• çərşənbə, 24 Aprel, 17:43
  • Baku Bakı 27°C

Dünya Bankı indiyədək TANAP layihəsinə 668 milyon dollar xərcləyib

15.01.18 14:00 855
Dünya Bankı indiyədək TANAP layihəsinə 668 milyon dollar xərcləyib
Dünya Bankı bu vaxtadək Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə 668 milyon dollaradək vəsait sərf edib.
AZƏRTACxəbər verir ki, bu barədə Dünya Bankı məlumat yayıb. Bildirilir ki, 2018-ci il yanvarın 1-nə olan vəziyyətə görə Dünya Bankı TANAP üçün nəzərdə tutulan kreditin 667,27 milyon dollarını (83,4 faizini) xərcləyib.
Xatırladaq ki, Dünya Bankı 2016-cı ildə TANAP layihəsinə 800 milyon ABŞ dolları kredit ayırıb. Dünya Bankının Direktorlar Şurası həmin il dekabrın 20-də TANAP layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanəti ilə "Cənub Qaz Dəhlizi” QSC-yə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) tərəfindən 30 il müddətinə 400 milyon ABŞ dolları kredit ayrılması ilə bağlı qərar qəbul edib. Digər 400 milyon dollar isə Türkiyənin zəmanəti ilə "Botaş” şirkətinə verilib.
Dünya Bankının Direktorlar Şurası, eləcə də Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi (MIGA) tərəfindən 15 il müddətinə 750 milyon ABŞ dolları sindikatlaşdırılmış kredit üzrə zəmanətin verilməsinə də qərar verib.
Xatırladaq ki, TANAP layihəsi üzrə Faza-0, yəni 2018-ci ildə Türkiyəyə ilk təbii qazın verilməsi üçün görüləcək işlərin 96 faizdən çoxu tamamlanıb. Faza-1, yəni 2019-cu ilin sonunda Türkiyədən keçməklə Avropaya təbii qazın verilməsi üçün nəzərdə tutulan işlərin isə 73 faizdən çoxu icra edilib. TANAP-ın inşası çərçivəsində layihənin idarəetmə komandaları və podratçılar da daxil olmaqla hazırda tikinti sahələrində 9 mindən çox işçi çalışır.
Faza-0 çərçivəsində TANAP-la Azərbaycan təbii qazının Türkiyəyə çatdırılması üçün 56 düymlük 1350 kilometr uzunluğundakı boru kəmərinin inşası mexaniki olaraq tamamlanıb. Türkiyəyə ilk təbii qazın verilməsi üçün boru kəməri marşrutu üzrə xəndəyin qazılması, boruların düzülməsi və qaynaq işləri artıq yekunlaşıb. Faza-0 üzrə blok klapan və pig stansiyaları, eləcə də "Telecom-SCADA” binalarının inşası tamamlanıb. İnşası aparılan 2 ədəd ölçmə stansiyası (MS1 və MS2) bu ayın sonunda təbii qazı qəbul etməyə hazır olacaq.
Bu ay ərzində isə genişləndirilən Cənubi Qafqaz Boru Kəmərindən (CQBKG) TANAP-a sınaq və istismara hazırlıq məqsədilə ilk qaz qəbul edilməyə başlanacaq. Sınaq və istismara hazırlıq üzrə təbii qazın qəbulu iyun ayının sonuna qədər davam edəcək.
Faza-0 üzrə tikinti işləri Türkiyə-Gürcüstan sərhədindən başlayaraq Əskişəhərə qədər uzanan marşrut boyunca həyata keçirilir. Bu il iyun ayının sonuna qədər Faza-0 çərçivəsində işlərin tamamlanması və "Botaş” şirkəti vasitəsilə Türkiyəyə Azərbaycan təbii qazın verilməsi planlaşdırılır. İlkin mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz veriləcək. Daha sonrakı 3 il ərzində isə bu həcm 6 milyard kubmetrə çatdırılacaq.
Həmçinin TANAP-ın Dardanel boğazından keçən 36 düymlük 18 kilometr uzunluğundakı qoşa boru kəməri və fiber optik kabelin dəniz altına döşənməsi işləri də artıq tamamlanıb. Hazırda boru kəmərinin üzəri örtülərək mühafizə olunur. Boru kəmərinin quruya çıxdığı hər iki sahildə isə bərpa işləri görülür.
Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və oradan da Avropaya nəql edəcək TANAP "Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihədir. Layihə iki fazada həyata keçirilir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə "Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1850 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Layihənin dəyəri hazırda 7,99 milyard ABŞ dollarıdır. Lakin layihənin ilkin qiymətləndirilməsində bu rəqəm 11,7 milyard dollar idi. Bu da o deməkdir ki, layihənin icrası çərçivəsində indiyədək təxminən 3,8 milyard dollara qənaət edilib. TANAP üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.
Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: "Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, "Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.
banner

Oxşar Xəbərlər