• şənbə, 20 Aprel, 09:55
  • Baku Bakı 14°C

“DTİHB-in hesabatı siyasi sifariş əsasında hazırlanıb”

25.12.13 14:23 1327
“DTİHB-in hesabatı siyasi sifariş əsasında hazırlanıb”
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda oktyabrın 9-da keçirilmiş prezident seçkisinə dair yekun hesabatını açıqlayıb. DTİHB-nin əvvəlki hesabatlarında olduğu kimi bu dəfə də sənəddə prezident seçkisinin beynəlxalq standartlara uyğun keçirilmədiyi vurğulanıb. Qeyd olunub ki, bu seçki ifadə, toplaşma və birləşmə azadlıqlarına məhdudiyyətlər şəraitində baş tutub. Hesabat müəllifləri seçki prosesi dövründə bütün namizədlərə bərabər şərait yaradılmadığını diqqətə çatdıraraq, hətta seçki kampaniyasında namizədlərə qarşı ittihamların, onların mediaya çıxışının məhdudlaşdırılması, həmçinin seçicilərin qorxudulması hallarının müşahidə edildiyini bildiriblər.
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə “Kaspi”yə açıqlamasında DTİHB-in birinci dəfə qərəzli hesabat yaymadığını söyləyib. Deyib ki, DTİHB ənənəvi hesabatları ilə Azərbaycana və digər dövlətlərə qarşı qərəzli mövqe nümayiş etdirir.
Onun sözlərinə görə, Büronun məqsədi heç də seçkiləri müşahidə etmək və qiymətləndirmək deyil: “DTİHB-in məqsədi bəzi dövlətlər qrupunu daim siyasi təzyiq altında saxlamaqdır. Çünki onların sənəddə qeyd etdikləri ittihamların Azərbaycan seçki reallığı ilə heç bir əlaqəsi yoxdur. Azərbaycanda seçkinin bütün mərhələləri demokratik, şəffaf, qanunauyğun formada keçirilib. Hər bir namizəd öz mövqeyini açıq şəkildə həm bildirib, həm də təbliğat-təşviqat aparmaq hüququna malik olub. Yəni, Azərbaycanda yaşayan kimlərinsə, o cümlədən namizədlərdən hansınınsa qorxudulmasından, təzyiq altında saxlanılmasından söhbət gedə bilməz. Büronun seçki prosesinə də mənfi rəy verməsinin özü onların seçki məntəqələrində ya olmaması, ya da olaraq reallığa göz yummaq, xəyallarındakı formatı zorla Azərbaycana qəbul elətdirmək istəyindən xəbər verir. Seçki günü mən özüm MSK-da, YAP nümayəndəsi kimi Bakının 10 rayonunun 24 seçki məntəqəsində oldum. Seçki məntəqələrinin açılışından bağlanmasına qədər müxtəlif mərhələləri izlədim. Bəzi məntəqələrdə mənimlə bərabər DTİHB-in nümayəndələri müşahidə aparırdı. Lakin onlar nədənsə seçkinin demokratik və şəffaf getdiyi, namizədlərə, seçicilərə bərabər şərait yaradılması barədə mənzərələrə göz yumdular. Onlar öz yekun rəylərində ümumi mənzərəni deyil, radikal müxalifət mövqeyində olan, seçkilər haqqında yanlış təsəvvür yaratmaq istəyən qüvvələrin fikirlərini əsas götürdülər. Bu kimi səbəblərdən DTİHB-in hesabatı heç bir həqiqətə söykənmir, hər hansı reallığı əks etdirmir. Bu sənədin siyasi sifariş əsasında hazırlandığı açıq-aydın hiss olunur”.
Millət vəkili DTİHB-in hesabatında yer alan bəzi məqamlar üzərində xüsusilə dayanıb. Bildirib ki, sənəddə müxalifətin əsas namizədinin ciddi qanun pozuntuları ilə bağlı MSK-ya şikayətlər etməsi, guya qarşı tərəfin buna əhəmiyyət verməməsi barədə məlumatlar ağ yalandır: “Şəxsən mən seçki dövründə MSK-nın bütün iclaslarında, o cümlədən ayrı-ayrı namizədlərin müraciətlərinə baxılması prosesində də iştirak etmişəm. əvvəla bütün müraciətlər MSK-nın təlimatına uyğun olaraq qəbul edilib, araşdırılıb, müvafiq sənədlər toplanılıb, həmin müraciətlər müzakirəyə çıxarılıb. Belə halda müraciətlərə baxılmaması barədə söylənilənlər ancaq uydurmadır. İkincisi, müraciət edənlərin özlərinin iştirakı ilə hər bir məsələyə aydınlıq gətirilib. Həqiqətən də qüsurlar, çatışmazlıqlar olduğu təqdirdə, onların dərhal aradan qaldırılması barədə müvafiq göstərişlər verilib. Bir çox hallarda isə müxalifət tərəfindən verilən şikayət ərizələrinin həqiqətə uyğun olmadığı aydınlaşdırılıb. Bu müzakirələrin gedişatını təkcə MSK üzvləri deyil, eyni zamanda beynəlxalq təşkilatların nümayəndələri də izləyiblər. Bu faktın özü də DTİHB-in hesabatının yalana, qeyri-obyektivliyə söykəndiyini bir daha sübut edir”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər