• cümə, 29 Mart, 10:05
  • Baku Bakı 5°C

Dünya Azərbaycanla tanış olacaq

07.09.13 08:57 2081
Dünya Azərbaycanla tanış olacaq
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı olan TÜRKSOY-un 20 illik yubileyi ilə əlaqədar olaraq Bakıda “Fotoqraflar görüşü” adı altında türkdilli ölkələrin fotoqraflarının görüşü təşkil olunub. Layihə çərçivəsində iştirakçıların Azərbaycanın mədəniyyətini, tarixini, turizmini, müasir inkişafını öz fotolarında əks etdirməsi nəzərdə tutulub. Mədəniyyət və Turizm Nazirliyi və TÜRKSOY-un birgə təşkil etdiyi tədbirdə türkdilli ölkələrdən 14 fotoqraf iştirak edir.
Sentyabrın 2-də Bakıya gələn fotoqraflar Dövlət Bayrağı Meydanında, Dənizkənarı Milli Parkda çəkilişlər apararaq, o ərazilərin şəkillərini kameralarının yaddaşlarına həkk ediblər. Sentyabrın 3-də türkdilli ölkələrin foto ustaları Şəhidlər xiyabanında, Filarmoniya bağında, şəhərin müxtəlif məkanlarında olub, paytaxtımızda inşa edilən yeni binaları, hotelləri, müasir Bakının diqqətçəkən mənzərələrini foto obyektivin yaddaşına köçürüblər. İştirakçılar turistlərin maraq göstərdiyi “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq, “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarında da olublar.
Sentyabrın 4-də türkdilli ölkələrin fotoqrafları İçərişəhərdə çəkilişlər apardıqdan sonra 4 qrupa bölünərək respublikanın müxtəlif bölgələrinə yollanıblar. Üç gün ərzində onlara regionların təbiət mənzərələrini, turizm obyektlərini, qədim tarixi abidələrini öz yaradıcı baxışları ilə əks etdirmək imkanı yaradılıb. Vətənimizə təşrif buyuran əcnəbi fotoqraflarla söhbətimiz zamanı onlar yaradılan bu şəraitə görə TÜRKSOY-a təşəkkürlərini bildirdilər. Mütəxəssislər isə belə layihələrin fotoqrafların fəaliyyətinə müsbət təsir göstərəcəyini qeyd etdilər.
Bu, bizim üçün bir şansdır
Azərbaycan Fotoqraflar Birliyinin (AFB) sədri Mirnaib Həsənoğlu “fotoqraflar günü”nün artıq 10-cu dəfə keçirildiyini dedi. Onun sözlərinə görə, bu il həmin layihə ilk dəfə olaraq Azərbaycanda gerçəkləşir: “Bu layihədə türkdilli dövlətlərin fotoqraflarının iştirakı nəzərdə tutulub. Bu kimi tədbirlər Türkiyə, Tatarıstan, Qazaxıstan, Türkiyənin bölgələrində keçirilib. Qeyd olunan layihədə yeddi Azərbaycan fotoqrafı iştirak edir. Onlar dörd istiqamət üzrə paylanıblar. Sentyabrın 9-da onlar Bakıya qayıdacaqlar. Bundan sonra çəkilən şəkillərdən ibarət fotosərgi açılacaq. Bütün bu proseslər bitdikdən sonra isə TÜRKSOY-un təşkilatçılığı ilə çəkilən şəkillərdən ibarət kataloq nəşr ediləcək ki, o da türkdilli ölkələrin arxivində yer alacaq. Belə layihələrin keçirilməsi çox təqdirəlayiqdir. Hazırda bölgələrdə çəkilişlər gedir. Nəzərinizə çatdırım ki, əcnəbi fotoqraflar sentyabrın 2-də Azərbaycana gəliblər, sentyabrın 11-də isə işlərini bitirib öz ölkələrinə yollanacaqlar”.
TÜRKSOY-da fotoqraflarının Ümumi Koordinasiya şöbəsinin sədri, AFB-nin İdarə Heyətinin üzvü Rauf Ümidovla söhbətimiz zamanı hazırda Qubanın Xınalıq kəndində olduqlarını və əcnəbi fotoqraflarla tarixi ərazilərin şəkillərini çəkdiklərini söylədi. Onun sözlərinə görə, çəkilişlərdə Moldovadan, Özbəkistandan, Qazaxıstandan, Qırğızıstandan, Şimali Kipr Türk Cümhuriyyətindən, Türkiyədən, Azərbaycanın özündən nümayəndələr iştirak edir. Fotoqraflar qruplara bölünərək başqa-başqa bölgələrə yollanıblar. Qrupun bir hissəsi hazırda Masallı-Lerikdə çəkilişlər aparır. Onlar Lənkəranda, Astarada olublar. Oradan Qobustanda rəsmlər çəkiblər. İkinci dəstə isə İsmayıllı, Lahıc, Qəbələ, Şəki bölgəsində olub. Üçüncü qrup isə Qubanın Xınalıq kəndindədir və çox çətin olan ərazilərə gedib oradan görüntü əldə etmək niyyətindədir: “Qubaya gələn qrup özü də iki yerə bölünüb. İkinci hissə isə Təngəaltına gedib. Dördüncü qrup isə Gəncə-Göygöl bölgəsindədir. TÜRKSOY- un təşkilatçılığı ilə bizə avtobuslar verilib. TÜRKSOY-un layihələrində incəsənətin bütün sahələrinə yer ayırdıqları kimi də fotoqraflara da xüsusi diqqət yetirilir. Azərbaycanda bu layihə ilk dəfə olaraq keçirilir. Əcnəbi fotoqraflar vətənimizin bölgələrində gördükləri mənzərələrə heyran qalırlar. Mən TÜRKSOY-un fotoqraf laboratoriyasında bir dəfə də olmuşam. Fotoqraflar inkişaf etmiş ölkələrdə rəsmlər çəksələr də, bizdəki qədər səfalı və gözəl mənzərəli yerlər görmədiklərini söyləyirlər. Onların vaxtı çox azdır. Ona görə də Azərbaycanı qarış-qarış gəzmək imkanları yoxdur. İnanıram ki, onların gətirdikləri şəkillər sözün yaxşı mənasında bir-birilərinə paxıllıq edəcəklər. Şəkilləri görən hər bir kəs canlı şəkildə həmin əraziləri görmək istəyəcək”.
Rauf Ümidovun sözlərinə görə, sentyabrın 10-da xarici ölkələrdən gələn fotoqraflarla yerli fotoqrafların görüşü təşkil olunacaq. Onlar arasında çəkilən şəkillər haqqında fikirlər mübadiləsi olacaq: “Bu layihədə Azərbaycan fotoqrafları da öz şəkillərini nümayiş etdirmək imkanı qazanacaq. Əcnəbi fotoqraflar Bakıda arxitektur nümunələri, tarixi abidələri, köhnə məhəllələrin şəkillərini çəkdilər. Proqramımız o qədər gözəl qurulub ki, hətta yeməyə belə zamanımız olmur. Bakıya döndükdən sonra sərgi keçiriləcək ki, orada 50-60 şəkil yer alacaq. 5 aydan sonra kataloq hazırlanacaq ki, orada hər kəsin çəkdiyi şəkillər yığılacaq. Orada təxminən 20 şəkil yer alacaq və hər fotoqraf haqqında məlumat veriləcək”.
“Buralar görülməmiş, kəşf edilməmiş yerlərdir”
Ankaradan gələn türk fotoqraf İsmayıl Haykır bizimlə söhbətində vətənimizin çox gözəl və səfalı olduğunu dedi, bölgələrimizi isə cənnətə bənzətdi: “İnsanlarınız çox mehriban, cana yaxın, səmimidirlər. Burada olduğum üçün çox məmnunam. Buranın havasını bəyəndim. Geri qayıtdıqdan sonra çəkdiyim şəkilləri gördükdə hər kəsin təəccüblənəcəyinə əminəm. Ölkəmə döndükdə çəkdiyim rəsmləri çevrəmdəki bütün insanlara göstərəcəyəm. Çəkdiyim şəkillərdən albom düzəltdirəcəyəm. Hər kəsə məsləhət görəcəm ki, Azərbaycana gəlib bu gözəl diyarı öz gözləri ilə görsünlər. Buralar görülməmiş, kəşf edilməmiş yerlərdir. 21-ci əsrdə belə gözəl bir yerin olmasından xəbərsiz olduğumuza görə çox təəssüflənirəm”.
Gördüyümüz mənzərələrə heyran qalmışıq
Şimali Kipr Türk Cümhuriyyətindən gəlmiş Mehmet Gökyigit də bizimlə söhbətində burada olmağından məmnun olduğunu bildirdi. Onun sözlərinə görə, artıq ikinci dəfədir ki, TÜRKSOY-un təşkil etdiyi bu layihədə iştirak etdir: “Gəldiyimiz gündən bəri gördüyümüz mənzərələr qarşısında heyran qalmışıq və həmin gözəllikləri kameramızın yaddaşına həkk edirik. Sentyabrın 11-də Bakıda sərgimiz olacaq. Fotoqrafçılıq sənətinə maraq göstərən hər bir kəsi orada gözləyirik. Mən ölkəmə döndüyüm zaman bizə göstərilən bu yüksək qayğını və hörməti orada hər kəsə danışacağam. İndi biz Xınalıqdayıq. Burada hər şey çox gözəldir. Hazırda burada toya gəlmişik, toyu görüntüləyirik. İnsanlar bizə qarşı çox isti münasibət göstərirlər”.
Azərbaycanlı fotoqraf Zemfira Mahmudova da dedi ki, xarici fotoqrafların vətənimizdə gördükləri mənzərədən məmnun olduqlarını dilə gətirdi: “Hələ ki, bölgələrdə mənzərəli şəkillər çəkirik, işimiz tam bitmədiyi üçün şəkillərim barədə təəssüratlarımı tam bölüşə bilməyəcəyəm. Ancaq əcnəbi fotoqraflar gördükləri mənzərədən heyran qaldıqlarını söyləyirlər. Bu da bizim üçün çox sevindirici haldır”.
Mədəniyyət və Turizm Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı mətbuata açıqlamasında TÜRKSOY “Fotoqraflar görüşü”-nün məqsədinin türkdilli ölkələrin foto sənəti ustalarını bir araya gətirmək, onların yaradıcı ünsiyyətini təşkil etmək olduğunu söyləyib. Onun sözlərinə görə, bu layihə 10-cu dəfə reallaşdırılır və TÜRKSOY-un 20-ci ildönümünə təsadüf edir: “14 ölkədən gələn fotoqraflar 4 marşrut üzrə Azərbaycanın bölgələrinə səfər edəcəklər. İstərdik ki, fotoqraflar Azərbaycanın tarixi yerləri ilə yanaşı, ölkədə baş verən sosial, iqtisadi inkişafı foto obyektlərin yaddaşına köçürsünlər. Azərbaycan foto ustaları üçün cəlbedici bir ölkədir. Çünki zəngin tariximiz, mədəni irsimiz, təbii gözəlliklərimiz var. Qonaqlar burada zəngin mətbəx nümunələrimizi də daddılar və dedilər ki, biz Azərbaycanda olduğumuz zaman yalnız milli yeməklər yeyəcəyik. Çalışacağıq ki, hazırlanacaq fotoalbomda Azərbaycanın hər bir məkanı əks olunsun. Bu fotoalbom TÜRKSOY-un gələcək illərdəki beynəlxalq tədbirlərində təqdim olunacaq və beləliklə, dünyaya yayılacaq. Bu nəşr vasitəsilə dünya bir daha Azərbaycanla tanış olacaq. Bu, xarici turistlərin ölkəmizə marağının artmasına da bir töhfə sayıla bilər”.
Qeyd edək ki, layihənin sonunda foto əsərlərinin geniş ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulub. Bu məqsədlə sentyabrın 11-də “Qalereya 1969” salonunda yekun sərgi açılacaq.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər