• cümə, 26 Aprel, 11:52
  • Baku Bakı 12°C

“Doğrudanmı biz müstəqilik?”

24.09.16 12:20 1272
“Doğrudanmı biz müstəqilik?”
Ermənistan hakimiyyətinin "parad” şousu deyəsən uzun müddət müzakirə mövzusu olacaq. Hakimiyyətin ölkənin imicini gücləndirmək, Ermənistanın güclü ordu, müstəqil dövlət olduğu, yəni forpost olmadığı görüntüsünü yaratmaq təşəbbüsü yenə də fiaskoya uğrayıb. Özü də maraqlısı odur ki, tənqidlər başqa ölkələrin mətbuatında deyil, məhz erməni mətbuatının səhifələrində özünə yer alıb.
Beləliklə, "parad” şousunu erməni mətbuatı hakimiyyətin gözündən gətirib. Erməni qəzetləri yazır ki, sentyabrın 21-də Ermənistanın müstəqilliyinin 25 illiyi bayram ediləndə, prezident Serj Sarkisyan dövlət və hökumət rəhbərləri ilə birlikdə Yerablur panteonunu ziyarət edib və bu zaman Ermənistan mediasının diqqətini çəkən məqamlar yaşanıb. Məsələn, "Aravot”qəzeti yazır: "Jurnalistlər bir neçə dəfə Sarkisyandan xahiş etdilər ki, heç olmasa, bu bayram günündə prezident bir neçə suala cavab versin”. Serjik də suala cavab vermək əvəzinə, jurnalistləri qınayıb ki, onlar əvvəlcə bayramı təbrik edə bilərdilər. "Jurnalistlər də bu zaman xorla prezidenti təbrik ediblər, prezident öz təşəkkürünü bildirib və bundan sonra Sarkisyan arxasını jurnalistlərə çevirib və daha heç bir suala cavab verməyib”. "Aravot” yazır ki, onun sualına da Sarkisyan cavab verməyib. Sual isə belə idi ki, "doğrudanmı biz müstəqilik?”
Qəzet yazır ki, həmin mərasimdə başqa maraqlı hadisə də olub. "Qadınlardan biri ağlayaraq prezidentə yaxınlaşıb: "Mənə heç olmasa, 100 min dram verin (100 min dram 200 dollardır), gedim, işığın pulunu verim, yoxsa qaranlıqda qalacam”. Prezident qadının əlindən tutub, istəyib ki, qadın şikayətinə davam etməsin. Qadın davam edəndə Sarkisyan əsəbiləşib : "Eşitdim də, vay! Mən artıq göstəriş vermişəm, daha nə istəyirsən? Dedim axı, mən artıq göstəriş vermişəm. Gedərsən Armenin yanına, o hər şeyi həll edər, vay!”. Qeyd edək ki, "Aravot” qəzeti həmin səhnənin videosunu da qoyub.
Başqa bir nəşr - "Joqovurd”qəzeti də Ermənistanın müstəqilliyinin 25 illiyi mərasiminə toxunur. Qeyd edilir ki, hərbi paradda ölkənin birinci və ikinci prezidentləri - Levon Ter-Petrosyan və Robert Köçəryan dayanmayıblar: "Aprel ayında baş verən dördgünlük müharibədən sonra Serj Sarkisyanla Levon Ter-Petrosyan arasında ciddi fikir ayrılığı mövcuddur. Bu paradda Levon Ter-Petrosyan ilk ali baş komandan kimi iştirak etməli idi. Lakin bu, baş vermədi. Ola bilsin, Sarkisyan ehtiyat edib ki, eks-prezidentə öz yanında tribunada yer verməklə, onun başçılıq etdiyi siyasi qüvvənin nüfuzunu artırmış olar”. Qəzet yazır ki, "belə bir qaydanı Petrosyanla bağlı gözləmək olardı. Lakin Robert Köçəryanla belə bir hərəkət etmək olmazdı. Çünki onun özü hakimiyyəti Sarkisyana təhvil verib və onların arasında normal münasibətlər var. Lakin Serjik onu da hərbi parad mərasiminə dəvət etməyib”. Qəzet sonda belə bir qənaətə gəlib ki, ölkədə belə bir stereotip formalaşıb ki, rəsmi mərasimlər mövcud hakimiyyətin monopoliyasına çevrilib. Yəni kimi dəvət etməsi artıq onun öz işidir.
"Qraparak” qəzeti isə Erməni Milli Konqresinin bəyanatını yerləşdirib. Burada qeyd edilir ki, ölkə sürətlə xaosa sürüklənir. Artıq onlar hakimiyyətin şirin vədlərinə inanmır və xalqı da onların yolu ilə getməyə çağırırlar. Qeyd edək ki, ötən gün prezident bəyan edib ki, ölkə yeni, sürətli dəyişikliklər mərhələsinə qədəm qoyub. EMK sədrinin müavini Levon Zurabyan bəyan edib ki, korrupsiyalaşmış hakimiyyət 18 ildir bir iş görmür.
Qəzet yazır ki, bu yaxınlarda azadlığa çıxan David Sanasaryan isə bildirib ki, Ermənistan tam şəkildə müstəqil olmayıb: "Biz istəmirik Ermənistanda Rusiya və yaxud başqa kiminsə çəkmələri olsun. Ermənistanda yalnız və yalnız erməni əsgərləri xidmət etməlidirlər. Azadlıq meydanında, bu gün olduğu kimi, Rusiya və başqa ölkələrin bayraqları dalğalanmamalıdır. Ermənistanın müdafiə naziri müstəqillik günü rusca danışmamalıdır”. Qəzet daha sonra başqa bir müxalifətçi Alik Yeniqomşyanın fikirlərini yerləşdirib. O, bildirib ki, suverenliyi hissə-hissə kiməsə təqdim edən hökumət müstəqillik paradı keçirir: "Müstəqillik simvolu elə bir mütləq dəyərdir ki, onu qoruyub saxlamaq gərəkdir. Aprel ayında baş verən müharibədən sonra bəlli oldu ki, hər sahədə olduğu kimi, hərbi sahədə də problemlər mövcuddur. Bu gün bu paradla nəsə sübut etmək mümkün deyil”.
"Azadlıq” radiosunun erməni xidməti isə yazır ki, paytaxtda hərbi parad keçirilən gün Rusiya səfirliyi qarşısında aksiya baş verib. Etirazçılar bildiriblər: "Biz bu səfirlik qarşısında deyirik ki, bunlar bizim müstəqilliyimizə, azadlığımıza hörmət etməlidirlər”.
"Qolos Armenii” isə "parad” keçirən dövlətin ordusundakı "dedovşina” hallarından yazıb. Belə ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni əsgərinin qətli ilə əlaqədar 6 hərbçi barəsində cinayət işi açıldığı bildirilir. Qəzet bunu Ermənistan İstintaq Komitəsi rəisinin müşaviri Sonna Truzyana istinadən yazıb. Onun sözlərinə görə, əsgər Narek Patatanyana qarşı zor da tətbiq edilib. Məlumata görə, 6 nəfərə qarşı "vəzifədən sui-istifadə, hərbçinin təhqir edilməsi, tabeçiliyində olana qarşı zor tətbiqi” və s. maddələr üzrə cinayət işi açılıb. Onlardan 5-i əsgər, biri isə Ermənistan ordusunun leytenantıdır.
Yeri gəlmişkən, Rusiyanın Ermənistana verdiyi "İsgəndər” raket kompleksi ilə bağlı Rusiya mətbuatında tənqidi materiallar dərc edilir. Qeyd edilir ki, bu, regionda əlavə təhdid yarada bilər. Hərbi ekspert Pavel Felgenhauer də bu fikirdədir. Rusiya mətbuatına açıqlamasında o, bildirib ki, bu silahların Yerevana verilməsi regiondakı qüvvələr balansını dəyişir:"Böyük ehtimalla balansın saxlanılması üçün Rusiya bu cür raket komplekslərini Azərbaycana da satacaq. "İsgəndər” yüksək dəqiqliyə malik silahdır, amma böyük dəqiqlik üçün yaxşı peyk görüntüləri lazımdır. Ermənistana "İsgəndər” raketlərinin hansı modelinin göndərildiyi aydın deyil. Ermənistana eksport versiya olan "İsgəndər-E” raketləri verilə bilər. Bu isə "İsgəndər-M” ilə müqayisədə daha pis və daha balaca radiusda fəaliyyətə malikdir. "İsgəndər-M” yalnız Rusiya üçün buraxılır. Çünki Rusiya 300 kilometrdən çox məsafəli ballistik raketlərin yayılmaması haqqında üzərinə götürdüyü beynəlxalq öhdəliyə uyğun olaraq bu raketləri üçüncü tərəfə verməməlidir”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər