Dünya insanına daha bir mükafat
Son beş ildə Orxan Pamuk Norveç, İslandiya,
Danimarka, Yunanıstan, Peru, Portuqaliya, Belçika, Yaponiya, Avstriya, Latviya
kimi bir çox ölkənin ədəbi və mədəni-humanitar sahələrin fədailəri üçün tərtib
olunmuş müxtəlif nominasiyaların qalibi olub.Bu dəfə isə uzunmüddətli "soyuq müharibə”
mərhələsinə başlamış Türkiyə-Rusiya münasibətlərinin isinməsindəki növbəti
addım kimi dəyərləndirilən bir hadisə baş verib. Bir müddət əvvəl xəbər
verdiyimiz kimi, Pamukun adı "öz razılığı ilə olmasa da” naşiri və şəxsi
məsləhətçisi tərəfindən "Beynimdəki qəribəlik” adlı son romanı ilə "Yasnaya
Polyana” ədəbi mükafat fondunun "Ən yaxşı xarici ədəbiyyat” nümunəsi
nominasiyası üçün təyin etdiyi müsabiqəyə təqdim olunmuşdu. "NTV”-nin xəbərinə
görə, nobelli yazar "Tolstoy Muzeyi”-nin dəstəyi ilə təşkil olunan müsabiqənin
builki laureatı olub.
Moskavada "Balşoy Teatr”-da təşkil olunan
təqdimetmə mərasimində "Müasir klassika”, "XXI əsr”, "Uşaqlıq, yeniyetməlik, gənclik”
və "Xarici ədəbiyyat” nominasiyaları üzrə mükafatlar paylanılıb. Pamuk
müsabiqəyə təqdim olunmuş romanla sadəcə mükafata yox, həmçinin 1 milyon rubl
məbləğində pula (26 min manat – red.) da sahib olub.
Təqdimetmə mərasimlərində nadir hallarda
iştirak etmək imkanı olan Pamuk bu dəfə də ənənəyə sadiq qalıb. Mərasimə video
məktub göndərən Pamuk mesajında deyib: "Layiq görüldüyüm bu böyük şərəfli ad
üçün münsiflər heyətinə dərin təşəkkürümü bildirirəm. Təkcə mən yox, bütün
müasir türk və dünya ədəbiyyatı klassik rus ədəbiyyatından çox şey öyrənib.
Klassik rus ədəbiyyatında dünya ədəbiyyatının böyük ənənələri yatır. Mən hələ
də dərs dediyim universitetlərdə bu ənənələrin sabitliyindən heyranlıqla
danışıram”.
Təqdimetmədən sonra şəxsi hesabından
duyğularını bölüşən yazar bunları qeyd edib: "25 yaşımda roman yazmağa
başlayanda bir gün Moskvaya gedib, "Yasnaya Polyana”da Tolstoyun evinə
baxacağım günün xəyalını qururdum. 40 il sonra bu xəyal gerçəkləşəcək. Mən o
evi Nobel Ədəbiyyat mükafatlı yazar kimi ziyarət edəcəyəm”. Pamuk mükafatını
almaq üçün gələn ilin fevral ayında Moskvaya səfər edəcəyini bildirib.