AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Dünən uşaqların Günü idi

Dünən uşaqların Günü idi

Mədəniyyət
02 İyun 2015, 10:41 1951
“Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onları müdafiə etmək hər bir kəsin borcudur” – bu kimi fikiləri demək olar ki, hər gün eşidirik. Dünən isə məhz onların günü - 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü idi. Dünyanın əksər ölkələrində olduğu kimi, bu tarix Azərbaycanda da mütəmadi olaraq qeyd edilir. Paytaxtımızda həmin gün uşaqlar üçün silsilə bayram şənlikləri təşkil edildi, uşaq evlərinə ziyarətlər olundu. Dünən uşaqların sevincinin həddi-hüdüdu yox idi. Amma bəzi valideynlər yaşadıqları hər günün onlar üçün “uşaqlar günü” olduğunu deyərək bu bayramı keçirməkdən imtina edirlər. Elə bizim şou əhli kimi.

Uşaqların bu sevincli günlərində övlad sahibi olan bir neçə ifaçıyla övladları və onların özlərinin uşaqlıq xatirələri barədə danışdıq. Aydın oldu ki, bəzi ifaçılar 1 iyunu bayram kimi deyil, adi gün kimi keçiriblər. Bəziləri isə övladlarının bir neçə dəqiqəsinin xoş keçməsi üçün əllərindən gələni etdiklərini dedilər.

Xalq artisti Məleykə Əsədova bizimlə söhbətində qızını çox sevdiyini və demək olar ki, gününün əksər vaxtını ona həsr etdiyini bildirdi. Aktrisa onu həyata bağlayan, dünyasını gözəlləşdirən yeganə varlığın qızı olduğunu dedi: “Mən nəinki 1 iyun beynəlxalq uşaq günündə, demək olar ki, hər gün günümün çox hissəsini qızıma ayırıram. O, mənim bu dünyada ən dəyərli varlığımdır. Mayın 31-də qızımı kifayət qədər gəzdirdim. Onunla birlikdə gözəl vaxt keçirdik. O, “summer school”-a gedir. Dərsləri olduğu üçün ona maneçilik törətmirəm. Uşaqlar o qədər saf, təmizdirlər ki, onlar üçün həmişə bayramdır. Onlar dünyaya gəldikləri gün ailəyə sevinc və bayram gətirirlər. Ümumiyyətlə, mən uşaqların hamısını sevirəm. Bəlkə də məni belə gözəl, ruhumu gənc saxlayan, məni həyata bağlayan qızım Gülərdir. Bu doğrudan da belədir. Mən hər zaman qızımın könlü nə istəyirsə, onu etmişəm. Ona görə də bu bayram günündə o hara istəsə, ora aparacam”.

Gənc ifaçı Ayan Babakişiyeva bizimlə söhbətində qızı Selenanın timsalında bütün uşaqların bayramını təbrik etdi: “Çalışıram ki, günümün çox hissəsini övladımla birgə keçirim. Uşaqların sevincli, bayram günlərini doğmalarımızın ətrafında, qızımla keçirirəm. Hara getməyimdən asılı olmayaraq, qızım daima mənimlə olur. Hətta bəzən ona görə çəkilişlərimi də ləğv etməli oluram. Selenayla çox vaxt keçirmək üçün əlimdən gələni edirəm. 1 iyun beynəlxalq uşaq günü münasibətilə bütün övladları təbrik edirəm. Allah bütün valideynlərə cansağlığı versin ki, onları arzuladığımız şəkildə böyütsünlər. Mənə görə, əsas məsələ valideyn olmaq deyil. Elə valideynlər var ki, onlar dünyaya övlad gətirdikdən sonra doğma övladlarından imtina edirlər. Əgər Allah sizə övlad qismət edibsə, onun ruzisini, bərəkətini də verəcək. O övladı böyütmək üçün bizə yol da açacaq. Mən elə anaları ana hesab etmirəm”.

İfaçı bizimlə söhbətində öz uşaqlığından da danışdı: “Mən ailənin tək övladı olmamışam. Mənim əkiz tayım, qardaşım Samir də olub. Biz onunla birlikdə böyümüşük. Hazırda o, Türkiyədə yaşayır. O çox sakit, ağıllı, təmkinli bir uşaq idi. Mən isə onun tamam əksi - şıltaq, nadinc, dəcəl biri olmuşam. Bu gün qızım Selena da mənim kimi nadinc və dəcəldir. O, dəcəlliyi ilə məni çox incidir. Qızımın bir yaşı tamam olandan sonra şəkillərini sosial mediada paylaşmağa başladım. İndi görürəm ki, o məndən də məşhur olub. Selenanın şəklini sosial şəbəkədə paylaşanda, o məndən çox “like” toplayır və hər kəsin marağına səbəb olur. Onun şəklini hər hansı sayta qoyanda, həmin xəbər oxunma rekordu vurur. Heç zaman istəmərəm ki, mənim qızım gələcəkdə şou-biznes nümayəndəsi olsun. Bu sahədən nə qədər uzaq olsa, bir o qədər yaxşıdı. İstəyərəm ki, çox savadlı, istedadlı biri olsun. Gələcəkdə nə olursa-olsun, bircə şou-biznesdən uzaq olsun”.

Lirik mahnıların ifaçısı Vasif Məhərrəmli isə heç zaman 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd etmədiyini, onun üçün bu günün heç bir özəlliyi olmadığını qeyd etdi: “Heç zaman beynəlxalq uşaq gününü qeyd etməmişəm, etməyi də düşünmürəm. 1 iyun günü mənim üçün adi günlərdən fərqlənmir. Bu gün üçün heç bir xüsusi plan da hazırlamıram. Allahıma şükürlər olsun ki, övladım sağ-salamat gözümün qabağındadı. Mənim üçün bundan əhəmiyyətli heç nə ola bilməz. Uşaqlığıma gəlincə isə, çox nadinc uşaqlığım olub. Vaxtımın çoxunu dərslərimə sərf edirdim. İmkan tapdıqca da musiqi ilə məşğul olurdum. Uşaqlıqdan bilirdim ki, gələcəkdə müğənni olacam. Ancaq ağlıma belə gətirməzdim ki, məşhur bir ifaçı olaram. Digər ifaçılardan fərqli olaraq mən uşaqlıqdan musiqi ilə məşğul oluram. Yəni bu sənətə sonradan gəlməmişəm, öz üzərimdə çox çalışmışam və bu günlərə qədər gəlib çıxmışam”.

V.Məhərrəmli bu günü qeyd etməsə də, uşaqların bayramını təbrik etməyi unutmadı: “1 iyun beynəlxalq uşaq günü münasibətilə bütün uşaqları və özünü uşaq ruhlu hiss edən insanları təbrik edirəm. Qoy dünyamızda olan uşaqların qulaqları silah səsi eşitməsin, Allah-təala heç bir övladı valideynlərsiz qoymasın. Hər bir övladın gözlərində sevinc işartıları görmək istəyirəm. Valideynlərinin əhatəsində şad-xürrəm yaşasınlar”.

Bahar Lətifqızı isə uşaqlıq illərini internat məktəbində keçirdiyini, heç kimə elə xatirələr arzulamadığını bildirdi. İfaçı sonradan anasını bağışladığını da qeyd etdi: “Uşağa nə lazımdır? Ana, ata, qohum-əqrəba. Yəni doğma ətraf aləm. Biləsən ki, ən azı, dayın, xalan, bibin var. Heç olmasa, ağlayanda başına tumar çəkəcəklər, bir saqqız alıb verəcəklər. Amma uşaqlığım onlarsız keçdi. Bu gün isə hər kəs yanımdadı. Mən onları bağışlamışam”.

Xəyalə Rəis