Doğulduğumuz andan Türkiyə-Azərbaycan sevgisi ilə böyümüşük - Fotolar
Prezident İlham Əliyev Azərbaycanla Türkiyə
arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və diaspor quruculuğu sahəsində
səmərəli fəaliyyətinə görə İlhan Aküzümü "Dostluq” ordeni ilə təltif etdi. Müxtəlif
vaxtlarda Qarsdan Türkiyə Böyük Millət Məclisinədeputat seçilən İlhan
Aküzüm Türkiyə hökumətində turizm, daha sonra isə gənclər və idman naziri vəzifələrində
çalışıb.Təltifetmənin
sevincini Bakıda yaşayan İlhan Aküzüm həyat
yoldaşı Oya Aküzüm, bacısı Gülhan Aküzüm və yeznəsi Şamil Ayrımla "Kaspi”nin
qonağı oldular.
Türkiyə-Azərbaycan sevgisi
- İlhan bəy, prezident İlham Əliyevin sərəncamı ilə
diaspora fəaliyyətinizdəki xidmətlərinizə görə, «Dostluq” ordenini ilə təltif
olunubsunuz. Azərbaycan və Türkiyə - iki qardaş ölkə arasında münasibətləri
daha da sıxlaşdırmaq üçün diaspora fəaliyyətində hansı işlərə önəm vermək
lazımdır?
- Mənə görə dövlət
başçılarının daha çox bərabər hərəkət etmələri lazımdır. Azərbaycan müstəqilliyə
qovuşmamışdan əvvəl bir qrup diaspor təşkilatlarının fəaliyyətlərində fayda
olurdu. Məmmədəmin Rəsulzadənin zamanında Azərbaycan Kültür Dərnəyinin
qurulması da "Bir gün gələcək Azərbaycan müstəqilliyinə qovuşacaq» ideyasının təşəkkül
tapması üçün idi. Biz də doğulduğumuz andan Türkiyə-Azərbaycan sevgisi ilə
böyümüşük. Hər gecə yatarkən «Azərbaycan nə zaman müstəqilliyə qovuşacaq?» sualını
düşünərək, bu günün həsrəti ilə yaşamışıq. Türkiyədəki bütün xalq bu düşüncədə
və arzuda idi. Dolayısı ilə bu dərnəklərin böyük əhəmiyyəti vardı. Bu dərnəklər
Azərbaycanın müstəqilliyi üçün mücadilə edirdi. Azərbaycan müstəqilliyinə
qovuşdu. Bundan sonra mən o diaspor təşkilatlarının və dərnəklərin səfirliklər
və konsulluqlar qədər faydalı ola biləcəyi qənaətində deyiləm. Mən bu fəaliyyəti
dövlətin daha yaxşı həyata keçirə biləcəyini düşünürəm.
- Azərbaycan və Türkiyə diasporlarının xarici
ölkələrdə birlikdə fəaliyyətlərinə necə baxırsınız?
-
Bu təşkilatların Avropa ölkələrində birgə fəaliyyətlərində daha çox fayda var.
Türkiyə ilə Azərbaycan qardaşdır, ancaq Avropada Azərbaycanın daha çox
tanıdılması lazımdır. Bu istiqamətdə Türkiyə ilə birgə fəaliyyət göstərməsinə
ehtiyac var.
Bu qapılar açılmaz...
- Türkiyə ilə Ermənistan arasındakı sərhədlərin
açılması cəhdlərinə münasibətinizi bilmək istərdik. Təəssüf ki, Türkiyədə bəzi
dairələr sərhədlərin açılması istiqamətində canfəşanlıq edirlər. Bir siyasətçi
kimi sizin fikirləriniz maraqlıdır.
- Mən
Türkiyə və Ermənistan sərhədləri ilə bağlı prezident Rəcəb Tayyib Ərdoğanın hələ
baş nazir olduğu dönəmdə açıqladığı fikrin tərəfdarıyam: "Bu qapılar
açılmayacaq”. Türkiyədəki bəzi qruplar Ermənistanla
Azərbaycanın apardığı müharibənin fərqində deyil. Amma Türkiyə xalqının əksəriyyəti
sərhədlərin fikrinə qarşı çıxır. Yalnız Türkiyədə yaşayan Azərbaycan kökənli
insanlar deyil, bu fikir bütün türklərə aiddir. Mən də Azərbaycan kökənliyəm.
Kökləri Gəncəyə dayanan azəri türküyəm. Türkiyədə yaşayan 85 milyonluq insanın
ürəyində Azərbaycan sevgisi var, heç kim buna razı olmaz. Azərbaycan müstəqilliyini
elan etdiyi gün rəhmətlik Turqut Özal nazirləri topladı. Mən də idman naziri
idim. Azərbaycanı ilk tanıyan dövlət biz olduq. O gecə Azərbaycanın müstəqilliyini
tanıdığımızı elan etdik. Məsud Yılmazın baş nazirliyi dövründə də nazirlər qrupu toplandı və orada özəl bir şey söyləndi:
«Azərbaycan-Türkiyə əlaqələri çox önəmlidir. Gələcəkdə hər iki ölkə və bütün
türk aləmi üçün bu bərabərlik çox əhəmiyyətli olacaq”. Atatürkün də ölkələrimiz
haqda fikri var: «Türkiyə Azərbaycansız, Azərbaycan Türkiyəsiz ola bilməz».
Çünki Türkiyə-Azərbaycan əlaqələri gerçək sevgi və duyğusallıq üzərində
qurulub. Bunu başqa münasibətlərlə qarışdırmayın. Bizim liderlərimiz - istər Turqut
Özal olsun, istərsə də Süleyman Dəmirəl olsun, Türkiyənin gələcək planını cızmadan
dünyalarını dəyişdilər. Ancaq Heydər Əliyev Azərbaycanı uçurumun kənarından
alıb özündən sonrakı dönəmi də dizayn etdi. O, «Bir millət- iki dövlət» sözlərini
bütün insanların beyninə həkk etdi. Bu dostluğun, qardaşlığın parçalanmasına
icazə vermədi. Düzdür, əvvəlki Türkiyə prezidentləri də Azərbaycan-Türkiyə əlaqələri
üçün çox iş görmüşdülər. Ancaq hazırkı prezidentimiz Rəcəb Tayyib Ərdoğan
Türkiyə-Ermənistan sərhədlərini aşılmasını istəyənlərin qəti cavabını verdi. Dedi
ki, «Kimsə mənim qapıma Qarabağın işğalını sona vermədən gəlməsin. Bu qapılar
açılmaz». O, bunu bir dəfə söyləmədi.
Avropa Parlamentində də, Bakıda da, həyata keçirdiyi bütün çeşidli toplantılarda
da hey dilə gətirdi. Artıq elə bir hala gəldi ki, bu qapıların açılması mümkün
deyil. Azərbaycan dövləti bu problemi həll etdikdən sonra Türkiyə Cümhuriyyəti
də lazım olanı həyata keçirər.
Xalq qəhrəmanının ailəsi
- İlhan bəy, sizi uşaqlıq xatirələrinizə qaytarmaq
istərdik. Evinizdə cümhuriyyət liderlərinin olduğu vaxtları necə
xatırlayırsınız?
-
Atam 1950-ci ildə millət vəkili idi. Anam danışırdı ki, 1920-ci ildə Azərbaycanda ixtişaşlar baş verir. Ona
görə babam Gəncəni tərk etmək məcburiyyətində qalır. O, Gürcüstana gedərək
Batumidən Trabzona keçir. Babam sonra Qarsda yerləşir. Sarı Ələkbər xalq
qəhrəmanı idi. Azərbaycanın azadlığı uğrunda mübarizə aparırdı. Dayımı, anam
Brilyant xanımı və nənəmi sürgünə göndəriblər. Anam o zaman 1-2 yaşında olub. Onlar
Aral gölü ətrafına, daha sonra Qazaxıstana sürgünə göndəriliblər. Nənəm orada
olan bir keçi sahibinə qızıl verərək, keçinin südü ilə övladlarını böyüdür. Hətta
südü öncə başqalarının uşaqlarına, daha sonra öz övladlarına verərmiş. Anamın nənəsi
sürgündə vəfat edir. Bir gün onlar sürgündən qaçaraq təkrar Gəncəyə gəlib və
vaxtilə yanlarında çalışan insanların evində qalıblar. Dayımla anamı təhsil
almaq üçün məktəbə yazdırıblar. Bir gün məktəbin şagirdlərini həyətdə toplayaraq
«aramızda vətən xainləri var» deyirlər. Anamla dayımı önə çıxarır və «bir də məktəbə
gəlməyin» deyə xəbərdar edirlər. O hadisədən sonra anamla dayım məktəbdə oxuya
bilmirlər. Bir gün onların evinə asayişdən bir nəfər gələrək «Sarı Ələkbər
bizim üçün çox önəmlidir və biz sizi buradan aparacağıq» deyirlər. Nənəm əvvəlcə
«doğrumu, yalanmı» deyib qorxur. Ancaq
onlar artıq Gəncədə qalmaq istəmirdilər. Həmin adam, hansı ki, xüsusi xidmətlərin
əməkdaşı olur, gecə onları Araz çayı ilə keçirərək İqdıra aparıb və sərhədi keçəndən
sonra "nə siz məni gördünüz, nə də mən sizi” deyib, ayrılır. Onda anam 13
yaşında idi. O, atasını tanıyır. Babam çox hörmətli adam idi. O, ayağa qalxdığı
zaman bütün Qars camaatı ayağa qalxardı. Daha öncə Qarsa gələn azərbaycanlı bir
ailənin oğlu Sarı Ələkbərin çox hörmətli insan olduğunu bildiyindən, onun
qızına da önəm verərək, anamla ailə qurur. Sonra Məmməd Əmin Rəsulzadə orada
kültür dərnəyi qurur. Həmin dərnəyə Aküzüm və Ayrım ailəsi rəhbərlik edir.
- Bu gün Türkiyənin başı üzərində təhlükə dolanır.
