• cümə, 29 Mart, 17:31
  • Baku Bakı 14°C

Dünya bir pəncərədir... - Fotolar

20.09.17 12:00 4904
Dünya bir pəncərədir... - Fotolar
Bu il Azərbaycan kino aktyoru, teatr rejissoru, hüquqşünas, Azərbaycan Teatr Cəmiyyətinin (1960) və Respublika Kinematoqrafçılar İttifaqının üzvü (1961) Əkbər Fərzəliyevin 85 yaşı tamam olur. "Azərbaycan kinosu. Ensiklopedik lüğət”də bu sənətkar haqqında yazılmışdır: "O, Azərbaycan Pedaqoji İnstitutunda oxumuş, 1971-ci ildə indiki Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1956−1961-ci illərdə "Azərbaycanfilm” kinostudiyasında aktyor, 1960−1961-ci illərdə rejissor assistenti işləmişdir. 1963-cü ildə Qusar rayonunda ilk dəfə Ləzgi Xalq Teatrını təşkil etmiş, həmin ildən teatrın rejissoru, 1965−1970 ci illərdə Qusar rayon Mədəniyyət evinin direktoru vəzifələrində çalışmışdır.

Ə.Fərzəliyev "Bəxtiyar” (1955), "O olmasın, bu olsun” (1956), "Qızmar günəş altında” (1957), "Koroğlu” (1960), "Mollanın sərgüzəşti” (1960), "Bizim küçə” (1961) və s. filmlərdə irili-xırdalı rollarda çəkilmişdir. Pyesləri rayon teatr səhnəsində oynanılmışdır. Qusar şəhərində Ə.Fərzəliyevə büst qoyulmuşdur.”

On bir sətirdən ibarət bu ensiklopedik məlumatın arxasında isə 67 illik ömrünün 40 ildən artıq dövrünü Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafına həsr etmiş bir insanın dolğun və mənalı həyat yolu durur. Əkbər Fərzəliyev 1999-cu il mayın 15-də ağır xəstəlikdən sonra vəfat etmişdir.

Əkbər Fərzəliyev mərd adam idi, onun fikirləri ilə əməlləri üst-üstə düşürdü. Böyüklərə, xüsusilə valideynlərə hörmət onun üçün ən ümdə məsələ idi. Ləzgi xalqının iki nümayəndəsi – kino aktyorlarından Arif Mirzəquliyev və Əkbər Fərzəliyev üçün ata sözündən çıxmaq valideynlərə xəyanət etmək demək idi.

A.Mirzəquliyev ilk dəfə kinoya 1955-ci ildə "Görüş” filmində çəkilmiş və Kamil obrazını yaratmışdı. 1956-cı ildə isə o, "O olmasın, bu olsun” kinokomediyasında Sərvər rolunu ifa etmişdi. Atası rəhmətə getməmişdən əvvəl onu aktyor yox, həkim görmək istədiyini bildirmişdi. O vaxtı A.Mirzəquliyev Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alırdı. Gənc aktyor təhsilini yarımçıq qoyub Bakıya qayıdır və Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olur. O, ömrünün sonuna kimi poliklinikada nevropatoloq vəzifəsində çalışır.

Ə.Fərzəliyev isə atasının arzusu ilə Azərbaycan Pedaqoji İnstitutunu yarımçıq qoyub Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olur. Müsahibələrinin birində ona verilən "Nə üçün aktyorluğu atıb hüquqçu oldunuz?” sualına belə cavab vermişdi: "Valideynlərimin vəsiyyəti ilə hüquqçu oldum. Onlar məni bu sahədə görmək istəmişdilər. Bu iki sahədə elə bir fərq görmürəm. Aktyor həyatın qanunauyğunluqlarını, keçmişləri bugünkü nəslə qaytarır, bu günü olduğu kimi tərənnüm edib yaşadır. Hüquqçu isə insan zəkasının əməyi olan qanunları qoruyur.”

Əkbər müəllim Qusara qayıtdıqdan sonra mədəniyyət sahəsində də xeyli işlər gördü. Yuxarıda adlarını çəkdiyim vəzifələrdən başqa o, Qusar rayon Mədəniyyət Evinin direktoru olarkən gənc kadrların hazırlanmasında böyük əməyi olmuşdur.

Azərbaycanın əməkdar mədəniyyət işçisi R.Qaraxanov "O, Mixaylo roluna dəvət olunmuşdu” məqaləsində yazmışdır: "1966−1967-ci illərdə Əkbər Fərzəliyevin rəhbərliyi altında rayon mədəniyyət evinin nəzdində təşkil olunmuş "Ləzgi mahnı və rəqs ansamblı” Bakıda respublika festivalında I yeri tutmuş, dəfələrlə Moskvada və SSRİ-nin müxtəlif bölgələrində qastrollarda olmuş, diplom və fəxri fərmanlar almışdır. Həmin dövrdə rayon xalq teatrının səhnəyə qoyduğu "Qisas” tamaşası özfəaliyyət incəsənəti festivalının laureatı olmuşdur.

Əkbər müəllimin bilavasitə rəhbərliyi ilə 1969−1971-ci illərdə "30 qəpik cərimə”, "Müqtədir”, "Dağlar şahiddir” əsərləri səhnələşdirilərək tamaşaçılara təqdim edilmişdir. Rayon xalq teatrına rəhbərlik etdiyi dövrdə Əkbər Fərzəliyev "Uzaq sahillərdə” filminin rejissoru tərəfindən əfsanəvi qəhrəman Mixaylo roluna çəkilməyə dəvət almışdı...”

Əkbər müəllim cavanlığında qəhrəman Mehdi Hüeynzadəyə çox oxşayırdı. Sınaq çəkilişlərindən çıxmış aktyorlar arasında bu rola real namizəd həqiqətən Ə.Fərzəliyev idi. Lakin rejissor T.Tağızadənin Moskvada teatr aktyoru Nodar Şaşıqoğlu ilə görüşü vəziyyəti dəyişdi...

Mədəniyyət və incəsənət xadimi Əkbər Fərzəliyevin kino fəaliyyəti çox maraqlı və yaddaqalan olub. O, təqaüdə çıxandan sonra "Mənim kino xatirələrim”adlı memuarını qələmə almışdır. Həmin memuarın Azərbaycan kino tarixinə işıq saldığını və oxucular üçün maraqlı olacağını nəzərə alıb onu qəzetimizin səhifələrində dərc edirik:
"Bəxtiyar”
Kinoya ilk gəlişim təsadüfi olub, 1955-ci ildə bir qrup tələbə yoldaşımla kinostudiyada çəkilən "Bəxtiyar” filmində kütləvi səhnələrdə çəkilmək üçün dəvət olunmuşduq. Sevincimdən sanki uçurdum. Kino ekranında özümü görmək mənə qəribə və ecazkar gəlirdi.

Bizi aparan avtobus çil-çıraqla bəzədilmiş, uzununa stollar düzülmüş bir bağa çatanda düşdük. Projektorların göz qamaşdıran işıqları, çəkiliş texnikası adamı heyrətə gətirirdi. Maşınlar uğuldayır, iri reproduktorlardan Rəşid Behbudovun mahnıları səslənir, xidməti işçilər ora-bura qaçır, rejissor ruporla onlara müxtəlif göstərişlər verirdi. Bu qarmaqarışıqlıqda bizə diqqət yetirən də yox idi. Bir az sonra çəkiliş meydanına yan alan "Volqa” maşınından Rəşid Behbudov düşdü. Dahi sənətkarın gəlişi ilə gurultulu alqışlar qopdu... Rəşid bəyə o dəqiqə kreslo təqdim edib oturtdular, başı üstündə çətir qurdular.

Bir xeyli keçmiş dizel motorları işə düşdü, projektorlar yandırıldı, arxada kolluğu tüstülətdilər, yenə də Rəşidin mahnıları səsləndi.

Rejissor mərhum Lətif Səfərov bütün meydançaya komanda verdi: "İşıq! Fonoqram! Motor! Buyur "qoca”! Rəşid bəy radio ilə sinxron qaydada oxuduqca operator Arif Nərimanbəyov karetkası ilə xırda qoşa relslərin üstü ilə yeriyən və kino çəkən aparatdan Rəşidi müşayiət edir, biz isə stolların arxasından ayağa qalxıb ona əl çalırdıq. Böyük kino ilə ilk tanışlıq günü belə keçdi, axşamüstü adımızı, soyadımızı qeydə aldılar ki, hərəmizə əmək haqqı olaraq 3 manat pul versinlər.

Mənim kino sənətinə yoluxmağım belə başladı.

Bir müddətdən sonra fotoqraf dostum Ardaş məni Azərbaycan Dövlət Dram Teatrına apardı. Sən demə, Ardaş axşamlar burada kütləvi səhnələrdə çıxış edir və məvacib alırdı. Məni də qəbul etdilər. Hər axşam tamaşadan qabaq teatra gedib rejissorun göstərişinə əsasən paltarımızı geyinib kütləvi səhnələrdə çıxış edirdik. İlk dəfə burada teatr sənətimizin dahiləri Mirzəağa Əliyev, Sidqi Ruhulla, Ağasadıq Gəraybəyli, Əjdər Sultanov, Rza Əfqanlı, Məlik Dadaşov, Leyla Bədirbəyli, Barat Şəkinskaya, Mərziyə Davudova, Məhluqə Sadıqova, Möhsün Sənani və başqalarını gördüm. Onlarla salamlaşmağı, çay stolu arxasında oturmağı özümə böyük fəxarət sayırdım. Çox keçmədi ki, indiyə kimi dostluğu davam etdirdiyim görkəmli rejissor Ağakişi Kazımovla, yazıçı-dramaturq Firudin Aşurovla, aktyor Bahadur Əliyevlə dost oldum.

Teatr həyatım da çox çəkmədi. 1956-cı ilin yaz günləri idi. Həsən Seyidbəylinin və İmran Qasımovun "Uzaq sahillərdə” tamaşasını yenicə qurtarmışdıq ki, kinostudiyanın rejissor assistenti Abdulla Vəkilov aktyorlara məxsus giriş qapısına diqqətlə baxırdı. Məni görcək təbəssümlə əlimi tutdu: "Afərin, yaxşı idi.” Mən tutuldum. Sən demə, o, Mehdi rolunun ifaçısı Mahmud Allahverdiyevi mənə oxşatmışdı. Dedim ki, Mahmud indi işdən gəlir. Dedi – yox, sizinlə söhbətim var. Foyenin skamyasında əyləşdik. Abdulla bildirdi ki, kinostudiyada "O olmasın, bu olsun” filmi çəkilir. Xeyli vaxtdır ki, Üzeyir bəy Hacıbəyovun obrazını yaradacaq aktyor axtarırıq.

Abdulla izah etdi ki, filmin gedişatında ssenari müəllifi hadisələri Üzeyir Hacıbəyovun, Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin, Əzim Əzimzadənin müşayiəti ilə göstərir."Siz Üzeyir bəyə çox oxşayırsınız, mümkünsə, sabah gəlin, məni soruşun, sizi quruluşçu rejissor Hüseyn Seyidzadəyə təqdim edim”. Əl verib ayrıldıq.
"O olmasın, bu olsun”
Kinostudiyada Abdulla Vəkilovla qapısının üstündə "O olmasın, bu olsun” sözləri yazılmış kabinetə girdik. Eynək taxmış qarayanız, yaşlı bir kişi mənə əl uzatdı. Bu, mərhum Hüseyn Seyidzadə idi. Mənə diqqətlə baxıb "yoxlama çəkilişinə hazırla” deyib Abdullaya göstəriş verdi.

Abdulla hara isə getdi. Hüseyn müəllim mənə yer göstərərək: "Çox oxşayırsınız” – dedi. Qocaman qrim ustası Parisaşvili Üzeyir bəyin cavanlıq şəklini güzgünün yanında qoyaraq məni ona oxşatmağa səy göstərirdi. Qrimi qurtarıb dörd tərəfdən məni süzüb "gedin” - dedi: "Sizə uğur olsun, elə Üzeyirin özüsünüz”. Abdulla məni əvvəl Hüseyn müəllimin, sonra da fotoqrafın yanına apardı. Şəkillərim çəkildi, sonra təzədən rejissorun yanına qayıtdıq.
Cəlil Məmmədquluzadə rolunda mərhum xalq artisti Rza Əfqanlını, M.Ə.Sabir rolunda Sadıq Salehi, Əzim Əzimzadə rolunda Həsənağa Salayevi tanıdım. Elə ustalıqla qrimlənmişdik ki, bizi həyətdə və küçədə görənlər rollarımızın adlarını dəqiq deyir, arxamızca uzun-uzadı baxırdılar...

Günorta rejissorun icazəsi ilə aktyorlar paltarlı-qrimli "Hökumət evi”nin yeməkxanasına gəldik. Əsrimizin əvvəllərində geyilmiş dikdaban kişi ayaqqabısı, dar şalvarlar ətrafdakıları heyrətə gətirmişdi. Bizə diqqətlə baxırdılar. Onlar o zaman bilmirdilər ki, bizim geydiyimiz və əsrin əvvəlinə aid olan həmin forma əsrin sonunda modaya çevriləcək. Nə isə. Biz kinostudiyaya qayıdanda rejissor mənə bildirdi ki, "sən soyunma, biz Üzeyir bəyin xanımının yanına getməliyik”.

Bəli, o sağ idi və "Kommunist” küçəsindəki (indiki "İstiqlaliyyət”) "monolit” adlanan binada yaşayırdı. Hüseyn müəllim, mən və başqa bir nəfər maşına oturub yola düşdük.

Qulluqçu bizi içəri dəvət etdi. Hüseyn müəllim rusca məni təqdim etdi. Qarı üzümə diqqətlə, oxu linzası ilə baxıb: "Doğrudan da Üzeyirimi mənə pay gətirmisiniz” - dedi. Onların evindəki şəkillərin əksəriyyətində mənim oxşar cizgilərim hiss olunurdu.

Biz çıxanda qarı mənə uğurlar dilədi. Axşam kinostudiyadan qayıdanda artıq gün batırdı. Mən özümdən razı halda evə gəldim. Kino ürəyimi sakit buraxmırdı. Özümdən biixtiyar məni özünə çəkirdi.

Səhər kinostudiyanın həyətini tanımaq olmurdu, burada böyük bir bazar qurulmuşdu. Bu, həmin bazar idi ki, qoçu Əsgəri oradan qovacaqdılar. O gün mənim üçün çox maraqlı bir görüş oldu. "O olmasın, bu olsun”da Sərvər rolunun ifaçısı Arif Mirzəquliyevlə tanış olduq. Sən demə, Arif Qusar rayonunun Uqur kəndindən həkim Tayıb Mirzəquliyevin oğlu idi. Ləzgicə, azərbaycanca, sonra rusca danışdıq (anası rus idi). Arif elə yaxşı qrimlənmişdi ki, lap qıza oxşayırdı. O, həyatda da gözəgəlimli idi. Söhbətimiz əsnasında başa düşdüm ki, Arif həm də "Görüş” filmində baş rolu oynayıb.

Rejissor köməkçisi Ramiz Əliyev məni pavilyona dəvət etdi. Pavilyonda Əzim Əzimzadənin o vaxtkı kabinetinin dekorasiyası qurulmuşdu. Kostyumumu geyinib qrim emalatxanasına girdim, yarım saatdan sonra çəkilişə hazır vəziyyətdə gözləyirdik. Filmin quruluşçu reissoru Hüseyn Seyidzadə nəinki Azərbaycanda, hətta o vaxtkı SSRİ-də tanınmış sənətkar idi.

O, ssenari ilə gələndə mən ayağa durdum. Xeyli mənə diqqət yetirib oturdu. Uzun-uzadı ssenarini varaqlayıb oxudu, işçiləri ilə söhbət keçirdi, papiros çəkdi.

Hüseyn Ərəblinskinin rolunu ifa edən adlı-sanlı bəstəkar Ramiz Mustafayev çəkilişə gecikdiyindən araya sakitlik çökmüşdü. Ramiz müəllim tez-tələsik paltarını geyinib qrim etməyə getdi. O gələnə kimi dekorlar yenidən yoxlandı, işıqlandırıldı və rekvizitlər yenidən nəzərdən keçirildi.

Çəkiliş meydançası hazır olanda quruluşçu rejissora məlumat verdilər və çəkiliş başlandı. İlk xoşuma gələn o oldu ki, burada hər kəsin öz fəaliyyət dairəsi var idi, hər kəs öz işi üçün böyük məsuliyyət daşıyırdı. Bütün bunlar ondan irəli gəlirdi ki, filmin çəkilişi üçün ayrılmış vəsait (adətən o vaxtkı hesabla 1,5 milyon manat) qənaətcil sərf edilsin. Axı işığa, dekorasiyaların qurulmasına, kostyum və rekvizitlərin hazırlanmasına, 40 nəfərə qədər işçi heyətinə və nəhayət, aktyorlara əmək haqqı ödənilməsinə astronomik məbləğlər sərf olunurdu. Məsələn, o zaman yüksək dərəcəsi olan xalq artistlərinə hər çəkiliş günü üçün 55 manat, birinci dərəcəsi olanlara 40 manat, ikinci dərəcəsi olanlara 20 manat və ən aşağısı 3,7, 15 manat və s. ödənilirdi. Kino stavkalı aktyorlar 5 qrupa bölünürdü. Doğrusu, mən kinoya çəkilmək üçün məmnuniyyətlə öz cibimdən xərc çəkməyə hazır idim. Ona görə də nə qədər alacağımla maraqlanmırdım da. Sonradan bildim ki, mənim hər çəkiliş günümə 13,5 manat hesablayıblar. Bəli, sonralar Respublika Mədəniyyət Nazirliyinin kollegiyası mənə 1-ci kateqoriya 2-ci qrup kino aktyoru stavkası təyin etmişdi. Mənimlə çox maraqlanırdılar. Üç uşaq atası olduğumu biləndə heyrətə gəldilər.
Ardı olacaq...

Aydın Kazımzadə,
əməkdar incəsənət xadimi





banner

Oxşar Xəbərlər