yaşından məğlubedilməz!
Ağayev ilk və indiyə qədər bir yerdə çalışdığı məşqçisi Rafael Məmmədovun rəhbərliyi altında intensiv məşqlərə başlayır. Artıq birinci beynəlxalq yarışına 12 yaşında yollanan gənc karateçi, Macarıstanın Miskolç şəhərində Açıq Dünya Kubokunda iştirak edir. İlk cəhd uğursuz olur. Ancaq ruhdan düşməyən Rafael, cəmi bir il sonra Açıq İngiltərə Çempionatında qalib gəlir. Bundan sonra onun hansısa yarışdan medalsız döndüyünü xatırlayan yoxdur.
Döyüşdən kənar həyatı
2003-cü ildə Sumqayıt şəhəri 21 saylı orta məktəbi bitirdikdən sonra, Rafael Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təkmübarizlik fakültəsinə daxil olur. “Güləşmə və onun metodikası” kafedrasının nəzdində karate üzrə məşqçi-müəllim ixtisası üzrə təhsil alaraq 2007-ci ildə oranı bitirir. 2007-ci ilin iyulu ilə 2008-ci ilin iyul ayları arasında Ağcabədi rayonunun ərazisində hərbi xidmət keçir. Hərbi xidmətdən sonra perspektivli idmançı kimi Müdafiə Nazirliyinin idman klubuna keçirilir. Daha sonra “İnter” Peşəkar İdman Klubunun şərəfini qoruyan Rafael, hazırda “Qəbələ” İdman Klubunun idmançısıdır.
Fantastik nəticələr
Rafael Ağayevin qazandığı nəticələri ayrı-ayrılıqda sıralamaq çox yer aparar. Karyerası ərzində mindən çox döyüşdə iştirak edən, onların demək olar ki, hamısında qələbə qazanan karateçimizə dünyada həsəd aparırlar. Tampere, Tokio, Belqrad, Moskva, Tenerife, Bratislava, Tallinn, Zaqreb, Afina, Budapeşt, Kali, Palembanq, Sankt-Peterburq... Bunlar Rafaelin 2004-cü ildən başlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxdığı, qızıl medal qazandığı Avropa və dünya çempionatlarının, Dünya Oyunlarının, İslam Oyunlarının, Dünya Döyüş Növləri Oyunlarının keçirildiyi şəhərlərdir. O, bütün dünyanı fəth edib desək, yəqin ki, yanılmarıq.
“Brilyant oğlan”
Fantastik texnikası, döyüş əzmi, möhtəşəm sürəti, zəhmətsevərliyi... Bir çox epitetlərə layiq bacarığı onu dünyanın dörd bir yanında məşhur edir, ideal səviyyəsinə çatdırır. Təsadüfi deyil ki, Dünya Karate Federasiyasının (WKF) prezidenti Antonio Espinosa onu “Dünya karatesinin brilyantı” adlandırıb. Rafaelin bu idman növünün inkişafı üçün etdiklərini nəzərə alsaq, bu sözlərin əbəs yerə deyilmədiyini görərik.
“Kumitenin xilaskarı”
Döyüş növləri üzrə tanınmış jurnalistlərdən biri, amerikan Cek Slek, təxminən iki il bundan əvvəl Rafael Ağayevə xüsusi yazı həsr edib: “Rafael Ağayev - WKF Kumite karatenin xilaskarı”. WKF-in keçirdiyi çempionatların axını əksər hallarda darıxdırıcı, maraqsız, monotondur. Döyüşlərin əksəri bir-birinə bənzəyir, eyni tərzdə fəndlərlə müşayiət olunur, müxtəliflik nəzərə çarpmır. Ancaq Rafael Ağayevin gəlişindən sonra vəziyyət dəyişib. O, karateyə rəng qatıb, onu izləyənlər üçün daha da maraqlı edib. Onun məşhur ura-mavaşigeri zərbəsi dünyanın bütün nöqtələrindəki karate zallarında nümunə kimi göstərilir. Rafaelin əl zərbələri, getdikcə taekvandoya bənzəyən karateni bu bəladan qurtarır. Onun işlətdiyi müxtəlif cüdo fəndləri karatenin yalnız konkret zərbələrdən yox, həm də daha geniş, daha həcmli fəndlər toplusu olan bir idman növü olduğunu göstərir. O, karateni milyonlara sevdirir. Necə ki, vaxtilə Brüs Li ildırım sürəti və fantastik gücü ilə ona bu idmanı sevdirmişdi. Hər halda, əfsanəvi döyüşçü həyatda olsaydı, Rafaelin əlini sıxmağı, ona təşəkkür etməyi özünə borc bilərdi. Bu sözlər, boğazdan yuxarı deyilmiş sözlər deyil. Karateni sevən hər kəs bu azərbaycanlı döyüşçüyə rəğbət bəsləyir.
Çempion xarakteri!
Hələ 15 yaşı olanda Ağayev televizorda o vaxtların məğlubedilməz karateçisi, ideal hesab olunan, erməni əsilli Aleksandre Biamontinin döyüşlərini görür. Rafael onunla birgə ekran qarşısında əyləşən atasına deyir: “Mən bu Biamontini yenəcəm”. Bir neçə ildən sonra azərbaycanlı karateçi dünya ulduzunu yenərək sözünün üstündə durur. Sonra Biamonti daha bir dəfə Ağayevə yenilir. Bu döyüşdən sonra fransız döyüşçü “artıq karatedə Rafael Ağayev var. O olan yerdə mən döyüşə bilmərəm” deyərək, peşəkar karyerasına son qoyur.
Məşqçi və tələbə
Bu qədər titulları olan şəxsin məşqçilik etməsi, bacarıqlarını daha gənc nəsillə bölüşməsi normaldır. Rafael həm müəllim, həm də tələbə kimi karate karyerasını davam etdirir. O, yenə də dünya və Avropa çempionatlarına hazırlaşan idmançı, eyni zamanda bu yarışlara gəncləri hazırlayan məşqçidir. Azərbaycanın gənclərdən ibarət yığmasına başçılıq etmiş Ağayevin Avropa çempionatındakı uğuru, onun hər mənada karate ustası olmasına sübutdur. Rafael həmçinin müxtəlif ölkələrdə peşəkar karate kurslarına dəvət alır, orada master-klass göstərərək həm Azərbaycanı, həm də sevimli idman növünü populyarlaşdırır.
Məşhur şəxs
Dəfələrlə dünya və Avropa çempionunun çoxlu pərəstişkarının olması təbiidir. İnternet məkanı Rafaelin azarkeş səhifələri, saytları ilə doludur. Bütün qitələrdən olan karate və Rafaelsevərlər müxtəlif internet-toplumlarda birləşir, onun döyüşlərini izləyir, müzakirələr edir, onun şəninə təriflər yağdırırlar. Səhifələrdə onun karyerası, döyüşlərindən fraqmentlər və fotoqalereya yer alır, Azərbaycan haqda geniş məlumatlar verilir. Rafael bu yolla həm özünü, həm də “Odlar Yurdu”nu dünyaya tanıdır.
Sirr
Onlarla çempionluq qazanmış idmançının uğurlarını müxtəlif səbəblərə bağlamaq olar. Onun məşqlərdə maksimum səylə çalışması, özünü tamamilə sərf etməsi böyük bir məktəb sayılır. Rafaelin dünya çempionatından əvvəl gündə - 5 dəfə məşq etdiyini görənlər ondakı əzmə həsəd aparırlar. Hər gün iki fiziki hazırlıq, iki də karate məşqi keçən Ağayevin, kiçik bir sirri də var. O, hər gün az da olsa rəqsə yer ayırır. Bəli, düz eşitdiz – rəqsə. Azərbaycan və xarici mahnıları əsl peşəkarlar kimi ifa edən, bundan böyük zövq alan Rafael, toylarımızın ən sevimli qonağıdır. Rəqslərdəki dinamikliyi tatamiyə də daşıya bilən karateçi, bəzən döyüşlərin gedişində də “əl-qol” açır. Rəqibi ilə oyun oynaması, onu hövsələdən çıxarması, bu yolla mənəvi təzyiq edib üstünlük qazanması onu izləmək üçün tribunalara toplaşanları çılğına çevirir. Rafael üçün tatami həm də rəqs meydanıdır. Azərbaycan igidləri tarixən belə olublar. Onlar üçün rəqs meydanı həm də ər meydanı olub. Qol götürüb oynayan qəhrəmanlarımız döyüşlərə gülərüz, ruh yüksəkliyi ilə yollanıb, həmişə də qələbə ilə qayıdıblar. Rafael Ağayev də onlardan biridir.
Portreti
Hələ uşaq yaşlarında atası ondan uçqat dünya və 10 qat Avropa çempionluğu istəmiş, bunu ən böyük arzusu kimi səsləndirmişdi. Rafael ona həmişə dəstək olan valideyninin xəyallarını gerçəyə çevirib. Atasına layiqli oğul, dost-tanışları üçün əsl dost, xalqı üçün nümunəyə çevrilən idmançının portreti göz önündədir. O, öz missiyasını yerinə yetirmiş vətən əsgəridir. Qarşıda hələ çox döyüşlər var və Rafael Ağayev buna hazırdır.
Kənan Məstəliyev

banner

Oxşar Xəbərlər