• cümə, 29 Mart, 00:04
  • Baku Bakı 7°C

Doğum evlərində şübhəli sövdələşmələr Araşdırma

27.11.13 10:38 8119
Doğum evlərində şübhəli sövdələşmələr Araşdırma
“Bu ilin əvvəlində övladımı 2 saylı Doğum Evində dünyaya gətirdim. Ağrılarım tutsa da, mənə uşağı qeysəriyyə kəsiyi ilə götürəcəklərini dedilər. Doğuş gerçəkləşəndən sonra özümü normal hiss etdiyim üçün, həkimlərə yalvardım ki, icazə verin uşağımı öpüm, heç olmasa ona toxunum, sonra aparın. Amma uşağın heç dırnağının belə mənə dəyməsinə imkan vermədilər. Bu azmış kimi, uşağı mənə 4-5 gün sonra əmizdirmək üçün verdilər. Onu da mənim təşəbbüsümdən sonra”. Bu sözləri bizimlə söhbətində 2 saylı Doğum Evində ana olmuş Gülər Qasımova bildirdi.
“Yalvarsam da, uşağımı mənə vermədilər”

G.Qasımovanın sözlərinə görə, həkimlər bildirdiblər ki, reanimasiyada olduğu üçün övladına süd verə bilməz: “Amma reanimasiyada olsam da, uşağı ən azından qucağıma götürmək gücüm var idi. Üstəlik reanimasiyadan çıxandan sonra da uşağı əmizdirməyə vermədilər. Doğuşdan 4-5 gün sonra tibb bacılarımndan birindən uşağa süd verə bilib-bilməyəcəyimi soruşdum. Tibb bacısı sinəmə baxdı və dedi ki, südün var, verə bilərsən. Əslində mən deməmiş tibb bacıları, ya həkim özü deməliydi ki, uşağı əmizdirmək lazımdır. Belə çıxır ki, mən tibb bacısına deməsəydim, elə doğum evindən çıxana kimi oğluma uşaq qidası verəcəkdilər”.
G.Qasımova deyir ki, sonradan öyrənib ki, uşağı doğulan kimi ananın, sinəsinin üzərinə qoymaq lazımdır: “İnternetdən də oxudum ki, doğuş stolundaca uşaqla ana təmas etməlidir ki, uşaq ananın iyini alsın, ona öyrəşsin. Amma mənə uşağımı yalvarsam belə vermədilər, buna görə uşaq 2 ay mənə öyrəşə bilmirdi. Südüm də o qədər çox idi ki, məni incidirdi. Amma uşağı süni uşaq qidasına öyrətdiklərinə görə balam südümə yiyə durmadı. Həmişə arzulamışdım ki, uşağımı ana südü ilə böyüdüm...”.
Gülər xəstəxanadan evlərinə tərxis olunandan bir müddət sonra evlərinə zəng gəldiyini dedi: “Telefonu götürdüm və bəlli oldu ki, “frisolac” uşaq qidasının satışı ilə məşğul olan firmadandırlar. Uşağa hansı uşaq qidasını yedizdirdiyimi soruşdular. Mən də uşağa elə doğum evində həkimin məsləhət gördüyü və orada da verilən frisolacın adını çəkdim. Xəstəxanada uşağa nə yedirzirdiklərini də soruşdular. Amma iş bununla bitmədi və dəfələrlə zəng edib dəqiqləşdirmə aparırdılar ki, uşağı nə ilə qidalandırıram”.
“Alo, uşağınıza nə yedizdirirsiniz?”

Qeyd edək ki, son illər ana olan bir neçə qadınla danışdıq və məlum oldu ki, onlar da müxtəlif doğum evində eyni aqibətlə qarşılaşıblar. Fərq yalnız uşaq yeməyinin markasında olub. Yəni hər doğum evində analara müxtəlif markada olan uşaq qidası təklif edilib. Amma uşağın anaya müxtəlif bəhanə ilə verilməməsi, ana südü ilə qidalandırmaya 2-3 gün sonra başlanması kimi məsələlər digər xəstəxanalarda da eyni ssenari üzrə gedib. Məsələn, Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 4 saylı doğum evində ana olmuş adının çəkilməsini istəməyən müsahibimiz sözügedən doğum evində eyni aqibətlə qarşılaşıb. Müsahibimiz deyir ki, 2 və 3-cü övladını sözügedən doğum evində dünyaya gətirib: “Mənim uşaqlarımın ikisini də bildiyimə görə, 2 gün qlükoza ilə qidalandırdılar. Bəhanələri də o oldu ki, uşaq zəifdir, ana südü ilə qidalansa, beyninə qan sıza bilər. Həmin vaxt ana qorxu altında olur ki, uşağa nəsə ola bilər, buna görə də tələb edə bilmirsən ki, uşağı verin, özüm qidalandırım. Yəni analara psixoloji təzyiq olur ki, uşaq ölə bilər və s.”.
Müsahibimiz bildirdi ki, xəstəxanadan gələndən sonra “Hipp” uşaq qidalarının satışı ilə məşğul olan firmadan evlərinə zəng gəlib və uşağın nə ilə qidalandığını soruşublar: “Mənə və digər analara da doğum evində məsləhət görülürdü ki, uşağa “Hipp” verək. Maraqlıdır ki, “Hipp”dən nə bilirdilər ki, mən ana olmuşam, yaxud telefon nömrəm onlarda nə gəzirdi? Buradan belə çıxır ki, xəstəxanadan mənim və digər anaların da ev nömrələrini “Hipp”ə verirlər. Bu da doğum evləri ilə süni uşaq qidaları satışı ilə məşğul olanların əlbir işləməsinə işarə deyilmi? Çünki mənim yatdığım doğum evində doğuş keçirən rəfiqəmə də eyni şirkətdən telefon zəngi gəlmişdi. Mənim və digər anaların da bir əlacı qalır ki, xəstəxananı məhkəməyə verək”.
Aldığımız məlumata görə, süni uşaq qidalarının satışı ilə məşğul olan firmalar hər süni qida qəbul edən körpəyə görə həkimlərə 10 manat verirlər. Uşağın həmin qida ilə qidalandığını dəqiqləşdirmək üçün isə yuxarıda da qeyd edildiyi kimi anaya zəng edirlər.
Baş pediatr məhkəməni məsləhət görür

Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev bizimlə söhbətində bildirdi ki, həkimlər və onlarla işləyən uşaq qidalarının satışı ilə məşğul olan firmalar analar tərəfindən məhkəməyə verilməlidir: “Uşaq anadan olandan 30-40 dəqiqə sonra mütləq ona ana südü verilməlidir. Yəni uşaq və anada problem yoxdursa, ağız südü deyilən ilk süd uşağa mütləq verilməlidir. Bu süd bioloji peyvənddir və uşaq üçün həyati vacib məsələdir”.
Qeyd edək ki, Elmi-Tədqiqat Pediatriya İnstitutunda bütün həkimlərin qapılarının üzərində yazılıb ki, “Dərman firmalarının nümayəndələrinin girişi qadağandır”.
Normal ölkələrdə doğuşdan sonrakı proseslər

Türkiyənin İstanbul-Marmara Universitetinin qadın xəstəlikləri və doğum uzmanı Nərmin Qəribova bizimlə söhbətində bildirdi ki, normal doğuş zamanı uşaq doğulan kimi ilkin müayinəsi tamamlanır, göbək ciyəsi kəsilib bağlanır və geyindirilir: “Bundan sonra uşağın bir problemi yoxdursa, ana doğuş stolundaykən uşaq onun qucağına verilir, sonra isə mama tərəfindən köməklik göstərilərək əmizdirilir. Bu zaman ana ilə uşaq arasında ilkin təmas qurulur, uşaq yeni mühitə tez alışır. Əmmə zamanı eyni zamanda döş giləsi stimulə edilərək süd hormonu prolaktinin ifrazını artırır, bu da süd əmələ gəlməsini tezləşdirir. Eyni zamanda ana döşündən ilk gələn “ağız südü” uşağı infeksiyalardan qoruyur, bağırsaq florasının əmələ gəlməsinə kömək edir. Uşaq ağız südünü əmdikdən sonra əgər uşaqda bir problem yoxdursa, ana ilə eyni otaqda qalıb hər ağladığında və ən azı 2 saatdan bir əmizdirilir”.
N.Qəribova əmizdirmənin anaya faydalarından da danışdı: “Uşaqlıq tonusunu artıraraq qanaxmanın miqdarını azaldır. Əgər uşağın çəkisi böyük deyilsə, yəni ana südü onu doyuzdurursa, məcbur qalınmadığı müddətcə uşağa əlavə qida verilməməlidir. Çünki əlavə qidanın dadı ana südünə görə daha şəkərlidir, uşaq onu yedikdən sonra ana südündən imtina edir. Üstəlik, butulkadan əmmək də döşdən asan olduğu üçün uşaq sonra döşü tutmur”.
Narkozun südə dəxli yoxdur

Qeyd edək ki, Azərbaycandakı bəzi doğum evlərində qeysəriyyə kəsiyi ilə uşaq dünyaya gətirən analara bəhanə gətirirlər ki, narkoz vurulub və buna görə uşağa 2-3 gün ana südü vermək olmaz. Ancaq uzaman həkim bildirdi ki, qeysəriyyə kəsiyi ilə doğuş zamanı ananın əməliyyatdan çıxıb uşağın yanına gəlməsinə qədər bir neçə saat vaxt keçir: “Ana otağa gələndən sonra ümumi vəziyyəti əl verirsə, övladını əmizdirə bilər. Yəni narkoz alması əmizdirmənin yubadılmasına səbəb olmur. Amma qeysəriyyə kəsiyi zamanı ana döşünə süd təbii doğuşdan daha gec gəlir. Buna görə də uşağa tez-tez ana döşü verilməlidir ki, südün gəlməsi tezləşdin”.
Onu da deyək ki, ana südü ilə bəslənən körpələr uşaq qidası ilə bəslənənlərlə müqayisədə körpə vaxtı infeksiyalara qarşı daha müqavimətli olurlar. Bundan əlavə, ana südü ilə qidalanan uşaqların sonrakı illərdə diabet, skleroz, ürək, uşaqlıq borusu xərçəngi kimi bəzi xəstəliklərə tutulma ehtimalı daha aşağıdır. Analara gəlincə, uşaq əmizdirən analarda gələcəkdə sümük əriməsi, döş, uşaqlıq, yumurtalıq xərçəngi kimi xəstəliklər daha az müşahidə olunur. Əmizdirən analar hamiləlik zamanı aldıqları artıq çəkini daha asan atırlar.
“Heç kim deyə bilməz ki...”

Səhiyyə Nazirliyinin əməkdaşı Səfayə Əhmədova bizimlə söhbətində bəzi doğum evləri ilə uşaq yeməyi distrübütorlarının əlbir işləməsinə inanmadığını dedi: “Uşaqlar üçün allergiya verməyən, orqanizminə düşən keyfiyyətli spesifik yeməklər var ki, həkim həmin markadan olan uşaq yeməyini yaza bilər. Yəni uşağın sağlamlığı baxımından süni uşaq qidaları yazıla bilər. Bu, məcburi deyil, həkimlər yalnız təklif edə bilərlər ki, uşağa bu qidanı alın. Amma hər şeydən öncə həkimlər məsləhət görür ki, uşağa ana südü verilsin”.
Məsələ ilə bağlı yazımızda adı hallanan 2 saylı Doğum Evi ilə də əlaqə saxladıq. Doğum evinin baş həkimi Mehriban Abbasquliyeva bildirdi ki, sözügedən doğum evində uşaqlara öncə ana südü məsləhət görülür: “Heç kim deyə bilməz ki, uşağa hansı uşaq qidası lazımdır. Yalnız zərurət, həkim təyinatı olanda uşağa ana südü deyil, uşaq qidası verilməsi məsləhət görülə bilər”.
Qanunla pediatrla distrübütor şərik olmamalıdır

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bizimlə söhbətində qeyd etdi ki, Azərbaycan Respublikasının qanununda və ölkəmizin qəbul etdiyi beynəlxalq kodeksdə birmənalı şəkildə pediatrların körpə qida istehlakçılarının distribüterləri ilə əməkdaşlığına qadağa qoyulur: “Hətta, belə istehsalçılar pediatrları konfranslara, yığıncaqlara, gəzintilərə göndərmək üçün sponsorluq edə bilməzlər. Bunların hamısı qanunla qadağandır. Eyni zamanda, qanunla doğum evlərində, qadın məsləhətxanalarında körpə qidalarına dair heç bir yazılı məlumat olmamalıdır. Lakin Azərbaycandakı vəziyyətə nəzər salsaq görərik ki, pediatrların əksər hissəsi körpə qidaları distribüterlərinin şərikləridir, onun yayımı, satışı ilə məşğuldurlar. Təsadüfi deyil ki, Azərbaycanda ana südü ilə əmizdirmə faizi bir çox ölkələrdəkindən çox-çox geri qalır. Bu problem yaşanır və bizim də əlimizdə materiallar var ki, körpə qidası distribüterləri həkimləri maliyyələşdirir, onları beynəlxalq konfranslara, gəzintilərə göndərir. Bu, isə qanunla qadağandır”.
Uşaq qidaları ilə necə mübarizə aparmalı?
Müsahibimiz Günay də doğum evində yalnız 3 gündən sonra uşağına ana südü verməyə icazə verilib: “Gec verdiyimə görə övladım ana südü istəmirdi. Üstəlik, mənim də südüm çox az idi. 20 gün qızıma az miqdarda ana südü, həm də doğuşum gerçəkləşən xəstəxananın həkimlərinin məsləhəti ilə “Hipp” verirdim. Amma 20 gün sonra süni uşaq qidasını kəsdim. “Hipp”i kəsdiyim üçün uşaq çox əsəbiləşirdi, yuxusunda problem yarandı, ancaq sona qədər dözdüm və südüm də çoxaldı. Beləliklə, uşağa 7 aylığına kimi yalnız ana südü verdim. Digər analara da məsləhət görürəm ki, həkimlər “südün yoxdur, əşi, uşaq qidasını ver getsin” desələr də, türklər demiş “pəs” etməsinlər, bezməsinlər. Əgər mənim kimi sonuna qədər mübarizə aparsalar, körpələrini ana südü ilə böyüdə bilərlər”.
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər