Doğum gününü tanımadığı, adını ilk dəfə eşitdiyi şəhərdə qeyd edən səyyah - Səyyah
Deyir ki,
səyahət xatirələrini danışmaq çox gözəldir, illər keçdikcə, anlayırsan ki,
həqiqətən, insana qalan səyahətdir. Səyahətlərinin çoxunu işlə bağlı etsə də,
getdiyi şəhərin maraqlı, turistik yerlərinə də baş çəkir. Təxminən, 30-dan çox
ölkədə olub, amma hələ ki Afrika qitəsinə ayaq basmayıb. Ona görə, növbəti
səyahətlərini Afrika ölkələrindən birinə etməyi düşünür. "Səyyah” rubrikamızın
budəfəki qonağı hobbisi səyahət etmək
olan "İmpler” reklam və marketinq
agentliyinin rəhbəri İlqar Mirzədir.
Həmsöhbətim
qeyd edir ki, ilk səyahət təcrübəsi Türkiyəyə olub: "İlk səyahətim 2006-cı ildə
işlə bağlı Türkiyənin ən böyük şəhərlərindən biri İstanbula oldu. Çox xoş
təəssürat aldım və məndə yavaş-yavaş Avropanı görmək istəyi yarandı. Amma həmin
dövrdə səyahət etmək indiki kimi asan deyildi, şərtlər və imkanlar çətin idi.
Ən önəmlisi, xarici dil bilgisi mütləq idi. Dil bilgim müəyyən qədər var idi,
işlə bağlı beynəlxalq şirkətlərlə yazışmalarım olurdu, lakin danışmağa
çəkinirdim deyə, xarici ölkələrə getməyə tərəddüd edirdim. Bir dəfə necə
oldusa, yenə işlə bağlı bir məsələdə yazışmalı yox, danışmalı oldum. Beləcə,
kompleksimi aşdım. Nəticə etibarilə səyahət etməyim üçün əngəl olan ilkin
mərhələni keçdim. Daha sonra xarici ölkələrdə olan müxtəlif istiqamətli təlim
proqramlarına qoşuldum və səyahətlərim belə başladı. Yəni hansısa təlim üçün
xarici ölkəyə gedəndə, bir neçə saat təlimdə olurdumsa, vaxtımın qalan
hissəsini şəhəri gəzməyə sərf edirdim. Zamanla hiss etdim ki, səyahət məndə
tələbata çevrilir. Bizim işimiz yaradıcılıq tələb edir. Ona görə, daim mənəvi
qidaya ehtiyacımız olur. İldə bir dəfə də olsa, harasa səyahət etmək lazımdır”.
- Qeyd edirsiniz ki, səyahətlərinizin çoxu iş və
təlimlərlə bağlı olub. Maraqlıdır, ən uzunmüddətli və ən qısamüddətli
səyahətiniz hansı ölkəyədir?
- Bir neçə il əvvəl
ixtisasartırma ilə bağlı təhsil proqramına qoşuldum və 1 il Polşada qaldım.
Əgər bunu saymasaq, Amerika səfirliyinin təşkil etdiyi beynəlxalq proqramla 20
günlük səyahətim olub. Ən qısa səyahətimə gəlincə isə Gürcüstana, Türkiyəyədir.
Əslində, bunları tam da səyahət hesab etmək olmaz. Bir çoxu işlə bağlı olduğu
üçün təyyarə ilə səhər gedib, axşam qayıdıram.
- Dünya xəritəsində gəzdiyiniz ölkələri qırmızı,
gəzmədiklərinizi göylə işarələsək, hansı rəng üstünlük təşkil edər?
- (Gülür).
Təbii ki, göy rəng. Gəzmədiyim ölkələr daha çoxdur. Təqribən, 30-dan çox ölkədə
olmuşam. Bunlar isə daha çox Avropa ölkələridir. Səyahətlərimin böyük
əksəriyyətini Polşada təhsil aldığım dövrdə etmişəm. Oradan bir çox ölkəyə,
şəhərlərə səyahət etmək ucuz başa gəlirdi.
- Elə ölkələr varmı, heç olmayıbsınız, amma görməyi
çox istəyərdiniz?
- Əlbəttə. Məsələn, Afrika
qitəsinə ayaq basmamışam. Bu il ora səyahət etməyi planlayıram. Həmçinin Asiya
ölkələri arasında da kəşf etmədiklərim var. Məncə, səyahətlər mərhələli şəkildə
olur. Yeni səyahətə başlayanlar daha çox böyük və tanınmış şəhərlərdə olmağa
üstünlük verirlər. Amma ikinci mərhələdə artıq öyrəşdiyin şəhər mühitini yox,
qeyri-adi nələrsə görmək üçün kiçik, hamının getmədiyi yerlər axtarırsan.
- Böyük şəhərlərlə, kiçiklərin fərqi nədir?
- Kiçik şəhərlərin
maraqlı xüsusiyyəti var. Orada koloriti hiss eləmək olur, amma böyük şəhərlərdə
bu, mümkün deyil. Böyük şəhərlərdə turistlər çox olur deyə, yerli xalqın
adət-ənənəsini görmək, onlarla əlaqədə olmaq olmur. Kiçik şəhərlərin digər
üstünlüyü isə odur ki, orada muzeylərin çoxu pulsuz olur. Yəni böyük şəhərlərdə
sistem elə qurulub ki, çox pul xərcləməli olursan.
- Qeyd etdiniz ki, 30-dan çox ölkədə olubsunuz.
Yadınızda qalanların adını deyə bilərsiniz?
- Hə,
bilmirəm tarixi, yoxsa coğrafi ardıcıllıqla sayım (gülür). Ən yaxşısı, coğrafi
ardıcıllıqla xəritəni gözümün önünə gətirərək sayım. Qazaxıstan, Gürcüstan,
Ukrayna, Türkiyə, Bolqarıstan, Belarus, Latviya, Litva, Estoniya, Finlandiya,
Almaniya, Polşa, Çexiya, Slovakiya, Belçika, Fransa, İtaliya, İspaniya,
Macarıstan, Rusiya, ABŞ.
- Səyahət dövründə yadınızda qalan bir hadisəni
bizimlə bölüşə bilərsiniz?
- Əslində,
hər ölkədə yaddaqalan hadisə olur. Mənim üçün ən yadda qalanlarından biri
İtaliya səfərim zamanı baş verdi. İtaliyada qalmaq üçün yer axtarırdım. Qərara
gəldim ki, xəritədən şəhər seçim. Xəritəyə uyğun olaraq internetdə də bu ölkədə
ən ucuz ev kirayə verən şəhəri axtardım. Breşia adlanan bir şəhər tapdım, hansı
ki, ömrümdə ilk dəfə idi adını eşidirdim. Şəhər haqqında bir az araşdırma
etdim. Dedilər, sakitlik istəyirsinizsə, Breşiaya gedin. Mən də tənbəllik
etməyib, adını ilk dəfə eşitdiyim şəhərə yollandım. Həmin gün də doğum günüm
idi. Ad günümü tanımadığım, adını ilk dəfə eşitdiyim şəhərdə keçirdim. O qədər
qeyri-turistik şəhərdir ki, evini kirayə verənlər ancaq italyanca bilir, başqa
dildə danışmırlar. Evini kirayəyə götürdüyüm xanımla çətinliklə dil tapdım. Evi
kirayələmək üçün şəxsiyyət vəsiqəmi verəndə, doğum günüm olduğunu bilib, məni
italyanca təbrik elədi. Mən də italyanca bilmirəm, eləcə "qrasias, qrasias”
deyib keçdim.
- Tək, yoxsa qrup şəklində səyahət etmək yaxşıdır?
- Çox
maraqlı və səyahət edənlərin həmişə qarşısında duran sualdır. Bu, insanın nədən
zövq almasından asılıdır. Hər iki səyahət növünün öz üstünlükləri var. Amma onu
deyərdim ki, yeni başlayanlar üçün tək səyahət etmək çətin olur. Xüsusilə də
böyük şəhərlərə gedirsinizsə, qrupla getmək daha məsləhətlidir. Həmçinin qrupa
da baxmaq lazımdır ki, kimlərdən ibarətdir, lideri kimdir? Təcrübəli qrup lider
ilə səyahətiniz nisbətən ucuz başa gələ bilər. Qrupla səyahətin mənfi cəhəti odur
ki, qrupun istəyinə uyğunlaşmalısınız, amma tək səyahət edəndə hər nüansı, hara
gedəcəyinizi özünüz müəyyən edirsiniz.
- Gedəcəyiniz məkanları əvvəlcədən araşdırırsınız?
- Əlbəttə,
mütləq araşdırmaq lazımdır. Səyahətlərimin birində nəqliyyatla bağlı başıma xoş
olmayan hadisə gəldiyi üçün ilk növbədə gedəcəyim ölkədə nəqliyyatı öyrənirəm.
Qalacağım yerə qədər hər məqamı planlayıram. Bundan başqa, səmərəli vaxt
keçirmək üçün şəhərdə maraqlı nələrin olduğunu araşdırmaq lazımdır. Daha sonra
ölkələr haqqında bloq yazıları oxuyuram.
- Nəqliyyatdan danışmışkən, avtostopla səyahət
etməklə aranız necədir?
- Açığı,
avtostop ən sevmədiyim nəqliyyat növüdür. Səyahətlərim zamanı cəmi 2 dəfə
avtostop etmişəm. Düzdür, uğurlu olub, xoşagəlməz bir hadisə baş verməyib, amma
nədənsə, zövq almıram.
- "Səyahət macəralarım” adlı kitab yazsanız, onu öncə
kimə hədiyyə edərsiniz?
- (Gülür).
Maraqlı sualdır, bu haqda heç düşünməmişdim. Yəqin ki, sosial şəbəkədə müsabiqə
keçirdib, ən çox həvəsli birinə verərəm.
- Bəziləri səyahət etmək üçün ciddi maliyyə lazım
olduğunu deyir, siz necə düşünürsünüz?
- Təbii
ki, pul lazımdır. Çox kiçik büdcə ilə səyahət edənlər də var. Bu, hansı şəhərə
necə və nə vaxt getməkdən asılıdır. Zənnimcə, səyahət pul tələb edən prosesdir.
Demirəm ki, milyon xərcləmək lazımdır, amma səyahət etmək istəyən şəxsin
müəyyən qədər ehtiyat pulu olmalıdır. Pulun qədəri planlamadan asılıdır.
Səyahəti əvvəlcədən planlayanda, yaxşı nəticə əldə etmək olur. Məsələn,
maaşınızdan hər dəfə 50 manat kənara qoymaqla, ildə bir dəfə normal səyahət edə
bilərsiniz.
- Siz səyahətlərinizi necə planlayırsınız, nə qədər
pul xərcləyirsiniz?
- Səyahətə
baxır. Öncədən plan qururam və hər maaşımda səyahətimin bir komponentini
tamamlayıram. Məsələn, bir maaşımda biletimi, o birisində qalacağım oteli bron
edirəm. Beləcə, səyahət edəcəyim vaxta qədər lazım olanları toplamış oluram və
bütün xərci birdən qarşılamış olmuram. Uzun müddətdir ki, səyahət etdiyimdən,
aviaşirkətlərin hansı bileti nə zaman ucuz verdiyini, hansı kompaniyaların
olduğunu bilirəm.
- Səyahətin insana verdikləri nələrdir?
- Bu,
insanın səyahətdə nə axtardığından asılıdır. Səyahət insana çox şey verə bilər.
Səyahət zamanı tanış olduğum insanlar turist kimi ölkəmizə gələndə, mənimlə
əlaqə saxlayırlar, onlara ölkəmiz haqqında məlumat verirəm, görməli yerləri
gəzdirirəm. Yəni səyahətlərim mənə yaxşı dostluqlar qazandırıb.
- Səyahət etmək istəyən gənclərə məsləhətiniz
nədir?
- Hər
yaşda səyahətin öz gözəlliyi var. Mənim bir yaxın dostum deyir ki, o milyon
mənim nəyimə lazımdır ki, mən onu 40 yaşımdan sonra xərcləyəcəyəm. Əslində,
haqlıdır. Gənclər gözləməsinlər ki, bu gün pul yığıb, 40 yaşından sonra
xərcləyəcəklər. Düşünməsinlər ki, səyahət ancaq Avropa ölkələrinə olmalıdır.
Bacardıqları qədər yaxın ölkələrə, yəni Gürcüstana, Türkiyəyə, İrana, Rusiyaya
səyahət etsinlər. Sadəcə olaraq, planlı olsunlar. Edəcəkləri səyahəti əvvəlcədən
planlasınlar. Xarici ölkələrdə olan təhsil proqramlarına qoşulsunlar, səyahətlə
bağlı bloq yazıları oxusunlar. Səyahət xatirələrini danışmaq çox gözəldir.
İllər keçdikcə, anlayırsan ki, həqiqətən də insana qalan səyahətdir.
Günel Azadə