• cümə, 29 Mart, 03:56
  • Baku Bakı 7°C

DTX-nın “reketlər”ə qarşı əməliyyatı təqdir edilir

10.12.16 10:49 3048
DTX-nın “reketlər”ə qarşı əməliyyatı təqdir edilir
Son günlər Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının "reket”liklə məşğul olan jurnalistlərə qarşı apardığı əməliyyatlar davam etdirilir. Artıq "Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev, "Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onun müavini Hikmət Nəcəfli, "Cəmiyyət” qəzetinin baş redaktoru Asəf Novruzov saxlanılıblar. Bildirilir ki, əməliyyatlar MTN rəhbəri olmuş Eldar Mahmudovun cinayətkar dəstəsinə daxil olmuş "reket jurnalistlər”ə qarşı miqyaslı mübarizənin bir hissəsidir. Onlar özlərini jurnalist kimi qələmə verərək, iş adamlarını, məmurları, müxtəlif dövlət idarələrinin əməkdaşlarını ifşaedici materialların yayılması ilə şantaj edib, pul tələb ediblər. Mövzu haqda fikirlərini bölüşən ekspertlər deyirlər ki, artıq bu cür fəaliyyətlə məşğul olanlara "dayanın” deməyin vaxtı çatmışdı. Çünki onlar özlərini jurnalist kimi təqdim edib, "reket”liklə məşğul olmaqla, vicdanlı jurnalistləri də ləkələyirdilər. Millət vəkili Çingiz Qənizadənin fikrincə, hüquq mühafizə orqanlarının bu istiqamətdə gördüyü işlər təqdir olunmalıdır. Çünki belə adamlar xərçəng xəstəliyi kimi yayılıblar.
Mətbuat Şurasının sədri, millət vəkiliƏflatun Amaşovda reketlərə qarşı mübarizəni alqışlayır. Hesab edir ki, həbs edilən baş redaktorlar və onlarla birgə saxlanılanların əməlləri istintaqla sübut ediləcəksə, layiq olduqları cəzanı alacaqlar.
"Onlar çirkin məqsədlərlə mətbuata soxulmuş ünsürlərdir”
Mətbuat Şurası sədrinin müavini, JuHİ sədriMüşfiq Ələsgərlibildirib ki, uzun illərdir medianın adına ləkə olan belə şəxslərlə mübarizə aparıblar: "Həbs edilənlərlə bağlı Mətbuat Şurası hələ 2010-cu ildə tədbir görmüş və onları "qara siyahı”ya salmışdı. Lakin bunun da nəticəsi olmamış və onların əməllərindən əziyyət çəkənlər hüquq mühafizə orqanlarına müraciət etmişlər. Lakin indi məlum olur ki, vaxtilə keçmiş MTN-də yuva salan cinayətkar qruplaşma bu dəstəni himayə edirmiş və onların cəzalandırılmasının qarşısını alırmış. Bu qruplaşmaya dəstək verən müəyyən şəxslər və digər KİV orqanları da mövcuddur ki, onlar da ifşa edilməlidir. Bəzən bu adamlara qarşı görülən tədbirləri "jurnalistlərin həbsi” kimi qiymətləndirmək cəhdləri müşahidə edilir. Lakin bu, tamamilə yanlışdır və o şəxslərin mediaya heç bir aidiyyatı yoxdur. Onlar çirkin məqsədlərlə mətbuata soxulmuş ünsürlərdir”.
"Özümüzü jurnalist kimi təqdim etməyə belə utanırdıq”
CASCFEN sədri Azər Həsrət bizimlə söhbətində dedi ki, xalq arasında "reket jurnalistika” kimi tanınan fəaliyyət növü Azərbaycan mediasının uzun illərdir gözdən salınmasına səbəb olurdu. Bu baxımdan, DTX-nın son günlər keçirdiyi əməliyyatlar, bu üz qarası fəaliyyətlə məşğul olanların aşkara çıxarılması və saxlanılması alqışlanmalıdır: "Düşünürük ki, dövlətimiz mediada mühitin sağlamlaşdırılması istiqamətində belə addımlar atmaqla bizim – jurnalistikanı özünə həyat kredosu seçmiş insanların işini asanlaşdırır. Yoxsa, biz o ünsürlərin əlindən özümüzü jurnalist kimi təqdim etməyə belə utanırdıq. Çünki cəmiyyətin bəlli bir kəsimi jurnalist deyəndə məhz o cür adamları tanıyır və düşünür ki, jurnalistlərin hamısı elədir. Şükürlər olsun ki, problem həllini tapır və mediamızda gerçək jurnalistlərin meydanı genişlənir.
"Bu məsələ hüquqi çərçivədə öz həllini tapmalı idi”
Mətbuat Şurasının İdarə Heyətinin üzvüVüqar Rəhimzadə isə "reketlər”in fəaliyyətiniümumilikdə Azərbaycan jurnalistikasına xələl gətirən hal kimi qiymətləndirir: "Elə mətbuat orqanları var ki, peşə davranış qaydalarını mütəmadi olaraq pozur, jurnalistika prinsiplərinə tamamilə zidd hərəkətlər edirlər. Mətbuat Şurası yarandığı gündən bu hallarla mübarizə aparır, öz mövqeyini ortaya qoyur. Azərbaycan Mətbuat Şurasının tətbiq etdiyi "qara siyahı"da 100-ə yaxın bu cür mətbuat orqanının adı var. Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində ifşa olunan şəxslərin rəhbərlik etdiyi həmin qəzetlərin adları da "qara siyahı"da olub. Mətbuat Şurasının apelyasiya şurasına həmin qəzetlər müraciət edəndən sonra onların adları bir müddət "qara siyahı"dan çıxarıldı. Amma Şuranın sonuncu iclasında həmin qəzetlərdən birinin adı yenidən siyahıya əlavə edildi”.
V.Rəhimzadənin fikrincə, davamlı olaraq bu cür şantaj xarakterli əməllərlə məşğul olanlar qanun qarşısında cavab verməli, məsuliyyətə cəlb edilməlidir: "Reket”lik edən bu cür insanlar jurnalistika adından istifadə edərək, insanları təhdid edirlər. Bu, həm Azərbaycan cəmiyyətinə, həm də Azərbaycan jurnalistikasına qarşı təhqirdir. Onlar insanları təhqir etməklə yanaşı, adamların şəxsi həyatına, ailə həyatına qərəzli mövqedən yanaşır, öz məqsədlərinə çatmaq üçün müəyyən şantaj xarakterli əməllərə əl atırdılar. Bu şəxslər çirkin əməllərini mütəmadi edirdilər, ayrı-ayrı insanları şantaj etməklə məşğul idilər. Hamı onların fəaliyyətini görürdü, hansı əməllərə əl atdıqlarını bilirdilər. Buna görə də bu məsələ hüquqi çərçivədə öz həllini tapmalı idi. Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının keçirdiyi bu cür əməliyyat Azərbaycanda jurnalistikanın sağlamlaşmasına, cəmiyyətə qarşı yönəlmiş mənəvi terrorun qarşısını almaq üçün atılan addımlardandır”.
"Bu tədbirlər Azərbaycan mətbuatının sağlamlaşmasına xidmət edəcək”
Mətbuatdan sui-istifadə halları, "reket jurnalistlər”in fəaliyyəti haqda Trend-ə açıqlamasında "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevdeyib ki, bu cür hallar 90-cı illərin əvvəlindən başlayıb: "Həmin vaxt hələ internet resurslarından istifadə məhdud idi. O vaxtlar Azərbaycanda "reket ordusu" formalaşdı. Ölkədə xaos, anarxiyanın tüğyan etdiyi bir dövrdə Azərbaycan mətbuatında da belə bir problem ortaya çıxdı və "reket jurnalistlər” cəmiyyətdə özünə yer elədi. Sonrakı dövrlərdə bunun acı nəticəsini çəkməyə başladıq. Bu gün də ənənəvi jurnalistika "reket jurnalistika”ya görə əziyyət çəkir. Bu gün əsl jurnalistika ilə "reket jurnalistika” cəmiyyətdə fərqləndirilmir, insanlar ayırd edə bilmirlər. Amma müsbət haldır ki, bu gün ənənəvi mətbuat öz işi ilə məşğuldur, peşə fəaliyyətini diqqətlə yerinə yetirir, Azərbaycan qanunvericiliyinə uyğun fəaliyyət göstərir. Reket şəbəkə isə bunun tam əksinə hərəkət edir, yaranmış vəziyyətdən sui-istifadə edir, Azərbaycanda azad söz, azad fikir, azad mətbuatdan öz mənafeləri üçün yararlanmağa çalışır".
B.Quliyev DTX-nın reketləri ifşa etməsini yüksək qiymətləndirdiyini də vurğulayıb: "Belə əməliyyatlara hətta ənənəvi mətbuatın özü də qoşulmalı, reket jurnalistlərin ifşası üçün hüquq-mühafizə orqanlarına yardımçı olmalıdır. Bu mübarizə bizim cəmiyyətin sağlamlaşmasına xidmət edən addımlardandır. Vətəndaş cəmiyyətinin formalaşmasında mətbuatın da böyük rolu var. Əgər cəmiyyətdə qeyri-sağlam ünsürlər olarsa, cəmiyyət başqa istiqamətə yönələr. Ona görə də DTX-nin gördüyü tədbirlər çox uğurludur və əminəm ki, bu tədbirlər Azərbaycan mətbuatının sağlamlaşmasına xidmət edəcək. Amma biz də bu mübarizəyə qoşulmalıyıq və bu çirkabdan qurtulmalıyıq. Bu cür tədbirləri Azərbaycan mətbuatına qarşı əməliyyat adlandırmaq olmaz. Ümumiyyətlə, bu şəxsləri Azərbaycanın mətbuat nümayəndəsi adlandırmaq düz deyil. Onların mətbuat nümayəndəsi adlandırılması bizim beynəlxalq imicimizi aşağılayar. Həmin şəxsləri jurnalist adlandırmaq məsələyə qeyri-peşəkar yanaşmadır. Dövlət mətbuatın inkişafında maraqlıdır. 2013-cü ildə Prezident İlham Əliyev "Jurnalistlərin dostu" elan edildi. Bu o deməkdir ki, dövlət rəhbərliyi mətbuatın sağlamlaşmasında, demokratik fəaliyyətində və inkişafında maraqlıdır. Bu da birbaşa cəmiyyətin, hüquqi dövlətin inkişafına xidmət edən amildir".
H.Əsgər
banner

Oxşar Xəbərlər