• cümə axşamı, 25 aprel, 09:01
  • Baku Bakı 14°C

Dostlarla Oyunlara... - Reportaj

12.06.15 11:15 3037
Dostlarla Oyunlara... - Reportaj
Artıq bir neçə gündür şəhərin müxtəlif yerlərində “Dostlarla Oyunlara” (DO!) stendləri qurulub. “İrəli” İctimai Birliyinin həyata keçirdiyi bu kampaniya xüsusilə sosial şəbəkələrdə ajiotaj yaradıb. Şəhərdə gənclərin əksəriyyətinin qolunda Dostlarla Oyunlara kompaniyasının rəngarəng qolbaqlarına rast gəlirik. Biz də gənclərin oyunlara necə dəstək olduğunu müşahidə etmək, kampaniya ilə maraqlanmaq üçün “İrəli” İctimai Birliyinin Park Bulvarda yerləşən stendinə baş çəkdik.
Məlumat üçün bildirək ki, kampaniyanın məqsədi uşaq evlərində mövcud idman infrastrukturunun təşviqinə dəstək, məhəllə idmanına olan sevgi və ruhu geri qaytarmaq, eyni zamanda, Azərbaycanın ev sahibliyi edəcəyi İlk Avropa Oyunları ərəfəsində ölkəmizdə aparılan idman siyasətinə gənclər tərəfindən dəstək verməkdir. Belə ki, gənclər DO! – Dostlarla Oyunlara kampaniyasına qoşularaq həm “Bakı-2015” İlk Avropa Oyunlarının tərkib hissəsi olacaq, həm də uşaq evlərindəki və məhəllələrdəki mövcud idman infrastrukturunun daha da yaxşılaşdırılmasını dəstəkləyərək idmanın inkişafına yardımçı olacaqlar.
Qolbaqlar satılmır
Stendlərə baş çəkdiyimiz zaman oradakı qələbəliyin şahidi oluruq. Həm rəngli qolbaqlar nümayiş olunur, həm də pul toplanması üçün şəffaf qutu qoyulub. Belə ki kampaniyaya qoşulmaq istəyən hər kəs əvvəlcə qutuya müəyyən məbləğ atır, sonra istədiyi rəng qolbağı seçib qolunda gəzdirir.
Stendin başında dayanan “İrəli”nin əməkdaşı Şəbnəm Məhərrəmova deyir ki, kampaniyaya start verildiyi gündən artıq kifayət qədər məbləğ toplanıb. Hətta onlar bəzi uşaq evlərində və məhəllələrdə təmir işləri də görüblər: “Hamı əvvəlcə elə bilir ki, qolbaqları satırıq. Amma, təbii, bu qolbaqlar satış üçün nəzərdə tutulmayıb. İanə edən insanlara qolbaqlardan hədiyyə edirik. İanələr uşaq evlərində olan idman strukturlarının təmirinə, bərpasına verilir və məhəllə idmanına sərf olunur. Məhəllələrdə təmirə ehtiyacı olan idman obyektlərinin bərpasına xərclənir. Yəni kimin məhəlləsində belə problem var, şəklini çəkir, bizə göndərir və biz gedib buradan toplanan pul ilə təmir edirik”.
İanələrin miqdarına gəldikdə, Şəbnəm deyir ki, 20 qəpikdən tutmuş 20 manatadək məbləğ bağışlanır.
Gələcək gəncliyimizə dəstək olaq

Kampaniyaya qoşularaq qolbaq alan Murad deyir ki, gənclər tərəfindən belə kampaniyaların keçirilməsi təqdirəlayiqdir: “Bütün gəncləri kampaniyaya qoşulmağa dəvət edirəm. Həm gözəl qolbaqlara sahib olursunuz, həm də ölkəmizdə idmanın inkişafına bir çimdik də olsa sizin də duzunuz olur. Gəlin gələcək gəncliyimizə dəstək olaq və uşaq evlərində idman obyektlərini inkişaf etdirək”.
Nəvələrinə qolbaq hədiyyə etmək və kampaniyaya dəstək olmaq üçün stendə yaxınlaşan Nəcəf dayı deyir ki, gənclərin belə ideya irəli sürüb könüllü şəkildə çalışması, ölkəmiz üçün əllərindən gələni etməsi onu çox sevindirir: “Həqiqətən mən belə hallarla qarşılaşanda kövrəlirəm. Əvvəlcə ianə toplandığını bilmirdim. Nəvələrim qolbaq istədiyi üçün stendə yaxınlaşdım. Məlumat aldıqdan sonra həqiqətən gəncliyimizlə fəxr etdim”.
Aksiyanın məşhur simaları
Stenddə könüllü kimi çalışan Lalə İskəndərli insanların marağının kifayət qədər olduğunu vurğuladı. O deyir ki, bəzi insanlar böyük məbləğdə pul verirlər, amma qolbaq götürmürlər: “Gənclər daha çox idman tərəfi ilə maraqlanırlar. Onlar oyunlara dəstək olmaq üçün əllərindən gələni edirlər. Yaşlı insanlar isə yardım məsələsi ilə bağlı həssas olurlar. Bizim stendə məşhur insanlar da baş çəkir və dəstək olurlar. Dünən 2 məşhur sima Oksana Rəsulova və Natəvan Həbibi aksiya sıralarına qoşuldu və qolbaqlarımızdan götürdülər. Həqiqətən gənclərin marağı kifayət qədərdir”.
Biz orda olduğumuz müddətdə turistlərdə qolbaqlarla maraqlanır, öz ölkələrinə aparmaq istəyirdilər. Əvvəlcə satış üçün nəzərdə tutulduğunu zənn edən turistlərə bəzən qolbaqlar hədiyyə verilir, aksiyanın məqsədlərini bilənlər isə dəstək olmağa çalışırdılar. İanə tərəfini öyrəndikdə onlar bu vəziyyəti təqdir edirdilər. Hətta gənclərlə xatirə şəkli çəkdirənlər belə vardı.
Qeyd edək ki, paytaxtın doqquz müxtəlif məkanında və səyyar şəkildə müxtəlif regionlarda (Gəncə, Şəmkir, Mingəçevir, Quba, İsmayıllı və s.) stendlər quraşdırılıb. İstənilən şəxs quraşdırılan stendlərə hər gün saat 13:00-dan 21:00-a qədər yaxınlaşaraq, hazırlanmış xüsusi qolbaqları əldə edib, kampaniyaya qoşula bilər. Kampaniya iyunun 28-dək davam edəcək.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər