• çərşənbə axşamı, 23 aprel, 13:58
  • Baku Bakı 24°C

Dünya çempionatında iz qoya biləcək azərbaycanlı - Portret

14.04.18 10:00 1864
Dünya çempionatında iz qoya biləcək azərbaycanlı - Portret
Rusiyada keçiriləcək dünya çempionatına 2 ay qalır. Mundial iştirakçısı olan ölkələrin futbol həvəskarları dördilliyin ən möhtəşəm futbol turnirinin startı üçün gün sayır. Ancaq dünyada heç də bütün futbol həvəskarları DÇ-də öz vətəninə azarkeşlik etmək xoşbəxtliyinə sahib ola bilmirlər. Bu azarkeşlər mundiallarda ya ulduzların top qovduğu nəhəng futbol ölkələrinə, ya da, özünə nisbətən yaxın bildiyi qonşu ölkələrin yığmalarına azarkeşlik edirlər. Bu cür ölkələr arasında Azərbaycan da var. Təəssüf ki, millimiz heç vaxt dünya çempionatlarının finallarında iştirak etməyib. Lakin bu amil azərbaycanlı futbol azarkeşlərinin mundialları həyəcanla izləməsinə mane olmur. Həmyerlilərimizin də dadına ya öz oyunu ilə könülləri fəth edən dünya futbol ulduzlarının top qovduğu nəhəng millilər, ya da özümüzə yaxın hiss etdiyimiz məmləkətlərin yığmaları çatır. Amma Rusiyada keçiriləcək DÇ-də Azərbaycan millisi olmasa da, azərbaycanlılar olacaq.

Mundialda Azərbaycanın iki qonşusu - Rusiya və İran milliləri də mübarizə aparacaq. Xüsusilə, İran millisinə ölkəmizin futbol azarkeşlərinin rəğbətini qazandıracaq amil var. Bu, cənub qonşumuzun heyətində azərbaycanlı futbolçuların çıxış etməsidir. İranda 30 milyona yaxın həmyerlimizin yaşaması heç kimə sirr deyil. Azərbaycanlıların İranın tarixində olduğu kimi, bu ölkənin futbol tarixində də iz qoyduğunu desək, yanılmarıq. Elə təkcə cənub qonşumuzunfutbol əfsanəsi Əli Daeinin adını çəkmək kifayətdir. Ərdəbilli keçmiş qolçu İran millisinin ən məhsuldar oyunçusu ünvanını hələ də əlində saxlayır (149 oyun, 109 qol). Hazırda da İranda yeni Əli Daeilər yetişməkdədir. Bu gün cənub qonşumuzun futbol millisində istedadlı azərbaycanlı futbolçular top qovmaqdadır. Bu cür futbolçulardan biri də, Kərim Ansarifarddır.

Əfsanənin həmyerlisi
Kərim Ansarifard 1990-cı il aprelin 3-də Ərdəbildə, azərbaycanlı ailəsində dünyaya gəlib. O, evin ən kiçik övladı olub. Kərimin yaşadığı Ərdəbil şəhəri hər nə qədər qədimliyi ilə seçilsə də, futbolu ilə diqqət mərkəzinə düşməmişdi. Lakin Kərimdə top oyununa sevgi yaranmışdı. Bəs onda bu sevgini yaradan nə idi? 1998-ci ildə İran millisinin 20 illik fasilədən sonra mundiala vəsiqə qazanması həmin vaxt cənub qonşumuzda böyük coşqu ilə qarşılanmışdı. Daei və komanda yoldaşları Fransada keçirilən mundialda qrup səddini aşa bilməsə də, həmin vaxt (elə indi də) soyuq münasibətdə olduqları ABŞ-ın futbol millisini 2:1 hesabı ilə məğlub etməklə, bütün iranlıların gözündə qəhrəmana çevrilmişdilər.
Bu hadisədən 2 il sonra isə Kərim futbola yazılır. O, futbolda ilk addımlarını İtaliya nəhəngi "İnter”də atır. Yox, kiçik Kərim heç də uzaq Milana yollanmır, o, sadəcə, "göy-qaralar”ın İranda yaratdığı futbol məktəbinə qoşulur. 5 il bu məktəbdə futbolun sirlərinə yiyələnən Ansarifard, 2005-ci ildə Ərdəbil "Zob Ahan”ına qoşulur. Kərim bu komandada cəmi 1 il çıxış edir. 2006-cı ildə isə tale onun üzünə gülür. Belə ki, Əli Daeinin çalışdırdığı "Saypa” komandası Ərdəbilə təlim-məşq toplanışına gəlir. Daei doğma məmləkətinə gəlmişkən, burdakı gənc istedadları da nəzərdən keçirmək qərarına gəlir. Onun diqqətini çəkən əsas sima isə məhz Kərim olur. Ansarifardda Daeini bir hücumçu kimi qane edəcək bütün keyfiyyətlər var idi. Uzun illər məhz hücumun sivri ucunda çıxış etmiş əfsanəvi futbolçu, dərhal Kərimdəki potensialı fərq edir. Və... Ansarifardın "Saypa”lı günləri başlayır. O, bu klubun gənclərdən ibarət komandasına cəlb edilir. Lakin onun bu komandadakı günləri cəmi 12 həftə çəkir. "Saypa”nın əsas qol silahlarından olan Mohsen Xalilinin klubdan ayrılmaq arzusu Kərimin əsas komandaya yolunu açır.

İki illik sınaqdan bombardirliyə

Ancaq gənc hücumçuya yüksək liqaya uyğunlaşmaq üçün vaxt lazım idi. İlk iki mövsüm Kərimin İran çempionatına uyğunlaşmasına sərf edilir. O, həm 2007/08, həm də 2008/09 mövsümlərində cəmi 1 qola imza atır. 2009/10 isə onun parladığı mövsüm olur. 31 oyunda şans qazanan Ansarifard, 13 qol vuraraq, "Saypa”nın həmin mövsüm ən məhsuldar futbolçusu olur. Məhz bu mövsümdən sonra gənc Kərim Avropa klublarının skautlarının diqqət mərkəzinə düşür. Ansarifardın xidmətində maraqlı olan klublar arasında Dortmund "Borussiya”sı, "Styaua”, "Seltik”, "Everton” kimi komandalar var idi. Hətta rumınlar Kərimin transferi üçün 200 min dollar da təklif etmişdi. Lakin gənc hücumçunun qiyməti daha artıq idi. Bunu isə onun özü daha yaxşı bilirdi. Məhz buna görə, "Saypa”da qalmaq qərarına gəlir və klubla 2 illik yeni müqavilə bağlayır. 2010/11 mövsümündə 19, 2011/12 mövsümündə 21 qol vuraraq, çempionatın bombardiri olur.
Azərbaycan klubundan Avropaya
Kərim 2012-ci ildə İranın ən köklü komandalarından olan "Persepolis”ə keçir. Burda bir mövsümə 8 qol vuran forvard, növbəti mövsümdə İran azərbaycanlılarının fəxri olan Təbrizin "Traktorsazi” klubuna icarəyə verilir. Məhz 2012-ci ildə nüfuzlu "World Soccer” jurnalı, FİFA-nın rəsmi saytı, "Goal.com” internet portalı meksikalı Xavyer Hernandes (Çiçarito), ingilis Cek Uilşir ilə birlikdə onu dünyanın ən perspektivli gənc futbolçuları arasında göstərirdilər.

Həmvətənlərinin sıx yaşadığı Təbrizdə Kərimin işləri heç də pis getmir. O, çempionatda şans qazandığı 28 oyunda 14 qol vuraraq, növbəti dəfə bombardir olur. Ansarifard "qurdlar”ın hələ ki, ən böyük uğurunun da memarlarındandır. "Traktorsazi” həmin mövsümdə ölkə kubokuna yiyələnir. Bu, Təbriz təmsilçisinin tarixində ilk və hələ ki, son tituludur.
2014-cü ildə isə Kərimin Avropa macərası başlayır. İlk "dayanacaq” isə İspaniya olur. Sequnda təmsilçisi "Osasuna” Ansarifardı heyətinə cəlb edir. Maraqlıdır ki, "Persepolis” bu cür istedaddan qazanc götürməyi bacarmır. İran çempionatının bombardiri ispan təmsilçisinə azad agent kimi keçir. İspaniya 2-ci divizionunda cəmi bir mövsüm top qovan Kərim, bura heç cür uyğunlaşa bilmir – qolsuz 16 oyun.

Havayı alıb, 400 minə satdılar
Bir vaxtlar Avropanın nəhəng klublarının diqqət mərkəzində olan hücumçu, sonda Yunanıstan Super Liqasının ortababı "Panionios”ə keçməli olur. Yunanlar da Kərim üçün heç bir məbləğ ödəmir. "Panionios” Ansarifard üçün əsl bərpa dövrü olur. Burda çıxış etdiyi 1,5 ildə 51 oyuna 15 qol vuran Kərim, yenə nəhəngin diqqət mərkəzinə düşür. Bu dəfə Yunanıstan nəhəngi "Olimpiakos”un. Pirey təmsilçisi İran millisinin üzvü üçün 400 min avrosundan keçir. 2017-ci ilin yanvarında "Olimpiakos”a yollanan Kərim, burdakı ilk mövsümünü uyğunlaşmağa sərf edir. Ansarifard Pirey klubunda çıxış etdiyi ilk yarım mövsümdə şans qazandığı 9 oyunda cəmi 1 qol vursa da, Super Liqada çempionluq sevinci yaşayır.
Növbəti bombardirliyə doğru, Marinakisin "qara siyahı”sı
Növbəti - cari mövsümdə isə onun "ayağı açılır”. 14 qola imza atan Kərim, hələ ki, bombardirlər yarışında birinci pilləni PAOK-lu Aleksandr Priyoviçlə bölüşür. Lakin cari mövsüm onun Yunanıstandakı son mövsümü ola bilər. Ansarifard komandanın ən məhsuldar futbolçusu olsa da, "Olimpiakos”un cari mövsümdə çempionluq yarışından uzaqda qalması klubun çılğınlığı ilə tanınan prezidenti Evangelos Marinakisi narazı salıb. Yunanıstan mətbuatında Marinakisin mövsümün sonunda heyətdə ciddi dəyişiklik edəcəyi barədə xəbərlər yayılır. Azərbaycanlı hücumçunun Marinakisin bu islahatlarının qurbanı olub-olmayacağı yayda bəlli olacaq. Onun klubla müqavilə müddəti isə 2020-ci ilin yayında bitəcək.

"Qarabağ” söz-söhbəti
Transferdən söz düşmüşkən, ötən yay Kərim Ansarifardın "Qarabağ”a transfer ediləcəyi barədə xəbərlər yayılmışdı. Ölkəmizi tarixi ərzində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində təmsil edəcək Ağdam klubu heyətini gücləndirmək yolunda işlərə başlamışdı. Ölkə mətbuatında "köhlən atlar”ın "qaraladığı” futbolçular arasında "Olimpiakos”un azərbaycanlısı da göstərilirdi. Bu xəbər ölkəmizin futbol ictimaiyyəti tərəfindən nə qədər sevinclə qarşılansa da, sonradan bu iddiaların söz-söhbətdən başqa bir şey olmadığı aşkar oldu. Sən demə, "Qarabağ” "Olimpiakos”un digər futbolçusu, Mərakeş əsilli norveçli Tarık Elyunussinin keçidi üzərində çalışırmış. Elə sonda da məhz Tarık "Olimpiakos”dan icarəyə götürülür.
Millidə uğurlu debüt
Kərim İran millisində çox erkən, cəmi 19 yaşında debüt edib. 2009-cu ilin noyabrında, İslandiya ilə Tehranda keçirilən yoldaşlıq görüşündə əsas yığmada debüt edən Ansarifard, bunu qolla qeyd edib. 2011-ci ilin yanvarında Asiya kubokunda Şimali Koreya ilə matçda (1:0) da fərqlənən Kərim, İran yığmasının bu turnirdə fərqlənmiş ən gənc futbolçusu olur. Ansarifard artıq dünya çempionatının final mərhələsində çıxış etmək imkanı da qazanıb. 2014-cü ildə yığmanın baş məşqçisi Karluş Keyruşun etimadını qazanan Kərim, Braziliyada keçirilən mundiala yollanan heyətə daxil edilir. O, Bosniya və Herseqovina ilə qarşılaşmada DÇ-nin final mərhələsində ilk oyununu keçirir. Ümumilikdə isə azərbaycanlı hücumçu İran yığmasında keçirdiyi 61 oyunda 16 qol vurub.

Oyun tərzi, kumirləri
Hər bir uşağın gələcəkdə bənzəmək istədiyi kumiri olur. Kərimdə isə bu insan həmyerlisi Əli Daei olub. Uşaq vaxtından bu hücumçunun oyununa baxaraq böyüyən Ansarifard, onun bəzi oyun keyfiyyətlərini də mənimsəyib. Təsadüfi deyil ki, İranda da Kərimə "yeni Əli Daei” kimi baxanlar az deyil. Bu bənzətmənin səbəbi isə heç də iki futbolçunun ərdəbilli olması deyil. Ansarifard hər nə qədər Əli qədər bombardirlik bacarığı nümayiş etdirməsə də, onda elə Daeinin özünün düşündüyü kimi, hücumçuya xas bütün keyfiyyətlər var. 1,83 m boya malik olan Kərim, hava mübarizələrində effektlidir. İri cüssəsi onun taran tipli hücumçu kimi formalaşmasına yardımçı olub. Hər iki ayağından eyni dərəcədə istifadə etməyi bacaran Ansarifardın doğma mövqeyi hücumun sivri ucudur. Lakin bəzi oyunlarda onu vinger kimi də görmək mümkündür.
Portret

Kərimin artıq 28 yaşı var. O, çox güman ki, millidə vurduğu qolların sayına görə Əli Daeiyə çata bilməyəcək. Ancaq bu o demək deyil ki, Ansarifard İran futbolunda iz qoymayacaq. Futbol ənənəsi ilə seçilməyən Ərdəbildən Yunanıstan nəhəngi "Olimpiakos”a kimi yüksələn azərbaycanlı futbolçu, İran millisinin əsas heyət üzvlərindən birinə çevrilib. Bunda onun əzmkarlığı əsas rol oynayıb. Ancaq Ansarifard İran futbolunda iz qoymaq üçün Daeinin kölgəsindən xilas olmalıdır. Rusiyadakı mundial isə bu baxımdan onun üçün yaxşı fürsət olacaq. Dördilliyin ən möhtəşəm futbol turnirində Mərakeş, İspaniya və Portuqaliyaya vuracağı qollar Kərimi İranın yeni qəhrəmanına çevirə bilər.
Elnur

banner

Oxşar Xəbərlər