• cümə, 19 Aprel, 17:30
  • Baku Bakı 25°C

Dostuq, amma tamaşada dublyor olana qədər

12.12.19 09:00 1416
Dostuq, amma tamaşada dublyor olana qədər
"O aktyor mənimlə düşmən oldu, salam vermirdi, üzümə baxmırdı”
Teatr aləmində yazılmamış bir deyim var "Dostuq, qardaşıq, bir tamaşada dublyor olana qədər”. Doğrudan da, zaman-zaman teatrlarda hazırlanan tamaşalarda dublyorların bir-birlərinə qısqanclıqla yanaşmasının şahidi oluruq. Aktyorlar arasında "Niyə premyerada o çıxdı?”, "Onu daha çox alqışladılar”, "Tamaşanın ilkin baxışında mən olmalı idim” kimi deyişmələr başlayır. Tamaşada dublyorun olması vacib və bir o qədər də həssas bir məsələdir. Vacibdir ona görə ki, həyatda heç kim heç nədən sığortalanmayıb, hər an hər hansı aktyor gözlənməyən hadisə ilə üzləşə bilər və həmin an o aktyoru əvəz edə biləcək birinin olması vacibdir. Digər tərəfdən isə ən incə və kövrək qəlbə sahib olan aktyorların "Sən məndən daha çox oynadın” məsələsi ortalığa çıxır. Bu problem əvvəllər də tanınmış sənət adamları ilə yaşanıb, indi də davam edir. Nəsillər bir birini əvəz edir, ancaq bu dəfə fərqli formada.
Əməkdar artist, rejissor Nicat Kazımov deyir ki, imkan olduğu təqdirdə, teatrlarda dublyorların hazırlanması mütləqdir: "Elə tamaşalar var ki, orada aktyorların dublyorunun olmasının tərəfdarı deyiləm. O obrazlar dublyorsuz olmalıdır. Rejissor üçün iki heyətlə işləmək daha böyük zaman tələb edir. Bir çox hallarda teatrlarda dublyorlarla çalışmaq mütləqdir. O ki, qaldı dublyorların bir-birləri ilə dil tapmamağına, bu insanlıq məsələsidir. Hər bir insan ayrı-ayrılıqda bir fərddir və cəmiyyətdə öz şəxsiyyətini nümayiş etdirir. Elə dublyorlar olur ki, bir-birilərinə kömək edir, can deyib can eşidirlər. Elələri də olur ki, başlarından böyük düşünürlər. Unudurlar ki, tamaşanı quran rejissordur. "Bu, mənim tapıntım idi”, "Mənim etdiyim yeniliyi o da etdi” kimi lazımsız fikirlərlə problem yaradırlar. Hansı ki, teatr kollektiv sənətdir və burda bir nəfərin uğursuzluğu tamaşanın ümumi gedişinə təsir göstərir. Tamaşanın yaxşı alınması üçün bütün komanda bir amal uğrunda mübarizə aparmalıdır. Burada "sən, mən” problemi olmamalıdır. Əgər varsa, bu, müştəbehlik əlamətidir. Təbii ki, zaman-zaman mən də tamaşa hazırlayanda aktyorların dublyor problemi ilə üzləşmişəm. Ancaq mənim tamaşalarımda aktyor özbaşınalıq edə bilməz. Bacardığım qədər o özbaşınalığın qarşısını almağa çalışmışam. Özünə arxayın olan aktyor heç vaxt dublyordan qorxmaz və ona qarşı pis fikirdə olmaz. Mənim özümün də səhnədə dəfələrlə dublyorum olub. İmkan olan yerdə dublyorun olması yaxşıdır”.
N.Kazımov qeyd etdi ki, aktyorun, dublyorunun məşq prosesində iştirak etməsi müsbət haldır: "Məşq zamanı zalda oturub tamaşaya baxanda dublyorda hansı səhvləri görürəmsə, özüm səhnəyə çıxanda o səhvləri düzəltməyə çalışıram. Dublyorunu tənqid etmək insanın cılızlığından irəli gəlir. Ən son quruluş verdiyim "Tanrıya 14 məktub” tamaşasında mən oğlumla dublyor idim. Bir neçə məşqdən sonra gördüm ki, o, həmin obraza vizual olaraq məndən daha çox uyğun gəlir. Mən həmin tamaşada səhnəyə çıxmadım. Gənc yaşlarımda da yaxın dostlarımla dublyor olmuşam. Bir neçə məşqdən sonra dublyor məşqə gəlməyərək "Bu, Nicatda daha yaxşı alınır” demişdi”.
Rejissor bildirir ki, dublyor problemi daha çox baş rolları canlandıran aktyorlar arasında yaşanır: "Digər bir problem isə tamaşanın primyerasında, ilkin baxışında birinci kimin oynamasındadır. Son qərarı rejissor verir. Bizdən əvvəl də belə problemlər olub. O vaxt daha böyük mübahisələrə səbəb olurdu. "Mən daha yaxşıyam”, "məni qiymətləndirmirlər, o birisi məndən zəifdir”, "o nəsə edib ki, onu qabağa çəkib imkan yaradıblar” kimi fikirlər səsləndirilib”.
Akademik Musiqili Komediya Teatrının aktyoru Elçin İmanov deyir ki, tamaşada dublyorun olması çox yaxşı haldır: "İlk dəfə teatra gələndə məni məşhur aktyorların birinin canlandırdığı obraza dublyor vermişdilər. Sonra o aktyor mənimlə düşmən oldu. Belə ki, mənə salam vermirdi, üzümə baxmırdı. Birdən-birə onun mənə qarşı xasiyyətinin dəyişməsi mənim üçün adi hal deyildi. Sonra öyrəndim ki, məni ona dublyor təyin etdikləri üçün münasibəti dəyişib. İlk dəfə onda başa düşdüm ki, dublyor olmaq heç də yaxşı bir şey deyilmiş. Həmişə istəmişəm ki, kimsə dublyorum olsun”.
Aktyor bildirir ki, Akademik Musiqili Teatrda hər bir aktyor istəyir ki, onun dublyoru olsun: "Bizdə tamaşalar musiqi ilə bağlı olduğu üçün səs böyük rol oynayır, səs də hər zaman yerində olmur. Ona görə də, aktyorların çoxu dublyorun olmasını istəyir. Belə bir deyim var – dublyoru ona görə xoşlamır ki, aktyor özünə güvənmir, yox, qorxur ki, dublyoru onu səhnədə üstələyə bilər. Əgər üstələsə, bunu tamaşaçı da, çalışdığı kollektiv də görəcək. Aktyorun özünə güvənməməyi, üzərində işləməməyindən belə bir qısqanclıq yaranır. Bu, birbaşa aktyorun zəifliyini göstərir. Əgər dublyorun səndən yaxşı oynayırsa, deməli, sən yaxşı aktyor deyilsən. Dublyor eyni rolu oynayan aktyoru ona görə sevmir ki, o, bundan yaxşı oynayır. Elə aktyorlar olub ki, ömür boyu istəməyiblər ki, onun dublyoru olsun. Bu, bütün teatr aləmində var”.
Əməkdar artist Elnur Kərimov bildirdi ki, dublyor işi aktyor sənətinə kömək olacaq bir sistem olsa da, təəssüf ki, dar düşüncəli insanlar bunun mahiyyətini tam olaraq başa düşmürlər: "Dublyor, yaradıcı potensial baxımından oyun tərzi, aktyorların bir obraza fərqli yanaşması, bir-birləri ilə məsləhəti, rejissorun yozumu baxımından maraqlı bir prosesdir. Təəssüflər olsun ki, teatrlarımızda bu məsələyə nəinki yaradıcı bir iş kimi baxılır, əksinə, tərəflərin qısqanclığına səbəb olur. "O, mənə baxdı”, "o, bunu məndən oğurladı”, "bu üsulu ondan öncə mən düşünmüşdüm” kimi düşüncəsiz ifadələrlə qarşı tərəfi ittiham edib, gözdən salmağa çalışır. Yaranan ümumi proses hazırlanan tamaşaya öz təsirini göstərir. Nədənsə, daha çox baş rolların dublyorları düşmənçilik edirlər. Dərk etmirlər ki, bu teatrın qanundur və proses belə olmalıdır. Teatr, elə rejissorun özü də işini bərk tutmaq üçün dublyordan istifadə edir”.
E.Kərimov deyir ki, aktyorun obraz üzərində tapdığı truyklar məhz onun özünə məxsusdur: "Rejissor mənə tapşırığını verir və mən o tapşırığın üzərində işləyirəm, növbəti məşqlərdə hazırladığımı göstərirəm. Robot deyiləm ki, rejissor deyəni olduğu kimi edim. Mən bu anlayışı qəbul etmirəm. Nəyisə edirəmsə və bu rejissor tərəfindən bəyənilirsə, sonra dublyor onu təkrar edirsə, o, artıq məni yamsılamaq olur. Onun işi, düşüncəsi mənim düşüncəm kimi deyil. Mən içini doldururam, dublyor isə onu quru edir. Təbii ki, dublyor məşq edəndə, o biri dublyor ona baxmalıdır, çünki məşq prosesində rejissor tapşırıq verir və o tapşırıqları mən də eşidirəmsə, bu, mənim üçün daha önəmlidir. Dublyor isə elə düşünür ki, digər aktyor zalda əyləşibsə, məndən oğurlamaq, tapdığım tryuklara baxmaq üçün oturub. O insanlara başa salmaq lazımdır ki, sən məşq edərkən dublyor da orda oturmalıdır ki, rejissor mütəmadi olaraq göstərişlər versin və aktyor onu götürsün. Dublyor, yaradıcı prosesdə təkan verən işi daha da sürətləndirən sistemdir. Bu qısqanclıq nəyə lazımdır? Təbii ki, həmin aktyorlara bu mövzu ilə bağlı sual versəniz, özlərini ağıllı göstərmək üçün böyük danışmağa başlayacaqlar. Amma işin özünə gələndə çoxu qısqanclıq edir. Bu qısqanclıq da, böyük söz-söhbətlərə gətirib çıxarır. Bu da sağlam ab-hava, düşüncə deyil, teatrın nüfuzunu geri salan amillərdən biridir. Hansı ki, buna yol vermək olmaz. İndi dublyor olanlar bir-birinə salam vermir, sosial şəbəkələrdə qarşılıqlı olaraq söz atışması gedir. Bu da heç yaxşı hal deyil”.
Aktyor qeyd etdi ki, Azərbaycan teatrlarında dublyor məsələsi böyük bir sindromdur: "Hamı dublyor istəyir, ancaq dublyordan qaçır. Dublyorla söz-söhbətlər olur. Təbii ki, bu prosesə rejissorlar da incə yanaşmalıdırlar. Rejissorlar da çalışmalıdırlar ki, bu söz-söhbətlərin qarşını alsınlar, böyüməsinə imkan verməsinlər. Bununla bağlı nə qədər danışsaq, azdır”.
Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyyə Qurbanova vurğuladı ki, onun teatrda bu günə qədər 2 və ya 3 dublyoru olub. Bu isə onun işinə ancaq rahatlıq gətirib: "Mənim dublyorum az olub. O dublyorlarla da heç bir problem yaşamamışam. Ancaq digər teatrlarda dublyorların bir-birləri ilə yola getmədiklərini eşitmişəm. Bakı Bələdiyyə Teatrın təməli elə qurulub ki, burda heç bir intriqaya və söz-söhbətə imkan verilmir. Mərhum sənətkarımız Amaliya Pənahova əsla icazə verməzdi ki, teatrda kimsə artıq hərəkət etsin və münaqişə yaransın. Özü aktrisa olduğu üçün bütün bu proseslərə yaxşı bələd idi və teatrda belə problemlərin yaranmaması üçün hər şeyi nəzərə alırdı. Teatrda canlandırdığım tamaşaların çoxunu dublyorsuz oynamışam, dublyorum olanda da problem yaşamamışam”.
Tanınmış aktrisa qeyd etdi ki, teatrlarda dublyor problemi əvvəllər də yaşanıb, indi də problem olur: "Bu, hər zaman olub və olacaq da. Bunun əsas səbəbi, çox güman odur ki, aktyorlar ortaq bir rolu bölüşmək istəmirlər. Əslində dublyorun olması aktyorun rahatlığı deməkdir. Dublyor aktyorun yaxşı oynamağına təkan verir və şirin bir rəqabət yaradır. Dublyorun oyununda tapıntıları görürsən və düşünürsən ki, mən ondan daha yaxşı tapıntılar etməliyəm. Belə olduqda, tamaşanın keyfiyyəti də yüksək olur. Digər tərəfdən isə aktyor çəkilişdə olanda və yaxud da hər hansı üzrlü bir işi çıxanda dublyorun onu əvəz etmək imkanı yaranır. Hər an insanın başına hər iş gələ bilər. Həyatdır, tamaşaya gəldiyi yerdə yıxıla, özünə zərər verə və ya başına başqa gözlənilməz hadisələr gələ bilər. Belə olduğu halda onun rolunu dublyor oynayır. Mən dublyorun tərəfdarıyam. Sığortalanmayan hadisələr üçün də çox yaxşıdır. Hər aktrisanın dublyoru ilə problemi olmur. Bu, fərd olaraq insanın özündən də asılıdır. Məsələn, mənim nə vaxtsa dublyorum olanda, buna çox sevinərəm. Növbəli şəkildə tamaşanı oynayarıq”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər