• cümə, 29 Mart, 17:17
  • Baku Bakı 14°C

Dubay, İstanbul, Bakı. İddialıyıq!

19.04.17 10:20 926
Dubay, İstanbul, Bakı. İddialıyıq!
Son günlər ərzində TV-lərimiz, radio kanalları və onlayn mediada tez-tez rast gəldiyimiz yeni bir ifadədir. Artıq insanlarımızın çoxu bu ifadəni mənimsəyib, nə anlama gəldiyini bilir və ölkəmiz üçün yeni bir perspektivin açıldığının fərqindədir. Bəli, Azərbaycan neft qiymətlərinin aşağı düşməsi fonunda iqtisadiyyatını xilas etmək üçün daha bir pəncərə açmış durumdadır. Təbii ki, ilk dönəm üçün bu pəncərə çox böyük bir imkan kimi görünməyə bilər. Amma zamanla elə bir nəhəng imkana çevriləcək ki, ölkənin gəlirlərinin önəmli bir hissəsi məhz bu təşəbbüsə bağlı olacaq.
Baku Shopping Festival – Bakı Alış-veriş Festivalı. Sadə bir sxem və əlverişli təkliflər üzərində qurulmuş uzunmüddətli yeni təşəbbüs. Elə bir təşəbbüs ki, burada həm alıcı-vətəndaşlarımız, həm də dövlətimiz çox ciddi gəlir əldə edə biləcək.
Təşkilatçılar artıq bu sxemin iş prinsipi haqqında bilgi verib. Biz də bir balaca aydınlıq gətirək ki, hələ də sualları olan insanlarımız bunun nə anlama gəldiyini tam təsəvvür edə bilsin.
Alış-veriş Festivalı 10 apreldən başlayaraq 10 mayadək davam edəcək böyük bir ticarət və xidmət kampaniyasıdır. Burada əsas həmişəkindən fərqli olaraq yüksək faizli endirimlərdir. İkinci vacib məqam isə 100 manatın üzərində alış-veriş edənlərin 18 faizlik ƏDV-ni geri ala bilməsidir. Məsələ tam aydın olsun deyə belə bir örnəyə baxaq: tutaq ki, siz adi günlərdə min manatlıq bir mal alırsınız. Burada hər şey aydındır. Min manatı verdiniz, malı aldınız və iş bitdi. Festival günlərində isə hətta bu məbləğin yarısı qədər qazancınız ola bilər. Eyni malı bu günlərdə alsanız satıcı sizə 30 faizdən bəzi hallarda 80 faizədək endirim təklif edəcək. Ortalama 50 faizin üzərində dayansaq, min manatlıq malı 500 manata ala biləcəksiniz. Hələ bu da hamısı deyil. Əlavə olaraq o 500 manatın ƏDV kimi ödədiyiniz 18 faizini də geri alırsınız. Bu isə daha 90 manat deməkdir. Ümumi hesabla alıcı bu cür alış-veriş zamanı min manatlıq malı cəmi 410 manata almaqla düz 590 manata qənaət etmiş olur.
Başqa bir məqam. Festival Azərbaycanda – Bakıda keçirilir. Amma bu, heç də o demək deyil ki, yalnız Azərbaycan vətəndaşları üçündür. Festival beynəlxalq səviyyəli, özünəqədərki analoqları səviyyəsində təşkil edilib. Yəni məqsəd sadəcə alıcılarımızın endirimli kampaniyalardan yararlanması, ticarəti təşviq etmək deyil. Daha və heç də az önəmli olmayan məqsəd həm də ölkəyə turist axınını təşviq etməkdir. Bir qayda olaraq belə festivallar xarici ölkələrdən turistlərin kütləvi şəkildə gəlişini də təşviq edir. Bu isə ticarətlə bərabər turizm sektorunun əlavə stimul qazanması, onun da öz növbəsində xidmət sektoruna təkan verməsi deməkdir.
Bakı Alış-veriş Festivalı ticarət üzərindən hərəkət edərək turizmi və xidmət sektorunu canlandırmaq, insanlarımız üçün əlavə iş yerlərinin təşkili, dövlət büdcəsinə hər il kəskin şəkildə artan valyutanın daxil olması deməkdir. Rəqəmlərlə ifadə etsək, hələlik təşkilatçılar builki dövriyyənin 50 milyon olacağını xəbər verir. Gələcək illərdə isə bu rəqəm sürətlə yüksələcək.
Təcrübəyə baxaq
Belə festivallar bizə yaxın coğrafiyada, artıq hər kəsin turizm, ticarət və xidmət sahəsində yaxşı tanıdığı Dubayda keçirilir. Təməli 1996-cı ildə atılmış festival dövlətin geniş qatılım və güzəşt siyasəti nəticəsində baş tutsa da, artıq bu il 22-cisi keçirilmiş Dubay Alış-veriş Festivalı nəinki dövlət dəstəyinə ehtiyac duymur, əksinə, dövlət büdcəsinə çox böyük rəqəmlərlə ifadə edilən fayda verir.
Rəqəmlərə baxaq
1996-cı ildən bu günə qədər Alış-veriş Festivalı üçün Dubaya gələn xarici turistlərin sayı nə az, nə çox, düz 56 milyon nəfər olub. Söhbət cəmi bir ay çəkən festival günlərindən gedir. Nəzərə alsaq ki, hər festival 1 ay çəkir, deməli, 22 festival 22 ay edəcək. 22 ay ərzində 56 milyon turistin bir ölkəyə gəlməsi o ölkə üçün ağlagəlməz valyuta gəlirləri deməkdir. 56 milyonu 22 aya böləndə ortalama 2,5 milyondan çox əcnəbi turist deməkdir. İndi təsəvvür edək ki, Azərbaycana da bir ay ərzində 2 milyondan çox turist gəlir. Hər turistin ən azı 500 manat xərcləmə ehtimalını nəzərə alsaq, ümumi nəticə 1 milyard manat olacaq. Böyük rəqəmdir, deyilmi?
Bura onu da əlavə edək ki, Dubay Alış-veriş Festivalına qatılan ticarət və xidmət mərkəzlərinin sayı sonuncu dəfə 6 mindən yuxarı olub. Alış-veriş və xidmət nəticəsində dövr edən maliyyə həcmi isə milyardlarla dollar səviyyəsində ölçülür.
Dubaydan sonra 2011-ci ildə Türkiyənin İstanbulu da bu təşəbbüsə qoşulub. Bu il 7-cisi keçiriləcək İstanbul Alış-veriş Festivalı da minlərlə ticarət nöqtəsinin milyonlarla müştəriyə xidmət etməsilə diqqət çəkir. Yəni bu şəhər də Dubayın ardından əlverişli şərtlərlə ticarət və xidmət imkanları təklif etməklə həm yeni iş yerlərinin açılmasını, həm də ölkənin turizm imkanlarını genişləndirməyi hədəfləyir. Hədəfə çatmaq isə heç də çətin olmur. Hər keçən il bu yöndəki rəqəmlər artdıqca artır.
İndi Bakı da bu iki şəhərin yaxşı təcrübəsini mənimsəyərək yeni bir alış-veriş mərkəzinə çevrilir. Deməli, yaxın illərdə Azərbaycana turist axınının getdikcə artacağını proqnozlaşdıra bilərik. Paralel olaraq ticarət və xidmət sektoru da fəaliyyətini genişləndirməli olacaq. Bu isə yeni iş yerləri, dövlət büdcəsinə əlavə irihəcmli daxilolmalar deməkdir. Belə olan halda ölkə insanının rifahının da ciddi şəkildə yüksələ biləcəyini əminliklə deyə bilərik.
Bakı, əslində, sadəcə bu festivalla deyil, ona qədər də bir çox məsələlərdə qlobal mərkəzə çevrilib.
Bakı siyasi, iqtisadi, mədəniyyət, humanitar məsələlərin müzakirə edildiyi, dünyaca qəbul edilən qlobal mərkəzdir. Yəni iddialı şəhərdir, iddialarına da layiqdir. Bu iddialar arasına alış-veriş festivalının da əlavə edilməsi ümumi işin xeyrinə olmaqla çox gərəklidir. O baxımdan hər bir insanımız Azərbaycan üçün yeni olan bu təşəbbüsün ayaq tutub yeriməsi, ən qısa müddətdə dövlətimizə və vətəndaşımıza gözlənilən faydaları təmin etməsi üçün öz töhfəsini verməlidir. Uğur qapının ağzındadır. Sadəcə, onu içəri dəvət etmək lazımdır. Dəvət etsək önümüzdəki 2-3 il ərzində ölkəyə turist axınının ciddi şəkildə artdığını, ticarət və xidmət sektorlarının genişləndiyini, 100 minlərlə əlavə iş yerinin açıldığını müşahidə edəcəyik. Bu isə Azərbaycanın həm də siyasi uğurlarının, qlobal dayaqlarının möhkəmlənməsinə öz töhfəsini verəcək.
Azər HƏSRƏT
banner

Oxşar Xəbərlər