• cümə, 26 Aprel, 01:10
  • Baku Bakı 16°C

“Dost” itirməməyə hesablanan taktika

28.12.17 12:00 911
“Dost” itirməməyə hesablanan taktika
Bir ili də beləcə geridə qoyuruq. 2018-ci ilin həyatımıza qədəm qoymasına sayılı günlər qalıb. Geridə qalan il isə bir çox hadisəlilərlə yaddaşlara həkk olundu. Bu bir il ərzində ölkənin ən qabaqcıl mədəniyyət xəbərlərini yaxından izlədik. Teatrşünas kimi teatrdakı prosesləri də nəzərdən qaçırmamağa çalışdım.
"Kaspi” qəzetinin "Teatr əlavəsi”ndə 6 ildir ki, teatr sahəsində baş verən ən son prosesləri qələmə alır, hətta ölkəmizin, sərhədlərin o tayındakı uğurlarından da xəbər veririk: yeni tamaşalar, premyeralar, qastrol səfərləri, müsahibələr, portret yazıları, tərcümələr və sair.
Ənənəvi olaraq, ilin sonunda "Teatr əlavəsi” üçün rejissorlardan, kifayət qədər nüfuz qazanan, sənət aləmində deməyə sözü olan aktyorlardan 2017-ci ildə izlədikləri ən yaxşı tamaşanın adını xəbər aldıq. Tamaşa ilə bərabər, "bu il hansı aktyoru "İlin ən yaxşı aktyoru və ya aktrisası” kimi görürsünüz?” sualını da verdik.
15-ə yaxın rejissordan aldığımız cavabların əksəriyyəti bizi təəccübləndirmədi. Anladıq ki, dəyişən sadəcə, illər, günlərdir. Nə ümumi təfəkkür, nə də teatra olan yanaşma dəyişməyib. Tarix yenə də təkrarlanır. Belə ki, bir qədər nüfuza və geniş çevrəyə malik olan rejissorlar sualı eşitcək "Teatrdakı rejissorlar mənim dostumdur, ad çəksəm, onların xətinə dəyə bilərəm. Aktyor və aktrisaya gəlincə isə hamısı bizim üçün dəyərlidir. Qəlb qırmaq istəmirəm” kimi cavablarla qarşılaşdıq. Hələ bu harasıdır, bəzi rejissorlardan "öz tamaşamdan başqa heç bir tamaşaya baxmamışam, xəbərim yoxdur, il ərzində hansı tamaşaların hazırlanmasından xəbərsizəm” kimi cavablar da eşitdik. Aralarında "olarmı mən bu suallara cavab verməyim” deyənlər də az olmadı. Hətta "elə hesab edin ki, siz mənə bu sualı verməyibsiniz, mən də eşitməmişəm” deyənlər də tapıldı. Görəsən niyə? Biz onlardan Röya Ayxanın Nigarla olan qalmaqalı, Aygün Bəylərin evlənmək xəbərinin nə üçün yalan çıxdığı barədə soruşmuruq ki, belə də reaksiya ilə qarşılaşaq? Rejissorun işi tamaşa hazırlamaq və bunu tamaşaçıya qədim etməkdirsə, onda bu "qorxaqlıq” nə üçündür? Müraciət etdiyimiz şəxslər də ölkənin ən tanınan, hər tamaşa öncəsi mətbuata yekə-yekə müsahibə verən, sənətdən, sənətkardan ağızdolusu danışan "qaymaqlı” rejissorlarıdır ha, elə belə insanlar da deyil. Yaxşı, onlar belə davranırlarsa, tərifə və ya tənqidə bu cür qısqanclıq göstərirlərsə, bəs gənclərdən hansı münasibəti gözləyək? Heç yeri gələndə, gənc rejissorları da bəyənmirlər.
Açığı bu suallara onlardan da eyni cavabı gözləyirdim. Tək-tük cəsarətli teatr rejissorları var ki, onlar qısa və konkret şəkildə ad çəkərək, hansı tamaşanı bəyəndiklərini dedilər. Hətta, belə bir məqamla da qarşılaşdıq: bir teatrda çalışan rejissor yalnız öz çalışdığı teatrdakı rejissorların işini təriflədi. Sözsüz ki, eyni teatrda çalışırlar, hər gün üz-üzə gəlirlər. Özünün hazırladığı tamaşanı tərifləməyi etik görməyən rejissor, çalışdığı teatrın rəhbərliyi tərəfindən töhmət almasın deyə, birgə işlədiyi həmkarının adını çəkir. Ad çəkərkən isə ifadə tərzindəki ironiya bütün çılpaqlığı ilə sezilir. Yəni o qədər laqeyd olasan ki, bunu anlamayasan?
Bir neçə il öncə ilin "Ən”ləri adlı sorğu keçirmişdik. Sorğuda bir çox ziyalıların mövqeyi və cavabları əsnasında ilin ən yaxşılarının adlarını açıqlamışdıq. Hansı ki, cavab verməkdən imtina edən bir çox rejissor və aktyorlar nəticədən narazı qaldıqlarını və rəylərin heç də ədalətli olmadığını yazmışdılar. Bizə ədalət "dərsi” keçən həmin yaradıcı insanlar bu dəfə də öz "ədalət prinsipləri”ndən imtina etdilər. Görünür, ədalət düsturu onlar üçün başqa cür işləyir.
Onu da deyim ki, hər ilin sonlarında "Nömrə 1”, "Bestlərin besti”, nə bilim "Şouların 1-cisi” kimi mükafatlandırma mərasimləri keçirilir. Əslində, bu mükafatların hansı əsaslarla, kriteriyalarla verildiyi hər kəsə məlumdur: qohumluq, tanışlıq ya da pul... Çünki ölkənin tanınmış simalarının aldığı mükafatlardan (heykəl, boşqab, çərçivə) əldə etmək istəyirsinizsə, "min manatınızdan keçməlisiniz” kimi təklifləri az eşitməmişik.
Əvvəla, teatr sahəsində ən yaxşıları müəyyənləşdirmək üçün il ərzində bu prosesi izləmək lazımdır ki, layiq olanların adlarını xatırlamaq çətin olmasın.
Yazıya başlayarkən düşünürdüm ki, sorğuda iştirak etmək istəməyən rejissorların adlarını yazacağam. Amma yazdıqca, sabahımı da düşünməyə başladım. Axı biz teatrşünasların sabah işi onlardan keçəcək. Cəmi 27 teatrımız və bir o qədər də rejissorumuz var. Bu arealda hamı bir-birini yaxşı tanıyır. Sözsüz, sabah tədbirlərdə, teatrda onlarla üz-üzə gələcəyəm. Elə ona görə də mən də onların taktikasından yararlanmağa qərar verdim. Axı bizim "dost” itirən vaxtımız deyil...
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər