• cümə axşamı, 28 mart, 15:07
  • Baku Bakı 16°C

Dünya çılğın buz kampaniyası yaşamaqdadır

23.08.14 10:35 1404
Dünya çılğın buz kampaniyası yaşamaqdadır
Sosial şəbəkələrdə yayılan buzlu su çılğınlığı qısa müddət ərzində bütün dünyanın diqqətini cəlb edə bilib. İlk olaraq Amerikada start götürən və ALS (Amiyotropik Lateral Skleroz) xəstəliyinə diqqət çəkmək üçün başladılan bu aksiyanın adı “Ice Bucket Challenge”dir. Bəziləri isə bu aksiyanı “1 vedrə buzlu su” adlandırır. Aksiyaya görə, başına bir vedrə buz tökən şəxs 3 adamı bu hərəkəti təkrarlamağa dəvət edir və bunu sübut edən videonu internetdə yerləşdirir. “Bir vedrə buz” təklifi alan şəxs 24 saat ərzində başından aşağı buzlu su tökməlidir. Əgər çağırış etdiyi şəxslər bu addımı təkrarlaya bilməsələr, kampaniyanın təşəbbüsçüsü olan ALS Associaton fondunun hesabına 100 dollar köçürməlidirlər.
ALS xəstəliyi nədir?

Bəs dünyada böyük əks səda doğuran ALS xəstəliyinin əlamətləri nələrdir?
Amyotrofik lateral skleroz (ALS) və ya Şarko mərkəzi sinir sistemində, onurğa iliyi və beyin sapı adı verilən bölgədə sinir hüceyrələrinin (neyronlar) itkisindən irəli gələn xəstəlikdir. Bu hüceyrələrin itkisi əzələlərdə gücsüzlük və əriməyə yol açır. Əzələlərdəki zəiflik əllərdə ya da qıçlarda, ağız-udlaq bölgəsində, dildə başlayır və qısa müddət ərzində yayılmağa başlayır. Xəstənin şüuru aydın olsa da, o, tez-tez hərəkətdən qalır. ALS əqli keyfiyyətlərə zərər vurmasa da, ağır depressiyaya səbəb olur. Xəstəliyin son mərhələsində nəfəs borusu daralır, tənəffüs çətinləşir. Bu zaman ciyərləri yalnız süni havalandırma ilə fəaliyyətdə saxlamaq olur. ALS əsasən 40-50 yaş arasında olan insanlar arasında yayılsa da son zamanlar gənclərdə və uşaqlarda da bu xəstəliyin əlamətlərinə rast gəlinib. Araşdırmalara görə ALS-yə qadınlara nisbətən daha çox kişilər tutulur.
Xəstəliyin əlamətləri

ALS xəstəliyinə dair ilk əlamətlər ümumiyyətlə hiss olunmur və ya nəzərdən qaçır. İlk əlamətlər, əzələlərdə titrəmə, əzələ zəifliyi nəticəsində qolların və ya qıçların hərəkətinin məhdudlaşmasıdır. Bu əlamətlər müəyyən müddət keçdikdən sonra ALS xəstəliyini ortaya çıxar. ALS xəstəliyinə 75 faizi qol və qıç bölgələrində rast gəlinir. Bəzi xəstələrin əl bacarığı məhdudlaşır. Onlar yazı yaza bilmir, açarla qapını aça bilmir və getdikcə əllərindən istifadə edə bilmirlər. Bu xəstəlik keçici deyil və dünyada 100 mində 1 adamda rast gəlinir.
Aksiyaya qoşulan məşhurlar

ALS xəstəliyə yoluxanlara dəstək olmaq məqsədilə adi insanlarla yanaşı məşhur simalar da başlarına bir vedrə buzlu su tökür və estafeti digərlərinə ötürürlər.
İndiyədək bu kampaniyaya ABŞ-ın keçmiş prezidenti Corc Buş, “Facebook” yaradıcısı Mark Zükerberq, “Microsoft”un prezidenti Bil Qeyts, müğənnilər Cenifer Lopes, Demet Akalın, Hülya Avşar, məşhur futbolçular Neymar və Kristiano Ronaldo, aktyorlar Cim Parsons və Robert Dauni, müğənni Castin Biber, Selena Qomez, italiyalı ulduz futbolçu Mario Balotelli, türkiyəli futbolçu Arda Turan və digərləri də iştirak edib.
Aksiyaya qatılanlar arasında ən maraqlı simalar isə ABŞ-ın keçmiş prezidenti Corc Buş və Microsoftun yaradıcısı Bill Geyts olub. Belə ki, Buşun başına buz ilə qatışdırılmış bir vedrə suyu həyat yoldaşı Laura Buş töküb. Bundan sonra isə Corc Buş “1 verdə buzlu su” estafetini Bill Klintona ötürüb. Bill Geyts isə fərqli addım ataraq özünəməxsus qurğu düzəldib. O, bu qurğu vasitəsilə buzu başından aşağı töküb və zarafatcıl video hazırlayıb. Bil Geyts aksiyaya facebookun yaradıcısı Mark Zuckerbergi dəvət edib.
Obamaya meydan oxudu
Müğənni Justin Bieber də aksiya ilə bağlı video hazırlayaraq Instagram hesabından paylaşıb. Bieber, videosunda paltarına uyğun olaraq qırmızı nəhəng vedrəyə doldurulmuş suyu başından aşağı töküb. Justin Bieber maraqlı addım ataraq estafeti ABŞ prezidenti Barak Obamaya verib.
Məlumat üçün bildirək ki, Obamaya bundan əvvəl Ethel Kennedy də meydan oxumuş, lakin prezident dəvəti rədd edib ALS üçün 100 dollar hədiyyə etməyi üstün tutmuşdu.
Dünyadakı məşhur simalarla yanaşı ALS-dən əziyyət çəkənlərə yardım məqsədilə keçirilən xeyriyyə kampaniyasına azərbaycanlı məşhurlar da qoşulub. Emin Ağalarov, Rəqsanə, Sevda Yəhyayeva, Zaur Baxşəliyev də bir vedrə buzlu su tökərək aksiyaya dəstək olublar.
Qeyd edək ki, bu kampaniya çərçivəsində axın fondun hesabında 15 milyon dollar pul toplanıb. Mütəxəssislər isə bu cür yardım kompaniyasını təqdirəlayiq hesab edir, insanların yardıma ehtiyacı olan qeyri-sağlam insanlara yardım etməsini əyləncəyə çevirmələrini yüksək qiymətləndirirlər. Belə ki, sənətindən asılı olmayan dünya vətəndaşları həm əylənirlər, həm də yardıma ehtiyacı olan ALS xəstələrinə maddi yardım etmiş olurlar. Təki sağlıq olsun!
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər