• cümə, 29 Mart, 19:38
  • Baku Bakı 14°C

Dünya birliyi ABŞ-ı ittiham edir

13.12.14 11:06 1076
Dünya birliyi ABŞ-ı ittiham edir
Dünya ölkələri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 2001-ci il terror hadisələrindən sonra həyata keçirdiyi sorğu-sual metodlarının şokunun təsiri altındadır. Əksər dövlətlər Amerikanı insan haqlarını pozmaqda günahlandırır. Məsələn, Çinin Xarici İşlər Nazirliyi Amerikanı hakim mövqeyində çıxış etməkdə ittiham edib. Rusiya və Pakistan da tənqidlərə səs verərək, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin dindirmə texnikasını beynəlxalq qanunlara zidd adlandırıb.
Böyük Britaniyanın baş naziri Devid Kemeron ABŞ xüsusi xidmət orqanlarının işgəncə metodlarından istifadə etməsini pisləyib. Kemeron qeyd edib ki, şübhəli şəxslərin dindirilməsi zamanı qadağan olunmuş metodlardan istifadə mənəvi nüfuzun itirilməsi baxımından təhlükəlidir: “Mənəvi dəyərlərimizdən imtina etsək, beynəlxalq terrorizm və ekstremizmlə mübarizədə qalib gələ bilməyəcəyik”. Türkiyənin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda isə bildirilir: “Senatın MKİ-nin məxfi həbsxanalarında işgəncə faktları ilə bağlı hesabatından bəlli olur ki, ABŞ insan haqlarını kobud şəkildə pozub. İnsan hüquq və azadlıqlarına əməl edilməsi müasir demokratiyanın başlıca prinsiplərindən biridir. Bununla bağlı hesabatda praktiki olaraq heç bir şey yoxdur”. Bəyanatda qeyd edilir ki, qanunu və beynəlxalq hüquq normalarını pozanlar öz cəzalarına çatmalıdırlar: “Türkiyə gələcəkdə bu kimi cinayətkar halların baş verməməsinə çağırış edir”.
Öz növbəsində, ABŞ prezidenti Barak Obama biznes nümayəndələri ilə görüşdə Mərkəzi Kəşfiyyat İdarəsində işgəncələr haqqında əvvəllər dərc olunmuş məruzəni şərh etməkdən imtina edib. Senatın kəşfiyyat üzrə komitəsi çərşənbə axşamı 6 min səhifədən ibarət olan məruzədən 500-dən artıq səhifəni açıqlayıb. Burada prezident Corc Buş zamanında MKİ-də bir sıra sui-istifadə halları, o cümlədən işgəncələr, hakimiyyət və cəmiyyətə dezinformasiya ötürülməsi, həmçinin terrorizmdə şübhəli bilinən ən azı 26 nəfərin qanunsuz saxlanılması barədə bildirilir. Çərşənbə axşamı, Senatda məruzə təqdim olunan zaman Obama əvvəlcədən yazılmış videomüraciətdə bildirib ki, “xüsusi xidmət orqanlarının bəzi metodları amerikalıların mənəvi dəyərlərinə ziddir”. Həmin gün Ağ Evin və Dövlət Departamentinin mətbuat xidmətləri gündəlik brifinqləri təxirə salıblar.
Əfqanıstan prezidenti Əşrəf Qani də bildirib ki, MKİ-nin sərt istintaq proqramı dünyada qəbul olunmuş bütün insan haqları normalarına ziddir. Bir çox digər dünya liderləri kimi, Qani də idarənin “Əl-Qaidə” şübhəliləri ilə rəftarını pisləyib. Bu ilin sentyabrında prezident seçilmiş Qani mətbuat konfransında hesabatı “sarsıdıcı” adlandırıb: “Dünyada bu cür hərəkətlərə və insanların işgəncəyə məruz qalmasına heç bir bəraət yoxdur”. Qani ABŞ həbsxanalarında neçə əfqanın işgəncəyə məruz qaldığının araşdırılacağına söz verib.
Proqramla bağlı ABŞ Senatının hesabatında deyilir ki, sərt üsullar gizli planları aşkarlayacaq məlumatın əldə olunmasına gətirib çıxarmayıb. Hesabatda, həmçinin idarənin 2001-2007 proqramı ilə bağlı siyasətçiləri və ictimaiyyəti yanıltdığı qeyd olunur. MKİ isə 11 sentyabr 2001-də baş verən hücumlardan sonrakı fəaliyyətini müdafiə edərək bildirib ki, onlar insanların həyatını xilas ediblər.
Polşanın keçmiş prezidenti Aleksander Kvasnevski ilk dəfə olaraq etiraf edib ki, onun ölkəsi gizli həbsxanalarda MKİ məhbuslarını saxlayıb. Bildirib ki, o, 2003-cü ildə həbsxanalarda sərt dindirmə üsullarına son qoyulması ilə bağlı ABŞ-a təzyiqlər göstərib: “Mən Buşa dedim ki, bu əməkdaşlığa son qoyulmalıdır və son qoyuldu da”. Terrorçuluqda şübhəli şəxslərin dindirilmə üsulları barədə əvvəlcədən tənqid olunacağı güman edilən hesabatın açıqlanmasından əvvəl ABŞ dünya boyunca öz diplomatik missiyalarının mühafizəsini gücləndirib.
Hesabatın xülasəsindən MKİ-nin dindirmə proqramı ilə bağlı nə kimi məlumat öyrənmək olar? Belə görünür ki, hesabat 3 əsas suala cavab verir: Birincisi, dindirmə üsulları və yaxud da işgəncələr indiyədək zənn edildiyindən daha miqyaslı və amansızmı olub? - Belə görünür ki, bu suala cavab müsbətdir.
İkincisi, işgəncələr həyati əhəmiyyətə malik məlumatların əldə olunmasını təmin edibmi? - Çox güman ki, cavab xeyrdir. Üçüncüsü, MKİ əməkdaşları dindirmə proqramının məqsədləri ilə bağlı Ağ Evə məlumat verərkən tam səmimi olublarmı? – Bu suala da mənfi cavab verilir. Hesabata cavab olaraq vaxtilə MKİ-yə rəhbərlik edən şəxslərdən Senatın kəşfiyyat komitəsinə ünvanlanan tənqidi reaksiyalar, nitqlər və şərhləri gözləmək olar.
Sərt dindirmə proqramı ilə bağlı ABŞ Ədliyyə Nazirliyi tərəfindən keçirilən ilk araşdırma 2012-ci ildə başa çatıb. O vaxtlar heç kəsə ittiham təqdim olunmayıb. Bu, ABŞ hüquq müdafiəçilərinin hiddətli reaksiyasına səbəb olub.
Fox xəbər agentliyinə müsahibəsi zamanı keçmiş vitse-prezident Dik Çeyni deyib ki, bu proqram hücumun məsuliyyətini daşıyanların ələ keçirilməsi və bu kimi hücumlara bir daha yol verilməməsi məqsədi daşıyırdı. O, MKİ-nin Senatın hesabatından sonra tənqid deyil, tərifə layiq olduğunu bildirib. Çeyni proqramda bəzi yanlışlıqlar olduğunu etiraf etsə də, rəsmilərin işgəncələrə yol verilməməsinə çalışdığını deyib. ABŞ-ın sabiq vitse-prezidenti dindirilmə metodlarının gələcək hücumlara yol verilməməsində həyati əhəmiyyət daşıdığını deyib.
“Terrorda şübhəli bilinənlərə qarşı istifadə olunmuş metodlar sanksiyalaşmamış və bəzi hallarda nifrət doğurucudur” - Bu sözləri MKİ-nin direktoru Con Brennan dekabrın 11-də mətbuat konfransında deyib. Bununla belə, Brennan idarənin xüsusən də “heç də asan olmayan sualların” ortada olduğu məqamlarda “çox şeyləri düzgün etdiyini” təsdiqləyib.
Kamran
banner

Oxşar Xəbərlər