• cümə, 26 Aprel, 13:59
  • Baku Bakı 23°C

Dünya 31 Mart soyqırımının tanınmasında konservativ mövqe tutur

14.03.18 19:05 859
Dünya 31 Mart soyqırımının tanınmasında konservativ mövqe tutur
Tarixən ermənilər tərəfindən azərbaycanlılara qarşı çoxsaylı soyqırımlar törədilib. 100 il əvvəl, 1918-ci ildə erməni silahlı birləşmələri İrəvanda, Qarabağda, Şamaxıda, Qubada və digər Azərbaycan torpaqlarında dinc əhalini məhz müsəlman, türk olduğu üçün qətl edib.
Ermənilərin bu əməlləri hər kəsə məlum olsa da, dünya dövlətləri hələ də tarixi hadisələrə siyasi mövqeyini bildirməyib. Əksinə olaraq, heç zaman ermənilərə qarşı baş verməyən qondarma "soyqırımı” müxtəlif ölkələrin parlamentləri tərəfindən tanınıb. Halbuki, bu qondarma "soyqırımı” ilə bağlı ermənilərin dünyaya təqdim edəcək bir faktı belə yoxdur. Lakin ermənilərin Azərbaycan torpaqlarında törədikləri soyqırımlarla bağlı yetərli sayda tarixi sənədlər var. Təkcə elə Qubada yerləşən kütləvi məzarlıq bütün faktları göz önünə sərmiş olur. Bu gün Azərbaycan dövləti tərəfindən bu həqiqətlərin dünyada tanıdılması istiqamətində mütəmadi işlər görülür. 31 Mart soyqırımının tanıdılması üçün daha hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Hikmət Məmmədov bildirdi ki, Azərbaycan həqiqətlərinin, azərbaycanlılara qarşı törədilən soyqırımılarının dünya ictimaiyyətinə çatdırılması üçün dövlətimiz tərəfindən sistemli, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir: "Böyük dövlət xadimi, ulu öndər Heydər Əliyev 1998-ci il mart ayının 26-da sərəncam imzalayaraq 31 martı azərbaycanlıların soyqırımı günü kimi müəyyənləşdirdi. Bu, əslində təqribən yüz illik tariximizə işıq tutmaq, milli, tarixi yaddaşımızı yeniləməklə, ölkəmizdə yeni tarixi şüur formalaşdırmağa xidmət etməklə yanaşı, eyni zamanda ermənilərin ifşa olunması, onların hələ yüz əvvəl imperialist mərkəzlərə söykənərək Azərbaycanda soyqırımı törətdiyinin dünya ictimaiyyətinə çatdırılmasına xidmət idi. Bu mühüm işdir və ona görə də nə etmək kimi bir problem yoxdur. Çünki dövlət siyasəti müəyyənləşdirilib. Bu il də Azərbaycan prezidenti İlham Əliyev tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımının 100 illiyi ilə bağlı sərəncam imzalanıb. Həm daxili auditoriyada, həm də xaricdə çoxsaylı tədbirlər keçirməklə bir daha biz qan yaddaşımızı təzələyib, eyni zamanda qlobal ictimai mərkəzlərdə dünya ictimaiyyətinin rəyinə erməni vandalizmini yenidən təqdim etmiş olacağıq”.
H.Məmmədov vurğuladı ki, hər bir azərbaycanlı bu istiqamətdə tədbirlərə qoşulmaqla, yaxud hansısa yazı yazmaqla, fikir bildirməklə öz işini bitmiş hesab etməməlidir: "Bizim hər birimiz ilk növbədə bu soyqırımılardan bir azərbaycanlı olaraq dərs çıxarmalıyıq. Belə bir fikir var ki, öz tarixi faciəsini unudanlar onu yenidən yaşamağa məhkumdurlar. Yaxşı ki, biz bu faciələrimizi unutmuruq. Eyni zamanda yaxşı ki, biz ordu quruculuğu işlərini həyata keçiririk, hərbi qüdrətimizi artırırıq. Düşünürəm ki, bununla bərabər tədqiqatçı jurnalistlərin, tarixçilərin, Azərbaycan transmilli mediası kimi formalaşmış mediamızın üzərinə çox böyük vəzifələr düşür. Çünki bu hadisələri daha çox dünya ictimaiyyətinə çatdırmalıyıq. Bir növ önləyici tədbirlər almaqla real tarixi həqiqətlər haqqında dünya ictimai fikrində obyektiv təsəvvür formalaşdırılması istiqamətində bu işlər də həyata keçirilməlidir”.
Millət vəkili, politoloq Aydın Mirzəzadə bildirdi ki, 1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımı hər zaman Azərbaycan ictimaiyyətinin diqqətindədir: "Tarixi araşdırmalar nəticəsində həmin qətliamla bağlı həqiqətlər ortalığa çıxarılır. Onu qeyd edim ki, Azərbaycan cəmiyyəti bu məsələlərlə bağlı kifayət qədər məlumatlıdır. Bu hadisənin beynəlxalq aləmdə tanınması ilə bağlı işlər də aparılır. Soyqırımı ilə bağlı beynəlxalq jurnallarda məqalələr çap olunur və beynəlxalq ictimaiyyət məlumatlandırılır. Amma soyqırımının tanınması məsələsinə gəldikdə, beynəlxalq ictimaiyyət konservativdir. Yəni, ölkələr məlumatlanmağa hazırdırlar, lakin bu hadisələrə rəsmi qiymət verilməsi məsələsində bir qədər konservativ mövqe tuturlar. Buna baxmayaraq, Xocalı soyqırımını artıq dünyanın 12 ölkəsi tanıyıb. ABŞ-ın 20-dən çox ştatı Xocalı hadisələrini soyqırımı aktı kimi qəbul edib. Hətta bir çox ölkələrin parlamentlərində bu məsələ qaldırılır. Şübhəsiz ki, 1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımının tanınması istiqamətində işlər davam etdiriləcəkdir”.
Millət vəkili, tarixçi alim Yaqub Mahmudov qeyd etdi ki, əslində bütün dünya, böyük dövlətlərin başçıları, siyasət aləmi azərbaycanlılara qarşı soyqırımının törədildiyini bilir: "Lakin Qərbin bəzi dairələri Azərbaycan həqiqətlərini eşitmək və görmək istəmir. Tarixdən, tarixi hadisələrdən, o cümlədən Xocalı soyqırımından ibrət dərsi almaq lazımdır. 24 ildir ki, BMT-nin qəbul etdiyi 4 qətnamə yerinə yetirilmir. Beynəlxalq hüquq yoxdur, beynəlxalq güc var. Gəlin, tariximizə sahib çıxaq, birləşək və güclənək".
Y.Mahmudovun sözlərinə görə, bu gün konfliktlərin hamısı türk-islam coğrafiyasında baş verir: "Terrorun islamla əlaqələndirilməsinin əleyhinəyik. Azərbaycan və Türkiyənin terror təşkilatı yoxdur, amma ermənilərin yüzlərlə terror təşkilatı var. Soyqırımılar, terror hadisələri xaç yürüşləri zamanı Avropadan başlayıb. Böyük coğrafi kəşflər zamanı Avropadan yürüdülən siyasət nəticəsində Amerika və Asiyanın qədim xalqları məhv edilib və dünyanın bir çox xalqları yer üzündən silinib. İki Dünya müharibəsi Avropadan başlayıb. Avropa faşizmin vətənidir, ilk faşist rejimləri orada yaradılıb, antisemitizmin vətəni Avropadır və bu gün də islama qarşı bütün hərəkatlar Avropadan başlayır”.

Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər