Dunayın mirvarisi - Reportaj - Fotolar
Wizz Air Hava Yollari Azərbaycanda fəaliyyətini yenidən bərpa edəndən
sonra Macarıstana gedənlərin sayı xeyli çoxalıb. Azərbaycanın hava yolları
bazarında nisbətən ucuz qiymət təklif etməsi, aksiyalar vaxtı xüsusən sərfəli
qiymətləri ilə seçilməsi sərnişinləri məhz onların xidmətindən istifadəyə sövq
edir. Əlbəttə, təyyarə salonunda oturacaqların çox da rahat olmaması və baqaj
üçün əlavə ödənişlər tələb edilməsi səbəbindən bəzi sərnişinlərin narazı qaldığı,
hətta ikinci dəfə uçuşdan imtina etdiyi hallar da olur. Əvvəlcədən yüklü yer
almayan sərnişinlər üçün baqaj haqqı yerində ikiqat başa gəlir. Üstəlik, Bakı-Budapeşt
məsafəsinə hesablanan 4 saatlıq yolda yemək verilməməsi də sərnişinləri qane
etmir. Bununla belə, AZAL-ın qiymətləri ilə müqayisədə bu hava yollarının xidməti
sərfəli görünür.
Macarıstanı Avropanın ən təhlükəsiz ölkəsi adlandırırlar. Paytaxt Budapeştdəki
insanların əksəriyyəti demək olar ki, turistlərdir. Hətta Yeni ili Budapeştdə
qeyd etməyə gələn turistlər o qədər çoxdur ki, yayın turizm dövrü olması ilə
bağlı səslənən fikirlərin yanlış olduğunu düşünürsən. Miqrantlara qarşı az qala
dəmir hasar çəkməsi küçələrdə yalnız turistlərə və yerli camaata rast gəlməyə
imkan verir. Türklər isə bu yerləri "dədə-baba yurdu” adlandırırlar. Tarixi
siması, arxitektur görkəmi ilə turistləri cəlb edın Budapeştin sübh tezdən
insanların iş-gücə tələsdiyi qaynar həyatı var. Əlbəttə, demək olmaz ki, burada
hər şey idealdır. Metro girişlərində, parklardakı oturacaqların üzərində
yorğan-döşək salıb yatan çoxlu evsiz, səfil insanlara rast gəlmək olur.
Paytaxtın nəqliyyat sistemi az qala İsveçrə saatı dəqiqliyi ilə işləyir. Nəqliyyatda
qayda-qanun da kifayət qədər ciddidir. Qəfil nəzarətlər biletsiz sərnişinləri
8000, polisin çağırılacağı təqdirdə 16 min forint cərimə (təxminən 50 avro) ilə
üzləşdirə bilər. Ümumi mentallığa söykənərək nəzarətçilər yerində 8000 forint
ödəməklə cəriməli sərnişinlərə canlarını nisbətən az məbləğlə qurtarmağa kömək
etsələr də, bu, yumşaq desək, qanunsuzdur.
İmperiya ruhu
Macarıstanda turizm infrastrukturu kifayət qədər inkişaf edib. Rəngbərəng
avtobuslar müxtəlif xətlər üzrə turistləri gün ərzində şəhər boyunca gəzdirir.
20 avro ödəməklə tur gəzintisində Dunayda bir saat gəmi ilə səyahət imkanı da
qazanırsan. Dunay çayının iki qolundakı Buda və Peştin 1873-cü ildə birləşməsi
ilə yaranan və 7 ölkədən axıb keçən çay şəhərin qonaqlarını heyran etməkdə
davam edir. Müharibə vaxri Dunay üzərindəki bütün körpülər dağılıb. Döyüşlər şəhərə
öz təsirini göstərib - müxtəlif abidələrdə və tikililərdə izini qoyub. Müharibə
dövründə müəyyən dağıntılara məruz qalsa da, şəhərin tarixi siması yenidən bərpa
olunaraq günümüzə qaytarılıb. Saray, kilsə və abidələr kolleksiyası YUNESKO-nun
Dünya Mədəni İrs Siyahısında qorunur. Şəhərdəki əksər yaşayış binaları 18-ci əsrdə
tikilib. Barokko üslubundakı məhəllərlər, möhtəşəm teatr və saraylarda imperiya
ruhu qorunub saxlanılır. Qədim macar krallarının, bu ölkəyə qədəm basan fatehlərin
abidələri, möhtəşəm Parlament binası turistlərin ən çox seyr etdiyi məkanlardır.
Budapeşt Parlament binası dünyanın ən böyük üçüncü Parlament binasıdır. Məclis
açıq olmadığı vaxtlarda 45 dəqiqəlik turlarla turistlər bu möhtəşəm binanı gəzə
bilirlər.
1884-cü ildə açılan məşhur Budapeşt Opera Teatrının ərazisi paytaxtda
gəziləcək ən populyar yerlərdəndir. Bu Opera Binasını görmədən və ya nümayişlərini
izləmədən sənətsevər insanlar adətən şəhəri tərk etmirlər. Buda və Peşti
bir-birinə birləşdirən körpülər isə turistləri füsunkar mənzərələrlə
qarşılaşdırır. Budapeştin ən məşhur prospektlərindən olanQəhrəmanlar
Meydanından Andrassy Prospekti istiqamətində hərəkət edərkən qarşılaşdığımız
kafelər, mağazalar, muzeylər tur zamanı ən gözəl dayanacaqlardan sayılır.
Macarların ənənəvi yeməklərini, eləcə də şirniyyatlarını dadmaq da məsləhətdir.
"Dunayın mirvarisi” öz qonaqlarına zəngin mədəni proqram təqdim edir:
200 muzey və sərgi qalareyaları, Milli Opera və 7 konsert zalı hər gün ziyarətçilərin
yolunu gözləyir. Tarix, etnoqrafik, bədii, şəkil qalareyaları və sərgi
salonları, hətta Bibliya muzeyi var. Muzeylərin kolleksiyaları isə dünyaca məşhurdur.
Şəhərdə ilboyu festivallar, karnavallar keçirilir. Macarıstanın termal suları
da dünyaca məşhurdur. Türk hamamları, açıq hovuzlar, müalicəvi hamamlar və s. məkanlardakı
müalicəvi sulardan mədə-bağırsaq, böyrək xəstəlikləri olanlar, maddələr mübadiləsinin
pozulmasından əziyyət çəkənlər istifadə edirlər. Ənənəvi Budapeşt hamamı
keçmişin izlərini və füsunkarlığını qoruyaraq günümüzdə müasir spa xidmətini
göstərir. Budapeşt bu zəngin termal qaynaqlarına görə 1934-cü ildə ”spa şəhəri’
adına layiq görülüb. Gellert Hamamı və Oteli isə 1918-ci ildən bu günə qədər
xidmət göstərir.
Macarlar mehriban xalqdır. Əlində xəritə yaxınlaşıb hansısa yolu
soruşanda, səmimiyyətlə cavab verir, kömək etməyə çalışırlar. Burada insanlar
öz hisslərini gizlətməkdən çəkinmirlər. Küçələrdə, ictimai nəqliyyatda
qucaqlaşıb-öpüşür, əhval-ruhiyyələrini istədikləri formada ifadə edirlər. Onlar
üçün azadlıq bir növ sərhəd tanımır.
Sakit şəhər
Şəhər gəzintisi zamanı bələdçilər ölkənin təhsil sistemi haqqında
xüsusi məlumat verirlər. Macarıstanda orta təhsil 12 illikdir. Ali təhsil müəssisələri
2 hissəyə bölünür: universitetlər və ali məktəblər. Ali təhsil macar, ingilis,
fransız, alman diilərində aparılır. Hətta bir sıra proqramlar rus dilində tədris
olunur. Macarıstanın Avropa Birliyi və Şengen zonası ölkəsi olması digər Avropa
ölkələrinə səyahət imkanları yaratmaqla bərabər, təhsil və iş imkanı əldə edən
tələbələr üçün ayrıca bir təcrübə qazandırır. "Macarıstanın
Avropada yerləşməsi və ingilis dilinin ikinci bir dil olması yenə də dil maneəsinin
olmaması demək deyil”- deyən Budapeştin
Corvinus Universitetinin İctimai idarəetmə ixtisası üzrə 1-ci kurs magistri
Günel Abdullayeva yaşadığı şəhərin insanlarının
dili ilə danışmağın həm çox maraqlı olduğunu, həm də prosesi daha asan etdiyini
deyir: "Lakin macar dilinin çətinliyi bu dili öyrənmək istəyimi hələ ki ertələyib.
Məndən Budapeşt haqqında soruşulanda, ilk verdiyim cavab "sakit şəhərdir” olur.
Bəlkə də elə deyil, amma məndə elə təəssürat yaradıb.
Xoşlamadığım tərəfi isə yaşıllıqların az olmasıdır”. Macarıstanın
Mərkəzi Avropada təkcə turistik anlamda deyil, həmçinin universitetləri ilə də
böyük maraq doğurduğunu deyən G.Abdullayeva dünyanın dörd bir yanından bu ölkəyə
ali təhsil almağa gələn tələbələrin olduğunu qeyd edir. Belə ki, təqaüd
imkanları, Erasmus və s. kimi təhsil proqramları, həmçinin ingilisdilli yüksək
təhsil buna imkan yaradır. Macarıstanda mövcud olan
universitetlər hər il dünya universitetləri sıralamasında yer almaqla bərabər,
region üzrə Avstriya və Almaniya universitetləri ilə müqayisə olunurlar:
"Bilindiyi kimi, Avropada təhsil üçün təqaüd imkanları çox genişdir.
Macarıstanda təqaüd proqramları istər dövlət, istərsə də universitetlər tərəfindən
təklif olunur. Diqqət çəkən məqamlardan biri də əksər təqaüd proqramlarında azərbaycanlı
tələbələrin müraciətçi statusuna aid olunmalarıdır. Dövlət səviyyəsində təqaüd
proqramlarından biri elə məhz mənim də təhsilimin maliyyələşdiyi Azərbaycan və
Macarıstan hökümətləri arasında razılaşdırılmış Təqaüd Proqramıdır.
Universitetlər səviyyəsində olan təqaüdlərə misal çəkə biləcəyim, bir
çoxlarımıza bəlli, məşhur Central European University tərəfindən təklif olunan
proqramdır ki, bir neçə azərbaycanlı da həmin proqramın məzunları
sırasındadır”.
Ümumiyyətlə, yaşadığın və alışdığın mühitdən kənarda təhsil almağın,
yaşamağın və çalışmağın ilk növbədə şəxsi inkişaf baxımından çox faydalı
olduğunu deyən G.Abdullayeva, həmçinin yeni insanlarla ünsiyyətdə olmaq, yeni təcrübələr
qazanmaq, səyahət etmək, yeni mədəniyyətlər və toplumlarla tanışlığın həyatı
daha maraqlı etdiyini söyləyir: "Təhsilini xaricdə davam
etdirmək istəyən və universitet seçimində çətinlik yaşayanlar üçün prosesin önəmli
mərhələlərindən biri ixtisas seçimi üzrə peşəkarlıq səviyyəsidir. Təhsil
aldığım Corvinus Universiteti İqtisadiyyat elmi üzrə ixtisaslaşmış bir
universitetdir. Universitetlər var ki, humanitar yönümlü və ya tibbi sahədə
ixtisaslaşıb. Dünyanın hər yanında bu belədir və xaricdə təhsil üçün ali məktəb
seçimində diqqət ediləsi məqamdır”.
Macarıstanda təhsil alan azərbaycanlı tələbələr
bəzən sərfəli iş tapdıqları halda, Azərbaycana dönmürlər. Bu baxımdan, orada
müxtəlif sahələrdə çalışan azərbaycanlılar yaşayır.
Osmanlı izləri
Macarıstana gələn turistlər, xüsusən türkdilli ölkələrin insanları
mütləq Osmanlı imperiyasının izlərini axtarır. Ölkədə 145 il davam edən Osmanlı
dövrü öz izini qoyub. Gül Baba və Türbəsi, Budapeşt Akıncılar Qəbiristanlığı,
Atatürk sokağı, Türk prospektləri, Budapeşt Türk şəhidliyi, türk hamamları həmin
tarixdən söhbət açır. Macarıstan Milli Muzeyinin Osmanlı bölümündə isə Qanuni
Sultan Süleymanın macar kralı II Lajosu Mohaç döyüşündə məğlub edib ələ
keçirdiyi Budapeşt haqqında qiymətli eksponatlar qorunur.
(davamı var)
Təranə Məhərrəmova
Bakı-Budapeşt