• cümə axşamı, 25 aprel, 12:55
  • Baku Bakı 23°C

Dünya bu avtomobillərdən imtina edirsə...

11.02.20 10:37 2862
Dünya bu avtomobillərdən imtina edirsə...
Ekspertlər deyir ki, elektromobillərin ölkəyə gətirilməsi və istismarı təşviq edilməlidir

İngiltərə hökuməti havanın çirklənməsi və qalıq yanacaq tullantılarının azaldılması üçün 2035-ci ildən gec olmayaraq benzin, dizel və hibrid nəqliyyat vasitələrinin satışına qadağa qoyulacağını elan edib. İlk dəfə həm elektrik, həm də benzinlə işləyən hibrid nəqliyyat vasitələrini də yasaq siyahısına daxil edən London rəhbərliyi infrastrukturunun hazır olacağı təqdirdə, yasaq tarixinin daha da irəli çəkiləcəyini bildirib. "Bir ölkə olaraq, bir cəmiyyət olaraq, bir planet olaraq, bir canlı olaraq hərəkət etməli olduğumuzu bilirik", - bu sözləri Baş nazir Boris Conson Birləşmiş Millətlər Təşkilatının noyabrda Şotlandiyanın Qlazqo şəhərində keçiriləcəyi planlaşdırılan İqlim Dəyişikliyi Konfransının (COP26) tanıtım toplantısında deyib. Böyük Britaniya istixana qazı tullantılarının emissiyasını 2050-ci ilə qədər sıfıra endirmək öhdəliyi götürüb. İngiltərə Mühərrik İstehsalçıları və Ticarətçiləri Assosiasiyasının məlumatına görə, 2018-2019 arasında elektrikli nəqliyyat vasitələrinin sayı 144 faiz artıb.
Bəs digər Avropa ölkələrində məsələyə münasibət necədir? Almaniyada 2030-cu ilə qədər 1 milyon elektrikli vasitə şarjcihazı olmalıdır. Avropa Birliyi 2030-cu ilədək karbon tullantılarının atılmasını 40 faiz azaltmağı hədəfləyir. Dünyanın ondan çox ölkəsi 10-12 il ərzində benzin və dizel avtomobili satışını azaltmağı planlaşdırdıqlarını açıqlayıb. Fransa 2040-cı ilədək qalıcı yanacaqla işləyən nəqliyyat vasitələrinin satışına qadağa qoymağı və bütün dizel avtomobillərini yollardan kənarlaşdırmağı planlaşdırır. Norveç parlamenti 2025-ci ilə qədər bütün nəqliyyat vasitələrinin sıfır tullantılara sahib olacağı bir hədəf təyin edib.
Görünən odur ki, Avropanın əksər ölkələri avtomobil bazarı ilə bağlı bu prosesi seçiblər. Bəs Azərbaycanda durum necədir? Avropada gedən bu proses nəzərə alınırmı? Yerli avtomobil bazarı bu prosesə hazırdırmı?
Avtomobil məsələləri üzrə ekspert Eyyub Əliyev qeyd etdi ki, yerli avtomobil bazarında elektromobillərə böyük maraq var. Amma birdən-birə benzin və dizellə işləyən avtomobilləri tamamilə bazardan çıxara bilmərik: "Nəzərə almaq lazımdır ki, Azərbaycan da Avropa təcrübəsini paylaşır. Yəni Avropa bu ənənədən imtina edirsə, biz də bu prosesdən geri qalmayacağıq. Əslində elektromobillərə yönəlmək daha məqsədəuyğundur. Həm ekoloji təmizlik, həm də qənaətcillik baxımından bu keçid mühümdür. Bu mənada hesab edirəm ki, irəli sürülən təklif yüksək qiymətləndirilməlidir. Elektromobillərə Azərbaycandada böyük tələbat var. Bu barədə sorğu keçirərkən gördük ki, insanların bu avtomobilə marağı artıb. Artıq hər kəs dizel və benzinlə işləyən avtomobillərdən imtina etmək istəyir. Lakin bazardan benzin və dizellə işləyən avtomobillərin çıxarılması bir qədər vaxt tələb edir. Bizim üzv olduğumuz Avtomobil Dilerləri Assosiasiyasında bu barədə müxtəlif təkliflər hazırlanır. Hələlik köhnə avtomobillərin dövriyyədən çıxarılaraq üçüncü ölkələrə satılması haqda fikirlər səsləndirilir. Həmçinin digər versiyalar haqda da düşünülür. Amma təbii ki, bunun üçün müəyyən vaxt tələb olunur. Birdən-birə bazardan bu qədər maşını çıxarmaq mümkün deyil. Hər kəsi qısa müddətdə elektromobilə yönəltmək olmaz. Hibrid avtomobillər yerli maşın bazarında kifayət qədərdir. Müxtəlif markalı avtomobillərin hibrid versiyaları bazarda çoxdur. Bu keçid dövrünü geridə qoyub benzinlə işləyən avtomobillərdən tamamilə imtina edilməsi üçün ən azı 5-6 il vaxt tələb olunur”.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyir ki, atmosferə buraxılan zərərli qazlar səbəbindən ekoloji tarazlığın pozulması bir sıra inkişaf etmiş dövlətləri və beynəlxalq təşkilatları narahat edir: "Bu məsələ ilə bağlı müxtəlif fikirlər və təkliflər səsləndirilir. Bir çox ölkələrdə ənənəvi daxili yanma mühərriki ilə çalışan avtomobillərin istismarı artıq qadağan olunmağa başlayıb. İlk dəfə olaraq Norveç benzin və dizellə işləyən avtomobillərin istismarına qadağa qoyub. 2020-ci ilin sonuna qədər bu ölkədə təqribən 400 minə qədər elektromobil istifadəyə veriləcək. 2025-ci ilə qədər isə yalnız ekoloji təmiz avtomobillərə keçid prosesi başa çatacaq. Digər Avropa ölkələrində də elektromobillərə keçid prosesi başlayıb. Azərbaycan da bu məsələdə fəal iştirak etməlidir. Düşünürəm ki, ekoloji təmiz avtomobillərin ölkəyə gətirilməsi, istismarı və hətta istehsalı prosesi zamanla olacaq. Artıq bu istiqamətdə müəyyən addımlar atılır. Sadəcə olaraq bu avtomobillərin ölkəyə gətirilməsi və istismarı təşviq edilməlidir. Qonşu ölkə Gürcüstanla müqayisədə biz xeyli geridəyik. Hər gün gömrükdən dizel yanacağı ilə işləyən avtomobillər ölkəyə gətirilir. Bu avtomobillər ekologiyaya və insan sağlamlığına ciddi zərbə vurur. Hazırda Azərbaycanda ekoloji təmiz avtomobillər satılır. Bu avtomobillər dilerlər tərəfindən ölkəyə gətirir. Sadəcə, vətəndaşlar bu avtomobillər ala bilmir. Ümid edirəm ki, bu sahədə stimullaşdırıcı tədbirlər görüləcək”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər