• cümə, 19 Aprel, 19:02
  • Baku Bakı 24°C

Dünya Bankının Azərbaycan iqtisadiyyatı ilə bağlı nikbinliyi

11.01.18 10:30 2114
Dünya Bankının Azərbaycan iqtisadiyyatı ilə bağlı nikbinliyi
Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində bu sahədə ilbəil artım müşahidə olunmaqdadır. Ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmaq istiqamətində atılan addımlar qeyri-neft sektorunu daha da canlandırıb. İqtisadi sahədə aparılan islahatlar heç şübhəsiz, dünyanın bir çox maliyyə qurumları, o cümlədən beynəlxalq təşkilatları tərəfindən izlənilir və proqnozlar verilir.Beynəlxalq maliyyə təşkilatlarından biri olan Dünya Bankının yaydığı "Qlobal İqtisadi Perspektivlər” adlı hesabata əsasən, 2016-cı illə müqayisədə 2017-ci ildə Azərbaycanda zəif templə də olsa, iqtisadi geriləmə qeydə alınıb. Dünya bazarında 2014-2016-cı illərdə neftin qiymətinin aşağı düşməsi ölkə iqtisadiyyatına təsir edib, bank sektorunda problemlər yaradıb. Buna baxmayaraq, neft sektorunda artım müşahidə olunur, investisiyaların həcmi böyüyür.Hesabat müəllifləri 2018-ci ildə Azərbaycanda ümum daxili məhsulun (ÜDM) 0,9 faiz artacağını proqnozlaşdırır. DB daha öncəki hesabatında buna əsas səbəb kimi "Şahdəniz-2" layihəsinin işə düşməsini göstərib. 2019-cu ildə isə ÜDM-in 1,5 faiz artacağı bildirilir. Həm də qeyd edilib ki, 2018-2020-ci illərdə Azərbaycanda iqtisadi artım 2,6 faiz təşkil edəcək.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Tahir Mirkişili bildirdi ki, Dünya Bankı əvvəllər açıqladığı proqnozları yeniləyib: "Hələ 2017-ci ilin ortalarında Dünya Bankının proqnozlarında 2018-ci il üçün Azərbaycan iqtisadiyyatının 0,6 faiz artacağı açıqlanmışdı. Bu beynəlxalq qurum artıq proqnozları yenilədi və 0,9 faiz artım olacağını göstərdi. Amma qeyd edim ki, Dünya Bankından əvvəl də bir çox beynəlxalq təşkilatlar öz proqnozlarını açıqlamışdılar. Bildiyimiz kimi, "Standart and Poors” agentliyi Azərbaycan iqtisadiyyatının 2 faiz, BMT isə 1,9 faiz artacağını proqnozlaşdırıb. Eyni zamanda, Azərbaycan hökuməti də 2018-ci ildə ümum daxili məhsulun 1,5 faiz həcmində artacağını proqnozlaşdırıb və bu da dövlət büdcəsində öz əksini tapıb”.

T.Mirkişili əlavə etdi ki, Azərbaycan iqtisadiyyatında artımın proqnozlaşdırılması konkret hesablamalara əsaslanır: "Bunlar əsasən ölkədə qeyri-neft sektorunun 2018-ci ildə ümum daxili məhsulda payının 70 faizi keçməsi, Azərbaycanda ixracla idxal arasındakı fərqin getdikcə daha çox artması, o cümlədən xarici ticarət dövriyyəsində artımın müşahidə olunması, eləcə də neft sektorunda bu il ərzində Azərbaycan qazının Türkiyə bazarına çatması və ildə 6 milyard kub metrdən çox mavi yanacağın ixracı ilə bağlı əldə olunacaq gəlirlərlə bağlıdır. Bundan başqa, istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmiryolu ilə yüklərin və sərnişinlərin daşınmasının başlanması və buradan Azərbaycanın əldə edəcəyi gəlirlər, o cümlədən 2017-ci ildə həyata keçirilən islahatların 2018-ci ildə konkret nəticələr verəcəyi ilə bağlı gözləntilər məhz onu deməyə əsas verir ki, bütün beynəlxalq təşkilatlar və eyni zamanda Azərbaycan hökumətinin bu il iqtisadiyyatda gözlədikləri artım proqnozu reallığı əks etdirir”.

İqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu da daxil olmaqla, beynəlxalq maliyyə qurumları tez-tez proqnozlarını dəyişirlər: "Bu proqnozlar bəlkə də qısa müddətdə aktual görünə bilər. Amma orta və uzun müddətli dövrdə əksər hallarda bu proqnozlar özünü doğrultmur. Məsələn, ötən il Dünya Bankının hazırladığı qlobal hesabatda Azərbaycanda 2018-ci ildə iqtisadi artımın 0,6 faiz olacağı açıqlanıb. Lakin üç ay sonra bu beynəlxalq qurum mövcud proqnozu 0,9 faizlə əvəzlədi. Yəni, əslində baş verən proseslərin proqnozlaşdırılması heç də o demək deyil ki, bu, mütləq olacaq. Azərbaycan iqtisadiyyatının artımı ilə bağlı proqnozlar doğrudur. Əsas məsələ ondan ibarətdir ki, bu gün Dünya Bankı da, Beynəlxalq Valyuta Fondu da, Asiya İnkişaf Bankı da daxil olmaqla, bütün qlobal maliyyə qurumları 2018-ci ildə Azərbaycanda iqtisadi inkişafın olacağını deyib. Yəni, əsas trendin özü qiymətləndirilməlidir. Rəqəmlər isə düşünürəm ki, il ərzində bir neçə dəfə dəyişəcəkdir. Strateji yol xəritələrinin həyata keçirilməsi prosesinin ümum daxili məhsulda yaradacağı əlavə imkanlar, eyni zamanda Dünya Bankının son hesabatında qeyd olunduğu kimi "Şahdəniz-2” layihəsinin istismara verilməsi ilə bağlı Azərbaycan iqtisadiyyatında ehtimal olunan canlanma, Bakı-Tbilisi-Qars dəmiryolunun tranzit daşımaları sektorunda əlavə dəyərin yaradılmasına imkanların formalaşdırılması, digər tərəfdən, dövlət büdcəsinin infrastruktur xərclərinin iki dəfəyə yaxın artırılması yolu ilə tikinti sektorunun canlandırılması 2018-ci ildə artıq iqtisadi dinamikanın müsbətə doğru yönəlməsini təmin edəcəkdir”.

R.Həsənovun sözlərinə görə, 2017-ci il Azərbaycan iqtisadiyyatı üçün sabitləşmə ili hesab oluna bilər: "Yəni, bir sıra makro göstəricilərə görə, infilyasiya kifayət qədər yüksək oldu. Manatın məzənnəsində müəyyən qədər sabitləşməni müşahidə etdik. 2018-ci ildə isə ümumi daxili məhsulda inkişafın olacağını düşünürəm. Yeri gəlmişkən, onu da qeyd edək ki, Azərbaycan hökuməti də 2018-ci il üçün iqtisadi artım proqnozlaşdırır. Burada əsasən qeyri-neft sektoru üzrə iqtisadi artımlar 2,9 faiz nəzərdə tutulub. Neft iqtisadiyyatı üzrə isə hasilatın azalması fonunda, kiçilmə müşahidə olunacaqdır. Amma buna baxmayaraq, qeyri-neft iqtisadiyyatının 2,9 faiz böyüməsi, ümumilikdə ölkə üzrə iqtisadi artım tempinin 1,5 faiz səviyyəsində olmasını şərtləndirəcək. Hazırda isə bir məsələ həqiqəti əks etdirir ki, Azərbaycan iqtisadiyyatı 2018-ci ildə artacaqdır. Amma konkret göstəricilər haqqında nə isə demək çox çətindir”.

Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər