• şənbə, 20 Aprel, 11:55
  • Baku Bakı 14°C

Dünəndən başlanan quruculuq yolları…

26.06.13 09:47 2611
Dünəndən başlanan quruculuq yolları…
Jurnalistika fakültəsinə daxil olanda da, elə ondan sonrakı illərdə də heç ağlıma gəlməzdi ki, çox keçməz mən əynimə əsgər forması geyinib hərbi müxbir olaram. Çiyinlərimdə zabit paqonları gəzdirərək doğma ordumuzun sıralarında xidmət edərəm. Ordumuzun qurulmasının, formalaşmasının canlı şahidi olaram. Demə məndən xəbərsiz bəxtim, taleyim belə yazılıbmış. Buna təbii baxırdım, çünki müharibə gedən bir ölkədə yaşayırdıq. Deməli, hər şey ola bilərdi. Sadəcə olaraq buna hazır olmaq lazım idi. Payız sessiyası yenicə başlanmışdı, fakültədə dedilər ki, Daxili Qoşunlarda «Əsgər» adlı hərbi qəzet açılıb. Kimin ürəyindən keçirsə gedib orada hərbi müxbir kimi xidmət edə bilər. Vaxt itirmədən baş idarənin yerləşdiyi ünvana yollandım. Bir neçə gündən sonra artıq əynimdə hərbi forma geyinmişdim.
1992-ci il dekabr ayının ortaları idi. Havalar çox soyuq keçirdi. Müharibə alovu isə getdikcə güclənib daha geniş əraziləri ağzına alıb, qarşıb yandırırdı. Hər gün cəbhədən ağır və qara xəbərlər gəlirdi. Güclü müqavimətlə rastlaşmayan erməni işğalçıları addım-addım irəliləyir, dədə-baba torpaqlarımızı ələ keçirirdilər. Cəbhə xəttinə getmək, müharibə ocağına atılmaq ilk baxışda uzaqdan adama bir romantika kimi görünür. Sanki bir anlıq özünü televiziya ekranı qarşısında hiss edir, müharibədən bəhs edən filmləri izləyirsən. Amma real həyatda belə deyilmiş. Cəbhə bölgəsi, müharibə ocağı hər addımda qan-qada ilə, ölüm-itimlə doludur. Düşmən tərəfdən atılan güllələrin kimə, yaxud hara tuşlandığını heç kim bilmir.
Ordu quruculuğu, cəbhə haqqında təəssüratlar, ayrı-ayrı bölgələrdə müharibənin gedişi, torpaq, vətən uğrunda döyüşən, vuruşan zabit və əsgərlərin göstərdikləri igidliklər, qəhrəmanlıqlar, bizi uğurlara aparan yollar, məğlubiyyətimizin səbəbləri və s. bütün bunlar xeyli geniş və insanları narahat edən, onların maraq dairəsində olan mövzulardır.
Deyirlər ki, həyat anlardan ibarətdir. Bu sözü kimin dediyini dəqiq bilmirəm. Amma doğrudan da, çox düzgün və dəqiq deyilib. Mən bu kiçik qeydlərimdə çox geniş təfərrüata varmaq istəmirəm. Sadəcə olaraq iyirmi ildən bəri ordunun içində olan bir zabit, bir müxbir kimi Silahlı Qüvvələrimizin 95 illiyi ərəfəsində onun dünənindən başlanan yoldan, bugünkü gedişatından qısaca da olsa, söz açmaq, öz təəssüratlarımı oxucularla bölüşmək istəyirəm. «Əsgər» qəzetində xidmətə başladıqdan sonra cəbhə bölgəsinə ilk ezamiyyətim 1992-ci il dekabr ayının 31-nə – ilin son gününə, illərin qovuşduğu gecəyə təsadüf etdi. Maşınlar yüklənib hazır olandan sonra – axşama doğru yola çıxdıq. Hospitalda müalicəsini başa vurmuş bir neçə zabit də bizimlə cəbhə bölgəsinə qayıdırdı. Onlar artıq sağalıb ayağa qalxmışdılar, özlərini yaxşı hiss edirdilər. Əllərinə silah götürüb düşmənlə yarımçıq qalmış döyüşlərini davam etdirə bilərdilər. Ezamiyyətimiz Ağdam rayonuna idi. Mən ilk dəfə idi ki, bu bölgəyə gedirdim. Yeni ili yolda qarşıladıq. Ağdama gecə saat dörddə çatdıq. Boş otaqların birində uzanıb yatdıq, gözümüzün acısını aldıq, bir az dincəlib özümüzə gəldik. Hərbi hissə komandiri səhər tezdən bizi qəbul etdi. Hər birimizlə yaxından tanış oldu. Zabit Bəxtiyar Abdullayevin qolu sarıqlı idi. Söhbət edəndə öyrəndik ki, komandir dünənki döyüşdə yaralanıb. Yarası ağır olsa da, o yerində oturub hərbi hissəni idarə edirdi, zabit və əsgərlərə döyüş tapşırıqları verirdi. Hərbi hissənin həyətinə çıxdıq. Bura əvvəl məktəb binası olmuşdu. Bir vaxtlar şagirdlərin təhsil aldıqları sinif otaqları müvəqqəti olaraq kazarmalara çevrilmişdi. İndi buradan şagirdlərin qışqırığı deyil, əsgər və zabitlərin səsləri gəlirdi. Hərbi hissənin nəzarət-buraxılış məntəqəsinin qarşısına xeyli valideyn toplaşmışdı. Söhbət edəndə öyrəndim ki, onlar döyüşlərdə itkin düşmüş əsgərlərin ata-analarıdır. İndi cəbhə bölgəsinə övladlarının heç olmasa meyitlərini tapıb aparmağa gəlmişdilər. Neçə gün əvvəl itkin düşmüş əsgərlərdən isə sevindirici bir xəbər yox idi. Əsgər valideynləri isə hər gün hərbi hissəyə ayaq döyürdülər. Müharibənin ilk acı xəbərini, kədərli səhnəsini burada gördüm. Görüklərimdən, eşitdiklərimdən çox məyus oldum.
Hərbi hissənin qərargahında çox vaxt itirməyib cəbhə xəttinə yola düşdük. Zabit Bəxtiyar Abdullayev Fərrux dağının ətəyində yerləşən mövqelərə getməyi məsləhət bildi. Vaxt itirmədən yola çıxdıq. Ağdam şəhərinin yaraşıqlı və gözəl küçələrindən keçirdik. İlk dəfə gördüyüm yerlərə baxmaqdan doymurdum. Gözümü ətrafdan çəkmirdim. Yollar bizi ön xəttə gətirib çıxartdı. İlk olaraq Əlağalılar kəndini düşməndən qoruyan əsgərlərlə görüşdük. Ətrafda sakitlik idi, güllə səsləri eşidilmirdi. Kəndin yüksəkliyindən Fərrux dağının zirvəsi, Xaçın çayının sahilində yerləşən Qaralar kəndi və başqa yaşayış məntəqələri aydın görsənirdi. İndi həm Əlağallar, həm də Qaralar kəndləri boşalmışdı, orada kimsə yaşamırdı. Erməni quldurlarının hücumuna məruz qalan camaat başını götürüb doğma ocaqlarından didərgin düşmüşdülər. Kəndlərdə bəzi evlər dağıdılmış və yandırılmışdı. Ətrafda çox böyük ürəkdağlayan, ürəkodlayan mənzərə var idi. Baxmaq olmurdu bu səhnələrə.
Evləri sakinsiz qalmış Əlağalılar kəndinin məhlələrini dolaşıb Xaçın çayının üstündəki körpüdən keçib adını televiziya ekranlarından tez-tez eşitdiyim Fərrux dağının ətəyində yerləşən Yuxarı və Aşağı Cinli kəndlərinə gəldik. Düşmənin top-tüfəngindən qorxmayan camaat eş-eşiyini tərk etmirdi. Baxmayaraq ki, hər gün onların başlarının üstündə mərmilər, güllələr oynayırdı.
Kəndi qoruyan əsgərlərlə söhbət etdiyimiz vaxt atəş səsləri eşidildi. Qısa vaxt ərzində sakitlik pozuldu. Bir müddət əvvəl susan silahlar «dilə» gəldi. Atəş səsləri ətrafı başına götürdü. Güclü atəş səsləri yeri-göyü lərzəyə gətirirdi. Qanlı döyüş başlanmışdı. Silaha sarılan əsgərlər vaxt itirmədən irəli atıldılar. Qarabağ müharibəsində atəş səslərini bax burada – göylərə baş çəkən Fərrux dağının ətəyində eşitdim. Sonrakı günlər Qalayçılar, Mankli, Çıldıran, Heyvalı, (Kasapet), Mehmanə və başqa kəndlərdə, Ağdərədə və başqa yaşayış məntəqələrindən olduq. Barıt qoxulu səngərlərdə göz qırpmadan dayanıb əldə silah yurdumuzu qoruyan əsgərlərlə, zabitlərlə görüşdük.
1993-cü ilin oktyabr ayından xidmətimi «Azərbaycan Ordusu» qəzetində davam etdirdim. Yenə də cəbhə bölgələrini gəzib, döyüşçülərlə görüşürdüm. O vaxtlar ordumuz yeni yaranırdı, yeni formalaşırdı. O günlər döyüşən ordunun sıralarında peşəkar zabitlər azlıq təşkil edirdi. Komandirlik vəzifəsini yerinə yetirən zabitlərin əksəriyyəti ehtiyatdan çağırılmışdı. Döyüş təcrübələri zəif idi. Ona görə də bəzi hallarda əməliyyatlar uğursuzluqla başa çatırdı. Nizam-intizam zəif idi. Bu sahədən az-çox başı çıxanlar yaxşı bilirlər ki, döyüşə-döyüşə ordu qurmaq elə də asan iş deyil. Amma vətənpərvər insanların sayəsində torpaqlarımızı azad etməli olan ordu gündən-günə yaranır, formalaşırdı. Keçmiş ittifaqda xidmət edən ixtisaslı zabitlər yavaş-yavaş doğma vətənə qayıdaraq, yeni yaranan orduda xidmət edirdilər. Tədricən ordu sırlaları ixtisaslı zabitlərlə komplekslərşdirilirdi. İndi yeni nizamlı-intizamlı, vahid komandanlığa tabe olan ordu yaradılırdı. Həm ərzaq, həm geyim-geçim, həm də silah-sursat sarıdan təminat getdikcə güclənirdi. Zabitlərin, əsgərlərin döyüş təcrübəsi gündən-günə artırdı. Bütün bunlar isə uğurlara, qələbələrə yol açırdı.
Məhz bütün bunların nəticəsi olaraq 1993-cü ilin sonlarında, 1994-cü ilin əvvəllərində bütün cəbhə boyu düşmənə layiqli zərbə endirildi. Ciddi müqavimətlə qarşılaşan erməni qəsbkarları ələ keçirdikləri Azərbaycan torpaqlarından geri çəkilməli oldular. 1993-cü ilin sonlarında Goranboy istiqamətində, 1994-cü ilin əvvəllərində Füzuli istiqamətində qazanılan uğurlar ordumuzun gücündən, qüdrətindən xəbər verirdi. Ordumuzun zabit və əsgərləri Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla, hünərlə vuruşaraq çox parlaq qələbə qazandılar. Bir neçə gün ərzində düşməni 40 kilometrdən çox məsafədə geri oturduldu. Füzuli rayonunun bir çox kəndləri, həmçinin Horadiz qəsəbəsi erməni işğalçılarından azad edildi. Qazanılan qələbələr zabit və əsgərlərin döyüş ruhunu, qələbə əzmini daha da artırırdı. Döyüşçülər düşmənin üstünə daha böyük inamla atılırdılar. Addım-addım torpaqlarımız erməni işğalçılarından azad olunurdu. 1994-cü il may ayının 12-də cəbhədə atəşkəs elan olundu. Açılan atəş səsləri kəsildi, toplar gurlamadı. Neçə ildən bəri vuruşan, döyüşən ordunun şəxsi heyəti dərindən nəfəs aldı…
Atəşkəsdən sonra ordu quruculuğu istiqamətində çox böyük və inamlı addımlar atıldı. Uğurlu islahatlara start verildi. Bu islahatlar sayəsində böyük uğurlara imza atıldı. Dövlət ordunun qurulması, formalaşması üçün tələb olunan qədər vəsait ayırdı. Ayrılan vəsaitdən səmərəli surətdə bəhrələnən ordu rəhbərliyi bu sahədə ürəkaçan işlər gördü. Qüdrətli, güclü və yenilməz bir ordu qurdu. Bu gün doğma ordumuz ən müasir silah-sursatlarla, hərbi texnikalarla təmin olunub. Orduda dəmir nizam-intizam hökm sürür. 1993-cü ildəki ordudan heç bir əsər-əlamət qalmayıb. İndi ordumuzun sıralarında yüksək döyüş təcrübəsi və səriştəsi olan ixtisaslı zabitlər xidmət edir. Onlar biliklərini, təcrübələrini tabeliklərində olan əsgərlərə öyrədirlər. Gündən-günə ordumuz gücünü, qüdrətini artırır. Döyüş təcrübəsi yüksək olan zabit və əsgərlərimiz hər an torpaqlarımızı erməni işğalçılarından azad etməyə hazırdır.
Xalqımız bu gün güclü, qüdrətli, döyüşkən ordusu ilə fəxr edə bilər. Buna hər kəsin haqqı var.
Vahid MƏHƏRRƏMOV,
hərbi müxbir
banner

Oxşar Xəbərlər