Onun sərhədləri yaxınlığında kürd dövlətinin yaradılması planı üzərində işlər
aparılır. Hətta referendum məsələsini ortaya atıblar. Bu təhlükəni nə qədər
real hesab edirsiniz?
-
Bu, Türkiyə üçün bir sıxıntıdır. Belə bir şey söyləyim: mən türkəm. Həyat
yoldaşım da türkdür. Biz gerçək türk millətçiliyi uğrunda mücadilə edən bir ailəyik.
Türkiyədəki kürdlər həqiqətən bütün proseslərdən sağlam çıxdılar. Bəzi illərdə
bir sıra sıxıntılarla qarşı-qarşıya qaldıq. Əks halda, Türkiyə çox pis duruma
düşə bilərdi. Türkiyənin daxilindəki kürdlər bu işə qarşılıq vermədilər. Ancaq
xaricdəki kürdlər tərəfindən bu işlərin həyata keçiriləcəyinin narahatlığını
yaşayırıq. Bu, həqiqətən baş verərsə, Türkiyə üçün çox pis nəticələrə gətirib
çıxaracaq.
Azərbaycandan qürurla gedirik
- Həyat yoldaşınız Oya Aküzümə
ünvanlayacağımız sualın cavabını eşitmək
də maraqlı olar. Oya xanım, Azərbaycan kökənli bir ailənin gəlini olmaq sizə çətin
olmadımı? Bu ailənin adətlərinə necə uyğunlaşdınız, nələri öyrəndiniz?
- Elə bir fərq
olmadı... Hər birimiz Azərbaycanın sevgisi ilə böyüdük. Qızım da bu sevgi ilə
yaşadı. Bizim ailəmizdə böyüklərə, kiçiklərə hörmət vardı. Bu adətləri gördüm və
əməl etdim. Sadəcə, bir qədər rəqslərini bacarmıram. Çünki Aküzüm ailəsi Azərbaycan
rəqslərini gözəl bacarır. Daha sonra bir sıra yeməklərini hazırlaya bildim. Məsələn,
plov bişirməyi öyrəndim.
İlhan bəy: Mən özüm də plov bişirməyi yaxşı bacarıram.
Anamdan öyrənmişəm. Ancaq təkcə plov bişirə bilirəm. Oya da dadlı yeməklər
bişirir. Biz azəri rəqslərini qoruyub saxlamışıq. Atam gözəl rəqs edərdi. Ondan
sonra Aküzüm qardaşları həmin rəqslərə qoşulardılar. Orada Azərbaycan gecələri
keçirilərdi. Atam Şeyx Şamilin rəqsini – "Ləzgi mahısı”nı oynayırdı.Mən Qarsda gənc
millət vəkili idim. Oya xanım isə bankda işləyirdi. Evimizin qabağında yüzlərlə
insan yığılır, az qala evin içinə girirdilər. Ancaq o insanların heç birisi
Oyadan şikayətçi olmadı.
Oya Aküzüm: - Mən adətlərə rəğmən, o insanları da sevdim.
Bilirsinizmi, insanlar öz həyat yoldaşlarını sevdiyi təqdirdə, heç nə çətin
olmur. Sevgi olan zaman hər şeyi bir görürsən – anasını ana, atasını ata,
bacısını bacı, dostunu dost gözü ilə...
- Heç şübhəsiz, İlhan bəyin "Dostluq” ordeni alması
bacı kimi Gülhan xanım üçün qürurvericidir. İlhan bəy uşaqlıqdan Azərbaycan sevgisi ilə
böyüdüyünüzü dedi. Azərbaycan da bu sevginin qarşılığını verdi.
Gülhan Aküzüm: - Qardaşımın belə bir ödülə layiq görülməsindən
çox duyğulandım. Böyük bacım Türkan xanım da bu barədə ona xəbər verəndə, çox təsirləndi.
Anamla atamın soy-kökü Azərbaycandandır. Ailəmiz Azərbaycanla əlaqə yaratmaq
üçün radiodan ayrılmazdı. Gecənin bəlli saatında "Bakı” radiosuna qulaq asar,
bir musiqi səsi eşidincə, sevinərdik.
İlhan Aküzüm: - Bu sevgi ilə yaşadığımız vaxt Rəşid Behbudov
Türkiyəyə gələrək kinoteatrda konsert verdi. Atam bizi də apardı. Rəşid
Behbudov "Lalələr”i oxuyurdu. «Bir qonaq gələsiz bizə, lalələr» deyincə, hamı ağlayırdı. Türkiyə-Azərbaycan
dostluğu həyatımızın bir parçasıdır. Biz Türkiyə Cümhuriyyətinin vətəndaşı
olmaqdan da qürur duyuruq. Cənab İlham Əliyevin məni təltif etdiyi "Dostluq”
ödülü bizim üçün ən böyük qürurdur. Bu, unudulacaq bir şey deyil. Biz Azərbaycandan
çox xoşbəxt halda və qürurla gedirik. Bizim valideynlərimiz Azərbaycanın müstəqilliyini
arzulayırdılar. İndi onların ruhları şaddır.
Təranə Məhərrəmova