DÖRDÜNCÜ SƏNAYE İNQİLABI: AZƏRBAYCAN ÜÇÜN PERSPEKTİVLƏR
Biz artıq heyrətamiz
bir dövrdə yaşayırıq. Texnologiyalarda radikal dəyişikliklər böyük sürətlə baş
verir. Dünən fantastik hesab etdiyimiz layihələr üzərində bu gün artıq
innovasiya şirkətləri çalışır, nailiyyətlər əldə edirlər. Hər ötən gün
biz elə bir texnoloji inkişaf mərhələsinə çatırıq ki, həyatımızı yeni-yeni
nailiyyətlərsiz təsəvvür edə bilmirik...
BÖYÜK DƏYİŞİKLİKLƏR ERASI
Artıq hər
birimiz həyatımızı, xüsusilə də övladlarımızın həyatını 100% dəyişəcək yaxın gələcək
barədə düşünürük. Hazırda biz dördüncü sənaye inqilabına qədəm qoymuşuq. Əgər
birinci sənaye inqilabı buxar maşınının kəşfi ilə istehsalın mexanikləşməsi,
ikinci sənaye inqilabı elektrik enerjisinin kütləvi istehsalı ilə sənayeləşmə,
üçüncü sənaye inqilabı istehsalın avtomatlaşdırılması üçün elektronika,
kompüterləşmə və informasiya texnologiyalarından kütləvi istifadəni nəzərdə
tuturdusa, dördüncü sənaye inqilabı ("Sənaye 4.0”) rəqəmsallaşmanı,
texnologiyaların birləşməsi və fiziki, rəqəmsal və bioloji sferalar arasında sərhədlərin
aradan qalxmasını səciyyələndirir. Artıq qədəm qoyduğumuz dördüncü sənaye
inqilabında dəyişikliklərin xüsusiyyəti o qədər fundamentaldır ki, dünya tarixi
həm böyük imkanlar, həm də potensial təhlükələrlə dolu olan buna bənzər bir
dövrlə hələ qarşılaşmayıb. Bəs bu dördüncü sənaye inqilabında bizi nə gözləyir?
İnsanın iştirakı olmadan idarə edilən avtomobillər, 3D çap, qabaqcıl robot
texnikaları, yeni materiallar, genlərin redaktə edilməsi, əşyaların interneti
(IoT – Internet of Things), insan bədəninə implantasiya edilmiş telefon, şirkətlərin
rəhbərliyinin tərkibində süni intellekt, blokçeyn vasitəsilə verginin
toplanması və daha nələr, nələr...
Dördüncü sənaye
inqilabı miqyası, həcmi və mürəkkəbliyi baxımından, bəşəriyyətin bütün əvvəlki
təcrübələrinin heç birinə bənzəmir. Qarşıda bizi süni intellekt,
robot-avtomobillər, nanotexnologiya, biotexnologiya və s. daxil olmaqla ən
geniş sahələrdə heyrətamiz texnoloji sıçrayış gözləyir.
Dördüncü sənaye
inqilabı bəşəriyyətə həmçinin daha uzun, daha sağlam və daha fəal həyat yaşamaq
imkanı verir. Biz inkişaf etmiş ölkələrdə doğulmuş uşaqların dörddə birinin nəzərdə
tutulan ömür uzunluğunun yüz il olduğu bir dünyada yaşayırıq. Buna görə də, biz
əmək qabiliyyətli yaşında olan əhali, təqaüd yaşı və həyatın fərdi
planlaşdırılması kimi məsələləri yenidən nəzərdən keçirməliyik. Bu müzakirələr
zamanı bir çox ölkələrin üzləşdikləri çətinliklər göstərir ki, biz bu dəyişikliklərə
hələ hazır deyilik və bir çox hallarda onları dərk etmirik.
Texnoloji
inkişaf şübhəsiz ki, biznesi də necə və hansı sürətlə aparmağımıza təsir göstərir.
Dronlar, süni intellekt, biomühəndislik, kvant kompüterlər və digər yeni
texnologiyalar sahibkarlara xərcləri azaltmaqda, müştəriləri cəlb etməkdə və məhsuldarlığı
artırmaqda kömək edir.
"SƏNAYE 4.0”
YENİ İNKİŞAF STRATEGİYASI TƏLƏB EDİR
Üzləşdiyimiz
dövr bizdən artan rəqabətə tab gətirmək üçün yeni strategiyalar düşünməyi tələb
edir. Çünki, dördüncü sənaye inqilabı
iqtisadiyyatının rəqabət qaydaları əvvəlki dövrlərin qaydalarından fərqlənir.
Burada rəqabətə tab gətirmək üçün bütün formalarda innovasiyaları tətbiq etmək
lazımdır. Bu isə o deməkdir ki, hazırda
bir çox ölkələrdə tətbiq edilən əsasən, xərclərin azaldılmasına yönəldilmiş
strategiyalar innovasiyanın inkişafını nəzərdə tutan strategiyaya nisbətən daha
az effektiv olacaq.
