• cümə axşamı, 25 aprel, 05:59
  • Baku Bakı 19°C

Düha və cinayət – bir yerdə ola bilərmi?

26.06.15 15:33 3529
Düha və cinayət – bir yerdə ola bilərmi?
Dmitri Bak: “Elə əməllər var ki, onlara hətta elm və mədəniyyətdə ən yüksək nailiyyətlərlə belə haqq qazandırmaq olmaz”

Albert Eynşteyn atom bombasının hazırlanmasında iştirak etməkdən imtina edib. Anna Axmatova sovet rejiminin tərəfdarı deyildi. Lev Tolstoy əsərlərində zorakılıq əleyhinə mübarizə aparırdı. Demək, dahilik – yaradıcılıqdır, humanistlikdir. Bəs dağıdıcı, qantökən, bədbəxtlik gətirənləri dahi hesab etmək olarmı? Çingiz xan, Napoleon, Hitler – onlar heç bir halda dahi deyillər? Rusiya Dövlət Ədəbiyyat Muzeyinin direktoru, filoloq Dmitri Bak Rusiya mətbuatına müsahibəsində dünyaya ədaləti xeyirxah dahilərin gətirəcəyini bildirib.
- Sizin anlamınızda düha nədir?

- Düha – insana məxsusdur. Bu, təkcə incəsənət xadiminə, hansısa qeyri-adi kəşf edən alimə, yaradıcılıqda yeni yollar tapan rəssama aid deyil. Məsələn, Dostoyevski 1844-cü ildə Peterburqda Ali Mühəndislik Məktəbini bitirdi. Onun dolanmaq üçün heç bir vəsaiti yox idi, təkcə hərbi ixtisası vardı. Ancaq o, kirayələdiyi mənzilində yazı stolunun arxasında oturub qardaşına “Mən ilk rus yazıçısı olacağam” - deyə məktub yazırdı. Bax, bu, bir qəpiyi olmayan, bircə sətri çap olunmayan, kasıb moskvalı həkimin ailəsindən çıxan gənc «Mən ilk rus yazıçısı olacağam» - deyə iddia edirdi. Bu, insanın özünə inamından, daxili gücündən irəli gələn dahilik jestinə nümunədir.
- Siz dediniz ki, təkcə rəssam, alim dahi deyil. Elə isə hökmdar dahi ola bilərmi?

- Hansısa mənada hə... Çünki dahiliyin eyniləşdirilməsini şərtləndirən daha bir vacib amil onun hansısa tendensiya ilə üst-üstə düşməsidir. Bunun fonunda isə qalan şeylər o qədər də gözə görünmür.
- O, bu tendensiyaya təsir edirmi?

- Hə, ilk növbədə o, bunu özü və eyni zamanda başqaları üçün aydınlaşdırır. Bəzən bunu öz şəxsi marağının ziddinə edir. Olsun ki, Napoleon karyeraya can atırdı. Amma onun şəxsi eqoistik impulsu Avropanı yeni quruculuğunun başlanğıcına gətirən hansısa qlobal tendensiya ilə üst-üstə düşürdü. Yəqin ona görə ki, Fransa və ya bütün Avropa böyük Fransa İnqilabının hansı mənadasa təzadına ehtiyac duyurmuş. İnqilabçılar dünyanı yenidən qururdular. Napoleon da Avropanı tamamilə yeni başlanğıclarla qurmaq istəyirdi - imperiya qanunları ilə. Daha doğrusu, əksinqilabi qanunlarla.
- Bəs İvan Qroznı? O, öz idarəçiliyini hansı tendensiyalarla ifadə edirdi?

- Fikrimcə, şəxsiyyətlə mürəkkəb xarakterlər, dövlət idarəçiliyi ilə insanın sonsuz amansızlığı arasında hansısa bağlar var. Rus çarının imperiyanı genişləndirmək üçün atdığı addımlar da bu cür münasibətlərlə özünü biruzə verirdi. İvan Qroznı hökmdar kimi bunu istəyirdimi? Bu, çox güman ki, rus çarının qurduğu pravoslav imperiyanın böyük sərhədlərə yayılması kimi hansısa minilliklərlə mövcud olan obyektiv tendensiyalarla səsləşir. Yaxud o, sadəcə özünün eqoistik məqsədlərini yerinə yetirməyi qərara almışdı – bu barədə tarixçilərdən və psixiatrlardan soruşmaq lazımdır.
- İvan Qroznı sizin nəzərinizdə dahilik və caniliyin qarışığından ibarət bir şəxsiyyətdir?

- Demək olar ki, hə. Zəkalı hərəkətlər həmişə xeyirxah, əxlaqi dəyərlərə əsaslanıb. Hansısa məqamda dahi xadim qəbuledilən hərəkətlərin zirvəsinə yüksəlir. O cümlədən, əxlaqi dəyərlərin mühitində bu, çox önəmlidir.
- Sizin üçün mübahisəsiz dahi kimdir?

- Bu barədə düşünməmişəm. Məncə, o adamı dahi adlandırmaq olar ki, əvvəldən xeyirxahlıq etmək üçün yaranıb. Bu, çox ciddi kriteriyadır. Məsələn, Puşkin şən, həyatsevər adam olub. Hətta, Vladimir Solovyov onun haqqında yazdığı məqaləsində Aleksandr Sergeyeviçi hərəkətləri ilə dahiliyə layiq olmadığı üçün ittiham edirdi. Ümumiyyətlə, rus yazıçılarını götürək. Məişətdə bu adamlar yumşaq desək, mürəkkəb idilər. Çoxları isə sadəcə dözülməz idi. Mənim nəzərimdə onların arasında bəlkə də yalnız 2-3-ü xeyirxahlıq mənasında qüsursuz idilər. Onlar Jukovski, Aleksey Konstantinoviç Tolstoy və Korolinko idi. Bəlkə Voloşini də dahi adlandırmaq olar. Yəqin onlar daha çox dahi xeyirxahlar idilər.
- Dahilik əxlaqi mövcudluğu müəyyənləşdirir?

- Mütləq... Ancaq Kantın dediyi kimi, bu fikri qeyd-şərtsiz qəbul etmək olmaz. Qeyd-şərtsiz xeyirxah insanların dahi olmağa haqları yoxdur.
- Canilik insanın dahilikdən imtina etməsi deməkdir?

- Bununla bağlı artıq Dostoyevski İvan Karamazovun qardaşı Alyoşa ilə söhbətində hər şeyi deyib. O mənada ki, ümumi harmoniya balaca bir körpənin gözyaşlarına dəyməz. Elə əməllər var ki, onlara hətta elm və mədəniyyətdə ən yüksək nailiyyətlərlə belə haqq qazandırmaq olmaz. Qəbul olunmalıdır ki, hər bir insan xeyirxah və cinayətkar ola bilər. Ancaq mənə elə gəlir ki, daxilən azad olmaq olar, ancaq öz günahlarına və haqsızlığına haqq qazandırmaq olmaz. Daha doğrusu, əxlaqlı adam olmaq lazımdır. Başqa halda Salyeri olmaq mümkündür.
- Bütün zamanların və xalqların bir çox dühaları ateist olublar: Heraklit, Eynşteyn, Freyd, Jan Pol Sartr, Kamyu… Bəlkə hansısa məqamlarda məhz inamsızlıq dahiləri Allahın qanunlarını pozmağa vadar edir?

- Mən belə düşünmürəm. İnam və inamsızlıq öz-özlüyündə dahilik əməlinə stimul verə bilməz. Əksinə, bu, nəticəsiz yaradıcılığın təminatıdır. Mən məsələn, Mendeleyevin ateizminin onun Elementlərin Dövri Sisteminin kəşfində necə dastana çevrildiyini mühakimə etmək fikrindən uzağam.
- Bütün hallarda dahilər Allahın qanunlarına riayət etməyə borcludurlar?

- Yox, hər kəs buna məcbur deyil. Ancaq istənilən insan kimi o, Allahın qanunlarına riayət etməyə də borcludur. Mənə elə gəlir ki, heç kəsi günahlarına görə mühakimə etmək lazım deyil. «Mühakimə etməyin ki, mühakimə olunmayasınız» - deyilib. Müqəddəs kitabda həmçinin deyilir ki, «Kim günahsızdırsa, qoy günahkara daş atsın”. Məsələn, şairlər arasında çoxarvadlılıq məsələsinə necə münasibət bəslənilir? Əxlaqi baxımından bu, səfehlikdir. İnsan nə qədər bənzərsizdirsə, onun hərəkətləri kənardan görünməyən hansısa maraqlara tabe olur. Onu kənardan «O, necə sakit yatır» - deyə mühakimə etmək lazım deyil. Siz haradan bilirsiniz ki, o, sakit yatır? Puşkinin sözləri ilə desək, biz hər hansı işdən sitat gətiririk, ancaq sənətkarı onun özünün qəbul etdiyi qanunlarla mühakimə etmək lazımdır. Mənə elə gəlir ki, bu, insana qiymətdə universal yanaşmadır. Dahi isə şübhəsiz ki, yaradıcıdır. Onlar üçün qəbul edilmiş qanunlar isə yəqin ki, Raskolnikovun qanunları olmayacaq. Yaradıcı adam nifrət doğuran qanunları öz üzərində tanımır. Hansı ki, bu qanunlar onu günah etməyə sövq edə bilər.
- Dahilik – rifahdır, yoxsa, ağır yük?

- Yenə də Puşkinin «Motsart və Salyeri»si. Salyeri deyir: “Sən Motsartsan, Allahsan, ancaq özün bunu bilmirsən. Mən bilirəm, mən”. Salyeri bilir ki, nə üçün o, dahidir. Sən öz qeyri-adiliyini nə qədər aydın başa düşürsənsə, sənin məsuliyyətin də o qədər yüksəkdir. Sən insanların ağlı üzərində hakimiyyət, onların əhval-ruhiyyəsini, hərəkətlərini qazanırsan. Bundan ehtiyatla istifadə etmək lazımdır. Ağlın və istedadın hər cür çoxluğu – bu, məsuliyyət yüküdür.
- Öz dühalarına görə dahilər hər hansı hesabat verirlərmi?

- Burada Faustsayağı universal süjet görünür. Dahiliyin hansısa sərhədləri var ki, qaçılmaz hesablaşma tələb edir. Götenin süjetində Faust sadəcə, gənclik və məhəbbət yaşamaq istəyir. Tomas Mannın «Doktor Faustus»unda model eyni olsa da, xəritə üzərində olan dahiyanə musiqidir - onu Adrian Leverkyun yaradır. Ancaq o, sonradan öz sevimli bacısıoğlu tərəfindən ölümlə cəzalanır. Ancaq musiqi qalır. İki variant alınır. Ya Götedəki kimi Faustun cəzalanması onun uğurunu məhv edir. Onda Faust dahi deyil. Ya da ki, Mannda olduğu kimi, Leverkyunun musiqi uğuru heç yerə itib-getmir. Demək, onun özü dahidir.
- Bəzən elə böyük uğurlar olur ki, onun özü caniliyi meydana çıxarır. Buna bayağı bir misal: istilik-nüvə silahının sintezi atom bombasının yaranmasına aparıb çıxardı. Bu əsasla akademik Saxarov, Tamm və Arsimoviçin dahiliyindən imtina etmək olarmı?

- Hə, dahi kəşflər bəzən dəhşətli texnoloji ixtiralarla nəticələnir. Baxmayaraq ki, digər tərəfdən, dahi kəşflər də lazımsız istifadə üçün nəzərdə tutulmur. Əgər iti çimizdirib mikrodalğalı sobada quruduruqsa, bunun sobanın təqdimatına heç bir dəxli yoxdur. Çünki biz onu təyinatı üzrə istifadə etmirik. Əksər hallarda dahi ixtiralar hansısa günahların üzündən baş vermir. Belə təsadüflər çoxdur. Alimin nə kəşf etməsinə baxmayaraq, bütün hallarda silah alınır.
- Bütün hallarda hər bir alim öz əlini bu cür kəşflərin üzərinə qoymamalıdır. Bu, həmçinin şəxsi seçimdir. Məsələn, Eynşteyn atom bombasının hazırlanmasından imtina edib. Yalnız həqiqi dahi bunu özünə rəva görər.

- Bu cür hərəkət həqiqətən də alimdən böyüklük tələb edir. O cür alimlər öz məsuliyyətlərini yaxşı başa düşürlər. Ancaq Eynşteynin nümunəsi azdır. Təəssüf ki, texnoloji svilizasiya elə qurulub ki, böyük gəlirlər burada daha çox dağılmağa xidmət edir, qurmağa yox. Dahi kəşflər praqmatik olmamalıdır. Praqmatiklik başlayan yerdə cinayətlər meydana gəlir.
- Dahi ilə yanaşı yaşamaq çətindir. Bu, ətrafdakılar üçün sərfəli deyil.

- Bu fikrə birmənalı yanaşmaq lazım deyil. Puşkin və Lermontovu götürün. Bir-birindən uzaq məsafədə yaşayırdılar. Puşkin Natalya Nikolayevna ilə xoşbəxt evliliyindən sonra Arbatda, gənc Lermontov isə Kiçik Molçanovkada yaşayırdı. Onlar tamamilə fərqli insanlar idilər. Biri digərindən daha sadə idi. Puşkinin arvadına məktublarını ələ götürmək kifayətdir ki, onu necə ətrafdakılardan qoruduğunu biləsən. Bəzən olur ki, dahilərin şeytansayağı gözyaşları axır və bu, ətrafdakılar üçün dözülməz olur. Dahilər ətrafı özlərindən qoruyurlar.
Rusiya mətbuatından çevirdi
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər