AZE | RUS | ENG |


Dostluq, sevgi, anlayış- Ailə

Dostluq, sevgi, anlayış- Ailə
Gülcahan Əlimərdanova: “Ailə qurandan sonra Rafiqin ali məktəbə hazırlaşmasına qərar verdik” Rafiq Əlimərdanov: “İllər keçdikcə necə möhkəm iradəli qadınla yaşadığımı başa düşdüm”

Onların tanışlıq tarixçəsi "Ailə” rubrikasında həmsöhbətimiz olan cütlüklərdən fərqlidir. Nə təsadüfən yolda rastlaşıblar, nə iş yoldaşı olublar, nə də kimsə onları tanış etməyib. Bibi oğlu, dayı qızı olmaları onların dağa-daşa düşmədən bir-birini tanımasına səbəb olub. Həmsöhbətlərimiz mühəndis-texnoloq Rafiq Əlimərdanov və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinin əmtəə nişanları üzrə eksperti, sektor müdiri Gülcahan Əlimərdanovadır. Qeyd edək ki, onların ailəsində iki uşaq böyüyür. Adilin 9, Nərminin 6 yaşı var. 
 
"Rafiq qorxduğumu bildiyindən cücüləri üstümə atırdı”
 
Qohum olduqlarından uşaq vaxtı hər il yay tətilini bir yerdə, kənddə keçiriblər. Əslində Gülcahan üçün bu, elə də cəlbedici sayılmayıb. Çünki bütün yayı Rafiqin özünü öymələrini eşitmək onun üçün xoş olmayıb. Hələ Rafiqin Gülcahanın cücülərdən qorxduğunu bilə-bilə, həşəratları yığıb onun üzərinə atması başqa bir dərd olub: "Uşaq vaxtı ikimiz də dərs əlaçısı idik. O özünü çox öyürdü. Tez-tez riyaziyyat suallarında mübahisələrimiz düşər, həmişə də Rafiq qalib gələrdi. Bu da məni qıcıqlandırardı. Bundan başqa, mən cücülərdən qorxardım, o da bilə-bilə onları tutub məni qorxutmaq üçün üzərimə atardı”.
Rafiq etiraf edir ki, cücülərlə qorxutsa da, mübahisələri düşsə də, həmişə Gülcahana xüsusi marağı olub: "Biz uşaq olanda onun məndən zəhləsi gedirdi, amma mən onu çox istəyirdim. İllər keçdikcə ona əlçatmaz bir arzu kimi baxırdım. Məni sevməyinə, mənimlə evlənəcəyinə inanmırdım. Mənim aləmimdə bir qızda, qadında  yaxşı nə xüsusiyyətlər olmalı idisə, onların hamısı Gülcahanda birləşmişdi. "Hə” deyəcəyinə inanmasam da, bir gün özümü toplayaraq qəti qərara gəldim və ona sevgimi etiraf etdim”.
 
"Elə yerindəcə "hə” dedim”
 
Rafiqin etirafı Gülcahanı çaşqın vəziyyətə salır. Onun hisslərindən xəbərdar olsa da, nə vaxtsa ürək edib sevgisini etiraf edəcəyinə inanmayıb: "Düzü,  gözləmirdim. Hisslərindən xəbərim var idi. Əslində tək mən yox, ətrafımda olan hər kəs onun mənə olan hisslərini bilirdi. Amma mənə elə gəlirdi ki, o heç vaxt bunu etiraf etməyəcək. Çünki çox utancaq idi, mənimlə danışanda çox çəkinirdi. Ürəyini açmasına çox sevindim. Demək ki, hisslərimiz qarşılıqlı idi. "Hə” cavabını elə yerindəcə verdim (gülür – L.M.). Artıq biz bir-birini cırnadan iki uşaq deyildik. Mən də onu sevirdim… O həddən çox mehriban, uşaqla uşaq, böyüklə böyük idi. Tez özündən çıxıb dava-dalaş salmaq kimi xasiyyəti yox idi. Bu xüsusiyyətləri özümdə də gördüyüm üçün onunla uzun bir yola çıxmaq qərarına gəldim”.
Gənclər uzun yola çıxmaq qərarına gəlsələr də, Gülcahanın anası bu izdivaca "qol qoymaq” istəmir. Qızının qohumla, üstəlik, ali təhsili olmayan biri ilə izdivacına heç cür razı ola bilmir: "Rafiq həkim olmaq istəyirdi. Buna görə də 3 il ardıcıl olaraq sənədlərini Tibb Universitetinə versə də, qəbul imtahanından kəsilmişdi. Ancaq mən hər kəsi inandırmışdım ki, o mütləq ali təhsil alacaq. Çünki onun savadına, potensialına bələd idim. Buna görə də ailə qurandan sonra Rafiqin ali məktəbə hazırlaşmasına qərar verdik. Hazırlıq dövründə ona həm mənəvi, işlədiyimə görə həm də maddi dəstək verirdim. Rafiq təhsil alanda biz artıq evliydik. O, həm işləməli, həm də oxumalı idi. Yenicə qurulmuş ailə üçün bütün bunlar çox çətin idi. Lakin güclü iradəmiz və yaxınlarımızın köməyi ilə biz bu çətinlikləri arxada qoyduq. Mənim təkidimlə bu dəfə sənədlərini Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsinə verdi və qəbul oldu. Həyat yoldaşımın ali məktəbə qəbul olma xəbərini eşidəndə sevincimin həddi-hüdudu yox idi”.
 

"İllər keçdikcə necə möhkəm iradəli qadınla yaşadığımı başa düşdüm”
 
Etiraf edək ki, sevgili, nişanlı olmaqla evlənmək, eyni damın altında yaşamaq eyni şey deyil. Ailə qurandan sonra adətən cütlüklər qarşı tərəfdə heç vaxt gözləmədikləri xasiyyətlərlə rastlaşırlar. Rafiq də belə bir "sürpriz”lə qarşılaşıb: "Gülüdən bu qədər möhkəm olmağı gözləmirdim. Qorxduğum bir şey var idi, birdən ona istədiyi həyatı vermərəm və o bundan bezər. Amma illər keçdikcə necə möhkəm iradəli qadınla yaşadığımı başa düşdüm”.
Gülcahan da deyir ki, ailə qurduqdan sonra bir çoxlarından fəqli olaraq, Rafiq heç dəyişmədi: "Nişanlı vaxtı necə mehriban, qayğıkeş, sədaqətli idisə, elə də qaldı. Onun mənə indi də bu qədər sədaqətli olmağı çoxunda qibtə hissi yaradır. Rafiqin elə gözəl xasiyyəti var ki, onda nələrisə dəyişmək haqqında belə düşünməmişəm. Amma nə yalan deyim, hərdən dostları ilə həddindən artıq  vaxt keçirməyinin əleyhinəyəm”.
 Elə Rafiqin də Gülcahanda dəyişmək istədiyi bircə xasiyyət var: "Amma deyəsən, bu,  məndə alınmayacaq. Gülü çox həssasdır, hər şeyə həddindən artıq həssaslıq göstərir. Sanki bütün dünyanın problemləri onun çiyinlərindədir və heç bir çıxış yolu yoxdur. Bu da onun sağlamlığına mənfi təsir göstərir deyə narahatam”.
Gülcahanın sözlərinə görə, elə bu məqamla bağlı onların arada kiçicik mübahisələri düşür: "Heç vaxt bir-birimizə ağır sözlər deyib, təhqir səviyyəsinə qalxacaq qədər mübahisələrimiz olmayıb. Buna heç vaxt yol vermərik. İstəsək də, bu, bizdə alınmaz. Mübahisələrimiz ən çox onun biganəliyi üstündə olur. Mən ətrafımda baş verən hər şeyi müşahidə edib öz fikrimi bildirməyi sevirəm. Etiraf edim ki, bəzən də kəmhövsələlik edir, əsəbiləşirəm. Amma o, əksinə, bütün bunlara soyuqqanlı yanaşır, sanki hər şey qaydasındadır, mən boş yerə bu qədər "özümdən çıxmışam” (gülür).
 
"Kişinin mətbəxdə nə işi var?”
 

Ev işlərində cütlüklərin bir-birinə yardım etmək mövzusunda Gülcahan xanımlarımızın çoxundan fərqli düşünür: "Mənim bəlkə də heç vaxt dəyişməyəcəyim bir düşüncəm var: kişinin mətbəxdə, ev işləri ilə nə işi var? Bunun üçün mən varam və düşünürəm ki, işimin öhdəsindən layiqincə gəlirəm. İstirahət günlərində mütləq o, mənim ən yaxın köməkçimdir. Uşaqlarla vaxt keçirməyi sevir. Onları gəzməyə aparır, onlarla birlikdə film izləyir”.
Rafiqin fikrincə, kişinin xanımına ev işlərində əl tutması çox yaxşı xüsusiyyətdir: "Amma mən çox nadir hallarda ona ev işlərində kömək edirəm. Gülü iş görəndə kiminsə ona  "mane” olmağını sevmir. Doğrusu, heç mənim də ev işlərini görməklə o qədər aram yoxdur. Amma mümkün olduqca uşaqlarla çox vaxt keçirirəm. Bu, mənə mənəvi zövq verir. Uşaqlarla onların sevdiyi filmə təkrar-təkrar baxmaq arada məni yorsa da, çalışıram ən azı, onlar qədər filmin təsirindən heyrətlənim (gülür). Onlara dünya xəritəsi, qlobus, ölkələr haqqında məlumatlar verirəm. Ümumiyyətlə, uşaqları sərbəst böyütmək, onlara qoyulan gərəksiz qadağaları aradan götürmək istəmişəm həmişə. Zənnimcə, insan öz arzularına çatmaq üçün sərbəst olmalı, özünə güvənməlidir”.
Gülcahan deyir ki, uşaqların sərbəst düşüncəyə malik, dünyagörüşlü olmaları üçün əllərindən gələni edirlər: "Çalışıram onlarla münasibətim pozulmasın. Onlara acıqlananda belə, təhdidə, təhqirə keçməməyə səy göstərirəm. İş qadını olduğumdan uşaqlarımla hər gün çox vaxt keçirə bilmirəm. Mən gələnə qədər, nənələri sağ olsun, onların dərsləri ilə məşğul olmalarına kömək edir. İşdən gələn kimi onlara ilk sualım belə olur: gününüz necə keçdi? Xoşuma gələn də o olur ki, gün ərzində başlarına gələn nə varsa, hamısını danışırlar. Daha sonra dərsləri, dərsdə verdikləri cavablarla maraqlanır, çətinlik çəkdikləri məqamlara aydınlıq gətirirəm”.
 
"Mən onlara çox lazımam”
 
İndiki qızlar bir az çətinlik olan kimi ata evinə üz tuturlar. Gülcahanın sözlərinə görə, ailə qurandan hələ bir dəfə də olsa,  ailələrində baş verən anlaşılmazlığa görə küsüb atası evinə getmək barədə düşünməyib: "Atamdan utanmışam. Onun mənə görə başı aşağı olmağını istəməmişəm. Anamın nigaran baxışlarını görməkdən çəkinmişəm. Bütün bunlar ailəmizin möhkəm olmasına gətirib çıxarıb. Yeni ailə quran gənc qızlarımıza hadisələrə səbirlə yanaşmağı, ata-ananı və yaxud da yaxınlarını əhəmiyyətsiz şeylər üstündə incitməməyi məsləhət görürəm”.
Rafiq düşünür ki, ailədə münasibətlər saf, təmiz olmalıdır: "Ailə qiymətlidir. Onu dünyanın heç bir qiymətli neməti ilə əvəz etmək olmaz. İşdən evə yorğun gələndə, uşaqlar məni bərk-bərk qucaqlayıb "darıxmışıq sənin üçün” deyəndə bütün yorğunluğum çıxır. Başa düşürəm ki, mən onlara çox lazımam, mənə çox ehtiyacları var”.
Gülcahan üçün ailəsi hər şeydir: həm sevinci, həm kədəridir: "Mən ailə qurmamışdan əvvəl özümə təlqin edirdim ki, həyat yoldaşımla öncə dost, sirdaş olmalıyam, sonra sevgili. Buna nail oldum. Ailədə insanları bir-birinə bağlayacaq möhkəm bağlar olmalı və bu bağlar nə qədər gərilsə də, qırılmamalı, əksinə daha da dözümlü dayanmalıdır”.
Həmsöhbətlərimiz ailələrinin xoşbəxtlik formulasını da açıqladılar: "Dostluq + Sevgi + Anlayış. Yeni ailə qurmaq istəyənlərə sözümüz odur ki, "evlilik” anlayışını tam başa düşsünlər. Evlilik təkcə təmtəraqlı xonçalar, qızıl, zinət əşyaları, dəbdəbəli saraylarda keçirilən toy-büsatdan ibarət deyil. Bu, böyük məsuliyyətdir. Öncə bir-birlərinə anlayışla, sevgi ilə  yanaşsınlar. Aralarında olan ən xırda mübahisənin belə haradan qaynaqlandığını düşünməli və onun təkrarlanmaması üçün çalışmalıdırlar. Ailə sirri deyilən bir şey var. Hansı ki, onun bir zərrəsi ailədən kənara çıxarsa, bu zaman  kimlərinsə haqlı və ya haqsız olaraq müdaxiləsi qaçılmaz olur. Kənar müdaxilələrə böyük məna verməyərək öz "kiçik dövlətlərini” bu yersiz söz-söhbətlərdən qorumaq ən vacib amilə çevrilməlidir”.
Lalə MUSAQIZI

 
 
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7079
GBP 1 İngilis funt sterlinqi 2.1952
TRY 1 Türk lirəsi 0.4837
KWD 1 Küveyt dinarı 5.6346
SEK 1 İsveç kronu 0.2108
EUR 1 Avro 2.0035
CHF 1 İsveçrə frankı 1.7632
USD 1 ABŞ dolları 1.7008