Yeni sənaye
inqilabını çox vaxt kompüter və telefon əməliyyatı sistemləri nümunəsində rəqəmsal
göstərici əlavə etməklə "Sənaye 4.0" kimi adlandırırlar. İlk dəfə bu
termin 2011-ci ildə səslənib. Almaniya hökuməti "Sənaye 4.0”-ü Almaniyanın
"Yüksək Texnologiya Strategiyası 2020”-nin ayrılmaz tərkib hissəsi adlandırıb.
Sonradan yaradılan işçi qrupu bununla bağlı öz baxış nöqtəsini təyin edib və "Sənaye
4.0”-ü istehsalın təkcə ayrı-ayrı mərhələlərinə cavabdeh olan deyil, bütünlükdə
onu müstəqil şəkildə optimallaşdıran və nəzarətdə saxlayan kiberfikizi sistemlərin
sənaye istehsalı və tətbiqi kimi qiymətləndirib.
Dördüncü sənaye
inqilabının artıq geniş vüsət almağa başlaması faktı təkcə internetə ümumi
çıxışla kifayətlənmir. 2016-cı il Davos Dünya İqtisadi Forumunun yekun
hesabatına görə, mobil cihazların, internet sensorların və s. hər yerdə
yayılması, alış-verişdən tutmuş xəstəyə qulluğadək real vaxt rejimində ətraflı
və dəqiq məlumatları əldə etməyə imkan vermişdir. Hazırda "Sənaye 4.0” bağlantı xidmətləri
(connectivity), avtomatlaşma və süni intellektin geniş tətbiqi ilə davam edir.
"Sənaye 4.0” inkişafda yeni üfüqlər
açmaqla yanaşı heç şübhəsiz insanlar üçün də yeniliklər və bir sıra gözlənilməzliklər
gətirəcək. Davos Forumunun hesabatına görə, 2020-ci ilə dünyada təxminən 4.7
milyon ofis işçisi, istehsalatda 1.6 milyon, tikintidə isə təxminən 0.5 milyon
insan öz iş yerini itirəcək. Lakin eyni zamanda biznes və maliyyə sahəsində demək
olar ki, 500 min, menecment və İT sahəsində 400 min, memarlıq və mühəndislik
sahəsində 300 min, satış sahəsində isə 300 min yeni iş yeri yaranacaq. Yəni "Sənaye
4.0”
robotlaşma təkcə insanların öz iş yerlərini itirməsi ilə deyil, həmçinin
biznesin ən fərqli sahələrində yeni imkanların yaranması ilə müşayiət olunacaq.
AZƏRBAYCAN ÜÇÜN PERSPEKTİVLƏR
Yeni sənaye inqilabı
dövründə hansı ölkələr lider olacaq? İsveçrənin tanınmış maliyyə holdinqi
"UBS”-in tədqiqatına görə, bu dövrdə inkişaf etmiş ölkələr qalib olaraq
qalacaqlar. Qeyd olunur ki, məhz onlar dördüncü sənaye inqilabından potensial mənfəət
əldə edən ölkələrin sıralamasında ilk 15 yeri tuturlar. İnkişaf etməkdə olan
ölkələr isə istehsalın universal avtomatlaşdırması şəraitində artıq ehtiyac
duyulmayan orta və aşağı səviyyəli işçi qüvvəsinə görə ciddi şəkildə geriləmə
riski ilə üzləşə bilərlər.
Bəs bu yeni perspektivdə
Azərbaycanı nə gözləyir? Hazırda ölkəmiz nüfuzlu reytinqlərdə hər il pozitiv
inkişaf dinamikası göstərir. Azərbaycan İKT sahəsinin inkişafına görə dünya üzrə
65-ci yerdə qərarlaşıb və Cənubi Qafqaz ölkələri arasında liderdir. Beynəlxalq
Telekommunikasiya İttifaqının (İTU) "State of Broadband Report 2018” sənədinə əsasən, Azərbaycan
MDB məkanında internetin əhatə olunması, yayımına görə ilk yerdədir (79 %).
Dünya Bankının "Doing Business 2019”
hesabatında isə ölkəmiz Avropa və Mərkəzi Asiyada ən çox islahat aparan 10 ölkə
sırasına düşüb və dünya üzrə 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Hazırda
aparılan rekord sayda islahatlar imkan verir ki, Azərbaycan texnoloji cəhətdən
daha da inkişaf etsin. Lakin heç şübhəsiz inkişaf etmiş ölkələrin tətbiq etdiyi
texnoloji inkişaf modelləri qarşısında ölkəmizin yeni texnologiyalar tətbiq etmək,
innovasiyalara getmək tempi daha da güclənməlidir. Bunun üçün isə təhsil
modelinin modernləşməsindən tutmuş ayrı-ayrı şirkətlərdə işçi biznes proseslərinin
təşkilində müvafiq biznes mədəniyyətə keçidin aparılması, inkişafın aparıcı
qüvvəsi olan telekommunikasiya sferasında yeni ekosistemin yaranması, sabit
(fixed) texnoloji bazanın qurulması və yenilənməsi vacibdir.
Müşahidələr
göstərir ki, "Sənaye 4.0”
dövründə ölkələr infrastruktur inkişafına vəsait ayırır, geri qalmamaq üçün
yatırımlar edirlər. Məsələn, Almaniya sənaye infrastrukturunun dəstəklənməsi və
inkişafına hər il 40 milyard avro ayırır. 2014-cü ildən etibarən Böyük
Britaniya "HyperCat" adlanan "Əşyaların İnterneti"nin
inkişafına 70 milyon funtdan artıq vəsait ayırır. Bu, "maşınlar üçün dünya
şəbəkəsi" robot və kompüterlərin qarşılıqlı əlaqədə olduqları və insanın
iştirakı olmadan tapşırıqları yerinə yetirən məlumat bankıdır. Fransa isə
2015-ci ildən etibarən fransız İT şirkətlərinin və startapların inkişafını dəstəkləyən
"La French Tech”
proqramına ildə 200 milyon avro ayırır. Bu mənada Azərbaycanda da
iqtisadiyyatın müxtəlif sahələrinə, xüsusilə telekommunikasiya sferasına yeni
investisiyaların yatırılması lazımdır. Burada isə dövlətin münbit şərait
yaratması fonunda özəl sektorun müxtəlif layihələri həyata keçirməsi, daha fəal
investisiya proqramları icra etməsi, infrastrukturu genişləndirməsi vacibdir.
Qeyd edək ki, dünya təcrübəsində da inkişaf etmiş ölkələrdə dövlətin
nizamlayıcı funksiyanı yerinə yetirməsi fonunda iri infrastruktur layihələri məhz
özəl sektorun müxtəlif sahələrə, xüsusilə telekommunikasiyaya investisiya
yatırması, texnoloji təməli yeniləməsi, innovativ
proqramlar icra etməsi ilə reallaşdırılır.
Həmçinin, "Sənaye 4.0” şəraitində Azərbaycanda innovasiyaları tətbiq
etmək imkanına sahib olan, ekosistemi dərindən bilən intellektualların yetişməsi
və sayının çox olması vacibdir. Çünki, innnovasiyaları insan yaradır və ölkənin
İT ekosisteminin yenilənməsi və inkişafı üçün yüksək peşəkarlığa sahib İT mütəxəssisləri
lazımdır. Başlıca məqamlardan biri də onların xaricə axınının qarşısının
alınmasıdır.
Rəqəmsal dövrdə
əhəmiyyətli inkişafa nail olmağın, dördüncü sənaye inqilabı dövründə geri
qalmamağın yollarından digəri isə ölkəmizdə biznes və tətbiqi elm arasında əməkdaşlığın
gücləndirilməsi, innovasiya məkanlarının yaradılması, Universitetlərin gələcəyin
texnoloji inkişafını irəli aparmağa qadir olan mütəxəssislər yetişdirməsi, eləcə
də dövlət və özəl sektorlar arasında əməkdaşlığın gücləndirilməsidir.
Hazırda "Sənaye
4.0” Azərbaycana qlobal iqtisadi rəqabətdə öz rolunu dəyişmək imkanı verir. Bu
isə ölkə iqtisadiyyatının mövcud potensialından tam şəkildə istifadə etmək,
innovasiyaları tətbiq etməklə mümkündür. Azərbaycanın mövcud zaman kəsiyində
malik olduğu imkanlardan tam yararlanaraq texnoloji sıçrayışla və innovativ həllərlə
Regionun Rəqəmsal Mərkəzinə çevrilməsi
imkanı olduqca böyükdür.
Müəllif haqqında: Fuad Allahverdiyev Azərbaycanı beynəlxalq
internet şəbəkəsinə bağlayan və əsas səhmdarı ölkənin ilk mobil operatoru
"Bakcell” şirkəti olan "AzerTelecom" MMC-nin rəhbəridir.
F.Allahverdiyev informasiya texnologiyaları və telekommunikasiya sahəsində 20
ildən çox iş təcrübəsinə sahibdir. O müxtəlif startapların və İKT sahəsində bir
sıra uğurlu şirkətlərin təsisçisi olub. Müxtəlif illərdə "Smart Systems
Technology”, "SKY”, "SKY MAX”, "Caspian Telecom” (Ailə TV, Ailə NET), "CONNECT”
kimi şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. Həmçinin F.Allahverdiyev
"BBTV" MMC-nin rəhbəri, "Uninet" MMC-nin Müşahidə Şurasının
sədri, "GoldenPay" MMC-nin isə Müşahidə Şurasının üzvüdür.
F.Allahverdiyev iki nüfuzlu ali təhsil müəssisəsinin məzunudur. O Bakı Dövlət
Universitetini və M.V.Lomonosov adına Moskva Dövlət Universitetini (Executive
MBA proqramı) bitirib.