Doğrudanmı, günah həmişə öləndədir?
Bu günlərdə Bakıda fəhlə
binadan yıxılaraq ölüb. Bədbəxt hadisə paytaxtın Rixard Zorge küçəsində qeydə
alınıb.Hadisə şahidlərinin verdiyi məlumata görə, hava küləkli olduğu
üçün fəhlə müvazinətini itirib və yuxarı mərtəbədən yıxılıb. Binanın fasadına
quraşdırılan dəmir konstruksiyaların üzərindən yıxılan fəhlə təcili yardım gələnə
kimi hadisə yerində dünyasını dəyişib.
Təəssüflər olsun ki, baş verən hadisə nə birincidir,
nə də sonuncu. Belə ki, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən təkcə bu
ilin ilk rübündə istehsalatla əlaqəli 31 bədbəxt hadisə qeydiyyata alınıb.
Onlardan 2 hadisə qrup halında baş verib. Qeyd
olunan istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində 10 nəfər dünyasını
dəyişib, 24 nəfər xəsarət alıb. İstehsalat qəzalarının daha çox tikinti və nəqliyyat,
emal sənayesi və mədənçıxarma sahələrində, həmçinin özəl sektora aid müəssisələrdə
baş verdiyi müəyyən olunub.
Bəs görəsən bu kimi hadisələr niyə tez-tez baş verir? Bunun
qarşısını necə almaq olar? Bədbəxt hadisə zamanı təqsirkarı nə qədər cəza
gözləyir?
Mədən Sənayesində
Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının üzvü Əliməmməd Nuriyev bizimlə söhbətində
bildirdi ki, belə hadisələr zamanı məsuliyyət işəgötürənin üzərinə düşür: "Statistikaya diqqət yetirsək görərik ki, bədbəxt
hadisələr daha çox tikinti sektorunda baş verir. Baxmayaraq ki, son illərdə rəqəmlərdə
müəyyən azalma var, belə hallar tamamilə aradan qaldırılmayıb. Azalmanın səbəbləri
tikintidə təhlükəsizliyin təmini və lazımi əmək şəraitinin yaradılması ilə
bağlıdır. Digər tərəfdən, əmək müfəttişliyinin nəzarəti getdikcə artır.
Bununla yanaşı, son illərdə tikinti
sektorunda tikintinin sürətinin azalması da bədbəxt hadisələrin sayına təsir
göstərib. Əmək təhlükəsizliyi qaydaları üzərində nəzarət gücləndirilir. Lakin
təəssüflər olsun ki, yenə də bu kimi hallar baş verir. Bəzən müəssisə tərəfindən
zəruri texniki təhlükəsizlik təlimatları verilmir və zəruri təhlükəsizlik
aksessuarları alınmır. Fəhlələr bu kimi vacib avadanlıqlar olmadan yüksək mərtəbəli
binalarda işləyir. Bəzi hallarda gündəlik olaraq işə başlamazdan əvvəl fəhlələrə
təlimat verilməlidir. Təəssüflər olsun ki, hündür şəraitdə işləyənlərlə bağlı
təlimatlar çox zaman formal olaraq verilir. Bütün bunlar istər-istəməz, belə
bədbəxt halların baş verməsinə gətirib çıxarır. Bu məsuliyyətsizlik bir çox
hallarda ölümlə nəticələnir. Şübhəsiz ki, bunun məsuliyyəti ilk növbədə işə
götürənin üzərindədir. İşə götürən işçini normal əmək şəraiti ilə təmin etməlidir”.
Ə.Nuriyev bəzi məqamlara
da aydınlıq gətirdi: "Təbii ki, istintaq nəticəsində hadisənin kimin günahı
ucbatından baş verdiyi müəyyən olunacaq. Amma bütün hallarda hesab edirəm ki,
əməyin mühafizəsi gücləndirilməli, nəzarət standartları artırılmalı,
sanksiyalar daha da sərtləşdirilməlidir. O da var ki, özəl sektorun nümayəndələri,
müəssisə və təşkilatlar yoxlamaların dayandırılmasından sui-istifadə edirlər.
Onlar təhlükəsizliklə bağlı hər hansı təlimlər həyata keçirmir, təlimatlar
vermir, işçiləri zəruri aksessuarlarla təmin etmirlər. Düşünürəm ki, Əmək Müfəttişliyinin
işi gücləndirilməli, mütəmadi reydlər aparılmalıdır. Çünki burada söhbət
insan həyatından gedir. Ailələri başsız qoymaq olmaz. Bu, sadəcə bir nümunədir.
Ümid edirəm ki, bu istiqamətdə həm nəzarət tədbirləri, həm də müəssisələrin məsuliyyəti
daha da artacaq. Müəssisə rəhbərlikləri bundan sonra daha məsuliyyətli
davranmalıdırlar. Bəzi hallarda işin xüsusiyyətini bilməyən fəhləyə
hündürlükdə işləmək tapşırılır. Halbuki həmin adam heç vaxt hündürlükdə işləməyib
və bu tapşırığa çörəkpulu xatirinə
razılıq verir. Müəssisələr də bundan sui-istifadə edir və fəhləni yükləyirlər.
Hətta elə olur ki, işçi ilə əmək müqaviləsi də imzalanmır. Hər halda bu
aspektdə ciddi olaraq araşdırmalar aparılmalı və günahkarlar məsuliyyətə cəlb
olunmalıdır”.
Hüquqşünas Ceyhun Cəfərlideyir ki, Əmək Məcəlləsinə görə, işəgötürən əməyin təhlükəsizliyi
qaydalarına riayət etməli, təhlükəsiz əmək şəraiti yaradılmalıdır: "Bu zaman
işçilərin hər biri əməyin təhlükəsizlik qaydaları ilə tanış olmalıdır. Onlar
işə götürüləndə, bu barədə məlumat verilir. İşçi həmin qaydalarla tanış edilməli
və imza atmalıdır. İstər fəhlə, istər sürücü, istər qaynaqçı - onların hər
biri işəgötürən tərəfindən tərtib və təsdiq edilən əmək təhlükəsizliyi
qaydaları ilə tanış olmalıdır. Bundan başqa, təhlükəli şəraitdə çalışan işçilərə
fərdi mühafizə vasitələri verilməlidir. Bədbəxt hadisə baş verdiyi zaman fakt
üzrə cinayət işi qaldırılır və bu istiqamətdə istintaq hərəkətləri aparılır.
Öyrənilir ki, işəgötürən qəzada həyatını itirən fəhlənin əməyinin təhlükəsizliyi
üçün həqiqətən tədbirlər görübmü? Burada fəhlənin təhlükəsizlik qaydalarını
kobud şəkildə pozduğu, yoxsa onun əməyinin təhlükəsizliyinin təmin olunmadığı
üzə çıxarılır. İstintaq araşdırır ki, təhlükəsizlik kəməri fəhləyə verilibmi?
Çünki bu kəmərlər hər gün aktla verilir”.
C.Cəfərli bildirdi ki,
fərdi mühafizə vasitələrinin alınmasına dair hər gün sənədə imza atılmalıdır:
"Yuxarıda qeyd etdiyim qaydalara fəhlə imza atıbsa və sübut olunubsa ki,
burada fəhlənin səhlənkarlığı var, bu zaman işəgötürənin məsuliyyəti istisna
edilə bilər. Yox əgər sübut olunsa ki, günah fəhlədə deyil, işəgötürəndədir,
Cinayət Məcəlləsinə əsasən tədbirlər görülməlidir. CM-nin 222-ci maddəsinə əsasən,
tikinti, mədən və s. işlərin təhlükəsizlik qaydalarının pozulmasına görə şərti
maliyyə məbləğinin 100 mislindən 500 mislinədək cərimə, iki ilədək islah işləri,
həmçinin 3 ilədək müəyyən vəzifə və fəaliyyətlə məşğul olmaq hüququndan məhrum
etməklə 3 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur. Əgər zərərçəkən şəxs
ölərsə, o zaman 3 ildən 8 ilədək müddətə təqsirkar şəxsi azadlıqdan məhrumetmə
cəzası gözləyir”.
Milli vəkili Çingiz Qənizadə deyir ki, qanunvericiliyə bu sahədə hər hansı bir
yenilik edilməsi planlaşdırılmır: "Mövcud qanuna əsasən, işə götürənin
borcudur ki, işçinin təhlükəsizlik tədbirlərini təmin etsin. Sifarişçi təşkilat
tərəfindən müqavilə bağlanmalı, eyni zamanda, icraçılar tərəfindən təhlükəsizlik
tədbirləri görülməlidir. Cinayət Məcəlləsində də bu tədbirlərin pozulmasına
görə müvafiq qaydada məsuliyyət nəzərdə tutulur. Hər hansı təhülkəsizlik tədbirinin
görülməməsi cinayət məsuliyyəti yaradan haldır. Yəqin ki, artıq bu faktla
bağlı cinayət işi qaldırılıb”.
Şəbnəm Mehdizadə