• şənbə, 27 Aprel, 03:08
  • Baku Bakı 14°C

Dünya əhalisi artır, “kürə”miz dolur, taleyimiz necə olacaq?

24.10.18 09:30 2937
Dünya əhalisi artır, “kürə”miz dolur, taleyimiz necə olacaq?
BMT-nin Əhali Fondunun (UNFPA) proqnozuna görə, dünya əhalisi 2050-ci ilədək 2,2 milyard nəfər artacaq və əsrin ortalarında planetdə 10 milyarda yaxın insan yaşayacaq. Bu barədə məlumatı fondun direktoru Monika Ferrero Cenevrədə təqdim olunan hesabatda açıqlayıb. Təşkilatın hesabatında, həmçinin qeyd edilir ki, göstərilən dövrdə dünya əhalisinin artımının yarısı - 1,3 milyard nəfər Subsahara regionunun payına düşəcək. Hazırda dünya əhalisinin 17 faizinin yaşadığı Afrikada, əsrin ortalarında dünya əhalisinin 26 faizi məskunlaşmış olacaq. Saharadan cənubda yerləşən Afrika ölkələrində əhalinin tibbi sığorta və maariflənmə səviyyəsi, qadın hüquqlarının vəziyyəti və digər məsələlər demoqrafik artım fonunda, yaxın onilliklərdə daha ciddi vəziyyət ala bilər. Eyni zamanda, silahlı münaqişələr, təbii fəlakətlər, siyasi qeyri-sabitlik və əhalinin sürətli artımı bu regionda böhranların sayını artıra və əhalinin ərzaqla təminatını çətinləşdirə bilər.
Təşkilatın proqnozunda qeyd edilib ki, tendensiya bu cür davam edəcəyi halda, 2100-cü ilədək dünya əhalisinin sayı 11 milyarda çatacaq.
Əslində, 2050-ci il elə də uzaq deyil. Təbii, əhali artırsa, problemlər də artmalıdır. Çünki artan əhalinin məskunlaşma, qidalanma kimi zəruri tələbatlarını ödəmək getdikcə çətinləşir. Üstəlik, elə, müasir dünyamızda da baş verən bütün qarşıdurmalar əslində, sərvət üstündədir. Deməli, bir neçə onillikdən sonra hansısa ölkələrin daha çox sərvətə ehtiyacı yaranacaq. Bəs onda dünyanı nə gözləyəcək? Əhali artımı fonunda, ümumiyyətlə, Azərbaycan hansı qabaqlayıcı addımlar atmalıdır ki, belə problemlərdən maksimum zərərlə çıxa bilək?
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, hüquq müdafiəçisi Sahib Məmmədov bildirdi ki, 2050-ci ilə nə baş verəcəyi, əsasən cəbri-riyazi hesablamalar əsasında aparılır: "Bir neçə əsr əvvəl Tomas Maltus adlı bir şəxs belə bir teoriya irəli sürmüşdü ki, əhali həndəsi silsilə ilə, əhalinin saxlanması üçün lazım olan qida isə cəbri silsilə ilə artır. Nəticədə yerdə olan ehtiyatlar insanların yaşamasına kifayət etməyəcək. Onun söylədiyi bu fikir həmişə ciddi tənqid olunub, indi də tənqid olunmaqdadır. O deyirdi ki, yararsız xalqları sterilizasiya etmək lazımdır ki, nəsil artımı olmasın. Əks halda, bir neçə müddətdən sonra əhali o qədər artacaq ki, insanlar qida, su tapa bilməyəcək, epidemiyalar başlayacaq və s. Onun dedikləri absurd olsa da, amma həqiqət vardı ki, dünya əhalisi artdıqca, onların yaşamasını təmin edən vasitələr kifayət etməyəcək. İlk növbədə söhbət ərzaqdan, sudan gedir. 2009-cu ildən sonra dünya əhalisinin payına düşən şirin suyun miqdarı azalıb. Eyni zamanda, dünyada xeyli insan var ki, aclıqdan əziyyət çəkir”.
Sahib müəllim bildirdi ki, ölkəmizdə əhali artımı Avropaya nisbətən yüksəkdir: "O ki, qaldı Azərbaycana, ölkəmiz əhalinin sıx yaşadığı ölkələrdəndir. Bizim işğal olunmuş ərazilərdən azərbaycanlılar deportasiya olunub. İndi mövcud torpaqlarda hər kvadrat kilometrə 150 nəfər düşür. Rusiyada isə bu rəqəm 8,5 nəfərdir. Arada kifayət qədər fərq var. Ona görə də, Azərbaycanın artım dinamikası Avropaya nisbətən çox yüksəkdir. Təbii ki, əhalinin artım sayına uyğun olaraq, onun təchizatını təmin etmək üçün indidən uzunmüddətli planlaşdırma olmalıdır. Planlaşdırma həm bizim ölkəmizdə, həm də dünyada düzgün getsə, 11 milyard əhali olsa da, onun ehtiyaclarını təmin etmək mümkündür. Bugünkü texnologiya buna imkan verir. Hazırda ölkəmizdə bir neçə aqroparklar yaradılıb. Burada məhsuldarlıq təbii ki, 70-ci illərin texnologiyası ilə becərilən sahələrdən dəfələrlə üstündür. Azərbaycan yeni texnologiyaları tətbiq etməklə, əhalinin sayı bir neçə milyon artdığı təqdirdə də, ərzaq ehtiyacını təmin edəcək potensiala sahibdir”.
S. Məmmədov qlobal istiləşmənin də ciddi problemlər yaratdığını vurğuladı: "qlobal istiləşmə su ehtiyatlarının mənbələrinin azalmasına gətirib çıxarır. Bu da, qlobal fəlakətə səbəb ola bilər. Ona görə də əhali fondu indidən narahatdır və belə proqnozlar verir. Açığı, indiki şəraitdə 30 il sonra üçün verilən proqnozun nə qədər düzgün ola biləcəyi barədə qəti fikir söyləmək olmur. Amma hər halda, bütün dövlətlər həm ayrı-ayrılıqda, həm də birgə səy göstərməlidirlər ki, artmaqda olan əhalinin ehtiyatları təmin oluna bilsin. Dövlətlər dil tapsalar, birgə fəaliyyətə keçə bilsələr, silahlanmaya qoyulan vəsaitin cüzi bir hissəsi ərzaq ehtiyatlarının artırılmasına, quraqlığın, səhralaşmanın qarşısının alınmasına, kənd təsərrüfatı, aqrar sahələrdə yeni texnologiyaların tətbiqinə yönəlsə, problemin həlli yolları tapılar. Amma bu gün əks proseslər gedir. Silahlanma, münaqişələr qızışır. Əhali öz yaşayış yerini tərk edib gedir. Azərbaycanda bir milyon əhalinin ən azı 10 faizdən çoxu qaçqın və məcburi köçkün vəziyyətindədir. Dünyada da bu tendensiya var. Məsələn, Ərəb ölkələrində elə yerlər var ki, əhalinin az qala yarısı qaçqındır. Bunlar baş verdikcə, əlbəttə ki, problemləri həll etmək çətin olacaq. Hər şey insanların əlindədir. Onların zəkası, dövlətlərin ciddi yanaşması olarsa, problem aradan qalxar. Olmazsa, qlobal fəlakət qaçılmaz olacaq”.
Günel Azadə
banner

Oxşar Xəbərlər