Dünya Bankının Azərbaycan iqtisadiyyatı ilə bağlı nikbinliyi
Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi islahatlar
nəticəsində bu sahədə ilbəil artım müşahidə olunmaqdadır. Ölkə iqtisadiyyatının
neftdən asılılığını azaltmaq istiqamətində atılan addımlar qeyri-neft sektorunu
daha da canlandırıb. İqtisadi sahədə aparılan
islahatlar heç şübhəsiz, dünyanın bir çox maliyyə qurumları, o cümlədən
beynəlxalq təşkilatları tərəfindən izlənilir və proqnozlar verilir.Beynəlxalq maliyyə təşkilatlarından biri olan Dünya Bankının yaydığı
"Qlobal İqtisadi Perspektivlər” adlı hesabata əsasən, 2016-cı illə müqayisədə
2017-ci ildə Azərbaycanda zəif templə də olsa, iqtisadi geriləmə qeydə alınıb.
Dünya bazarında 2014-2016-cı illərdə neftin qiymətinin aşağı düşməsi ölkə
iqtisadiyyatına təsir edib, bank sektorunda problemlər yaradıb. Buna
baxmayaraq, neft sektorunda artım müşahidə olunur, investisiyaların həcmi
böyüyür.Hesabat müəllifləri 2018-ci ildə Azərbaycanda ümum daxili məhsulun (ÜDM)
0,9 faiz artacağını proqnozlaşdırır. DB daha öncəki hesabatında buna əsas səbəb
kimi "Şahdəniz-2" layihəsinin işə düşməsini göstərib. 2019-cu ildə
isə ÜDM-in 1,5 faiz artacağı bildirilir. Həm də qeyd edilib ki, 2018-2020-ci
illərdə Azərbaycanda iqtisadi artım 2,6 faiz təşkil edəcək.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Tahir Mirkişili bildirdi ki, Dünya
Bankı əvvəllər açıqladığı proqnozları yeniləyib: "Hələ 2017-ci ilin ortalarında
Dünya Bankının proqnozlarında 2018-ci il üçün Azərbaycan iqtisadiyyatının 0,6
faiz artacağı açıqlanmışdı. Bu beynəlxalq qurum artıq proqnozları yenilədi və
0,9 faiz artım olacağını göstərdi. Amma qeyd edim ki, Dünya Bankından əvvəl də
bir çox beynəlxalq təşkilatlar öz proqnozlarını açıqlamışdılar. Bildiyimiz
kimi, "Standart and Poors” agentliyi Azərbaycan iqtisadiyyatının 2 faiz, BMT
isə 1,9 faiz artacağını proqnozlaşdırıb. Eyni zamanda, Azərbaycan hökuməti də
2018-ci ildə ümum daxili məhsulun 1,5 faiz həcmində artacağını proqnozlaşdırıb
və bu da dövlət büdcəsində öz əksini tapıb”.
T.Mirkişili əlavə etdi ki, Azərbaycan iqtisadiyyatında artımın
proqnozlaşdırılması konkret hesablamalara əsaslanır: "Bunlar əsasən ölkədə
qeyri-neft sektorunun 2018-ci ildə ümum daxili məhsulda payının 70 faizi
keçməsi, Azərbaycanda ixracla idxal arasındakı fərqin getdikcə daha çox
artması, o cümlədən xarici ticarət dövriyyəsində artımın müşahidə olunması,
eləcə də neft sektorunda bu il ərzində Azərbaycan qazının Türkiyə bazarına
çatması və ildə 6 milyard kub metrdən çox mavi yanacağın ixracı ilə bağlı əldə
olunacaq gəlirlərlə bağlıdır. Bundan başqa, istifadəyə verilən
Bakı-Tbilisi-Qars dəmiryolu ilə yüklərin və sərnişinlərin daşınmasının
başlanması və buradan Azərbaycanın əldə edəcəyi gəlirlər, o cümlədən 2017-ci
ildə həyata keçirilən islahatların 2018-ci ildə konkret nəticələr verəcəyi ilə
bağlı gözləntilər məhz onu deməyə əsas verir ki, bütün beynəlxalq təşkilatlar
və eyni zamanda Azərbaycan hökumətinin bu il iqtisadiyyatda gözlədikləri artım proqnozu
reallığı əks etdirir”.
İqtisadçı ekspert Rəşad
Həsənov bildirdi ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu da daxil
olmaqla, beynəlxalq maliyyə qurumları tez-tez proqnozlarını dəyişirlər: "Bu
proqnozlar bəlkə də qısa müddətdə aktual görünə bilər. Amma orta və uzun
müddətli dövrdə əksər hallarda bu proqnozlar özünü doğrultmur. Məsələn, ötən il
Dünya Bankının hazırladığı qlobal hesabatda Azərbaycanda 2018-ci ildə iqtisadi
artımın 0,6 faiz olacağı açıqlanıb. Lakin üç ay sonra bu beynəlxalq qurum
mövcud proqnozu 0,9 faizlə əvəzlədi. Yəni, əslində baş verən proseslərin
proqnozlaşdırılması heç də o demək deyil ki, bu, mütləq olacaq. Azərbaycan
iqtisadiyyatının artımı ilə bağlı proqnozlar doğrudur. Əsas məsələ ondan
ibarətdir ki, bu gün Dünya Bankı da, Beynəlxalq Valyuta Fondu da, Asiya İnkişaf
Bankı da daxil olmaqla, bütün qlobal maliyyə qurumları 2018-ci ildə
Azərbaycanda iqtisadi inkişafın olacağını deyib. Yəni, əsas trendin özü
qiymətləndirilməlidir. Rəqəmlər isə düşünürəm ki, il ərzində bir neçə dəfə
dəyişəcəkdir. Strateji yol xəritələrinin həyata keçirilməsi prosesinin ümum
daxili məhsulda yaradacağı əlavə imkanlar, eyni zamanda Dünya Bankının son
hesabatında qeyd olunduğu kimi "Şahdəniz-2” layihəsinin istismara verilməsi ilə bağlı
Azərbaycan iqtisadiyyatında ehtimal olunan canlanma, Bakı-Tbilisi-Qars
dəmiryolunun tranzit daşımaları sektorunda əlavə dəyərin yaradılmasına
imkanların formalaşdırılması, digər tərəfdən, dövlət büdcəsinin infrastruktur
xərclərinin iki dəfəyə yaxın artırılması yolu ilə tikinti sektorunun
canlandırılması 2018-ci ildə artıq iqtisadi dinamikanın müsbətə doğru
yönəlməsini təmin edəcəkdir”.
R.Həsənovun sözlərinə görə, 2017-ci il Azərbaycan iqtisadiyyatı üçün
sabitləşmə ili hesab oluna bilər: "Yəni, bir sıra makro göstəricilərə görə,
infilyasiya kifayət qədər yüksək oldu. Manatın məzənnəsində müəyyən qədər sabitləşməni
müşahidə etdik. 2018-ci ildə isə ümumi daxili məhsulda inkişafın olacağını
düşünürəm. Yeri gəlmişkən, onu da qeyd edək ki, Azərbaycan hökuməti də 2018-ci
il üçün iqtisadi artım proqnozlaşdırır. Burada əsasən qeyri-neft sektoru üzrə
iqtisadi artımlar 2,9 faiz nəzərdə tutulub. Neft iqtisadiyyatı üzrə isə
hasilatın azalması fonunda, kiçilmə müşahidə olunacaqdır. Amma buna baxmayaraq,
qeyri-neft iqtisadiyyatının 2,9 faiz böyüməsi, ümumilikdə ölkə üzrə iqtisadi
artım tempinin 1,5 faiz səviyyəsində olmasını şərtləndirəcək. Hazırda isə bir
məsələ həqiqəti əks etdirir ki, Azərbaycan iqtisadiyyatı 2018-ci ildə
artacaqdır. Amma konkret göstəricilər haqqında nə isə demək çox çətindir”.
Bəxtiyar MƏMMƏDLİ