AZE | RUS | ENG |

“DOST” mərkəzinin 100 günlüyünə həsr olunmuş turnir keçirilib

“DOST” mərkəzinin 100 günlüyünə həsr olunmuş turnir keçirilib
Sentyabrın 9-da ilk "DOST” mərkəzinin fəaliyyətə başlamasının 100 günlüyünə həsr olunmuş "Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə "DOST kuboku” uğrunda turnir keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Əliyev bu ilin mayında fəaliyyətə başlayan ilk "DOST” mərkəzində 30 mindən çox müraciətin qeydə alındığını və məmnunluq faizinin 90 faizdən çox olduğunu qeyd edib.
A.Əliyev 2019-2025-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 "DOST” mərkəzinin yaradılacağını diqqətə çatdırıb.
Nazir müavini bu il sosial sahədə inqilabi addımların atıldığını vurğulayıb və DOST Agentliyinin həmin islahatların fonunda yerini və əhəmiyyətini qeyd edib. DOST Agentliyinin innovativ yenilik olduğunu bildirən Anar Əliyev bu turnirin də "DOST kuboku” adlandırılmasının simvolik məna daşıdığını deyib.
Gənclər və İdman Nazirinin müavini Fərhad Hacıyev və Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyev ölkə başçısının əhalinin sosial rifah halının yaxşılaşdırılması, həssas qruplara göstərilən diqqət və qayğının artırılması istiqamətində mühüm addımlar atdığını diqqətə çatdırıblar. Onlar "DOST” mərkəzinin əhatə dairəsi geniş olan, innovativ yenilikləri özündə birləşdirən nadir layihə olduğunu vurğulayıblar. Çıxış edənlər belə turnirlərin müxtəlif qurumlar arasında əməkdaşlığın gücləndirilməsinə, əməkdaşların intellektual bacarıqlarının, gənclərin fəallığının artırılmasına xidmət etdiyini deyib, iştirakçılara uğurlar arzulayıblar.
Sonra turnirin qaydaları izah olunub və komandalar arasında yarış başlayıb. Turnir 3 turdan ibarət olub. Hər sual üçün 1 dəqiqə vaxt verilib. Turnirdə hər birində 6 nəfər olmaqla 50-yə yaxın komanda iştirak edib. "DOST kuboku” uğrunda "Nə? Harada? Nə zaman?” turnirinin iştirakçıları müxtəlif dövlət qurumları, banklar, kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının, könüllü təşkilatlarının nümayəndələrindən, həmçinin pensiyaçılar və əlilliyi olan şəxslərdən ibarət komandalar olub. Bütün turlarda ən yaxşı nəticə göstərən İqtisadiyyat Nazirliyinin komandası qalib adını qazanıb. İkinci mükafatın sahibi Həmkarlar İttifaqları Konfederasiyasının komandası olub. Dövlət Miqrasiya Xidməti Könüllüləri komandası isə üçüncü nəticəni göstərib.
Pensiyaçılar arasında "Çinar” komandası 1-ci, "Qəzəl” komandası 2-ci, "İrs” komandası isə 3-cü olub. Gənclərdən ibarət olan komandalar arasında qalib adını Dövlət Miqrasiya Xidmətinin Könüllüləri qazanıb. Könüllü DOST "Bravos” 2-ci yeri, Təhsil Nazirliyinin Könüllüləri isə 3-cü yeri tutub. Kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında isə "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin komandası qalib olub. İkinci yerə Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasının, üçüncü yerə isə "APA Holdinq”in əməkdaşları layiq görülüblər.
Qeyd edək ki, turnirin təşkilatçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyidir. Turnirin keçirilməsi barədə qərar avqustun 14-də DOST Agentliyinin və ilk "DOST” mərkəzinin fəaliyyətə başlamasının 100 günlüyünə həsr edilmiş xüsusi toplantıda verilib. Həmin məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və DOST Agentliyinin rəhbər işçilərindən ibarət təşkilat komitəsi yaradılıb. Turnirin məqsədi könüllü hərəkatına dəstək, əməkdaşların və könüllü fəaliyyətə cəlb edilən şəxslərin intellektual bacarıqlarının üzə çıxarılması və asudə vaxtlarının səmərəli təşkili, pensiyaçıların və əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasıdır.
Xatırladaq ki, 1 saylı "DOST” mərkəzi paytaxtın Yasamal və Səbail rayonlarının sakinlərinə xidmət göstərir. Mərkəzdə vətəndaşlara "bir pəncərə” prinsipi ilə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində ümumilikdə 132 xidmət təqdim edilir. Burada həmçinin sosial-hüquqi, sosial-pedaqoji, sosial-psixoloji, sosial-məişət, tibbi ekspertiza xidmətləri, o cümlədən bank və notarius xidmətləri də göstərilir. İlk "DOST” mərkəzi gün ərzində 400-450 vətəndaşı qəbul edir. Vətəndaşların xidmət səviyyəsindən məmnunluq göstəricisi 96 faizdir.
Gələcəkdə "DOST” mərkəzlərində təqdim edilən xidmətlərin əksəriyyətinin proaktiv şəkildə göstərilməsi planlaşdırılır.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8766
GEL 1 1 Gürcüstan larisi 0.5734
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1213
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1748
CHF 1 1 İsveçrə frankı 1.7057
KWD 1 1 Küveyt dinarı 5.5915
TRY 1 1 Türkiyə lirəsi 0.299