• cümə, 19 Aprel, 11:37
  • Baku Bakı 13°C

Dostluqda varislik və sədaqət nümunəsi

27.11.13 09:31 2441
Dostluqda varislik və sədaqət nümunəsi
Prezident İlham Əliyevin «Jurnalistlərin dostu» mükafatı ilə ikinci dəfə təltif olunması Azərbaycan dövlətinin mətbuata münasibətində formalaşmış dəyərlərin, prinsiplərin mahiyyətindən irəli gələn məntiqi qərardır. Bu ada layiq görülən ulu öndər Heydər Əliyev bütün fəaliyyəti dövründə mətbuatın ən yaxın dostu olduğunu, çətin günlərdə ona əl tutduğunu, dostcasına davrandığını dəfələrlə sübut etmişdi. Bu siyasi kursun uğurla davam etdirilməsinin və artıq daha geniş müstəvidə intişar tapmasının, dostluğa və dəyərlərə sədaqətin nəticəsidir ki, Prezident İlham Əliyev ikinci dəfə «Jurnalistlərin dostu» oldu. Haşiyə çıxaraq vurğulamaq gərəkdir ki, dövlət başçısı ictimai-siyasi fəaliyyətinin bütün etaplarında ictimai fikri formalaşdıran alternativsiz vasitənin – medianın yanında olub və bu baxımdan, onu jurnalistlərin daimi dostu adlandırmaq yerinə düşər.
Bu mükafat bir təşkilatın yox, bütün jurnalistlərin münasibətini ifadə edir. Bu ilin sentyabrında təşkil olunan sorğuda ölkədə ictimai fikrə təsir göstərən 30 gündəlik, 15 həftəlik, 4 bölgə qəzetinin, 6 jurnalın, 11 informasiya agentliyinin, 12 xəbər portalının, 7 telekanalın, 4 radionun və 11 jurnalist təşkilatının rəyləri öyrənilib. Jurnalistlərin belə qərara gəlmələri üçün kifayət qədər əsaslar var və dövlət başçısıyla görüşdə bunlar hamısı sadalandı. Hamının yaxşı bildiyi faktları bir daha xatırlatmadan yalnız bir ümumiləşdirmə aparmaq istərdim ki, media əhlinin dövlət başçısıyla dostlaşmaqda məqsədi dördüncü hakimiyyətin daha da möhkəmlənməsi, sütunlarının güclənməsi ehtiyacından irəli gəlir. Öz növbəsində, Prezident də bu dostluğa sadiq olduğunu dəfələrlə bəyan etməklə mətbuatı daha da güclü, kəsərli görmək istədiyini ifadə edir.
Mən, cənab Prezidentin jurnalistlərlə görüşünə beynəlxalq jurnalistikanın müasir problemlərinə həsr olunmuş Kiyevdə keçirilən beynəlxalq konfransdan dərhal sonra qatıldım. Üç gün davam edən tədbirdə dünyanın müxtəlif yerlərindən gəlmiş həmkarlarım öz ölkələrində qarşılaşdıqları çətinliklərdən, normal fəaliyyət göstərmələri üçün imkanların getdikcə minimuma enməsindən narahatlıqla danışırdılar. Hər kəs müxtəlif ölkəni təmsil eləsə də, qarşılaşdıqları problemlərin mahiyyət etibarı ilə eyni olması təəccüb doğurmaya bilməzdi. Məhz belə bir narahatlıq doğuran müzakirələrdən sonra Azərbaycan Prezidenti ilə görüşmək, onun fikirlərini eşitmək istər-istəməz müqayisə üçün zəmin yaradır. Birmənalı şəkildə demək olar ki, dünyanın heç bir yerində mətbuata Azərbaycandakı kimi münasibət yoxdur. İstər Şərqi Avropada, istərsə də postsovet məkanında formalaşmış jurnalistikayla müqayisə etsək, Azərbaycan mediası onlardan dəfələrlə öndədir. Bu, tək maddi-texniki bazanın güclü olması ilə yox, eyni zamanda ölkədə ifadə azadlığının təmin edilməsi, demokratiyanın getdikcə dərinləşməsi ilə izah oluna bilər.
Cənab Prezidentin çıxışına diqqətlə qulaq asıdıqdan və təhlil etdikdən sonra “dövlət mətbuatı necə görmək istəyir” sualının dəqiq cavabını müəyyənləşdirmək olar - ilk növbədə müstəqil, azad və öz ayaqları üstə dayana bilən, artıq biznes strukturu kimi formalaşmış təsisatlar. Güclü media ölkədə ifadə azadlığının oturuşmasının, demokratiyanın dərinləşməsinin və iqtisadi müstəvidə şəffaflığın təmin edilməsinin əsas barometridir. Media yalnız müstəqil olduqda, öz gücünü cəmiyyətə yansıda və dünyanın informasiya bazarında öz mövqeyini qazana bilir. Bu baxımdan mətbuata münasibətdə prioritetləri müəyyənləşdirərkən cənab Prezident «“Jurnalistlərin dostu” kimi Azərbaycanda azad mətbuatın inkişafı üçün səylərimi əsirgəməyəcəm» dedi.
İlham Əliyev vurğuladı ki, ölkə Prezidentinin “Jurnalistlərin dostu” adına məhz jurnalistlər tərəfindən layiq görməsi, əlbəttə ki, Azərbaycanda azad mətbuatın inkişafında görülən işlərdən xəbər verir: «Mən bundan sonra da çalışacağam ki, Prezident kimi Azərbaycanda azad medianın inkişafı üçün dəstəyimi verim və beləliklə, ölkəmizin sürətli və uğurlu inkişafını təmin edim. Çünki müasir dünyada, inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir. Azərbaycanın qarşısında isə belə məqsəd qoyulub ki, Azərbaycan gələcəkdə inkişaf etmiş ölkələrin sırasına daxil edilsin. Belə olan halda, Azərbaycanda media ilə bağlı məsələlər ən yüksək səviyyədə öz həllini tapmalıdır».
Dövlətin bu vaxta kimi həyata keçirdiyi işlər məhz mətbuatın güclənməsinə və deməli, azadlığının möhkəmlənməsinə hesablanıb. Düzdür, bir çox hallarda söz azadlığından sui-istifadə hallarına rast gəlinir, bəzən isə bu cür hallar siyasi rəng alaraq, ölkənin daxili işlərinə müdaxilə səviyyəsinə qalxaraq təsir vasitəsinə çevrilir. Dövlət dəfələrlə bəyan edib ki, azad mətbuat mühitinin formalaşdırılması, söz azadlığının və plüralizmin təmin edilməsi onun əsas məqsədidir. Bu gün Azərbaycanda ifadə azadlığının təmin edilməsi sahəsində ciddi irəliləyişlər var. 2000-ci ilin əvvəllərindən başlayaraq "Dövlət sirri haqqında" və "İnformasiya əldə etmək haqqında" qanunların qəbul edilməsi, digər qanunvericilik aktlarının müasirləşdirilməsi ilə Azərbaycanda informasiya azadlığının hüquqi əsasları təmin edilib. Bunun nəticəsi olaraq media orqanı təsis etmək və jurnalist fəaliyyəti ilə məşğul olmaq proseduru olduqca sadələşdirilib. Ö ölkədə 5 minə yaxın mətbuat orqanının qeydiyyatdan keçməsi söz azadlığı sahəsinə liberal yanaşmanın təzahürüdür. İndi Azərbaycanda «jurnalist nə istəyirsə, onu da yaza bilər» cümləsi pafos deyil, reallıqdır. Amma jurnalist istədiyini necə yazır? Bax, bu sual ətrafında düşünəndə hamının tez-tez səsləndirdiyi peşəkarlıq məsələsi üzərində dayanmaq lazım gəlir.
Demokratik cəmiyyətin qurulması işində azad medianın xüsusi rolunu vurğulamaqla ölkə başçısı azad jurnalistikanı, müstəqil medianı cəmiyyətdən gələn sosial sifariş kimi qiymətləndirir. «Azərbaycanda bütün azadlıqlar vardır. Azərbaycanda demokratik cəmiyyət qurulur. İqtisadi islahatlarla yanaşı, siyasi islahatların aparılması, əlbəttə ki, ölkəmizin gələcəyini müəyyən edəcəkdir. Bu istiqamətdə atılan addımlar, hesab edirəm ki, gözəl bir nümunədir. Çünki bizim bütün istiqamətlər üzrə siyasətimiz açıqdır, aydındır. Dəfələrlə bu barədə mən fikirlərimi bildirmişəm. Bir daha demək istəyirəm ki, Azərbaycan müasir dövlət qurur, müstəqil dövlət qurmuşdur və Azərbaycanın gələcək inkişafı iqtisadi və siyasi islahatlardan asılı olacaqdır. Mən hesab edirəm, son illər ərzində bu sahədə əldə edilmiş nailiyyətlər deməyə əsas verir ki, biz gələcəkdə də hər iki istiqamət üzrə inamla irəliyə gedəcəyik. Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri artıq tam reallaşıbdır. Gələcək illərdə demokratik inkişafla bağlı aparılacaq islahatlar, hesab edirəm ki, bu sahədə də Azərbaycandakı vəziyyəti ən yüksək səviyyəyə çatdıracaqdır».
Jurnalistlərlə səmimi ortamda keçən görüşdə İlham Əliyevin səsləndirdiyi bu fikirlər dövlət başçısının mətbuatın cəmiyyəti həyatında yerinə və roluna verdiyi yüksək qiymət olmaqla yanaşı, dördüncü hakimiyyətə həsasslığının bariz nümunəsidir. Buna görə də Prezident mətbuatın bütün funksiyaları içərisində onun cəmiyyətin müxtəlif kəsimləri, zümrələri arasında qızıl körpü rolunu oynamasına xüsusilə yüksək önəm verir və gələcək inkişafın məhz bundan asılı olduğunu vurğulayır. «Azərbaycan cəmiyyəti iqtisadi cəhətdən, siyasi cəhətdən və ictimai fikir baxımından daha da sıx birləşməlidir. Hesab edirəm ki, burada medianın çox böyük rolu vardır və ola bilər. İlk növbədə hesab edirəm, əsas məsələ ondan ibarətdir ki, bizim yerli mediamız xarici təsirdən azad olsun. Əlbəttə, biz demokratik cəmiyyətdə, plüralizm şəraitində yaşayırıq, müxtəlif fikirlər, siyasi baxışlar ola bilər. Mediamızın bir hissəsi hələ ki, siyasi partiyalara bağlıdır… İnkişaf etmiş ölkələrin praktikası onu göstərir ki, güclü medialar siyasi təsirdən bir qədər azad olmalıdır. Əlbəttə ki, ölkəmizin gələcək inkişafı ilə, ölkədə aparılan siyasətlə bağlı müxtəlif fikirlər vardır və olmalıdır. Bu, təbiidir. Ancaq bir məsələdə - dövlət maraqlarımızın qorunması məsələsində, hesab edirəm ki, vahid fikir olmalıdır».
Dövlət başçısı Azərbaycan rəhbərliyində demokratiyanın inkişafı ilə bağlı çox güclü siyasi iradə olduğunu xüsusi vurğuladı. «Cəmiyyətin dəstəyi, o cümlədən media nümayəndələrinin fəal iştirakı ilə biz bu istiqamətdə daha da böyük uğurlara çatacağıq» - dedi.
Aydın məsələdir ki, Azərbaycanı istəməyən qüvvələr qloballaşma çağında medianın artan gücünü dərk edərək informasiya resursları üzərində nəzratlərini gücləndirib ölkəmizin imicini ləkələyən addımlar atırlar. İstər “Eurovision” ərəfəsində, istər prezident seçkiləri vaxtı, ümumiyyətlə ölkə həyatında mühüm hadisələr ərəfəsində belə mexanizmlər işə salınır. Beynəlxalq müstəvidə aparılan «qara piar» kampaniyası təəssüflər olsun ki, bir çox yerli mətbuat orqanlarımıza sirayət edir, çox güman ki, bilərəkdən təhrif olunmuş materiallar Azərbaycanda tirajanlır və ictimai rəydə öz mənfi təsirlərini buraxır.
Mətbuatın ümumi fəaliyyətində diqqət çəkən və barışmadığımız məqam isə yalan, böhtan və təhqirlərin yer alması, qəzet səhifələrində ictimai maraqları deyil, siyasi maraqları təmin edən yazılara rast gəlinməsidir. Hər iki halda media özünün əzəli funksiyasından uzaqlaşır və hansısa mübarizədə alət təsirini bağışlayır. Dövlət başçısı bu nüansı nəzərə alaraq, heç də təsadüfən bildirməmişdi: «Əgər 15 il bundan əvvəlki qəzetləri vərəqləsək görərik ki, orada daha çox böhtan, təhqir, iftira mövzuları üstünlük təşkil edirdi. Bəzi hallarda bu, bu gün də vardır. Ancaq onların miqdarı xeyli azalıbdır. Ona görə məsuliyyət və peşəkarlıq, dəqiq informasiya mütləq hər bir medianın imicini göstərir».
İstər beynəlxalq təzyiqlərə cavab vermək, istərsə də daxildə hədsiz siyasiləşmənin yedəyində getməmək üçün mətbuatın sərbəst fəaliyyət göstərməsi gərəkdir. Dövlətin iradəsi belə bir mühitin yaradılmasına hesablanıb və siyasi iradə ortadadır.
Cənab Prezidentin bazar günü istirahət vaxtı olmasına baxmayaraq, jurnalistlərə vaxt ayırması, onlarla səmimi fikir mübadiləsi aparması hər bir mətbuat işçisində dərin təəssürat yaratdı. Əminliklə deyə bilərik ki, bu görüşün təsirləri nəticəsində mətbuatın inkişafında yeni bir mərhələ başlayacaq.
Natiq MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər