Dotasiyadan asılılıq aradan qalxmalıdır

Dotasiyadan asılılıq aradan qalxmalıdır

Siyasət
19 Noyabr 2019, 19:01 1509
Yerli gəlirlərin artırılması istiqamətində işlər aparılmalıdır ki, onların faiz nisbəti artsın

Prezident İlham Əliyev noyabrın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edərkən dövlət büdcəsində yerli gəlirlərin faizinin artırılması məsələsinə toxunub. O, ötən il Naxçıvanın büdcə gəlirlərinin təqribən 400 milyon manata yaxın olduğunu söyləyib. Qeyd edib ki, 383 milyon manatlıq Naxçıvan büdcəsinin 22 faizi - 83 milyon manatı yerli gəlirlər hesabına formalaşır, qalan 300 milyon manat Bakıdan dotasiya verilir. Dövlət başçısı növbəti illərdə yerli gəlirlərin artırılması istiqamətində müvafiq işlərin aparılmasının zəruriliyini vurğulayıb. Ölkə rəhbəri bildirib ki, belə olan halda sosial və sənaye layihələrinin icra edilməsi üçün daha da böyük imkanlar olacaq. Bütün ölkədə olduğu kimi, Naxçıvanda da maliyyə və iqtisadi sahələrdə şəffaflığın tam təmin edilməsinin vacibliyini önə çəkən Prezident İlham Əliyev deyib ki, aparılan islahatlar nəticəsində təkcə bu ilin 10 ayı ərzində büdcə gəlirləri plandan əlavə 850 milyon manat artıb. Bunun yarısı gömrük, yarısı vergi orqanları hesabına formalaşıb. Prezidentin sözlərinə görə, bu əlavə 800 milyon manat sırf idarəetmədə aparılan islahatlarla, şəffaflıqla bağlıdır və bu, maaşların, pensiyaların artırılmasına, həmçinin investisiya layihələrinə əlavə vəsaitlərin ayrılmasına imkan yaradıb. 
 
 

Beləliklə, dövlət başçısı İlham Əliyev Naxçıvan MR-lə əlaqədar səsləndirdiyi fikirlərlə yerli gəlirlərin faizinin zaman keçdikcə artırılmasının, bu istiqamətdə müvafiq işlər görülməsinin, dövlət büdcəsindən – dotasiyadan asılılığın tədricən aradan qaldırılmasının əhəmiyyətini önə çəkib. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, bir neçə il bundan öncəyə qədər Azərbaycanın cəmi 6 rayonu özü-özünü maliyyələşdirə bilirdisə, hazırda 39 rayon dövlət büdcəsindən dotasiya almır, özünü maliyyələşdirə bilir. Millət vəkili deyib ki, zaman keçdikcə belə rayonların sayı daha da artacaq: "Bu, o deməkdir ki, artıq rayonların yerli büdcə gəlirləri artıb. Məhz bu artım sayəsində yeni müəssisələr yaradılır, yeni iş yerləri açılır, müxtəlif infrastruktur layihələr reallaşdırılır. Xüsusilə kənd təsərrüfatının inkişafı, aqrar komplekslərin, sənaye məhəllələrinin yaradılması, turizm sektorundakı canlanma, regionların turizm potensialından səmərəli istifadə edilməsi rayonların iqtisadiyyatında tərəqqiyə, gəlirlərin çoxalmasına səbəb olur. İqtisadi potensialdan düzgün istifadə edilməsi büdcə gəlirlərində özünü aydın şəkildə göstərir. Qarşıda duran məqsəd, əsas strategiya bundan ibarətdir ki, bu işlər daha da genişlənsin. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasında da başlıca məqsəd, əslində bundan ibarət idi. Bu səbəbdən şübhə etmirik ki, gələcəkdə regionların, ayrı-ayrı rayonların, o cümlədən Naxçıvan Muxtar Respublikasının yerli gəlirləri bir qədər də artacaq”.
 
 

İqtisadçı ekspert Pərviz Heydərov hesab edir ki, yerli gəlirlərin artırılması barədə dövlət başçısı İlham Əliyevin qeyd etdiyi fikirlər, sadəcə Naxçıvanla əlaqəli deyil. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin tələbi bütün rayonlara şamil edilir: "Hələ bir neçə il bundan öncədən belə müəyyən olunub ki, ölkə iqtisadiyyatı inkişaf etdikcə, dövlət büdcəsinin gəlirləri artdıqca, bölgələrin mərkəzdən asılılığı tədricən azalsın, Azərbaycanın regionlarının dotasiya hesabına yaşaması aradan qalxsın. Bunun bariz nümunəsi kimi bir neçə il bundan öncədən başlayaraq bəzi rayonların öz-özünü maliyyələşdirməsini göstərə bilərik. Getdikcə belə rayonların sayı artmaqdadır. Sırf Naxçıvan Muxtar Respublikasına gəlincə, bu regionun özünün böyük iqtisadi potensialı var. Sadəcə, muxtar respublikanın coğrafi məkan olaraq Azərbaycanla birbaşa quru əlaqəsi yoxdur. Bu, müəyyən çətinliklər yaradır. Ancaq Naxçıvanın yerləşdiyi coğrafi ərazinin müsbət tərəfi də var. O da bundan ibarətdir ki, Naxçıvan Türkiyə ilə birbaşa quru əlaqəsinə malikdir. Qardaş Türkiyə Naxçıvanın iqtisadi cəhətdən daha çox "oksigen” əldə etməsi üçün indiyə qədər müəyyən güzəştlər tətbiq edib. Hazırda bu istiqamətdə işlər davam etdirilməkdədir. Bu, Naxçıvan iqtisadiyyatı üçün əlavə stimul yaradır, muxtar respublikanın iqtisadi inkişafında özünü büruzə verir. Bu baxımdan, Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovu qəbul edərkən əldə edilən uğurlarla yanaşı, yerli gəlirlərin artırılması barədə fikirləri heç də təsadüfi xarakter daşımır”.
 
 

İqtisadçı ekspert Naxçıvanın enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı faktlara da diqqət çəkib. Bildirib ki, əgər 16 il bundan öncə Naxçıvan 1 milyard kilovat saatdan çox elektrik enerjisi idxal edirdisə, hazırda bu, 34-35 milyon kilovat saata qədər enib: "Bu, nəyin hesabınadır? Əlbəttə ki, Naxçıvanda elektrik stansiyalarının inşasının, enerjisi istehsalının artmasının hesabına. Özü də bu enerjinin müəyyən hissəsi bərpa olunan enerji mənbələrinin payına düşür. Əgər bir bölgədə enerji təhlükəsizliyi mövcuddursa, deməli, burada iqtisadiyyatın əsas inkişaf strukturunun təmin olunması barədə də danışmaq olar. Belə bir yerdə istehsaldan söhbət gedə bilər”.
 


P.Heydərov Naxçıvan məhsullarının Azərbaycanın ixrac potensialında mühüm yer tutduğunu dilə gətirib. Qeyd edib ki, Naxçıvan məhsulları maya dəyərinin aşağı olmasına rəğmən, keyfiyyətinə görə daxili və xarici bazarda yüksək rəqabət qabiliyyətinə malikdir: "Belə bir fonda nə dərəcədə məntiqli görünür ki, Naxçıvanın büdcəsinin 80 faizi mərkəzdən təmin edilsin? Ona görə də dövlət başçısı haqlı olaraq bu məsələni qabardır. Gələcəkdə muxtar respublikanın daha böyük iqtisadi nailiyyətlər əldə etməsi hesabına dotasiyadan – mərkəzdən asılılığını minimuma endirməsi əsas hədəfdir. Ali Məclis sədrinə dövlət başçısı tərəfindən məhz bu istiqamətdə tapşırıqlar verilib. Bu tapşırıqların icrası üçün Azərbaycan dövləti və hökuməti də bir sıra tədbirlər görməlidir. Bu yaxınlarda rayonlara yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edən Prezident İlham Əliyev onlar qarşısında da bu cür vacib tapşırıqlar qoyub”.

Rufik İSMAYILOV