• cümə axşamı, 18 aprel, 07:25
  • Baku Bakı 12°C

Dünya iqtisadiyyatını gözləyən əsas təhlükələr

08.01.19 19:34 591
Dünya iqtisadiyyatını gözləyən əsas təhlükələr
"Bloomberg" 2019-cu ildə dünya iqtisadiyyatı üçün əsas siyasi təhdidləri açıqlayıb. Ən mühüm risk amillərindən birinin ABŞ və Çin arasında ticarət müharibəsi olduğu deyilir. Qeyd olunur ki, əgər ABŞ lideri Donald Tramp Çin mallarına yeni rüsumlar tətbiq etsə, ÜDM-in artımı səngiyəcək. Bu mübahisə isə uzun iqtisadi soyuq müharibənin başlanğıcı ola bilər. Bundan başqa, İtaliya və Avropa İttifaqı arasında büdcə xərcləri ilə bağlı mübahisə, Böyük Britaniyanın Aİ-dən çıxması, neftin qiymətləri dünya iqtisadiyyatında əsas risklər kimi göstərilir.
Bəs görəsən böyük güclər arasında ticarət savaşlarının hökm sürdüyü bir dövrdə, dünya iqtisadiyyatını hansı çətinliklər gözləyir? Bu risklər kiçik ölkələrin iqtisadiyyatına necə təsir edə bilər?
İqtisadçı ekspert Rəşad Həsənov söylədi ki, effektiv həll yolları tapılmazsa, qlobal iqtisadiyyatda müəyyən problemlər yaşana bilər: "İnkişaf etməkdə olan ölkələrdə iqtisadi risklərin artması nəticəsində maliyyə balonları formalaşır. 2019-cu ildən etibarən Çin iqtisadiyyatında artım tempinin zəifləməsi ehtimalı daha da güclənir. Dünya iqtisadiyyatındakı əsas risklərdən biri də ABŞ tərəfindən başlanılan ticarət savaşıdır. Xüsusilə Çin, Avropa Birliyi ölkələri və ABŞ arasında davam etməkdə olan iqtisadi mübahisələr Ümumdünya Ticarət Təşkilatının bu günə qədər formalaşdırdığı bir sıra qaydaların sıradan çıxarılmasına gətirib çıxarıb. Digər bir təhdid isə Avropa Birliyi ölkələrində, xüsusilə də İtaliyada müşahidə olunan iqtisadi risklər, maliyyə təminatı sisteminin dayaqlarını zəiflədib. Əgər müvafiq həll yolları tapılmazsa və "Brexit” məsələsində optimal uzlaşma əldə olunmazsa, Avropa Birliyindən qaynaqlanan böhran dalğası qlobal iqtisadiyyatı təhlükə altına ala bilər. "Brexit” konservativ güclərin daha da aktivləşməsinə gətirib çıxara bilər. Artıq Fransa, İspaniya, Portuqaliya, İtaliya kimi bir sıra ölkələrdə özünü büruzə verməkdədir. Əgər bu güclər öz fəaliyyətlərini daha da artıra və aktivləşərsə, birlikdən növbəti dövrləri üçün qopmaların mövcudluğu riski formalaşır”.
Ekspert qeyd etdi ki, Tramp administrasiyasının davranışlarını bir çox hallarda proqnozlaşdırmaq mümkün olmur. Məhz bundan qaynaqlanan bir sıra risklər dünya iqtisadiyyatında ciddi təhlükə formalaşdırır: "Son dövrlərdə ABŞ rəsmiləri ilə iqtisadi institutlar arasında ABŞ iqtisadiyyatının böyüməsi ilə bağlı müəyyən narazılıqlar müşahidə olunmağa başlayıb. Əgər narazılıqlar daha da dərinləşərsə ABŞ iqtisadiyyatının zəifləməsi qlobal iqtisadi tempin aşağı düşməsinə səbəb ola bilər. Xüsusilə inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatı məcmu tələbin azalması təhdidlərinin formalaşması ehtimallarını gücləndirir. 2018-ci ildə Türkiyə kimi ölkələrin iqtisadiyyatında müşahidə olunan gərginliyin əsas səbəblərindən biri də ümumi iqtisadi tendensiyalardır. Digər bir məsələ isə Yaxın Şərq məsələsidir. Rusiya-Ukrayna, Rusiya-Avropa Birliyi ölkələri, eyni zamanda, ABŞ-la İran arasında gərgin münasibətlər dünya iqtisadiyyatı üçün ciddi təhlükə hesab olunur. Bundan başqa Suriya problemi ilə bağlı hələlik əsas güclərin ortaya qoyduğu mövqe anlaşılan deyil. Bu mənada müəyyən taktiki gedişlərin olması ehtimalı çox yüksəkdir. Proses ABŞ-ın Suriyadan çıxmaması ilə başa çatarsa, Türkiyə üçün çox ciddi problemlər yarana bilər. Həmçinin, Səudiyyə Ərəbistanı Yaxın Şərq ölkələri üçün risk mənbəyi hesab olunur. Afrika iqtisadiyyatında böyümə templəri ilə bağlı yeni təhlükələr ortaya çıxıb. Son dövrlərdə Çin bu regiona xüsusi diqqət ayırır və ticarət tərəfdaşı kimi regionda öz aktivliyini xeyli artırıb. Amma Çin iqtisadiyyatı üçün mövcud təhlükələr regionda fəaliyyət tempinin zəifləməsinə gətirib çıxara bilər. Bu amil özü də dünya iqtisadiyyatında müəyyən çətinliklər yarada bilər”.
R.Həsənov bildirdi ki, proseslərin fonunda Azərbaycan kimi kiçik ölkələrin iqtisadiyyatında da müəyyən risklər aktual hesab olunur. Amma hələlik bu risklər haqqında danışmaq üçün bir qədər tezdir: "Ticarət savaşları dünya bazarlarında neftin qiymətinə neqativ təsir göstərir. Ay yarım ərzində qiymətlərdə xeyli ucuzlaşma müşahidə olunub. Bu, Azərbaycan kimi ölkələri ciddi təhlükə altına alır. Qeyd etdiyim məsələlər region ölkələrinin iqtisadiyyatının zəifləməsinə səbəb ola bilər. Dünya iqtisadiyyatındakı risklər və neftin qiymətinin aşağı düşməsi büdcə prosesinin icrasında müəyyən çətinliklər ortaya çıxa bilər. İqtisadi tempi irəliyə çəkən məqam büdcə xərcləmələridir. Yəni ümumilikdə götürsək, risklər kifayət qədər çoxdur. Belə bir məqamda hökumətin daha effektiv iqtisadi modelə keçidi üçün çağırışlar formalaşır”.
İqtisadçı ekspert Pərviz Heydərov bildirdi ki, dünya iqtisadiyyatında müəyyən müddətdən bir böhran dalğası yaranır: "Əvvəlki illərə nəzər yetirsək, görərik ki, orta hesabla hər on ildən bir belə böhranlar yaşanır. Əslində iqtisadi böhranlar müxtəlif formalarda özünü büruzə verir. Dünya iqtisadiyyatının aparıcı ölkələri arasında gedən rəqabət, anlaşılmazlıq və ticarət savaşları nəticəsində belə böhranlar yaranır. Sonuncu böyük böhran 2008-ci ildə yaşandı. Qısa bir müddətdə böhran dünyanın maliyyə sisteminin çökməsi ilə nəticələndi. Daha sonra 2014-cü ilin yayında dünya iqtisadiyyatında müəyyən problemlər yaşanmağa başladı. Həmin böhran dünya bazarlarında neftin qiymətinin birdən-birə enməsi ilə əlaqədar olaraq yaşandı. Bu böhran dövlət büdcəsinin gəlirləri enerji resurslarından asılı olan ölkələrin, o cümlədən də Azərbaycanın iqtisadiyyatından da yan keçmədi. Həmin ərəfədə milli valyutamız iki dəfə devalvasiyaya uğradı. Hazırda dünya iqtisadiyyatındakı proseslər iri ölkələr arasında – xüsusilə ABŞ-la Avropa Birliyi və Çin arasında gedən ticarət anlaşılmazlıqları nəticəsində ortaya çıxıb. Bunun əsas səbəbkarı isə Ağ Ev administrasiyasının yeritdiyi siyasətdir. Bu siyasətin hansı mənfi nəticələrə gətirib çıxaracağı haqda çox söz demək olar. Amma konkret olaraq dünya iqtisadiyyatına silkələyə biləcək fövqəladə hadisə hələ ki, baş verməyib. Yaxın müddət ərzində belə bir böhranın baş verəcəyini gözləmirəm. Çünki ABŞ dünya iqtisadiyyatının aparıcı qüvvəsi sayılsa da, onun, Çin və Avropa Birliyi ölkələri arasındakı mübarizədə inadkarlıq göstərməsi bumeranq kimi özünü də vura bilər. Bu mənada ABŞ özü də ehtiyatlı davranmağa məcburdur. Yaxın günlərdə dünya iqtisadiyyatına yeganə təhlükə neftin qiyməti ilə bağlıdır. Çünki neft bazarında böyük qeyri-müəyyənlik hökm sürür. Qiymətlərə təsir edən amillər isə təbii xarakter daşımır. Əgər qiymətlərdə kəskin enmə müşahidə olunarsa, bu, dünya iqtisadiyyatında xırda payı olan ölkələrə, xüsusilə də dövlət gəlirləri enerji resurslarından asılı olan ölkələrə daha çox mənfi təsir göstərəcək. Bu təhlükə iri ölkələr arasındakı ticarət müharibəsindən daha aktualdır. Bu mənada deyə bilərəm ki, xırda ölkələrin iqtisadiyyatına ən böyük təhlükə neftin qiymətidir. Böyük ticarət müharibələri yalnız böyük güclərə təsir göstərə bilər”.
Şəbnəm Mehdizadə


banner

Oxşar Xəbərlər