• şənbə, 20 Aprel, 02:37
  • Baku Bakı 15°C

Dostunu göstər, kim olduğunu deyim

06.04.18 10:30 694
Dostunu göstər, kim olduğunu deyim
Radikal müxalifətin xarici kəşfiyyat orqanları ilə əlaqəli olduqlarını, onlardan pul və dəstək alaraq Azərbaycan daxilində sabitliyi pozmaq üçün təxribatçı hərəkətlərə yol verdiklərini dəfələrlə qeyd etmişik. Hər kəsə məlum olan həqiqətdir ki, özlərini "ata-ana müxalifət lideri” hesab edən bəzi siyasi təşkilat rəhbərləri xarici ölkələrin Azərbaycandakı səfirliklərində ən "ali qonaq” qismində qəbul edilir, gizlincə təlimatlandırılırlar.
Buna əyani misal olaraq AXCP-ni və onun "demokrat lideri” Əli Kərimlinin adını xüsusilə vurğulaya bilərik. Xalqın etimad və etibarını itirmiş bu şəxs Azərbaycan seçicisindən səs ala bilmədiyi üçün hər dəfə ölkədə keçirilən seçkilər öncəsi müxtəlif "şoular” düzənləyir, seçki prosesini gözdən salmaq üçün dəridən-qabıqdan çıxır. Yəni, əgər mən orda yoxamsa, heç kim də olmalı deyil prinsipi ilə hərəkət edir, xarici dairələrdən aldığı qrantlar, pullar müqabilində öz "rolunu” oynayır. Öz ambisiyalarının əsiri olan Ə.Kərimli demokratiya libasına bürünərək bir çoxlarından maşa kimi istifadə etməyi də yaxşı bacarır. Demokratiyadan ağızdolusu danışan, demokratik prinsiplər barədə boğazdan yuxarı çağırışlar edən, yalan vədlər verən AXCP sədri hətta radikal dindarlardan da yararlanır. O radikal dindarlar ki, ölkənin konstitusion quruluşuna qarşı çıxır, Azərbaycanı şəriət qanunları ilə idarə olunan geridəqalmış dövlətə çevirmək istəyirlər.
Təəssüf doğuran haldır ki, özünü "peşəkar hüquqşünas” kimi cəmiyyətə sırıyan Aslan İsmayılov və onun kimi bəzi şəxslər, o cümlədən müxtəlif bəhanələrlə xaricə sığınan "hüquq müdafiəçisi”, "siyasi mühacirlər” də AXCP sədrinə "züy tuturlar”. Bu günlərdə mediada yer alan daha bir yazıda AXCP sədri Ə.Kərimlinin mahiyyəti növbəti dəfə ortaya qoyulub. "Yeni Müsavat” qəzetində dərc olunan "Əli Kərimlini müdafiə edən Vətən xaini çıxdı” başlıqlı yazıda konkret faktlara istinad edilərək göstərilib ki, AXCP sədrinin inhisarında olan Milli Şuranın və Müsavat Partiyasının 31 mart mitinqini tənqid etdiyinə görə adıçəkilən media qurumu, eyni zamanda mətbuat orqanının rəhbəri "Nur-az.com” saytının hücumuna, mənəvi terroruna məruz qalıb. Qəzetin əməkdaşları araşdırma zamanı öyrəniblər ki, "Nur-az.com” iranyönümlüdür və bu saytı İsgəndər Hüseynzadə ad-soyadlı bir nəfər idarə edir. Bununla da məsələnin gerçək mahiyyəti üzə çıxıb. Məlum olub ki, Milli Şuranı, AXCP sədri Əli Kərimlini bu cür davakarcasına, necə deyərlər, qanını qaşığa qoyaraq müdafiə edən İsgəndər Hüseynzadə İranın bəzi dairələrinin istifadəsində olan casusdur.
Hüseynzadə İsgəndər Hüseynəli oğlu 27 yanvar 1966-cı ildə Cəlilabad rayonunda anadan olub, 1996-cı ildən ailəsi ilə birgə İran İslam Respublikasının Qum şəhərinə köçüb. 2008-ci ildə onun barəsində "Dövlətə xəyanət” və "Terrorçuluq” maddələri ilə cinayət işi başlanıb. Elə həmin il MDB üzrə və İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib. İ.Hüseynzadə Qum şəhərində fəaliyyət göstərən "Nur” elmi-mədəni müəssisəsinin (nur-az.com) rəhbəridir. Onun saytında ölkəmiz əleyhinə qərəzli yazılar verilir.
Məqalə müəllifi bildirib ki, Ə.Kərimlinin bugünkü müttəfiqləri arasında talış separatizmini açıq şəkildə müdafiə, həmçinin təbliğ edən, Azərbaycanın müstəqilliyinə dil və əl uzadan xeyli dönüklər var. Qeyd olunub ki, Ə.Kərimli bu adamların Azərbaycanın müstəqilliyinə qarşı olduqlarını, hər addımda dövlət əleyhinə açıq çıxışlar etdiklərini, gerçək bir vətən xaini olduqlarını detallarına qədər bilir. Fəqət Azərbaycana qarşı xain və düşmən mövqedə dayanan bu çete ilə müttəfiqliyinə son qoymur. Müəllif təəssüflə vurğulayıb ki, müxalifətçilik pərdəsi altında Azərbaycanı kürəyindən xəncərləyənlər AXCP sədri ilə yekunlaşmır. Onun yazdığına görə, özünü əzabkeş, iqtidar tərəfindən təqib olunan biri kimi göstərən Aslan İsmayılov da İsgəndər Hüseynzadənin müdafiəçisinə, həmçinin təbliğatçısına çevrilib. Qeyd olunub ki, Ə.Kərimli, A.İsmayılov və İ.Hüseynzadə kimi şəxslər üzdə hakimiyyəti, bəzi məmurları hədəfə alsalar da, əsl hədəfləri Azərbaycanın müstəqilliyinə qarşı açıq və birmənalı mövqedə olan tör-töküntüləri müdafiə etmək, onlarla ittifaq yaradıb iqtidara gəlməkdir.
Hüquq müdafiəçisi, hüquqşünas Sahib Məmmədov bildirib ki, xaricdəki ənənəvi erməni lobbisi, o cümlədən ABŞ Helsinki Komissiyasının sədri, konqresmen Kristofer Smit mütəmadi olaraq antiAzərbaycan tədbirlər təşkil edirlər: "Belə tədbirlərdə AXCP nümayəndələri də iştirak edirlər. Əli Kərimlinin Böyük Britaniyada ali təhsil alan oğlu Türkel Kərimli ilə yanaşı, AXCP-yə bağlı olan QHT-lər də belə tədbirlərə iştirakçı qismində qatılırlar. Hazırda bu QHT rəhbərlərinin bəziləri Avropaya mühacirət ediblər. Təsəvvür edin ki, belə tədbirlərə məqsədli şəkildə Ermənistan təmsilçiləri, hətta işğal altında saxlanılan torpaqlarımızda yaradılan qondarma rejimin nümayəndələri də qatılırlar. Dağlıq Qarabağdakı separatçıların lider Bako Saakyanın oğlu da konqresmen Kristofer Smitin dostu kimi belə tədbirlərdə tez-tez görünür. Görünənlər bunlardır. Amma tədbirin görünməyən tərəfdarları birmənalı ermənilər olur. Bundan başqa, ümumilikdə Avropaya gedən mühacirlərin yalnız bir qismi yaxşı həyat qurmaq, daha yaxşı yaşamaq üçün həmin ölkələri seçir. Onlarla hər hansı işimiz yoxdur. Ancaq sistemli şəkildə buradan Avropaya gedənlər də var. Belə ki, erməni şəbəkəsi üçün azərbaycanlıların "verbovka”sı iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə hazırda Azərbaycanda yaşayan və PİN təşkilatına bağlı və artıq erməni şəbəkəsində stajı və xidməti olan şəxslər ilkin "verbovka” işlərini görür, daha sonra isə həmin şəxsə saxta sənədlər düzəldilir və Avropaya mühacirətə göndərilir. Orada onları "siyasi mühacir” statusu alması üçün yardım vəd edən şəxslər qarşılayır”.
Hüquq müdafiəçisi deyib ki, xaricə sistemli şəkildə mühacirət edənlərə saxta sənədlər təşkil edənlərdən biri və bəlkə də birincisi AXCP-dir: "Mitinqlərin təşkilindən başlamış, partiya üzvlüyünə, polisin təqibinə, fiziki zorakılığa məruz qalma və sair saxta sənədlərin hazırlanması AXCP tərəfindən həyata keçirilir. Misal üçün, Milli Şuranın son 31 mitinqində heç bir əsas olmadan 3 nəfərin şuluqluq etməsi, hansısa qanunsuzluğa yol verməsi, hər hansı xəta törətməklə polisin diqqətini öz üzərlərinə cəlb etməsi, saxlanılmaları üçün əsas yaratmaları da buna hesablanmış addımlardır”.
Alpər TURAN
banner

Oxşar Xəbərlər