• cümə, 19 Aprel, 14:22
  • Baku Bakı 25°C

Dostoyevskinin 60-cı illər yaradıcılığı

17.10.16 12:33 2000
Dostoyevskinin 60-cı illər yaradıcılığı
Yuxarıda qeyd etdiyimiz kimi, Dostoyevskinin 40-cı illər yaradıcılığı ya­zıçının Sibirə sürgün edilməsilə yarımçıq qalmışdı. Bədii yaradıcılığa o, bir də 50-ci illərin sonu – 60-cı illərin əvvəlində qayıtmışdı. Çoxları belə hesab edirdilər ki, Dostoyevski ədəbiyyat üçün artıq ölmüşdür. Amma o, ədəbiyyata qayıtdı, özü də necə qayıtdı. 60-cı illərdə bir-birinin ardınca "Alçaldılmış və təhqir olunmuşlar”, "Ölü evdən qeydlər”, "Gizlindən qeydlər”, "Qumarbaz”, "Cinayət və cəza”, "İdiot” romanlarını yazdı. Yazıçının bədii yaradıcılığının təkamülündə heç bir geriləmə hiss olunmur. Əksinə, əsərlərindən aydın görünür ki, Sibirdəki on il müddətində heç nə yazmasa da, Dostoyevski bir yazıçı kimi daxilən inkişafda olmuş və onun dünyagörüşündə dərin təbəddülatlar baş vermişdir. Hər şeydən əvvəl yazıçı xalqa daha da yaxınlaşmış, onun dünyagörüşünə və mənəviyyatına dərindən bələd olmuşdu. Təsadüfi deyil ki, məhz 60-cı illərdə Dostoyevskinin dünyagörüşündə zəminçilik deyilən bir nəzəriyyə özünə möhkəm yer tapır. Zəmin deyəndə Dostoyevski milli ruhu nəzərdə tutaraq hesab edir ki, şəxsiyyət həyatın keşməkeşlərinə baxmayaraq, ruhən bu zəminə bağlı olur və bu zəmindən ayrı düşmə halları şəxsiyyətin faciəsinə gətirib çıxarır, çünki o, rühən bu zəminin, yəni milli ruhun tərkib hissəsidir, üzvi surətdə ona bağlıdır.
Dostoyevskinin 60-cı illərdə yazmış olduğu əsərlərdən biri olan "Alçaldılmış və təhqir olunmuşlar” romanı öz mövzu və mündəricəsi etibarı ilə bir növ onun 40-cı illər yaradıcılığının ümumiləşmiş ifadəsi və yekunudur. Burada da eynilə kiçik insanların faciəsindən bəhs olunur. Bununla belə, məhz bu əsərdə ilk dəfə olaraq ideoloq-qəhrəman deyilən bir tip yaranır ki, bu da Dostoyevskinin sonrakı romanlarında, xüsusən də "Cinayət və cəza”da əsas yer tutur. Ümumiyyətlə, ideoloq-qəhrəman kimdir və onun xarakterinin mahiyyəti nədən ibarətdir? İdeoloq-qəhrəman ideya əsiri olan insan deməkdir. Əgər Dostoyevskinin 40-cı illər qəhrəmanları sosial həyatla öz psixoloji tələbləri arasında tərəddüd edir­dilərsə, 60-cı illər yaradıcılığının qəhrəmanları bir növ sosial həyatın ifadəsi olan ideyayla daxili həyatın ifadəsi olan mənəviyyat arasında tərəddüd edirlər. Dostoyevskinin xarakter konsepsiyası yeni dərinlik kəsb edir. Sosial həyatla insan təbiətinin əksliyi burada özünü ideyayla mənəviyyatın əksliyi kimi büruzə verir. İdeyanın əsiri olan qəhrəman öz mənəviyyatını da qurban verə bilmir və bu ziddiyyət onun faciəsini təşkil edir.
İlk ziddiyyətli və sözün əsl mənasında ideya əsiri olan qəhrəman "Gizlindən qeydlər” əsərinin qəhrəmanıdır. O, belə hesab edir ki, ideya, ümumiyyətlə, dərin düşüncə insanın normal vəziyyəti deyil, əksinə anormal bir vəziyyətdir və hətta xəstəlikdir. Necə deyərlər, fəaliyyət göstərmək və xadim olmaq üçün insana dərin düşüncə qabiliyyəti gərək deyildir. Düşünmək insanı fəaliyyətdən salır, çünki o, fəaliyyətin mənasını axtarıb tapa bilmir. Hər bir dərin düşünən insan hökmən fəaliyyətdən kənarda qalır. Düşüncə həyatın məğzini, onun ilkin və əzəli mənasını axtarır, fəaliyyət isə bu əzəli mahiyyətdən çox ucuz olan bir dəyərdir və o, hər bir dərin düşüncə sahibinə cılız görünür.
Əsərin qəhrəmanı paradoksal şəxsiyyət olaraq bir yandan öz əqli, mənəvi dəyərini və üstünlüklərini dərk edir, digər tərəfdən hiss edir ki, bu məziyyətlər praktiki həyatda nəinki ona başqaları qarşısında heç bir üstünlük vermir, hətta onu bu bayağı insanlardan aşağı bir vəziyyətə salır, onu hamının nəzərlərində gülməli göstərir. Ucalıq və gözəlliyi dərk edən və dərindən duyan bu insan, ecazkar xəyallar aləmində yaşayan bu romantik məxluq mücərrəd olduğu qədər də zavallıdır, miskindir. Yüksək ideallar və ali dəyərlər ona reallıqla barışmağa imkan vermir. Nəticədə o, yaşamaq, fəaliyyət göstərmək qabiliyyətini də itirir. Onun məziyyətləri qüsurlarına çevrilir. O, real həyatdan təcrid olunaraq öz gizlininə çəkilir, xəyallar aləminin sakininə çevrilir. Əqli və mənəvi cəhətdən çox dəyərli bir insan olan bu gizlin qəhrəman real həyatda heç bir iş görə bilmir. Rast gəldiyi qızın qəlbini fəth edir, ona həyatın mənasını başa salır, onu küçə həyatından ayırıb ailə həyatına qaytarmaq, küçə qadınından anaya çevirmək istəyir. Onu inandırır. Qız onun dalınca gələndə isə onu qovur, yəni sözdə dediklərini işdə həyata keçirə bilmir. Bu da bir cür faciədir. Ali dəyərləri, ali mənaları dərk etmiş insanın real həyatdakı acizliyinin faciəsidir.
Gizli qəhrəman ideya insanıdır, ideyayla yaşayan insandır. İdeya onun təkcə ağlına deyil, qanına, canına hopmuş, duyğuya çevrilərək, həm də qəlbinə hakim kəsilmişdir. Gizli qəhrəman özü etiraf edir ki, o və onun kimiləri çoxdan diri atadan deyil, ölü ideyadan yaranırlar. Bu insanlar sivilizasiya dövrünün yetişdirdiyi, əqli cəhətdən inkişaf etmiş, lakin mənəvi cəhətdən cılızlaşmış şəxsiyyət­lərdir. Onlar daha çox elmə tapınır, dindən və mənəviyyatdan ayrı düşür, deməli, canlı həyatdan və real fəaliy­yət­dən təcrid olunurlar.
Dostoyevskinin "Gizlindən qeydlər” əsərində təsvir etdiyi bu paradoksçu tipi onun sonrakı romanlarında – Raskolnikovun, İppolit Terentyevin, Stavroginin, Versilovun, İvan Karamazovun obrazlarında özünün daha dərin əksini tapır.
Məmməd Qocayev
banner

Oxşar Xəbərlər